Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

«Həsən bəy Zərdabi və Əkinçi» kitabı işıq üzü gördü


Həsən bəy Zərdabi və Hənifə xanım
Həsən bəy Zərdabi və Hənifə xanım
Söz Azadlığını Müdafiə Fondu ilə AVCİYA-nın birgə layihəsi olan «Həsən bəy Zərdabi və Əkinçi» kitabının təqdimat mərasimi axır ki, baş tutdu. Mərasimdən əvvəl kitabın redaksiya heyətinin üzvü Tahir Aydınoğludan müsahibə aldıq. Müsahibəni həm oxuya, həm də dinləyə bilərsiniz:

- Tahir bəy, kitab necə ərsəyə gəldi?

- Son beş ildə Söz Azadlığını Müdafiə Fondu və AVCİYA ilə birgə bu kitaba addım-addım gəlib çatdıq. Əvvəlcə rəhmətlik Abbas Zamanovun bir vəsiyyətini yerinə yetirdik. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın öz böyük əri barədə xatirə-bioqrafiyasını rus dilindən Azərbaycan dilinə çevirib çap etdik. Bu, beş il öncə mətbuatımızın 130 illiyində baş tutdu. Sonra biz oxucu üçün maraqlı olacaq digər mənbələri nəzərdən keçirdik. Həsən bəyin kürəkəni Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əlimərdan bəy Topçubaşovun 2002-ci ildə ölkəyə gətirilmiş rus dilində olan əlyazma-xatirələri diqqətimizi çəkdi. Əlimərdan bəy bu xatirələri «Azərbaycanın mayakı» - yəni yolgöstərəni adlandırmışdı. Həsən bəyə çox böyük bir sevgiylə yazılmış bu xatirələr 2002-ci ildə «Literaturnıy Azerbaydjan» jurnalında çap olunmuşdu.

Nəhayət ki, jurnalist Ərşad Əzimzadənin vətəndaş fəallığı ilə bu xatirələr Azərbaycan dilinə çevrildi. Keçən il «Xalq qəzeti»ndə hissə-hissə oxuculara çatdırdıq. Bir də, Zərdabinin qızı Qərib Sultan xanımın xatirələri uzun illərdir ki, rus dilində çap olunmuşdu. Amma dilimizə çevirmək heç kəsin yadına düşməmişdi. Dövlət müstəqilliyindən, suverenlikdən danışırıqsa, ana dilinin dövlət statusundan bəhs ediriksə, ən gərəkli mənbələri ləngimədən dilimizə çevirməliyik. Bir az geciksək də, Qərib Sultan xanımın xatirələrinin də Ərşad müəllimin sayəsində tərcüməsini gördük. Zərdabilər ailəsinin bu üç xatirəsi və Həsən bəyin bioqrafik səciyyəli məktub və məqalələrini toplayıb kitab halına gətirdik.

- Daha nələr var kitabda?

Jurnalist Tahir Aydınoğlu (sag tərəfdə)
- Bir də, Həsən bəyin cəfakeş tədqiqatçılarından olan Abbas Zamanovun, Ziyəddin Göyüşovun, indi həyatda olan və təqdimat mərasimində iştirak edən Vəli Məmmədovun və İzzət Rüstəmovun Zərdabi barədə məqalələrini kitaba saldıq. Bir ciddi material da bu kitabda əksini tapıb. O da, Azərbaycan mətbuat tarixi ilə bağlı ilk ciddi tədqiqatlardan olan 1875-76-cı illərdə «Kafkaz» qəzetində çıxmış üç yazıdır. Maraqlıdır ki, özündən qabaq «Əkinçi» qəzeti barədə «Kafkaz» qəzetində yazı getmişdi. «Əkinçi»nin ilk nömrələrindən sonra ikinci yazı, bir neçə aydan sonra isə üçüncü yazı işıq üzü görmüşdü. İmzasız. Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Əziz Şərif bu məqalələrin yalnız Mirzə Fətəli Axundova aid olduğunu məzmunundan, toxunulan məsələlərdən sezmişdi və bunu rus dilində çıxan bircildliyinə salmışdı. Bu yazıları da tərcümə edib kitaba daxil etdik. Hesab edirəm ki, Azərbaycan mətbuatı barədə, «Əkinçi» ilə bağlı çox ciddi məqalələrdir və təəssüf ki, uzun illər diqqətdən kənar qalmışdı. Beləliklə, cəsarətlə demək olar ki, ««Həsən bəy Zərdabi və Əkinçi» toplusu bu görkəmli şəxsiyyət barədə tarixi, bioqrafik materialları özündə cəmləşdirir və mətbuatımızın 135 illiyində Zərdabisevərlərə qiymətli hədiyyədir.

- Daha kimlər əziyyət çəkdi bu kitabın ortaya çıxmasında?

- Söz Azadlığını Müdafiə Fondunun rəhbəri Musa Yaquba bu ilin fevralında bir tədbirdə müraciət etdim. Və belə bir kitabın 135 illik yubileyə gözəl hədiyyə olacağını bildirdim. Musa müəllim dərhal reaksiya verdi. Fondun icraçı direktorları da bu işi dəstəklədilər. Dəfələrlə görüşüb məsləhətləşdik. Musa Yaqub kitaba «Zərdabi irsinə ehtiramla» adlı önsöz də yazdı. «Günümüzün Zərdabi salnaməsi» adlı şərh yazmaq da mənim üzərimə düşdü. Fonda bir daha təşəkkürlərimizi bildiririk. Məncə, jurnalistika ilə bağlı hər bir qurum, tariximizi sevən hər iş adamı belə bir kitabın ərsəyə gəlməsinə kömək etsə, mətbuat tariximiz bizə daha da yaxınlaşar. Onun hücrələrinə nüfuz edə bilərik.
XS
SM
MD
LG