Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Oqtay Qorçu "Ağ otağın ağuşu" (Hekayə)


Hər yer ağappaq idi. Ağ divar kağızı çəkilmiş böyük otaq, ağ qapı, ağ tül pərdələrin asıldığı pəncərə, ağ taburet və ağ çarpayı.

Hansı xalqın dilində danışdığını hələ bilməsə də, dil kursunu uğurla başa vurmuşdu, son, əsas mərhələ başlayırdı.

Gözləri gülürdü, üçüncü günün seansına hazırlaşdı.

Sınaqdan keçirilən adam öncə sağ əlini ürəyinin üstünə qoydu, sol əlinin şəhadət barmağını alnına dayadı və gözlərini yumub dərindən nəfəs aldı.

Sustalan kişi sonra səs eşitdi, üzünü görmədiyi qadın yenə mikrofona danışır:

- Bilirəm ki, dediklərimə inanırsan, sən bizə yad ola bilməzsən! Hamı borcunu verəndə dost-düşmən sırası pozulmur, düz deyirəmmi?

Çarpayıdakı adam dilləndi:

- Gözəl danışırsan, danış!

Qadın sözünə davam elədi:

- Yaşamaq arzun, görmək istədiyin yer, dostlar, gözəl qadınlar, gücsüz rəqiblər, rəngli yuxular...

Hamısı gedəcəyin ölkədə, vətəndədi. Mən sənin dilini anlayıram, doğma dilində, yuxuda sayıqlayırdın. Sərbəst ol, yatanda da, oyananda da dilini unutma!

Bura gedəcəyin yerdi. Arxayın, diqqətli olsan, bizim seçilən adamlardan birinə çevriləcəksən. Ancaq mən inanıram ki, on bir ay dörd gündən sonra dostumuz səni tapacaq. Biz axı işə başlamışıq.

Qadın susdu və qəfildən otağa payız ab-havası doldu, mikrofondan yağış səsi gəlirdi. Diksinib yatağından atılan adam əsəbiləşdi, ağ divara üzünü tutub bağırdı:

- İt... - Tez yanıldığını anlayıb, danışdığı dildə söyməyə davam elədi. Araya sakitlik çökdü, məşğələ üçün nəzərdə tutulan “ağ stress” cəza növünün tətbiqinə başlandı. Pəncərənin üstündə quraşdırılan kiçik borudan otağa ağ tüstü dolurdu.

Huşunu itirdi. Ağ xalatlı şəfqət bacısıyla qara maskalı əməkdaş içəri keçdilər, otağın yeganə sakinini yatağa uzatdılar, xüsusi məhlulun köməyilə havanı təmizləyəndən sonra huşsuz adamın yanından səssiz-səmirsiz çəkilib getdilər.

Qadın səsiylə həmsöhbətinə toxtaqlıq vermək istədi:

- Sənə dincəlmək lazımdı, yat! Gözəl yuxular görəcəksən, bizim adam, möhkəm ol!

...Gözünü açıb yuxarı baxdı, birdən onu gülmək tutdu, hələ gülə-gülə barmağını qoşalayıb dodağından aldığı Romeo öpücüyünü tavanın sinəsinə də göndərdi. Mikrofondan hənirti eşidildi, sorğu-sual başlandı:

- Salam, mənim qəhrəmanım! Saat on ikidi, çox yatırsan, mənə nəsə demək istəmirsən?

Kişi əsnəyə-əsnəyə soruşdu:

- Sənin sinən də bu otaq kimi ağdı, mələk?

Xısın-xısın gülən qadının səsi gəlir:

- Həddini aşma! Başlayaq, bizim ölkəyə xoş gəlmisən...

Gözlərini yumub qadının dediklərini təkrarlayır, dünyanın ən gözəl şəhərlərindən birinin küçələriylə qara plaşında gəzirdi, hər döngəni tanıyırdı, hazır idi...

...Elə bil ayaqları yerdən üzülmüşdü, pıçıltısı bir qadının gur səsini batırırdı və anladı ki, xilas olub, onu ləngidirlər...

...Danışırdılar, hər şey gün kimi aydındı, daha onu əzən sirr yoxdu.

Kiməsə çevrilmək üçün artıq vaxt yetişib, öz orijinal metodlarından istifadə eləyəcək, on bir ay dörd gündən qəfil sıçrayıb hər iki tərəfi idarə eləyəcək. Göz qırpımında məqsəd əfsanəyə tələ qurur, hər şey reallığa calanır, sonra dillər əzbəri...

...Xüsusi şəbəkə, axtarış təlimatı və agentlər...

Otaqda fısıltısı eşidilən kişi mızıltıyla dilləndi:

- Mənə 25 dəqiqə yatmaq imkanı verin. Uzanmayacam, divara söykənəcəm.

Üzünü görmədiyi qadının cavabı ləngimədi:

- On dəqiqə vaxtın var.

Kişi razılıq aldı, cəld çarpayıdan qalxıb divara söykəndi, qollarını yana açıb qadına ismarış göndərdi:

- Mənə yuxun şirin olsun de! - Kinayəylə güldü.

Mikrofondan amiranə səs eşidildi:

- Yat! Vaxt gedir...

Sınanan adam sükuta dalıb gözlərini yumdu, otaqda saat yox idi, on dəqiqədən sonra yuxudan ayılmalıydı, ancaq yatmalıdı, mütləq yatmalıydı.

...Şəhəri gəzəndən sonra qara eynəkli adam taksiyə əyləşib, ondan savayı ancaq üç şəxsin tanıdığı ünvana yollandı, ağ otağa deyəcəkləri varıydı...

- Qəhrəman, on üç dəqiqə yatmısan.

- Yalan deyirsən! Mən səkkiz saniyə tez oyanmışam, səfərim bitmişdi deyə...

Qadın dinmir, kişi aramsız suallar verməyə başlayır:

- Niyə paxılsan? Sənin metodun məni bezdirir, boş-boş otur, on bir ay dörd gün...

Daha nə... Lap qaraçı falıdı, adı test...

Qəlbinə dəymirəm ki, mələk? Niyə dinmirsən? - Bildi ki, onlar təslim olacaqlar və bu sükutun yavaş-yavaş çat verdiyini anlayan ağ otağın tənha kirayənişini yenə mikrofonun sinəsində düyünlənən, qadının itkin hənirinə söz çaldı. - Hamıya söylə! Məni ləngidən uduzacaq! Mən işləyirəm, səfeh mələk! Sənsə neçə gündü məndən kimliyimi soruşursan, kim olmalıyam ki?..

O, “bizim adam” statusunu aldı və bu hadisədən üç gün ötməmiş xüsusi şöbədə lent yazısı dinləndi, məsləhətləşmədən sonra qərar qəbul olundu.

Əks-kəşfiyyatçının bir neçə il sürən əlaqələri, çalışmaları öz bəhrəsini verdi, avtomobil şirkətinin Qafqaz üzrə ofis-satış mərkəzi Zahidin dəstəyilə işə başladı. Bir neçə dəfə xüsusi əməliyyat da keçirildi, amma “bizim adam” kimi tanınan agent yenə sınaqlardan üzüağ çıxdı.

Qurduğu ilişkilər, ötürdüyü informasiyalar, yaratdığı şəbəkə Zahidə yeni-yeni yollar açırdı.

Ticarət bazarında rəqabət aparan bu şirkət maddi, siyasi sövdələşmələrə, marağı xatirinə güzəştlərə belə getməyə hazır idi. Məğlubedilməz agent zəlzələ havası yaşadırdı hər gün ayaq basdığı binaya, hər gün gördüyü adamlara.

Vaxt ötdü, Zahidi mərkəzə, idarəyə çağırdılar. Yolda macal tapıb telefon köşkündən evə, anasına zəng elədi, on üç saniyə danışdı, sonra şöbəyə yollandı.

Polkovniklə üz-üzə ağ otaqda oturmuşdular, ağ masanın üzərində ağ vərəq, ağ qələm vardı. Şef soruşdu:

- Zövqünə bələd olmaq istəyirəm, etirazın yoxdu?

Zahidin dodaqları qaçdı, baş barmağıyla çənəsini yüngülcə sığalladı. Şöbənin rəisi dedi:

- Bu vərəqdə olmayan, görünməyən bir şeyin rəsmini çək, qoçaq! - polkovnik başıyla vərəqi göstərdi.

Qələmi masanın üstündə tıqqıldada-tıqqıldada çəkəcəyi şəkli fikirləşirdi, fantaziyası simvollar da quraşdırırdı. Nəhayət, tapdı, ağ vərəqi rəisinin qarşısına tərəf sürüşdürüb dilləndi:

- Elə çəkdiyim şəklin özüdü.

- Bu ağ vərəqdə heç nə yoxdu. - Əks-kəşfiyyatın yüksək rütbəli zabiti, danışdırdığı adamın gözlərinin içinə baxdı, özünü itirməyən Zahid cəld cavab verdi:

- Bu vərəqdə ağ şəkil var, anamın arzusu...

Polkovnik gözlərini qıydı:

- Sən ananla görüşmüsən?

Zahid şefinin üzünə baxmamağa çalışdı:

- Məni yaxşı tanıyırsız...

Şöbə rəisi:

- Sən ananla hansı dildə danışmısan?

Boğula-boğula cavab verdi:

- Neçə ildi ki, xaricilərin içindəyəm, öz işimi görürəm, anamla on üç saniyə telefonda danışmışam, mənə etibar eləyirlər.

Zahidin çiyni üstündən divara boylanan əks-kəşfiyyatçıların rəhbəri, buz baxışlı, donuq simalı polkovnik Sabir Gəraylı qəti hökmünü verdi:

- Bizim adam deyilsən. Onlar sizin evə dinləmə qurğusu yerləşdiriblər, anana zəng eləyəndə düşünməliydin.

Hissə qapılmaq, darıxmaq sənin işində kimlərisə zərbə altında qoymaqdı. Bu çətin sınaqdan çıxa bilmədin, sağ ol! - Cavab istəmədən ayağa qalxıb otaqdan çıxdı.

İki qara maskalının ardınca otağa girən ağ xalatlı qız əlində iynə Zahidə yaxınlaşdı...

"Mediaforum"
XS
SM
MD
LG