Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:48

Barıt qoxusu, yoxsa…?


Azərbaycan ordusunun əməliyyat-taktiki təlimi
Azərbaycan ordusunun əməliyyat-taktiki təlimi
İyunun 21-də dörd erməni və bir azərbaycanlı əsgərin həyatına son qoyan silahlı insidentdən sonra Azərbaycan və Ermənistan prezidentləri hərbi hissələrlə görüş keçiriblər.

Prezident İlham Əliyevin iyunun 24-də iştirak etdiyi Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birgə əməliyyat-taktiki təlimi Azərbaycan silahlı qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə keçirilirdi.

Elə həmin gün Ermənistan prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağa səfər edərək Xankəndində həm hərbi hospitalda üç gün öncə yaralanan əsgərlərə baş çəkib, həm də yeni hərbi hissənin açılışında iştirak edib.

İlham Əliyevin nitqi televiziya ilə nümayiş etdirilib. Öz nitqində prezident Əliyev deyib ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcəsindən artıq, ordunun döyüş qabiliyyəti və əhval ruhiyyəsi isə yüksəkdir. Danışıqlar davam edir, amma nəticə olmasa, Azərbaycan başqa seçimə hazırdır.

Prezident Sarkisyanın erməni hərbçilərinə nə dediyi bəlli deyil. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumatda yalnız o qeyd edilir ki, onu bu səfərdə müdafiə naziri Seyran Ohanyan da müşayiət edib.

Bakıdakı ekspertlərsə deyirlər ki, nə dediklərindən, yaxud hansı münasibətlə olmasından asılı olmayaraq,
Vəfa Quluzadə
Azərbaycan və Ermənistan prezidentlərinin silahlı qüvvələrlə təmasının atəşkəs pozuntusu fonunda baş verməsi bu regionda müharibə təhlükəsinin güclənməsindən xəbər verir.

MÜHARİBƏNİ KİM İSTƏYİR?


Politoloq Vəfa Quluzadə atəşkəsin Sankt Peterburqda prezidentlər arasında keçirilən görüşdən sonra pozulmasına diqqəti çəkir:

«Rusiya yenidən Ermənistanı qızışdırıb üstümüzə sala bilər. Təqsiri də üstümüzə ata bilər. Bu dəqiqə atəşkəsin tez-tez pozulmasının arxasında Rusiyanın maraqları durur».

Vəfa Quluzadə deyir ki, iki il əvvəl avqustun 8-də Gürcüstanda müharibənin başlamasını da Rusiya ssenariləşdirmişdi. Sadəcə onun fikrincə, bu ssenari elə quruldu ki, Gürcüstan təxribata düşdü və məsuliyyət onun üzərində qaldı.

Vəfa Quluzadə deyir ki, həm Azərbaycanın müstəqilliyi, həm Azərbaycan-ABŞ münasibətləri, həm də «Nabukko» layihəsi Rusiyanı narahat edir. Onun fikrincə, Rusiya Qafqazı geri qaytarmaq və həm Gürcüstanda, həm də Azərbaycanda öz hakimiyyətini bərqərar etmək niyyətindədir.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri ərəstun Oruclu isə deyir ki, həm Azərbaycanda, həm də Ermənistanda müharibə əhval-ruhiyyəsinin gücləndirilməsi gerçəkdə təhdid ritorikasından başqa bir şey deyil. Məqsəd qarşı tərəfi güzəştlərə məcbur etməkdir.

AZƏRBAYCAN MÜHARİBƏYƏ TƏHRİK EDİLƏ BİLƏRMİ?


Ərəstun Oruclu
Ancaq Ərəstun Oruclu da deyir ki, Azərbaycan müharibəyə təhrik edilə bilər:

«Ancaq mən Azərbaycanın bu hərbi ritorika siyasətini yanlış sayıram. Çünki hansı tərəf əsgəri ritorikaya daha çox gedirsə, gələcəkdə atəşkəsin pozulması və ya döyüşlərin bərpası zamanı məsuliyyət də onun üzərində qalacaq».

Ərəstun Oruclu istər Azərbaycanın, istərsə də Ermənistanın müharibəyə gedəcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, bu yalnız iki halda ola bilər. Ekspert deyir ki, müharibəyə bəzi geosiyasi amillər və ya hakimiyyətlərin daxildə böhran keçirməsi təkan verə bilər.

ERMƏNİSTAN AZƏRBAYCANA SEÇİM İMKANI VERMİR?


Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə deyir ki, Ermənistan Azərbaycana seçim imkanı vermir. Onun fikrincə, Ermənistanın Madrid prinsiplərinə razılıq verməməsi Azərbaycan üçün sülh danışıqlarını əhəmiyyətsiz prosesə çevirir. Bəs belə olan halda Azərbaycan müharibə kimi məsuliyyətli qərarı verə bilərmi?

«Elə məsuliyyətli məsələdir ki, bu vaxta qədər Azərbaycan bu qərarı verə bilmir. Azərbaycan ümid etməyə çalışır ki, böyük güclər Ermənistanı güzəştlərə məcbur edəcək».

Mübariz Əhmədoğlunun sözlərinə görə, işğal davam etdikcə müharibə təhlükəsi heç vaxt aradan qalxmayacaq.
XS
SM
MD
LG