Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Eynulla Fətullayevə oxunan hökm necə qarşılandı?


Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin cəzası bu gündən - 2010-cu il iyulun 6-dan hesablanacaq.

AB BU MƏSƏLƏNİ İZLƏMƏKDƏ DAVAM EDƏCƏK

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Eynulla Fətullayevin daha 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

Bu barədə AzadlıqRadiosuna Avropa Birliyinin nümayəndəliyinin əməkdaşı Yeva Kuptse deyib:

«Cənab Semnebi bu yaxınlarda Bakıda səfərdə olarkən «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məsələsini bir sıra hökumət rəsmiləri ilə müzakirə edib. AB bu məsələni izləməkdə davam edəcək və gözləyirik ki, Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarına hörmət edəcək».

«İTTİHAM SAXTA SÜBUTLARA SÖYKƏNİB»

«Artıkl 19» təşkilatının nümayəndəsi Rebecca Vincent:

«Biz hesab edirik ki, Eynulla siyasi səbəblərlə həbs olunub və narkotik maddə saxlama ittihamı saxta sübutlara söykənir. Bu ittiham Avropa Məhkəməsinin qərarına baxmayaraq Eynullanı həbsdə saxlamaq niyyəti güdür. Biz Azərbaycan hökumətini çağırırıq ki, Avropa Məhkəməsinin qərarlarına, o cümlədən Eynullanı dərhal azadlığa buraxmaq qərarına hörmətlə yanaşsın və qanunlardan öz tənqidçilərini susdurmaq üçün siyasi məqsədlərlə istifadə etməsin».

«MƏNİM ƏSASIM YOXDUR Kİ…»

Mətbuat Şurasının üzvü, «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov isə məhkəmənin hökmünü ədalətli və qərəzsiz sayır:
Bəxtiyar Sadıqov


«Mən Azərbaycanda məhkəmə sisteminə inanıram. Bu məhkəmə açıq, şəffaf gedirdi. Ortadakı şahidlər dinlənildi, sübutlar araşdırıldı. Yəni mənim məhkəmənin gedişindən şübhələnməyə haqqım da, əsasım da yoxdur. Bəli, mən hesab edirəm ki, məhkəmə obyektiv və ədalətli qərar qəbul edib. Əlbəttə mən istəmərəm kimsə azadlıqdan məhrum edilsin. Amma məhkəmə varsa, günahkar da cəzasını almalıdır. Bilmirəm kim bunu söz azadlığına təzyiq kimi qiymətləndirir. O cür düşünənlərin ölkəsində narkomanlara azadlıq verilirsə, o cür hərəkətlərə görə, günahkar cinayət məsuliyyətinə cəlb olunmursa, bu başqa məsələ. Bizdəsə bu cür hərəkət qadağandır».

«MƏQSƏD HƏBS MÜDDƏTİNİ UZATMAQDIR»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev: «Açıq-aydın görsənir ki, bu proses Eynulla Fətullayevin həbs cəzasını uzatmağa, onun daha çox həbsdə saxlamaq üçün atılmış addımdır. Bu gözlənilən qərarıdyı. Bu haqda dəfələrlə danışılmışdı. Məncə, bu insanın əməlinə görə, ədalətlə cəzalandılması prinsipi ilə heç bir əlaqəsi olmayan bir qərardır».

«HAKİMİYYƏT ONU AZAD BURAXMAĞA MƏCBUR QALACAQ»

Əli Kərimli
AXCP sədri Əli Kərimli: «Bu qərara münasibətim çox pisdir. Azərbaycan hakimiyyətinin Eynulla Fətullayevə bu münasibəti yalnız söz azadlığını məhdudlaşdırmaq məqsədi daşımır. Eyni zamanda, onun azad mətbuatdakı fəaliyyətinə, həbsdən sonrakı prinsipial çıxışlarına qarşıdır, qisas xarakteri daşıyır. Ona görə, bütün dünya Eynulla bəyin azadlığa buraxılmasını tələb etsə də, hətta Arvopa Məhkəməsi kimi nüfuzlu qurum birmənalı qərar çıxartsa da, hakimiyyət jurnalistə qarşı münasibətdə qanunların və ya beynəlxalq hüquq prinsiplərini yox, özlərinin qisas hissini, söz azadlığını nə bahasına olur-olsun məhdudlaşdırmaq prinsipini əsas götürürlər. Bununla belə, Eynulla bəyin müdafiəsi davam edəcək. Və bir gün Azərbaycan hökuməti onu azad buraxmağa məcbur qalacaq».

FƏTULLAYEVİN HƏBSİ İNSAN HAQLARINA ZİDD DEYİL


Parlamentin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov onun həbsinin azad sözə təzyiq kimi qiymətləndirilməsini pisləyir:

«Kim deyə bilər ki, bu hökm qanunlara və ya insan haqlarına ziddir? Kim deyir bunu? Məgər onun maddəsində insan haqqından və ya vicdan azadlığından danışılır? O həbsxanada başqa şeyə görə oturur axı. Mən özüm məhkəmənin qərarına nə münasibət bildirə bilərəm? Mən məhkəmədə iştirak etmişəm, istintaq hərəkəti aparmışam?.. Məhkəmədir də, cənab prezident hakimləri təyin edib, biz də təsdiqləmişik. Hamımız üçün Ana Yasa var, hamımız onunla hərəkət edirik, ona riayət edirik. Mən məhkəməyə deyə bilmərəm ki, sən düz etməmisən, gəlib gözünü çıxardaram və ya səni nəzarətə götürəcəm, elə şey yoxdur…»

«EYNULLA FƏTULLAYEV TƏCİLİ AZADLIĞA BURAXILMALIDIR»
İsa Qəmbər


Müsavat Partiyası başqanı İsa Qəmbər:

«Bu qərar konkret olaraq fədakar, istedadlı jurnalistə qarşı, öz mövqeyi olan insana qarşı, haqsızlıq, ədalətsizlik olmaqla yanaşı söz azadlığına, bütünlükdə azadlığa qarşı bir qərardır. Eyni zamanda, Əliyev rejiminin mahiyyətini ifşa edən bir qərardır. Təbii ki, qanunsuz qərardır. Saxta, qurama iş əsasında sifarişli məhkəmənin qəbul etdiyi qərardır. Mən hesab edirəm ki, Azərbaycan ictimaiyyəti də, beynəlxalq ictimaiyyət də bu ədalətsiz qərara ən sərt şəkildə etiraz etməlidir. Və Eynulla Fətullayev Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara uyğun gecikmədən, təcili azadlığa buraxılmalıdır. Müsavat Partiyasının qərarı budur. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik».

«EYNULLA FƏTULLAYEVİN HƏBSİ HÖKUMƏTƏ SƏRF EDİR»

Elza Vidal
«Qarşıdan gələn parlament seçkilər vaxtı Eynulla Fətullayevin həbsdə qalması Azərbaycan hökumətinə sərf edir».

Bunu Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa və keçmiş sovet respublikaları üzrə təmsilçisi Elza Vidal «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fəyullayevə qarşı yeni məhkəmə hökmünü şərh edərkən deyib.

E. Vidal hesab edir ki, Eynulla Fətullayevin lap əvvəldən həbsə salınmasında əsas məqsəd onun jurnalist fəaliyyəti ilə bağlı olub: «Digər tərəfdən o, hökumətin, prezident İlham Əliyevin açıq tənqidçisi olub».

Sərhədsiz Reportyorlar Eynulla Fətullayevin həbsinin «siyasi motivli» olduğunu bildirir.

Elza Vidal: «Məhkəmə onun narkotik istifadə etdiyini sübut etməyə müvəffəq ola bilməyib, digər tərəfdən narkotikin tapılması şəraiti də aydın deyil. İndiyə kimi müstəqil araşdırma aparılmayıb. Heroin Eynulla Fətullayevin paltarına atıla da bilərdi».
XS
SM
MD
LG