Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

«Dedi, Elmar Hüseynovu öldürmək yox, yandırmaq lazım idi»


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Təqribən 2007-ci ilin əvvəllərində mən Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar əldə etdim. Akif Çovdarov MTN-in idarə rəisinin müavini idi, indi deyəsən baş idarənin rəisidir, məlumat əldə etmişdim ki, bu insanın bu məsələdə iştirakı ola bilər. Daha doğrusu, bir çox şübhələr onun adı ətrafında dolaşırdı. Mən bu istiqamətdə araşdırmalara başladım».

HƏBSİMİN KÖKÜNDƏ ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI ARAŞDIRMALAR DAYANIR

İyunun 16-da məhkum jurnalist Eynulla Fətullayevin məhkəməsi başlanan kimi o həbsinin səbəbləri barədə danışmağa başladı. Jurnalist bildirdi ki, həbsinin kökündə mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmalar dayanır. Dedi ki, araşdırmalar zamanı qətlin izləri Milli Təhlükəsizlik Nazirliyinin həmin vaxt idarə rəisinin müavini işləmiş Akif Çovdarovun üstünə aparıb çıxardığından onun bu araşdırmaları aparmasına əngəllər yaradılıb. Ən böyük əngəl isə həbsi olub:

«Araşdırmalara başladım və bir aydan sonra həbs olundum. Məni Bayıl həbsxanasından MTN-ə etap elədilər, adını da qoydular ki, guya Bayıl həbsxanasından qaçmaq istəyirəm. Biz keçən dəfə bu məsələyə toxunduq, şübhəsiz ki, mən ordan qaçmaq istəmirdim. MTN-in təcridxanasında bu insanlar gəlib mənimlə görüşdülər».

DEDİ BİZ HƏLƏ GƏNC DÖVLƏTİK

Eynulla Fətullayev dedi ki, Akif Çovdarov onunla görüşərkən Elmar Hüseynovla bağlı araşdırmalara son qoymasını tələb edib. Hətta aralarındakı mübahisə o yerə çatıb ki, onlar əlbəyaxa olublar:

«Mən dedim axı, apardığım bütün jurnalist təhqiqatları bir şey göstərir, hər şey gəlib sənə çıxır. Avropa Məhkəməsinə göndərdiyim materiallarda faktlar da göstərmişəm. Ancaq mən bir şeyi başa düşmürəm, siz nəyə görə Elmarı belə qeyri-peşəkarcasına qətlə yetirmisiniz? Mən birbaşa bunu soruşdum. Cavabı bilirsiniz nə oldu hörmətli sədr?
Eynulla Fətullayev və İsaxan Aşurov
Dedi biz hələ gənc dövlətik».

DEDİ Kİ, ONU ÖLDÜRMƏK AZDIR, ONU YANDIRMAQ LAZIM İDİ

Eynulla Fətullayev iddia edir ki, Akif Çovdarov Elmar Hüseynovun qətlində əli olduğunu açıq şəkildə etiraf edib: «Mən onun frazalarını bir-bir deyə bilərəm hörmətli sədr. Dedi ki, onu öldürmək azdır, onu yandırmaq lazım idi. Bir də dedi ki, axı biz bunu özümüzə görə etməmişik, atamın sözü ilə etməmişəm ki bunu. Yəni ki, sən məndən nə istəyirsən axı, əl çək məndən. Deyirdi ağzına gələni yazırdı, axırı belə də olmalı idi».

Məhbus jurnalist məhkəmədə sözünə davam edərək söylədi ki, Akif Çovdarov ona xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyi və Elmar Hüseynovun qətli ilə bağlı istintaqa yalan ifadələr verməyi təklif edib. O isə təklifi qəbul etməyib:

DEDİ, BİZ SƏNİ ELƏ-BELƏ BURAXA BİLMƏRİK

«Dedim yaxşı, mən başa düşdüm ki, artıq bu mövzuya toxunmaq olmaz, məni azadlığa buraxın. Dedi, biz səni elə-belə buraxa bilmərik, biz səni «verbovka» eləməliyik. Biz səni «verbovka» eləyirik, sən bizim nazirliyə işləyirsən. Dedim, aha, gəldik çatdıq əsas məsələyə. Mənə dedi ki, sən bizə Elmar Hüseynovun qətli ilə bağlı yalançı ifadələr ver. Dedim mən Elmarın qətli ilə bağlı yalançı ifadələr verə bilmərəm, o mənim dostum, həmkarım olub. Dedi, axı biz sənə azadlığa çıxmağa kömək edəcəyik».

FƏTULLAYEVİN DEDİKLƏRİ CƏFƏNGİYYATDIR

Dövlət ittihamçısı Elçin Nağıyev Eynulla Fətullayevin dediklərinə münasibət bildirərkən söylədi ki, Fətullayevin danışdıqları heç bir hüquqi əsasa, sübuta söykənmir. Üç ay əvvəl Eynulla Fətullayev MTN əməkdaşı Akif Çovdarovla bağlı ittihamlarla kütləvi informasiya vasitələrində çıxışlar edərkən Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsinin rəisi Arif Babayev bildirmişdi ki, Fətullayevin dedikləri cəfəngiyyatdır.

Elçin Nağıyev
Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırdı ki, məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Elçin Nağıyev çıxış üçün məhkəmədən iyunun 23-dək vaxt istədi. Məhkəmə iclası həmin tarixdə davam edəcək.

Avropa Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti 2 min 822 avro miqdarında məhkəmə xərclərini də ödəməlidir.

Avropa Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində Azərbaycanda çıxarılmış iki həbs qərarı ilə bağlıdır. 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci hökmlə Eynulla Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

Ötən il dekabrın 29-da 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunur. Bununla əlaqədar işə hazırda Qaradağ rayon Məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi jurnalistin həbsi ilə bağlı Avropa Məhkəməsinin qərarının qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.
XS
SM
MD
LG