Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:51

Türkiyədə Azərbaycan yazıçılarının əsərlərinin təqdimat mərasimi əslində necə keçir?


Mais Əlizadə və Arif Acaloğlu
Mais Əlizadə və Arif Acaloğlu
"Onlar da əlbəttə ki, buraya Qan Turalının, Murad Köhnəqalanın yazılarını yox, öz əsərlərini təqdim edirlər. Atalarının, oğullarının, qızlarının, bacı-qardaşlarının kitablarını çap üçün təklif edirlər".

"Burada insanlar tanımadığı-bilmədiyi bir şairin yubileyinə və ya kitabının təqdimat mərasiminə niyə getsin ki? Əgər hər hansı ədəbi tədbirdə 50-60 adam iştirak edirsə, onun yarısı Azərbaycandan gəlir. Gələnlərin bir qismi də burda yaşayan azərbaycanlılar olur".


"Bir müddət əvvəl qazax şairi Muxtar Şahanovu Türkiyədə çap etdilər. Onu «Qazaxıstanın məşhur şairi» kimi təqdim etmişdilər. Bizdən isə Bəxtiyar Vahabzadəni o kriteriya ilə çap etmişdilər. Ancaq hər ikisi burada maraq görmədi".

"O, Azərbaycanda yazıçı kimi tanınmayıb. İlk romanı 75 yaşında çıxıb. Onu türk oxucularına «Azərbaycan realist romanının banisi» kimi təqdim etmək – gülməlidir".

"Və ya dünən iqtidara qarşı tamamilə zidd mövqe tutub onu hər addımda söyənlər indi Türkiyədə Azərbaycan iqtidarını mədh edən kitablara sponsorluq edirlər".

Türkiyədə yaşayan azərbaycanlı tədqiqatçı Arif Acaloğlu ilə AzadlıqRadiosunun İstanbul müxbiri Mais Əlizadənin söhbəti:

Mais Əlizadə
(M.Ə): Arif, bu 5 ayda ikinci dialoqumuzdur. 5 ayda şairlər, yazıçılar, tərcüməçilər, nəşriyyat sahibləri ilə danışdıq.

İşə hansı tərəfdən baxdıqsa, söz dönüb-dolaşıb «Əlahəzrət professionallığın» üstünə gəldi.

Məlum oldu ki, məmləkətimizin ədəbiyyat korifeylərini Türkiyədə çox az tanıyırlar.

Bu «korifeylik» söhbətini dünya standartına gətirər-gətirməz, sənin də sərrast şəkildə dediyin kimi, tədavülə «Biləcəri sindromu» girdi. Elə burdan başlayaqmı?

Arif Acaloğlu (A.A): Türkiyədə Azərbaycan ədəbiyyatının çapı və tanıdılması «təbii yollarla» baş vermir. Ona görə də ortaya xeyli fəsad çıxır. «Təbii yol» nə deməkdir? Məsələn, XIX-XX əsr rus ədəbiyyatından türkcəyə çevrilən yazıçı sayı Azərbaycan ədəbiyyatından türkcəyə çevrilən yazıçı sayından azdır. Puşkin, Tolstoy, Dostoyevski, Çexov, Turgenev...yanılmıramsa, kitabı çıxan son yazıçılardan biri Mixail Bulqakovdur.

Burada çap edilən rus yazıçıları ilə müqayisə edilə biləcək heç bir Azərbaycan yazıçısının əsəri Türkiyədə çap edilməyib.

Rus ədəbiyyatının nümunələri burada «təbii yolla» işıq üzü görüb. Türkiyədə Çexovu və ya Dostoyevskini böyük ədəbiyyatın nümunələri kimi çap ediblər. Azərbaycan ədəbiyyatına gələndə isə vəziyyət başqa cürdür: əvvəlki söhbətimizdə də demişdik ki, Türkiyədə Azərbaycan ədəbiyyatından nümunələr «qardaş ölkənin ədəbiyyatını tanıtmaq» məqsədi ilə çap edilməyə başlanıb.

Azərbaycanlı müəlliflər əvvəllər Türkiyəyə yuxarıdan baxırdılar; əsərlərinin Paris və ya Londonda çap edilməsini istəyirdilər. İndi isə Türkiyədə kitab çıxarmaq bir «prestij» halına gəlib. Bu durumda əsərin dəyərindən çox, kitabın çap edilməsi faktı ön plana çıxır.

Əsərin dəyəri yox, «Türkiyədə kitabım çıxıb» ambisiyası ön plana keçəndə kimin daha çox pulu və ya imkanı varsa, onun kitabları çap edilir. Aradakı vasitəçilər də bu işdən pul qazanmağa çalışırlar.

Vəziyyət belə olanda «Azərbaycanda güclü ədəbiyyat var, onu da çap edək və tanıdaq» şəklindəki professional yanaşma aradan qalxır. «Quyuya su tökməklə quyu sulu olmaz» atalar sözü burada çox yerinə düşür.

Böyük ölçüdə şəxsi əlaqələr vasitəsi ilə çap edilən kitablar müəlliflərə sadəcə «25 kitabım çıxıb - bunun 5-i Türkiyədə işıq üzü görüb» statistikası üçün lazım olur. Ədəbiyyatımız burada «təbii yoldan» çap edilmədiyinə görə, kitab mağazalarında heç kim müəlliflərimizin kitablarını adıyla istəmir.

Burada çap edilən əsərlərin bir qismi universitetlərin türk dili və ədəbiyyatı fakültələrinin «türk dilinin ləhcələri» bölümü üçün lazım ola bilər.

Universitetdəki təcrübəmdən bilirəm ki, Azərbaycan ədəbiyyatından nümunələri tələbələrinə oxutmaq istəyən müəllimlərə burada çap edilən əsərləri tövsiyə edəndə çox vaxt «Mənim də o tərcümələrdən xəbərim var; ancaq tələbələrimə oxuda bilmərəm» cavabını almışam.

10 əsər təklif edəndə 1-2-sini qəbul edirlər. Yarmarkalarda Azərbaycan ədəbiyyatından bəzi kitabların satıldığını görürük.

Ancaq, məsələn, İstiklal caddəsindəki 20 kitab mağazasının heç birində Azərbaycan ədəbiyyatından nümunələri görə bilmirik.

Çünki kitabların ilk nəşrindən hər mağazaya 3-4 ədəd göndərilir. Ancaq o kitablar 3-4 ay satılmayanda nəşriyyata geri qaytarırlar. Dostoyevskinin və ya Kamyunun çap haqqını almaq bahalı bir işdir - əgər hər hansı türk nəşriyyatı bunu alıbsa, deməli, güclü nəşriyyatdır.

Və ya Borxesin çap hüququnu alan nəşriyyat onun Argentinada çap olunan hekayələr kitabını heç bir əlavə etmədən Türkiyədə çap edir. Bu haqları ala bilən nəşriyyatlar dünyada da etibar qazanır.

Bir müddət əvvəl qazax şairi Muxtar Şahanovu Türkiyədə çap etdilər. Onu «Qazaxıstanın məşhur şairi» kimi təqdim etmişdilər. Bizdən isə Bəxtiyar Vahabzadəni o kriteriya ilə çap etmişdilər. Ancaq hər ikisi burada maraq görmədi.

Türkiyədə Bəxtiyar Vahabzadənin kitablarını tapmaq mümkündür - ancaq heç bir kitab mağazasında onun kitablarını görə bilmirik. Bilirsən ki, İstanbulun önəmli yerlərindəki kitab mağazalarının 1 kvadratmetrinin kirayəsi bəzən bir neçə yüz dollar ola bilir. Ona görə də rəflərdə duran kitabların mütləq oxucu marağına səbəb olması və tələb edilməsi lazımdır.

Arif Acaloğlu
Nəşriyyatlar nə qədər «mədəniyyətə və ədəbiyyata xidmət» etsələr də, hamısı pul ilə ayaq üstündə dura bilirlər.

Bax, sənin dediyin professionallığın dəyəri burda ortaya çıxır. Professional müəllif əsərini bu işi yüksək peşəkarlıq kriteriyaları ilə görən nəşriyyata təqdim edirsə, onun kitabının çapına və ya çap edilməməsinə qərar vermək də asanlaşır.

İndi dünyada müəlliflər öz əsərləri barədə məlumatları internet vasitəsi ilə nəşriyyatlara bildirirlər. Nəşriyyatlar da mütləq gələn məktublara bu və ya digər şəkildə cavab verirlər.

M.Ə.: Və ya nəşriyyatın daimi əməkdaşlıq etdiyi bir yazıçıdan təklif edilən əsər barədə rəy alırlar. Yadıma Uilyam Folknerin ilk əsərini necə çap etdirməsi düşdü: hər gün Şervud Andersonla yeyib-içən Folkner bir həftə gözdən yayınıb «Əsgər mükafatı» povestini yazır. Şervud həyat yoldaşından Folknerə xəbər göndərir ki, əgər əsərini oxumaq üçün ona təkid etməzsə, povestin çap edilməsi üçün nəşriyyata məktub yaza bilər...

A.A.: Bir o yol var. Bir də, məsələn, İletişim nəşriyyatının yayın şurası var. Ötüken nəşriyyatının şurası var - sən də onun sahibindən müsahibə almışdın. Ötüken nəşriyyatının Azərbaycan ədəbiyyatı üzrə 2 məsləhətçisi var.

Ya nəşriyyat onların tövsiyələrini dinləyir, ya da onlar nəşriyyatın təklif etdiyi kitablara rəy verirlər. Bu, düzgün bir mexanizm deyildir. Əvvəllər Azərbaycan ədəbiyyatını Türkiyədə «Müstəqilliyini təzəlikcə əldə edən ölkədir; filan müəllifləri çap edək, sonrasına baxarıq» məntiqi ilə çap edirdilər. İndi isə Azərbaycan Türkiyədə kifayət qədər tanınan ölkədir.

M.Ə.: Həm də böyük iddiaları ilə tanınan..

A.A.: Bəli, böyük iddiaları ilə. Ona görə də Türkiyədə çap edilən Azərbaycan ədəbiyyatı nümunələri ilə bağlı olaraq dünya standartları tədavülə daxil olmalıdır.

M.Ə.: Arif, nəşr məsələsinə münasibətdə o qədər böyük fərqlər var ki? Yapı və Kredit bankının türk və dünya ədəbiyyatının önəmli nümunələrini çap etdiyini yaxşı bilirsən.

Yapı və Kredit bankı Folknerin, Sartrın, Servantesin kitablarını nəşr edir. Azərbaycandan isə Əmrahbank sovet dövründə belə heç kimin oxumadığı «Dirilən adam» romanının Türkiyədəki çapına sponsorluq edib.

Maraqlıdır: sən Azərbaycanın gənc yazıçı və şairlərinin bir kitabını burda çapa hazırlasan, Əmrahbank o kitaba da sponsorluq edərmi?

A.A.: Yapı və Kredit bankının özünün Ədəbiyyat və mədəniyyət şöbəsi var. Bu bank kitablar çap edir, mükəmməl rəsm sərgiləri açır, konsertlər təşkil edir. Akbankın, İş bankının da bu cür şöbələri var.

Bu bankların bir də nəşriyyatları var. Yapı və Kredit bankının nəşriyyatı xətir-minnətə 1-2 kitab çap edə bilər. Ancaq bunu sistematik hala gətirsə, nəşriyyat iflas edər.

Mən Yapı və Kredit bankının vitrinində gördüyüm kitabların çoxunu alıram.

Ancaq 1-2 dəfə keyfiyyətsiz kitab çap etdiyini görsəm, o nəşriyyatın kitablarını bir daha almaram. İdeologiyası bizim əleyhimizə olan kitabları çap etsə də, bu cür nəşriyyatların professionallığı heç vaxt mübahisə obyekti olmur. Bu bankların nəşriyyatlarında indiyə qədər Azərbaycan ədəbiyyatından heç bir əsər çıxmayıb. İstisna...

M.Ə.: İş Bankı nəşriyyatı Mirzə Ələkbər Sabiri buraxıb.

A.A.: Demək ki, dəyər kriteriyalarına uyğun gələn şair Sabir olub. Sabiri o nəşriyyata oğul-uşağı və ya hər hansı vasitəçisi təqdim etməyib ki? Nəşriyyat özü araşdıraraq çapına qərar verib.

O kriteriyalardan baxanda burada çap ediləcək şair Məhəmməd Hadidir, Hüseyn Caviddir, Şaiqdir, Səhhətdir. Böyük nəşriyyatlar Sabiri hansı kriteriya ilə çap edirsə, Hadini, Şaiqi, Mirzə Cəlili də o kriteriyalarla çap edəcəklər - mən buna inanıram. Əli İldırımoğlunun çox yaxşı insan olduğunu deyirlər - mən də buna şübhə etmirəm.

Mais Əlizadə
O, Azərbaycanda yazıçı kimi tanınmayıb. İlk romanı 75 yaşında çıxıb. Onu türk oxucularına «Azərbaycan realist romanının banisi» kimi təqdim etmək – gülməlidir. Demək ki, nəşriyyatı aldadıblar.

Dürüst hərəkət etsək, hər şey yoluna düşər. Yazıçı peşəkar olanda əsərinə professionallığın məhsulu kimi baxır. Çünki professional yazıçının əsərindən başqa heç bir sərvəti yoxdur. İndi Azərbaycanda populyar olan yazıçı və şairlərin əksəriyyəti «boş vaxtlarında şeir, roman, pyes yazan» adamlardır. Nazir müavini boş vaxtında qələmə sarılır. Bu, məsələn, Yazıçılar Birliyində işləyənlərə də aiddir.

Mən 80-ci illərin əvvəlində Uldis Berzinşlə Riqada Latviya Yazıçılar İttifaqına gedəndə görmüşdüm ki, orda işləyən 5 katibin hamısı qadındır. Uldisdən soruşmuşdum ki, bu qədər məşhur yazıçı və şairiniz var. Niyə onlar İttifaqın rəhbərliyində deyillər?

Uldis demişdi ki, onlar yazıçıdır, şairdir, burdakı bürokratik işlərlə məşğul olmağa vaxtları yoxdur ki? İndi Azərbaycanda ədəbiyyatdan gələn qazancla sadəcə gənc yazıçı və şairlər yaşayır. Onlar ya qəzetlərə yazıb qonorar alırlar və ya güc-bəla ilə kitablarını çap etdirib satmağa çalışırlar.

M.Ə.: İşin doğrusu da bu deyilmi? Qabriel Qarsia Markes deyir ki, «Yüz ilin tənhalığı» romanını yazmağa hazırlaşanda qəzetə teleks göndərib işimdən istefa verdim. Xanımıma dedim ki, maddi sıxıntı çəkməyə hazır ol. Köhnə maşınımı da satıb yazı makinasının arxasına keçdim.

A.A.: Demək, Markes ailəsinin toxluğunu ədəbiyyata qurban verə bilib. Həqiqi yazıçının yaşayışı bu cür çətinliklərlə doludur.

M.Ə.: Azərbaycanda isə şeir, hekayə, pyes yazanlar cəmiyyətdən qeyri-məhdud rahatlıq tələb edirlər. Dövlətdən kreslo istəyirlər.

A.A.: Yazıçı ilə süpürgəçi arasında fərq yoxdur. Süpürgəçi küçəni və ya binanı süpürür, maaş alıb yaşayır. Yazıçı da əsər və ya köşə yazısı yazır, onun pulu ilə yaşayır.

Necə ki, təmiz bir yerə zibil atanda süpürgəçi buna əsəbləşir; yazıçı da əsərinə kənardan heç nə qatmır. Onu əsərinin təmizliyi düşündürməlidir.

Yoxsa cəmiyyətdə yazıçının doktordan hansı üstünlük və imtiyazları ola bilər ki? Demokratiyada peşələrə görə imtiyaz ola bilməz. Prezidentin haqları ilə sıravi vətəndaşın haqları eynidir.

M.Ə.: Məsələlərə professional yanaşma tərzindəki fərqlər özünü təkcə ədəbiyyat sahəsində göstərmir. Məsələn, rəssamları götürək. Buradakı qaydalara əməl edənlər sırf «sənətlərinin çörəy» ilə yaşaya bilirlər. Sənan Eynullayev müasir türk rəsm sənətində fiqur janrında işləyən 5 rəssamdan biridir.

Onun tabloları baha qiymətə satılır, Sənan dəyərləri 100-150 min dollar olan layihələri həyata keçirir. Özünün müstəqil sənət emalatxanasını yaradan Lətafət Məmmədovanın 70 tələbəsi var - bu da çox mühüm bir örnəkdir.

Aydın Süleyman İstanbul bələdiyyəsinin Baş mədəniyyət idarəsində önəmli vəzifə tutur. İstanbulda Əbülfəz Fərəcoğlunun emalatxanasına 60 tələbə gəlir.

Konyada Məzahir Avşar tədris və yaradıcılıq işini çox uğurlu qurub. Bir də 15 il qabaq buraya gəlib hələ də 20-30 dollara tablo satmağa çalışanlar var. İllərdən bəri qalareyaları qapılarından qovulan bu adamlar nə etməyə çalışırlar?

Bunu anlamaq mümkün deyildir. Sərbəst sistem insanlara öz qabiliyyət və bacarıqlarını ifadə etməyə imkan yaradan sistemdir.

Türkiyəyə dünyanın çox yerindən sənətkar gəlib işləyir, sərgilər açır, tablolar satır. Ancaq heç bir sənətkar gəlib öz ölkəsində həmkarını necə bıçaqladığını burda hər qabağına çıxana danışmır. Adam məmləkətdən gələn bu cür tipləri görəndə düşünür ki, bunlar qoçudur, yoxsa sənətkar?

Bu sənətkarlardan biri çıxardığı kataloqun hər səhifəsinə «İki dövlət, bir millət» (Heydər Əliyev) sözünü yazdırıb.

Elə isə kataloqda «Bir millət, iki dövlət» şüarı ilə bağlı heç bir əsər yoxdur. Yəqin sənətkar elə fikirləşib ki, o sözləri yazanda əsərləri daha qiymətli olacaq və ya daha asan satılacaq. Bu, açıq-aşkar fırıldaqçılıqdır.

Mən buradan Azərbaycanın hörmətli dövlət başçısına müraciət edib deyirəm ki, ölkədə bu cür şeylər qadağan edildiyi kimi, xaricdə də qadağan edilsin.

Və ya dünən iqtidara qarşı tamamilə zidd mövqe tutub onu hər addımda söyənlər indi Türkiyədə Azərbaycan iqtidarını mədh edən kitablara sponsorluq edirlər.

Dünyada bu cür şeylər qalmadığı halda, Azərbaycan iqtidarının da bu cür nəşrlərə qarşı sərt reaksiya göstərməsi, hətta məhkəmə qərarı ilə bu cür kitab və kataloqları toplatdırması lazımdır.

Bu kitab və kataloqların hamısı ətrafa iyrənc mənafe qoxusu saçır. Bir neçə il qabaq bir universitetdən 7 azərbaycanlı müəllimi işdən çıxaranda o müəllimlər hər yerə məktub yazırdılar ki, işdən çıxarılmağımız «Bir millət, iki dövlət» prinsipinə ziddir. Mən indiyə qədər Gürcüstandan və ya Ermənistandan Türkiyəyə gələn heç bir sənətkarın əlinə tablo götürüb küçələri dolaşdığına, öz əsərlərini 20-30 dollara satmağa cəhd etmələrinə şahid olmadım. İşə professional yanaşmağın yaxşı bir örnəyi müğənni Tarkanla bağlıdır.

Dünyanın ən böyük kaset şirkətlərindən biri olan Nyu-Yorkdakı «Atlantic records»un sahibi Ahmet Erteğün Tarkanı 1 il ABŞ-da saxladı. Tarkan orada özünü xeyli inkişaf etdirsə də, Erteğün onun kasetini çıxarmadı.

Çünki Tarkanın kasetlərinin ABŞ bazarına layiq olduğuna axıra qədər inanmadı. Erteğün vəfat edəndə Hıncal abi «Light profile Turk: Ahmet Ertegun» yazmış, heç bir türk müğənnisinin ABŞ-da kasetini çıxarmadığına görə onu sərt tənqid etmişdi. İstanbuldakı Can yayınları Markesin kitabını dünya ilə eyni gündə bazara çıxarır. Azərbaycan yazıçısı Türkiyəyə və dünyaya niyə bu kriteriyalarla girməyə çalışmır?

Biz heç olmasa, Bakıda və İstanbulda eyni gündə kitabı çıxan bir yazıçımızı görəcəyikmi?

A.A.: Görməyimiz üçün, ilk növbədə, əsər olması lazımdır. Sərbəst bazar mexanizmi bizdə işləmir. İşlər sovet vaxtının qaydaları ilə görülür. Məsələn, roman yazan bir yazıçı o romanı çap edən qurumlara da rəhbərlik edir.

Deməli, o yazıçı, ilk növbədə, öz romanlarını çap etdirəcək. Burada ortaya haqsız rəqabət çıxır. 2000-ci illərin əvvəlində öz 10 cildliklərini kiril əlifbasında buraxdıran yazıçılar 2004-cü ildəki prezidentin fərmanından sonra 10 cildliklərini latın əlifbasında buraxdırdılar.

Demək, dövlət bir adamın 20 cildini çap etdi. Halbuki dövlətin o puluna 20 yazıçının kitabını çap etmək olardı.

Mən burada siyasi mesaj vermək istəmirəm; bunu demək istəyirəm ki, bu işləri prezident yox, dövlətin ədəbiyyat və mədəniyyət siyasətini yönləndirənlər düşünməlidir. Müstəqil yaradıcılıq təşkilatları hansı əsərlərin latın əlifbasında çap edilməsi məsələsində obyektiv mövqe nümayiş etdirməli idilər.

Bu siyasəti müəyyənləşdirənlər öz əsərlərini ən axırda çap etməli olduqları halda, siyahının birinci sırasına öz adlarını yazırlar. Belə iş olmaz.

Ondan sonra deyirlər ki, mənim Türkiyədə 5 kitabım çıxıb, əlbəttə ki, bütün mükafatları almalıyam? Əgər ədalətli rəqabət olsaydı, bir çox kitab Türkiyədə çapdan çıxmazdı. İspaniya ədəbiyyatından Türkiyədə çıxan kitabları barmaqla saya bilərik. Ancaq İspaniya ədəbiyyatı Türkiyədə kifayət qədər tanınır. Həm klassiklər çap edilir, həm də son 25-30 ilin kitab bazarında tanınanlar.

Biz hələ ki, sistemə bu şəkildə inteqrasiya ola bilməmişik. Böyük vəzifələrdə işləyən yazıçılar istəsələr də, güclü əsərlər yarada bilməzlər. Çünki buna həm psixoloji faktorlar mane olur, həm də fiziki cəhətdən buna vaxt çatdırmaq mümkün deyildir. Türkiyənin mədəniyyət nazirliyi Azərbaycandan kitab çap etmək istəyəndə bunu məsul şəxslərdən soruşur.

Onlar da əlbəttə ki, buraya Qan Turalının, Murad Köhnəqalanın yazılarını yox, öz əsərlərini təqdim edirlər. Atalarının, oğullarının, qızlarının, bacı-qardaşlarının kitablarını çap üçün təklif edirlər.

M.Ə.: Arif, sən heç Şarl de Qol haqqında çıxan bir kitabın Türkiyədə təntənəli təqdimat mərasimi keçirilməsini eşitdinmi? Azərbaycanda qatı sosialist düşüncəli bir müəllif burada kitab çap etdirir.

Milliyyətçi bir yazar hər gün o kitabdan parçaları öz köşəsinə qoyur. Yəni, kitab nəşri və təbliğatı ilə bağlı keçirilən heç bir tədbir və yazılan yazı da sərbəst sistemin kriteriyalarına uyğun gəlmir.

Hələ milliyyətçi bir yazarın qatı sosialist bir müəllifin tərifini göylərə çıxarmasına adam söz tapa bilmir. Məfhumlar bu qədər bir-birinə qarışa bilərmi?

A.A.: O kitabların burda çıxmasından Azərbaycanda çox az adamın xəbəri olur. Türkiyədə baş verən ədəbi-mədəni hadisələr və humanitar tədbirlərin 80-90%-nə mən dəvət alıram. Aldığım dəvətlərin 80-90%-nə də getmirəm. Azərbaycan mətbuatındakı xəbərlərə baxanda adama elə gəlir ki, İstanbuldakı hər hansı kitab təqdimatı mərasimində Yer kürəsi yerindən oynayıb.

İstanbulda isə bundan heç kimin xəbəri olmur. Xəbəri olanlar isə bu cür tədbirlərə maraq göstərmir. Burada insanlar tanımadığı-bilmədiyi bir şairin yubileyinə və ya kitabının təqdimat mərasiminə niyə getsin ki? Əgər hər hansı ədəbi tədbirdə 50-60 adam iştirak edirsə, onun yarısı Azərbaycandan gəlir. Gələnlərin bir qismi də burda yaşayan azərbaycanlılar olur.

Xalq dilində bunun adı «Özü çalıb, özü oynamaq»dır. Və ya sadəcə bir gecə səhnədə olan pyes üçün bir təyyarə artisti Bakıdan buraya gətirirlər. Bəzi yazıçıların yaxşı əsərləri də var-ancaq o əsərləri Türkiyənin ədəbiyyat bazarına bu şəkildə təqdim etməyin məntiqini anlaya bilmirəm. Naum Çomski ilə Bilgi universitetində tələbələrin görüşü olanda mən oraya girə bilməmişdim - o qədər böyük maraq vardı ki?

Təsəvvür et ki, Çomski ABŞ-ın mədəniyyət naziridir. Onun alim kimi çəkisindən nə qalar? Qərbdə hər hansı mədəniyyət naziri öz kitabının oxudulması üçün universitetlərə təlimat göndərsə və ya təhsil naziri bunu etsə, onları həbsxanaya göndərərlər. Bəzən böyük yazıçı və sənətkarlara hörmət əlaməti olaraq onlara qısa müddətə də olsa, nazir kreslosu veriblər.

Andre Marlo da qısa müddət Fransanın mədəniyyət naziri olub, ancaq hamı onu Marlo kimi tanıyır və xatırlayır.

M.Ə.: Missisipidə 14 yaşlı zənci uşağın öldürülməsinə Uliyam Folknerin sərt etiraz bəyanatı verməsi üçün onun senator və ya konqres üzvü olması lazım deyildi. Uilyam Folkner adı və şəxsiyyəti buna kifayət edirdi.

Bu baxımdan millət vəkili Əkrəm Əylislinin sonrakı peşmançılığının fayda vermədiyini xüsusi qeyd etmək istərdim. Keçən ilin noyabrında Burhan Doğançayın «Mavi simfoniya» tablosu 1.5 milyon dollara satılanda ondan müsahibə almışdım. Demişdi ki, sənət və ədəbiyyatınızı dünyada yaxşı tanıtmağa çalışın. Dünyada siyasətçi heç kimin vecinə deyil.

Markes olmasa, Kolumbiyanı tanıyan kim idi? Doğançaydan sonra Erol Akyavaşın tablosu 1.4 milyon dollara satıldı. ABŞ-dan bir qadın 20 il qabaq İstanbulda Akyavaşın 200 dollara aldığı tablosunu 1.4 milyon dollarlıq satışdan sonra 155 min dollara satdı. Doğançayın, Akyavaşın, Pamukun Türkiyəyə qazandırdıqları şeylər nə ilə ölçülə bilər?

A.A.: 1968-ci il hadisələrində Jan Pol Sartr Rolan Bart və başqa ziyalılarla birlikdə tələbələri müdafiə etmək üçün meydanda növbədə qalmışdı. Polis onları həbs etmək istəyəndə De Qol demişdi ki, Sartra dəyməyin; çünki o, Fransadır.

Əgər Sartr o vaxt Fransanın mədəniyyət naziri olsaydı, tələbələri müdafiə etmək üçün, hər şeydən əvvəl, nazir vəzifəsindən istefa verməliydi. Özü müstəqil olmayan ziyalı başqasını müdafiə edə bilməz.
XS
SM
MD
LG