Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:23

Evləri su altında qalanlar maşında gecələyir


Sabirabad rayonunun Kür və Araz çayları arasında qərarlaşan və su basmış kəndlərinin sakinləri iyunun 16-da icra hakimiyyətinin qarşısına toplaşaraq düşdükləri acınacaqlı vəziyyətdən xilas olunmalarını tələb ediblər.

Qasımbəyli kəndinin sakinlərindən Fətulla Fətullayev AzadlıqRadiosuna bildirib ki, onlar evlərini basmış suyun kəndlərindən axıdılmasını istəyirlər. Hələ ötən ay «Sarısu» gölünün daşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Axtaçı, Saatlı rayonunun isə Dəlillər, Nərmankənd və Novruzlu kəndləri su altında qalıb. Fətulla Fətullayev deyir ki, əgər həmin kəndlər su altından çıxarılmasa evləri, orada qalan bütün əmlakları əllərindən çıxacaq:

KƏNDLƏRDƏN SU BOŞALDILMASA? EVLƏR ƏLDƏN GEDƏCƏK…


«Kəndin evləri uçmamış, döşəmə-tavan çürüməmiş, əmlakımız dağılmamış bu kəndlərin suyun boşaltsınlar. Kürdən «Sarısu» gölünə gələn suyun qarşısını alsınlar, sonra da kənddəki suları ya Kürə, ya da Araza axıtsınlar. Nə bilim necə mümkündürsə elə etsinlər. Ya motorla suyu çəksinlər. Ancaq hələ ki, heç bir tədbir görülmür…»


Fətulla Fətullayev deyir ki, icra hakimiyyətində onları heç kim qarşılamadığından məcburiyyət üzündən Saatlı rayonunun Novruzlu kəndi yaxınlığındakı bəndin ətrafına toplaşıblar. Ancaq hadisə yerinə gələn rayon icra başçısı və polis rəisi narazı insanlara orada bəndi yarmağa imkan verməyiblər. Novruzlu kəndinin yaxınlığındakı bəndin ətrafına toplaşan insanlar hökumətin onları cüzi yardımla yola verməyə çalışdığından da gileyləniblər. Onlardan Abbas Həsənov deyib ki, indiyə qədər cəmi bir dəfə yardım alıblar:

ELƏ BİL BİZ AZƏRBAYCAN VƏTƏNDAŞI DEYİLİK


«Hər adambaşına 1 kq qarabaşaq, 200 qram makaron, 100 qram qənd, 100 qram çay və 1 kq un veriblər. Deməli kəndi 22 gündür su basıb cəmi bir dəfə yardım veriblər. Elə bil biz insan deyilik, elə bil biz Azərbaycan vətəndaşı deyilik. Başqa yerdən gəlmişik…»

Sabirabad Rayon İcra hakimiyyəti başçısının birinci müavini, fövqəaladə hallar komissiyasının sədri Vəfadar Bağırov isə su basmış kəndlərin sakinlərinin cəmi bir dəfə yardım alması ilə bağlı iddiaları təkzib edir. Biz mütəmadi yardımlar paylayırıq deyən komissiya sədriənin sözlərinə görə, indi növbəti yardım üçün də siyahılar hazırlanır. Evlərini su basmış insanların Novruzlu kəndi istiqamətində bəndi yarıb suyu kəntddən axıtmaq istəmələrinə gəldikdə isə Vəfadar Bağırov deyir ki, buna razılıq vermək onların səlahiyyətlərinə daxil deyil.

ƏSAS MƏSƏLƏ «SARISU» GÖLÜNƏ GƏLƏN SUYUN QARŞISINI ALMAQDIR


Vəfadar Bağırovun Saatlı rayonundan olan həmkarı İlham Quliyev isə deyir ki, onlar iki yerdən suyu açıb Araza axıtsalar da hələ də kəndtləri suda n azad edə bilməyiblər:

«Bir nömrəli məsələ Kürün «Sarısu»ya axan istiqamətdən kəsilməsidir. Bu olarsa kəndləri basmış su tez çəkilər. Əgər indi kürdən «Sarısu»ya, Ssarısuıdan kəndlərə, kəndlərdən də Araza axır və dairəvi dövr edirsə bunun qarşısını necə alaq?»

22 GÜN MAŞINDA


Evləri su altında qalmış insanların isə artıq gözləməyə taqətləri qalmayıb. Onlardan biri - Afəq Əliyev deyir ki, artıq 22 gündür maşında gecələyirlər:

«Düz 22 gündür «QazEL»i aparmışam Kürdəmir rayonuna. Küçədə maşını saxlayıb orada gecələyirəm».
XS
SM
MD
LG