Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

Hillari Klintondan kim nə gözləyir?


Novruz Məmmədov
ABŞ Dövlət Katibi Hillari Klintonun iyulun 1-də Ukraynaya, Polşaya, Azərbaycana, Ermənistana və Gürcüstana silsilə səfəri başlamalıdır. Artıq indidən bu səfərlə bağlı Azərbaycanda müəyyən gözlənti və təxminlər eşidilməkdədir.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyib ki, xanım Hillari Klintonun Azərbaycana səfərində müzakirə ediləcək başlıca məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi olacaq.

Novruz Məmmədovun fikrincə, istər enerji, istərsə də təhlükəsizlik məsələləri ilə bağlı iki ölkə arasında çox gözəl əməkdaşlıq var. Ancaq bu, Qarabağ münaqişəsinin həlli prosesində özünü göstərmir. Novruz Məmmədov ümid edir ki, Hillari Klintonun bu səfərində Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı Birləşmiş Ştatlar da nəhayət ki, sözünü deyəcək:


-Artıq bunun vaxtı çoxdan gəlib çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vəziyyət o həddə çatıb ki, təkcə biz yox hamı deyir ki, bu məsələdə bir nöqtə qoyulmalıdır, bir mövqe bildirilməlidir. Yoxsa nə qədər görüşmək olar? Rusiya prezidentinin vasitəçiliyi ilə 6 görüş olub. Axı görüş xatirinə görüş olmaz. Bunu prezidentimiz də deyib. Ona görə bu səfərin müsbət əhəmiyyəti ola bilər.

MÜXALİFƏT DEMOKRATİYANIN REAL PROBLEMLƏRİNİN MÜZAKİRƏSİNİ GÖZLƏYİR


Müxalifət isə Hillari Klintonun səfərindən demokratiyanın real problemlərinin müzakirəsini gözləyir.

Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, onlar bu səfərdən yalnız təhlükəsizlik məsələlərinin müzakirə edilməsini istəmirlər. Onun fikrincə, Birləşmiş Ştatlar demokratiyaya təhlükəsizlik və enerji məsələləri qədər önəm verilməlidir. Əli Kərimli hesab edir ki, bu səfərdə başlıca məqsədlərdən biri qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçirilməsi olmalıdır:

-Bundan ötrü isə bir sıra məqamlara diqqət yetirilməlidir. Bu, siyasi məhbus məsələsidir, bu, söz azadlığı məsələsidir, bu, sərbəst toplaşmaq azadlığı məsələsidir. Eyni zamanda Seçki Məcəlləsinə dəyişikliklər, komissiyaların paritet formalaşması, seçki şikayətlərinin ədalətli araşdırılması və ümumilikdə qanunin alilliyi məsələləri də yaddan çıxarılmamalıdır

Əli Kərimli deyir ki, ölkə vətəndaşlarının istəyinə rəğmən hakimiyyət Qərbə inteqrasiya məsələsini getdikcə ikinci plana keçirməkdədir. Bu səfərdə məhz bütün bunlar Azərbaycan hakimiyyətinin nəzərinə çatdırılmalıdır.

NEFT PULLARI DEMOKRATİK İNKİŞAFIN QARŞISINI ALIR?


FAR İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda həbsdə olan gənc bloqçu Adnan Hacızadənin atası Hikmət Hacızadə də deyir ki, bu səfərdən demokratiyaya aid məsələlərin müzakirəsini gözləyir. Ancaq onun təxminlərinə görə, xanım Hillari Klintonun səfərində daha çox təhlükəsizlik məsələlərinə yer veriləcək.

Hikmət Hacızadə
Hikmət Hacızadə deyir ki, indi Birləşmiş Ştatları daha çox maraqlandıran məsələ Əfqanıstana yüklərin mütəmadi çatdırılmasıdır. Demokratiyaya aid məsələlərə gəldikdə isə mərkəz rəhbəri düşünür ki, heç bu məsələlərin qaldırılmasında Azərbaycan hakimiyyəti maraqlı deyil. Qərbin də Azərbaycana təzyiq etmək imkanları məhduddur.

Hikmət Hacızadə düşünür ki, ölkəyə gələn böyük neft pulları demokratiyaya ən böyük problemdir. Ancaq onun fikrincə, ən pisi isə odur ki, xalq özü də mübarizə aparmaq istəmir:

-Biz özümüz zəifik, bizim daxili demokratiyamız zəifdir. Günahı özümüzdə görməliyik. Elə cəmiyyətlər var ki, orada insanlara nə qədər pul verilir, verilsin yenə öz sözlərini deyirlər. Biz özümüz iş görmürük. Sonra deyirik ki, Obama belə dedi, Steynar Gil elə dedi. Biz özümüz mübarizə aparmalıyıq, satılmamalıyıq. Müəllimlər maaşı alıb seçkiləri saxtalaşdırırlar. Satılmış qəzetlərimiz var, siyasətçilərmiz var. Problem özümüzdədir…

Hikmət Hacızadənin fikrincə, Azərbaycana demokratiyanın kənardan gələcəyini gözləmək sadəlövhlükdür. Xalq özü mübarizə aparmalı və yalnız bundan sonra kənarın dəstəyinə ümid bəsləyə bilər.
XS
SM
MD
LG