Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:47

S. Rüstəm, S.Vurğun və Müşfiqin Mərkəzi Komitəyə hesabatları


1932 –ci ildə Mərkəzi Komitə ölkədəki yazıçı və şairlərin üzərinə üç illik plan qoyur. Bəs yazıçı və şairlər bu planın hesabatını necə veriblər? Süleyman Rüstəm, Səməd Vurğun və Mikayıl Müşfiqin hesabatları ilə tanış ola bilərsiniz.

Kommunist qəzeti yazıb ki, 1932 –ci il 23 aprel ədəbiyyat və incəsənət təşkilatlarının yenidən qurulması haqqındakı mərkəzi komitənin qərarı günü şura ədəbiyyatı tarixində parlaq səhifələr açan bir gündür. Başda Stalin yoldaş olmaqla Lenin Mərkəzi Komitəsi üç il əvvəl ədəbiyyat cəbhəsinə iş planı verib.

S. RÜSTƏM: «YAXŞI YOLDAŞ»

Firqənin tarixi qərarı mənim yaradıcılığımda yeni bir dövr təşkil edərək ədəbi fəaliyyət göstərməyimə daha geniş bir cığır açmış «Yaxşı yoldaş» adlı pambıqçı zərbəçilərə ithaf edilmiş poemanı yazmışam.

S. Hüseyn yoldaşla birgə Qasım İsmayılov rayonunda yaşamış və xaincəsinə öldürülən inqilabçı Qatır Məhəmmədin (bu ləqəbi mülkədarlar istehza ilə ona vermişdilər) həyatına aid pyes yazacağıq.

Bütün bu işlər şübhəsiz ki, tarixi qərarın yaratdığı əlverişli ədəbi mərasimin məhsuludur.

S. VURĞUN: «KOMSOMOL POEMASI»

Şəxsən mən bu qərar əsasında yenidən qurulmuş oldum. Şer cəbhəsində dalğalanan ilham, yaradıcılığıma bir təkan verdi. «Komsomol poeması»nı da bu zamanda yazmağa başlamışam.

M. MÜŞFİQ: «ŞƏNGİL – MƏNGİL», «HUŞSUZ»

Sosialist vətəninə layiqli əsərlər uğrunda

Mən firqəmizin 23 aprel qərarından sonra yaradıcılığımda böyük təbəddülatın yarandığını görürəm.

Bu üç il ərzində mən bir çox həm lirik həm epik əsər yazmışam.

Şerlər məcmuəsi halında topladığım kitabda altı poema və 30 –a qədər xırda lirik şerim çap edilmişdir.

Cocuqlar üçün «Şəngil – Məngil», «Huşsuz» adlı iki əsər yazmışam və bunlar dərc edilmişdir.

Qardaş erməni şairlərindən Carensin dörd böyük poemasını tərcümə etmişəm.

Mənim yazmağa çox həvəsim var. Lakin mənim məlumatlılığımın azlığı həyatdan aldığım intibahlı hissləri öldürür. Mən hiss edirəm ki, böyük yazıçı olmaq üçün böyük siyasi və elmi biliyə sahib olmaq lazımdır. Əlbəttə mən bunu da qazanmağa haqlı və müqtədirəm. Q arşıda böyük planlarım var. Mən sosialist şura vətənimə, əməkçi xalqıma qəlbimin, beynimin qarışığından bir çox bədiələr vermək üçün çırpınıram. Mənim ən bədbəxt dəqiqəm şersiz keçən dəqiqədir.

Şura ədəbiyyatı və incəsənətin sosializm realizmi əsasında yüksək pillələrə!
XS
SM
MD
LG