Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:51

Hacı Nərimanoğlu "Vida" (Hekayə)


- Siz kimsiniz ?!...

Yaman namünasib zamanda yaxalanmışdı, qorxduğu bu idi, o da başına gəldi, macal tapıb gözlərinin yaşını silsə də, qarşısında durandan bunu gizlədə bilmədi. Sual kəskin verilmişdi və cavabı da elə səbirsizliklə gözlənirdi.

Həyəcanlı olduğu dərhal görünürdü, bir gözü onda, biri başdaşından boylanan Ananın arasında qalmışdı.

- Dillənin, Siz bir ildi bura gəlib gedirsiniz, xahiş edirəm, məni üzməyin, onsuz da nə zamandır cavabsız suallar, şübhələr içimi üzür. Axı siz kimsiniz, bu qadın, məzar mənim Anamındır, bəs siz kimsiniz?

Bircə belə bir görüşün, bu cür sualların olmasını istəmirdi, yaman yerdə axşamlamışdı.

- Olarmı, icazə verirsiniz Anamızla son dəfə vidalaşım, mən bu gün onun üçün gəlmişdim bura, ya qismət, bir də nə vaxt yolum düşə buralara.

“Fatihə” verdi, təəccüblü, intizarlı, səbirsiz baxışlar altında.

Yaxınlaşıb üzünü soyuq mərmər başdaşına sürtdü, bir anlıq göz-gözə qaldılar, ağzından “salamat qal...” çıxsa da, sözün düzəldib “Allah rəhmət eləsin!” dedi.
Qəbiristandan yanaşı çıxdılar.

Bir neçə dəqiqə heç biri dillənmədi, açsınmı söhbəti, ya aparsınmı sirri özü ilə, zorla tutub ağzın açmayacaqdı ki danış. Amma gözü yanındakına sataşanda fikrindən döndü. Elə bil əlindən qurtulub qaçacağından qorxurdu, bir addım aralı durmurdu, gözü ağzında qalmışdı.

Vaxt qazanmaq istəyirdi bir az da. Ehsan bulaqda əlini yudu, yaxınlıqdakı saqqız ağacının altındakı taxta skamyada oturdular.

- Məsələ tamam ayrıdır, yəni çox sadədir, mən nə o rəhmətliyi, nə sizin ailənizdən kimsəni tanımıram, heç bir qohumluğumuz da yoxdur, məni rəhmətlik Ananızın məzarı başına gətirən duyğu ayrıdır, sizə qəribə gələcək, amma...bəlkə heç açmayaq, onsuz da köçüb gedirəm burdan son dəfə vidalaşmağa gəlmişdim, burdan çıxan kimi zəng edəcəm maşın gələcək indi Bakıya köçüb gedirəm birdəfəlik, artıq Mingəçevirlə halallaşmışam, bircə Ananız qalmışdı, onu sona saxlamışdım, çox ağır günümdü, elə bil ki təzədən qaçqın düşürəm, yaman isinişmişdim bura, çətin olacaq bilirəm, ancaq getməyə məcburam, fikirləşirdim ki, vətənə geri qayıdanda hamıdan tez mən dönəcəm, burdan daha yaxındı.

Ancaq hələ işıq ucu görünmür.

Qarşısındakı gəncin hövsələsi getdikcə daralırdı, həyəcandan gözləri bir yerdə duruş gətirmirdi.

- Siz Allah üzməyin məni, nə zamandır sizin bura gələcəyinizi bilmək üçün bax o binanın pəncərəsindən baxanları görürsünüz, minnətçi düşmüşəm ki siz bura gələndə dərhal xəbər versinlər mənə, onlar da hamısı maraqla gözləyirlər ki bu nə məsələdir.

...Mən Qubadlıyam. 93-ün avqustun 31-də ev-eşiyimizdən didərgin düşdük, məcbur qalıb ailəliklə Mingəçevirə pənah gətirdik. Anamı orda təzəcə dəfn etmişdik, qırxını vətəndən uzaqlarda verdik. 60 yaşı tamam olmamışdı hələ...

Azad müəllimi tanımış olarsınız, 13 nömrəli məktəbdə müəllim işləyirdi, bizimlə qonşu idi, “Kosmos” un yanındakı binada oluruq, daha doğrusu olurduq, gətirib burda dəfn etdik, qəbirlərin arası ilə geri qayıdanda birdən gözüm rəhmətlik Ananın əksinə sataşdı, ürəyimdən elə bir gizilti keçdi ki, bir addım irəli ata bilmədim...elə bil öz anamı gördüm, yaman oxşayırlar bir-birinə, həmin həyalı, utancaq, həzin, hüznlü, ürəyə nüfuz edən mehriban baxışlar, yaşları da eyni idi, onun da başdaşı eynən beləydi, ağ mərmər üzərində, qara kəlağayılı, yaşmaqlı, hansı tərəfdən dursan düz adamın gözünün içinə baxırdı, ilk dəfə o gün gördüm Ananızı.

Gözüm arxada, fikrim burda qaldı.

Heç xəyalımdan çıxmadı.

Gecə də Anam yuxuma girdi eləcə Ananın durduğu yerdəncə:-üzülmə balam, burda yaxındayam, niyə gəlib mənimlə görüşmürsən...

Səhər tezdən işə getməmiş bir dəstə gül alıb gəldim bura...sonra hər qara bayramda, dözə bilməyəndə, ürəyim dolanda gəlirdim, çalışırdım elə vaxt gəlim ki görən olmasın, oğrun-oğrun.

Çox ürəyimi boşaltmışam burda, yaman mehir salmışdım Anana, təskinlik tapırdım burda, yüngülləşirdim, Quran oxuyurdum onun üstündə, həm də burdan qəriblikdə ruhu nigaran qalan Anama da “pay” göndərirdim, Anamın vəsiyyətiydi:-mənə bircə dua borcunuz var, tək onu əskik eləməyin, son nəfəsinə qədər özü surələrdən oxuyurdu, yorulanda dilsiz baxışları ilə deyirdi:-indi siz oxuyun...

- O ağacı da...heç bizim sulamağımıza ehtiyac qalmırdı...

- Hə o salxım söyüdü də mən salmışdım, Mingəçevir kəndindəki bağımdan qələməsin gətirib əkdim, hər gələndə 1 litrlik qabda su gətirirdim, yaxşı ki bitdi, tez böyüdü.

Biz də 7 qardaş hərəmiz bir ağac salmışdıq orda, Anamızın qəbrinin ətrafına dövrələmə.

Bitdi, bitmədi, qəbri, başdaşı dururmu gecə-gündüz fikrimdən çıxmır...gərək sadə bir şey qoymuş olaydıq başdaşı əvəzinə ki gavurun gözündən bəlkə yayınardı...

Sən bilməzsən, qardaş, yurd-yuva, ev-eşik, bağ-bağat, mal-mülk, bunlar hamısı bir yana, amma hələ cismi soyumamış Ana, qardaş, övlad, dost...qəbri qoyub gəlmək, hələ doyunca baxa da bilməmişdik başdaşından, tamarzı qaldıq qəbrinə də...hər gün qardaşlar gün çıxmamış düzülürdük sıraya kəndin başının üstündəki düzəngahda qəbiristanlığa qalxırdıq, dalımızca da qonum-qonşu, gəlinlərimiz, onlar doyunca ağlaşa bilirdilər.

Biz amma sakit-səssiz, göz yaşımızı içimizə axıdıb qayıdırdıq geri...bir ovuc torpaq da götürə bilmədik qəbrinin üstündən...

Əllərini ovcuna nə vaxt aldığından xəbər tutmamışdı, arada qırıq-qırıq sualları, ardınca da hıçqırtısı eşidilirdi.

Fikrindən keçdi ki, nə yaxşı duyğulu oğlan imiş, elə Ananın övladı belə də olmalıydı, nə yaxşı zəndində yanılmayıb, söhbəti açmasına peşman deyildi artıq, xeyli yüngülləşmişdi, bayaqkı gərginlik yox olmuşdu.

- Nədən rəhmətə getdi Anan?

-Elə bizim dərdimizi çəkməkdən, dava gedirdi, biz də əlimizdə silah tutanlardan idik, gecə-gündüz sərhədlərdə, ordu yox, dövlət yox, hamının başı qarışmışdı Bakıda kürsü, var-dövlət, mal-mülk davasına, vətən, torpaq, namus-qeyrət yaddan çıxmışdı, ancaq öz gücümüzə, quş tüfəngləriynən durmuşduq erməniynən rusun qarşısında, hər gün sağ-salamat evdən çıxan neçə cavanın cansız bədənin al-qan içində Ana-bacısının üstünə gətirirdik.

Gecə-gündüz atışma, top-raket, mərmi, güllə yağırdı başımıza.

Ara sakitləşən kimi, vaxt tapan kimi qaçırdıq kəndə.

Nə vaxt gəlirdik görürdük yolun qırağında durub gözləyir, görən kimi sarılırdı boynumuza, ağlamaqdan gözləri zəif düşmüşdü, bir-iki də deyildik, iki qardaşım da Tərtər-Goranboydaydı.

Neçə dəfə ölümlə üz-üzə dayanmışdım, hər dəfə Anamı mərmiynən, gülləynən aramızda duran görmüşdüm.

Hərəmiz neçə dəfə ölümdən dönmüşdük. Dualarıynan qoruyurdu bizi neçə ki canı sağ idi.

O gedəndən sonra faciələrimiz, qara günlərimiz başladı.

Elə bir tərəfə baxanda yaxşı ki görmədi, yaşamadı bu ağır günlərimizi, didərgin düşməyimizi, heç dözə bilməzdi...

Əli, üzü göylərdəydi gecə-gündüz:-Allah sən mənə övlad dağı göstərmə, yarəbbim, balalarımı qıldığım, tutduğum namaza, oruca bağışla, rəhm elə sən öz böyüklüyün xatirinə Allahım, son ver bu qırğınlara, analara rəhm elə...

Dözə bilməzdi sonra yaşadıqlarımıza, balalarının müsibətlərin görməyə, ancaq yenə gəlib çıxsaydı, qəbrinə üzümüzü sıxıb sözümüzü deyərdik, görünür o torpağı bizlərə sevdirmək üçün də analar ana torpağın ağuşunda uyumalı imiş, Allah bizə nəsib eləmədi o xoşbəxtliyi,...o qədər ürəyi yuxaydı ki, toyuq-cücəyə dən səpərdi, ürəyi gəlməzdi əl qaldırıb onları qova, toyuq-cücə basdırırdı, neçəsi ölürdü, hərəsi üçün göz yaşı töküb, çala qazıb basırırdı torpağa.

Əlindən, nəfəsindən çörək ətri gəlirdi, doymaq olmurdu, elə də gözəl idi, sifətindən nur yağırdı, həzin səslə Yasini-Şərifi oxuyanda ən əziz övladını, qardaşını, yoldaşını itirən ana-bacılar, qız-gəlinlər də hıçqırığını içində boğub dururdu, nəfəslərin dərirdilər, başqa cür idi Anam...çox bənzəyirdi sənin Anana.

- Elə bil ki, mənim Anamdan danışırsan, vallah, qardaş, eynən o da eləydi, onun da beyninə qan sızdı, qardaşım Ağdamda itkin düşən gündən, öldüyün bildik, amma meyidin çıxardıb gətirə bilmədik...

Elə o gündən çərxi döndü, insanda nə qədər göz yaşı olardı, tezdən durub gedirdik cəbhəyə üzün tuturdu o dağlara, oğul, oğul deyib qan-yaş tökürdü, səsi də tutulmuşdu, elə o dərd nisgillə də dünyadan köçdü.

- Dərdimiz də elə bir ağırlıqdadı, yurd-yuva itkisi, oğul itkisi... Ana ürəyi dözər bu dərdin ağırlığına...

Hər ikisi gözü yaşlı idi, özlərin nə qədər tox tutmaq istəsələr də için-için hıçqırırdılar.

Saatına baxdı. Ayrılmaq zamanıydı...

- Qardaş...

- Qafil.

- Mən də Azər.

Qucaqlaşdılar, elə bil ki neçə ilin dost-tanışı idilər.

- Nə vaxt yolunuz düşsə, bilin ki qardaşınızın evi var burda...

- Anamızın ziyarətinə mütləq dönəcəyəm...

- Allah mənə də sizin borcunuzdan çıxmağı nəsib eləsin...
XS
SM
MD
LG