Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Mirmehdi Ağaoğlu "Su pərisi" (Hekayə)


Surxay gözlərini açanda dan yeri təzəcə ağarırdı.

Göyüzünə səpələnmiş yastı buludlar şirin pambıq kimi çəhrayı rəngə boyanmışdı. Gözlərini qaldırıb ətrafa nəzər saldı.

Sahil boyu uzanan yulğun kolları başdan-başa şehə bələnmişdi.

Ətrafı yulğun kollarının düyüvari yarpaqlarından süzülən şeh damlalarının islatdığı şoran torpağın duzlu qoxusu ilə yulğun kollarının turşməzə qoxusu bürümüşdü.

O birdən-birə özünə gəldi. Xəfifcə başı ağrayırdı. Axşam içdiyi arağın təsiri hələ gedirdi. Ayağa qalxıb özünə nəzər yetirəndə tamamən çılpaq olduğunu anladı.

Çölün düzündə lüt olmasından bir anlıq utanc hissi keçirən Surxay tezcə əl atıb bayaq başını qoyduğu salofan paketdən paltarlarını çıxarıb geyinməyə başladı.

Surxayın 40 yaşı var idi. Orta boylu idi. Təbii ki, qarın sarıdan onun da bəxti gətirmişdi. Şalvarını nə qədər yuxarı çəksə də toqqası qasığınının üstündən bir santim də yuxarı qalxmazdı. Buna baxmayaraq xeyli çevik idi.

Sovet vaxtı uzun müddət kolxozda aqronom işləmişdi. Sovetlər dağılandan sonra ona verilmiş pay torpağını əkib becərməklə güzəranını keçirirdi.

Digər kəndlilər kimi o da on hektarlıq pay torpağına taxıl əkir, iyunda biçin zamanı yığdığı məhsulu Bakıdan gələn dəllalara məcburiyyət qarşısında dəyər dəyməzinə satıb ilboyu nisyə mal aldığı dükanda borcunu bir xeyli azaldırdı.

Məhsulu saxlayıb payızda xird eləməyin də bir mənası yox idi. Dəllallar payızda da taxılı yaydakı qiymətə alırdılar.

Həm də saxlanma şəraiti olmadığından payıza qədər taxılın bir hissəsini siçovullar daşıyıb aparır, digər hissəsi də quruduğuna görə çəkisi azalırdı.

Bununla belə o taxıl əkməyindən qalmırdı. Əksər kəndlilər belə edirdilər.

Yığdıqları məhsulu uyğun qiymətə satıb xərclərini ödəyə bilməsələr də, taxıl əkinini davam etdirir, qazandıqları gəlirlə heç olmaya ilboyu nisyə mal götürdükləri mağazaların borclarını ödəməyə çalışırdılar.

Surxayın həyət-bacasında da üzüm, nar, alma, armud, gavalı, gilas və başqa meyvə ağacları vardı, bostana xiyar, badımcan, pomidor əkir, bütün ailə bu həyətdən dolanır, hələ üstəlik bazara çıxarıb satmağa da bir şey qalırdı. Həyətdəki mal-qaranın, toyuq-cücənin xeyri də öz yerində.

Surxayın təsərrüfatdan gələn qazancı yeddi nəfərlik ailəni saxlamağa bir təhər bəs edərdi. Lakin toylar ona bu fürsəti tanımırdı.

Uzun müdət kolxozda aqronom işləmiş Surxayı nəinki kəndlərində, ətraf kəndlərdə, qonşu rayonlarda, Kürün o tayındakı kəndlərdə də tanıyırdılar. Bu geniş dost-yanış çevrəsi hər ay azı bir dənə toy dəvətnaməsi demək idi.

Düzdür hər ay toya gedib nəmər salmaq kasıb ailənin büdcəsi üçün öhdəsindən asanlıqla gəlinəcək bir şey deyildi.

Artıq beş aydan çox idi ki, qızını xalası nəvəsinə nişanlamışdı.

Oğlan evi bu yaxınlarda gəlini aparmağa hazırlaşırdı.

Cehiz almağa əlində nağd pulu olmadığı üçün o da hamı kimi toydan yığılacaq pulla cehiz almağı düşünürdü. Cehizi rayondakı mağazaların birindən nisyə götürüb sonra toydan yığılan pulla ödəmək olardı.

Qızının toyu üçün saxlayıb böyütdüyü cöngəni satmasaydı bu toy onun üçün bir o qədər problemli məsələ olmazdı.

Oktyabrda əsgərlikdən qayıtmış oğlunu rayonda təhlükəsizlik xidmətinə işə düzəltmək üçün ondan bir cöngənin pulunu istəmişdilər.

Tanış-bilişlə məsləhətləşmələrdən bir cöngənin puluna oğlanı Rayon Təhlükəsizlik Xidmətinə işə düzəltməyin sərfəli olduğunu öyrənmişdi.

Maaş az olsa da mühafizə işçiləri həm əl-ayaqları təmiz bütün günü formada gəzirlər, həm də arada mühafizə olunan ərazilərə icazəsiz daxil olanlara, qanunları pozanlara xox gələ biləndə çak-çukları da olur.

Surxay da məsləhətə uyub qızının toyu üçün saxladığı cöngəni satıb oğlunu işə düzəltdirmişdi. Amma hələ ki, oğlunun çak-çukunu görməmişdi.

Cehiz pulu düzəlməmiş cöngə də əldən çıxdığına görə axır vaxtlar yaman fikir edirdi ki, qızın toyunu layiqincə yola verə bilməz.

Bir də görürdün gecə yatdığı yerdə qəfil ayıldı, eləcə tumanda həyətə düşüb o baş bu baş var-gəl etməyə başladı.

Həyətdə bir xeyli gəzib dolaşdıqdan sonra nəhayət toxtayıb gəlib uzanırdı yerinə.

Bundan sonra da yuxu onu aparmırdı. İşığı yandırıb arvadı da oyadırdı. Yatağın içində oturub Surxayın ta cavanlığından indiyə kimi getdiyi toyları sayıb-sadalamağa başlayırdılar.

Siyahı tuturdular, yazdırdıqları nəmərləri hesablayır, bu dünyadan köçənlərin, başqa şəhərə köçənlərin, varlananın, kasıbın, xəsisin səxavətlisin ayırd edir, kimin toyuna nə vaxt nə qədər pul saldıqlarını, həmən pulun ekvivalentinin hazırda nə qədər olduğunu dəqiqləşdirirdilər.

Surxayla arvadı bu yuxusuz gecələrin birində belə qərara gəlmişdilər ki, qızın toyunadək Surxay çağırıldıqları heç bir toydan qalmasın. Bütün toylara gedib əmməlicə nəmər yazdırsın ki, qızın toyunda da yaxşı pul yığa bilsinlər.

Eybi yox toya qədər bir təhər qənaətlə qolanarlar. Surxayla arvadının son planları belə olmuşdu.

Dünənə Surxayın iki dəvətnaməsi var idi. Toyun biri kənddə idi. Digəri isə Kürün o tayında Tataraməhlə kəndində vaxtilə kolxozda bir yerdə işlədikləri Alməmmədin oğlunun toyu idi.

Surxay əvvəlcə kənddəki toya oğlunu göndərmək, o taydakı toya isə özü getmək istəmişdi. Srağagün məlum olanda ki, oğlu dünənə gecə növbəsinə düşür, Surxay qərara aldı ki, kənddəki toya da özü getsin.

Bu toydan çıxandan sonra isə bir maşın danışıb özünü verər o taydakı toya. Buna görə də kənddəki toyda çox oturmamağı planlaşdırmışdı.

Toyda başı dostları ilə əmməllicə yeyib-içməyə qarışan Surxay bir də ayılır ki, gecə saat onbirdir.

Başı lovlu toydan çıxıb Kürün qırağı ilə səntirləyə-səntirləyə üz tutur kəndin ortasından keçən, kəndlilərin Böyük Yol adlandırdıqları yola sarı.

Yolda zəng etdiyi taksiçilik edən həmkəndlisi də telefona cavab vermir.

Tataraməhləyə piyada getmək isə çox müşkül məsələdi; gərək üç kənd qabağa gedib körpünü keçəndən sonra, yenədə getdiyin qədər geri qayıdasan. Tataraməhlə kəndi Astanlı ilə qabaqqənşər idi- biri çayın bu sahilində, digəri o biri sahilində .

Surxayın dayandığı yerdən baxanda o tayda, dostunun həyətində qurulmuş mağarın tutqun işıqlarını görmək olurdu. Surxay birdən səmtini dəyişib özünü verdi yulğunluğa, sahilə.

Ehtiyat üçün həmişə şalvarının arxa cibində gəzdirdiyi salofan paketi çıxarıb əvvəlcə səliqə ilə soyunub bükdüyü köynəyini, şalvarını, maykasını, ən nəhayət də tursikini onun içinə yığdı.

Ən üstdən isə ayaqqabısını qoydu. Mobil telefonu şalvarın qayışına keçirilmiş qoburunda idi.

Kürün bu qaranlıq, issız sahilində lüt-anadangəlmə qalan Surxayın bədəni ayı kimi tüklü olduğundan onun çılpaqlığı qaranlıqda bir o qədər hiss olunmurdu. Surxay salofan paketin ağzını möhəm bağlayıb bir əlinə aldı.

Soyuqluğu bədəninə xoş sərinlik yayan palçığa ayaqlarını topuğa qədər basa –basa ehtiyatla suya girdi. Suyla təmasından əmələ gələn su çəmbərləri ondan uzaqlaşdıqca daha da böyüyür, qaranlıqda qeyb olurdular.

Bədənini titrədən soyuq sudan dəmliyi bir az keçən Surxay çiyninə kimi suda görünməz olanda qollarını açıb üzməyə başladı.

Surxay paltarlarını geyinib çömbəldi. Göyüzü ağarmağa başlamışdı. Siqaret yandırıb gecə olanları yadına salmağa çalışdı.

Toydan çıxıb taksiyə zəng eləməyini, yulğunluğa burulub sahilə gəlməyini, yeniyetmə çağlarında Tataraməhləyə toya baxamağa getmək istərkən Kürün bu tayla o tayını birləşdirən körpünün o vaxt hələ olmadığına görə yoldaşları ilə sahilə gəlib, paltarlarını çıxarıb salofan paketə qoyub üzə-üzə çayı keçib toya getdikləri kimi eləmək istəyib paltarlarını soyunmağını, suya girməyini, Kürün ortasında ayağının tutulmasını, çapalamağını, boğulmağını xatırladı. Sonra kimsə sudan boy verib ona sarı yaxınlaşdı.

Çiynindən yapışıb başını sudan qaldırdı. Uzun saçları, qaranlıqda pişiyinki kimi parıldayan yaşıl gözləri, gümüşü üzgəcləri, bozumtul, çılpaq qadın bədənini xatırladı. Bədənindən rəşə keçdi.

Hövlank ayağa qalxıb siqareti suya tulladı.

Heyvanların açdığı dar cığırla yulğunlara sürtünə-sürtünə kənd yoluna çıxmamışdan qabaq çevrilib ağaran dan yerininin işığında Kürün bir qazan qaynar qurğuşun kimi buğlanan bulanıq suyuna baxdı.

Surxay onu su pərisinin xilas etməsinə heç cür inanmaq istəmirdi.
XS
SM
MD
LG