Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

İrana qarşı dördüncü sanksiya


BMT Təhlükəsizlik Şurası 4-cü sanksianı qəbul edir - Nyu York, 09 iyun 2010
BMT Təhlükəsizlik Şurası 4-cü sanksianı qəbul edir - Nyu York, 09 iyun 2010
İyunun 9-da BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı dördüncü sanksiyanı qəbul etdi. Səsvermədən bir neçə gün əvvəl İranın prezidenti Mahmud Əhmədinejad bildirmişdi ki, BMT-nin yeni sanksiyası qəbul edilsə, Tehran nüvə danışıqlarından çıxacaq.

Artıq yeni sanksiya var və o nüvə başlıqları daşıya bilən ballistik raketlərin düzəldilməsi, qazıntılar yolu ilə uran axtarışı aparılmasını İrana qadağan edir. Həmçinin hərbi helikopterlər, raketlər, digər ağır silahların satın alınmasını da yasaqlayır. Sanksiyada İranın 40 iri şirkət və təşkilatının da adı var.

Heç şübhəsiz ki, İranın regionun böyük dövlətlərindən olması, xüsusən Azərbaycanla uzun sərhədə malik olması və orada xeyli azərbaycanlının yaşaması Azərbaycan Respublikasında bu məsələnin daha geniş müzakirə obyektinə çevrilməsinə səbəb olub. Siyasi şərhçilərin «yeni sanksiya İranı inadından döndərə biləcəkmi» sualına münasibətləri fərqlidir.

SƏNƏD TƏHLİL EDİLƏNDƏN SONRA AZƏRBAYCAN ÖZ MÖVQEYİNİ BİLDİRƏCƏK

Rəsmi Bakı indiyəqədərki açıqlamalarda dəfələrlə bəyan edib ki, bu krizisin yalnız danışıqlar yolu ilə çözülməsinə tərəfdardır. Sonuncu sanksiyaya isə belə görünür ki, Azərbaycanın rəsmi strukturlarının hələlik konkret mövqeyi müəyyənləşməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna bildirib ki, onlar məsələni təhlil edəndən sonra münasibət bildirəcəklər:

«Sənəd təhlil ediləndən sonra Azərbaycan tərəfi öz mövqeyini bildirəcək».

Siyasi şərhçi Sədrəddin Soltan isə hesab edir ki, yox, İranın budəfəki sanksiyaya tab gətirəcəyi inandırıcı görünmür. Tehranın rəsmi münasibəti əvvəlkilərdən fərqlənməyə bilər. Amma indiki sanksiyalar bütövlükdə İran dövlətinə, onun xalqına
Sədrəddin Soltan
ciddi problemlər vəd edir:

İRAN İQTİDARI TEZLİKLƏ HAKİMİYYƏTDƏN GETMƏK İSTƏMİRSƏ…


«Vətəndaşlar ciddi sosial problemlərlə üzləşəcəklər. Onsuz da ötən bir il ərzində ölkədə bir neçə dəfə bahalaşma olub. Məsələn, hökumətə təklif olunur ki, təbii qazın daxili bazarda satışını 1000 dəfə bahalandırsın. Yəni bu bütövlükdə ciddi proseslərdən xəbər verir. Bunun daha faciəli olmaması üçün yəqin ki, addımlar atılacaq və İran iqtidarı tezliklə hakimiyyətdən getmək istəmirsə, mütləq beynəlxalq ictimaiyyətin şərtlərini qəbul edəcək».

Sədrəddin Soltan hesab edir ki, bu sanksiyalardan sonra İranın iki yolu qalır. Bunlardan biri daha da radikallaşmaqdır. Şərhçi bildirir ki, İranın Avropada, Rusiyada, o cümlədən də dünyanın hər yerində terror şəbəkələri var və Tehran bu şəbəkəni işə salsa, onda dünya üçün anlaşılmaz bir problem yarada bilər. Digər yol isə odur ki, hakimiyyət dövlətin, bölgənin və həqiqi islamın maraqlarını nəzərə alaraq, inadından əl çəkib dünya ilə barışıq dilində danışığa getməlidir.

Sədrəddin Soltan ehtimal edir ki, bu sanksiyalardan sonra İran hakimiyyəti ikinci yola, yəni danışıqlara üstünlük verəcək.

İRAN HAKİMİYYƏTİ DİRƏNİŞ GÖSTƏRMƏKDƏ DAVAM EDƏCƏK

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünmür ki, BMT Təhlükəsizlik Şurasının bu sanksiyaları İran üçün çox ciddi problemlər yarada bilər. O deyir ki, əgər sanksiyalarda enerji resurslarının alqı-satqısı ilə bağlı qadağa olsaydı, bu, İrana daha böyük zərbə vurardı. Amma Rusiya və Çin bu çərçivədə sanksiyalara dəstək verdikləri üçün ABŞ-da hələ ki, belə sanksiyalarla kifayətlənməli olur:

Elxan Şahinoğlu
«İndiki sanksiyalar hələ ki bir qədər məhduddur. Bir şirkətlərin siyahısı var, bir də əsasən İrana silah satışı ilə bağlıdır. Ona görə də düşünürəm ki, bu hələ ilkin mərhələdir. İndi əgər ABŞ müttəfiqləri ilə, eləcə də Rusiya və Çinlə danışıqları gələcəkdə inkişaf etdirə bilərsə, İran geri addım atmadığı təqdirdə sanksiyaların sərtləşməsi də gündəliyə gələ bilər. Mən düşünmürəm ki, indiki sanksiya İran hakimiyyətini geri addım atmağa həvəsləndirə bilər. Məncə, İran hakimiyyəti dirəniş göstərməkdə davam edəcək».

Elxan Şahinoğlunun fikrincə, qəbul edilən sənəd İran hakimiyyətini güzəştə məcbur edən sanksiya deyil. Ona görə də bu proses hələ bir müddət davam edəcək və BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı yenidən toplaşmasına ehtiyac yaranacaq.

İranın nüvə proqramı ilə bağlı dördüncü sanksiyaya BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 12-si «hə» deyib. Türkiyə və Braziliya sənədin əleyhinə səs verib. Livan səsvermədə iştirak etməyib.
XS
SM
MD
LG