Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:51

Ermənilər xaricdə istirahət etməyə üstünlük verirlər


Gürcüstanla Ermənistanın qiymətləri arasında fərq çox böyükdür
Gürcüstanla Ermənistanın qiymətləri arasında fərq çox böyükdür
Bu yay Ermənistanda çox isti keçir. Hərarət normadan 3-5 dərəcə yüksəkdir - temperatur 40 dərəcəni keçir.

Ermənilər bir neçə günlüyə də olsa, şəhər kənarına çıxıb, istirahət etməyə çalışır, ancaq çoxları buna nail ola bilmirlər. Əməkhaqqı və pensiyalar azdır, nisbətən ucuz istirahət yerlərində qiymətlər əhalinin əksəriyyətinin cibinə uyğun deyil.

Yerevanda rəyini öyrəndiyimiz sakinlərin çoxu isti yay günlərini evlərində keçirməyə hazırlaşdıqlarını deyiblər:

- «İstirahət haqda ancaq arzu edə bilirəm. 10 min dram - 30 dollara yaxın təqaüd alıram, bununla nə etmək olar?»

- «50 min dramla kommunal xərcləri ödəyə, yaşaya bilərsiz?»

Növbəti həmsöhbətimiz gözəllik salonunda çalışır, artıq bir neçə ildir məzuniyyətsiz işlədiyini deyir. Çünki istirahət hüququnu əmək müqaviləsi deyil, sahibkar diktə edir:

«Artıq bir neçə ildir məzuniyyətə getməyi planlaşdırıram, ancaq iş imkan vermir. Bizim məzuniyyətimiz yoxdur: il ərzində fasiləsiz işləyirik, həftədə yalnız bir gün işləmirik».

YERLİ İSTİRAHƏT ÇOX BAHADIR

İmkanı və vaxtı olan ermənilər isə ölkə xaricində istirahət etməyə üstünlük verirlər, çünki yerli istirahət çox bahadır. Bu baxımdan ermənilər üçün ən ucuz yer Gürcüstan - Qara dəniz sahilləri – Kabuleti, Batumi, Ureki hesab olunur. Daha çox imkanlılar isə Türkiyə, Bolqarıstan, Misir və Yunanıstan çimərliklərinə üz tutur.

«Bizdə mehmanxana və istirahət evləri çox yaxşı tikilib. Ancaq adambaşına, ya da otağa 70 dollar çox baha qiymətdir»
- Məzuniyyətinizi harada keçirməyi planlaşdırırsınız?

- «Kabuletidə. Bu, həm yaxın, həm də Ermənistanla müqayisədə ucuzdur. Qohumlarım Sevan gölündə dincəliblər – çox bahadır, Ermənistanda istirahət çoxları üçün əlçatmazdır».

- «Mən Kabuletidə dincələcəm, dənizi var, həm də ucuzdur. Amma bundan ötrü bir neçə ildir pul yığırdım».

- «Mən Antalyaya hazırlaşıram, ora Ermənistana baxanda ucuzdur.

- İstirahət pulunu çoxdandır yığırsız?

- Yox, xaricdəki qohumlarım göndərib».

Turizm şirkətindən Ruben Qriqoryan deyir ki, Gürcüstanla Ermənistanın qiymətləri arasında fərq çox böyükdür:

«Gürcüstanda istirahət etmək çox sərfəlidir. Bir nümunə çəkim. Gürcüstanın istirahət evlərində qiymətlər 5 dollardan başlayır - hər şey təbii ki, sadədir. Ancaq 5 dollar da puldur, bizdə bu qiymətə yer tapmaq mümkün deyil. Bizdə mehmanxana və istirahət evləri çox yaxşı tikilib – mərmər, sauna, hovuz. Ancaq adambaşına, ya da otağa 70 dollar çox baha qiymətdir».

QİYMƏTLƏR ARTIR, HAMISI DA KOMMUNAL ÖDƏNİŞLƏRƏ GÖRƏ


Son bir neçə ildə Ermənistanın mehmanxana və istirahət evlərində qiymətlər artmaqda davam edir. Səbəb nədir? Bu sualı Ermənistan Mehmanxanalar Birliyinin rəhbəri Amaliya Stepanyana ünvanladıq:

«Qohumlarım Sevan gölündə dincəliblər – çox bahadır»
«Əlbəttə, qiymətlər artır, hamısı da kommunal ödənişlər ucbatından. Qazın qiyməti durmadan artır. Eyni hal qida məhsulları ilə baş verir. Mehmanxanalar öz ciblərindən ödəməyəcək ki? Qiymətlərin belə artması normal deyil».

Amaliya Stepanyan qiymətlərin artmaqda davam edəcəyini düşünür. Belə ki, fevral ayında mehmanxanalara yeni vergi qoyulub:

«Hələ ki, bu vergi tətbiq olunmur, faizlərin nə qədər olacağı aydın deyil».

Lakin Ruben Qriqoryan hesab edir ki, mehmanxana və istirahət evləri qiymətləri yüksəltməməli, əksinə, aşağı salmalıdırlar:

«Əslində onları başa düşmək olar – maya dəyəri, xərclər və s. 2 aya mehmanxananın illik saxlanma xərcini çıxarmaq istəyirlər. Bizdə turistlərin azlığından şikayətlənirlər, qiymətləri isə endirmək istəmirlər. Belə işləmək olmaz. Düstur sadədir – qiymətləri aşağı salmaq və istirahət edənlərin sayının artması hesabına gəlir əldə etmək».
XS
SM
MD
LG