Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

«Münaqişə tərəflərinin səyləri fikir ayrılıqlarını aradan qaldırmaq üçün yetərli olmayıb»


Almatı danışıqları, 17 iyul 2010
Almatı danışıqları, 17 iyul 2010
ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Fransanın Xarici İşlər naziri Bernar Kuşner və ABŞ Dövlət katibinin müavini Ceyms Steynberqin iyulun 17-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, onlar Almatıda keçirilən ATƏT ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər.

Həmsədr ölkələr bir daha tərəflərin yadına Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdükləri öhdəlikləri salıb.

Bəyanatda o da deyilir ki, nizamlanma prosesi Helsinki Yekun aktına, bir-birlərinə güc tətbiq etməmək, dövlətlərin ərazi bütövlüyünün qorunması, xalqların bərabər hüquq və öz müqəddəratını təyinetməsinə əsaslanmalıdır:

«Rusiya, Fransa və ABŞ prezidentlərinin 2010-cu il iyunun 26-da Maskokada ifadə etdikləri elementlər münaqişənin ədalətli həllində əsas olmalıdır. Təklif edilən elementlər bir bütöv kimi düşünülüb və onlardan bəzilərini kənara qoymaq cəhdləri balanslaşdırılmış həllin tapılmasını mümkünsüz edəcək».

Rusiya, Fransa və ABŞ rəsmiləri vurğulayıb ki, «münaqişə tərəflərinin indiyə qədər göstərdiyi səylər mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün yetərli olmayıb».

Onlar iyunun 18-19-u Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı insidentə də münasibət bildiriblər. Tərəflər xəbərdar edilib ki, «güc tətbiqi hazırkı vəziyyəti yaradıb və ondan yenidən istifadə iztiraba, dağıntılara və nəsillər boyu davam edəcək düşmənçiliyə gətirib çıxara bilər».

Bəyanatda XİN rəsmiləri danışıqlar prosesini davam etdirmək üçün tərəfləri kompromis ruhda köklənməyə çağırıblar.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfləri sülh prosesində dəstəkləyəcəklərini bildiriblər. Ancaq qeyd ediblər ki, «Dağlıq Qarabağ münaqişəsinin bitməsi üçün cavabdeh tərəf Azərbaycan və Ermənistan liderləri olaraq qalır».
XS
SM
MD
LG