Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

PƏRVİZ "Yaşamaq boynuma düşdü" (Şeirlər)















QUŞLAR DÖYMƏYİN AYNAMI


Qəlbimi az döyündürün,
Yalan yerə sevindirin,
Bircə gün dayanın-durun,
Quşlar, döyməyin aynamı...

Aynada nə görmüsüz, dən?
Özünü aldatmaq nədən...
Bəxtimi oyadarsız birdən,
Quşlar, döyməyin aynamı...

Aynam mənim eynimdi, eyy,
Cəftəsizdi, neynim, de, eyy?
Oturun lap çiynimdə, eyy,
Quşlar, döyməyin aynamı...

Saçımın dənin dənləyin,
Başımdan çəni dənləyin.
Nə olar, məni dinləyin,
Quşlar, döyməyin aynamı...

Gözlərimi oyun, durun,
Əynini lüt soyundurun.
Haçansa bir doyun, durun,
Quşlar, döyməyin aynamı...


YOLLARIMI GEYİB GETDİN

(II FK)

Getmişdin yaş gətirməyə?
Yenə hönkürməyə döndün?
Məni tabutda görməyə,
yerdən götürməyə döndün?

Yarı yerdim,
yarı göydüm,
yarı şəhər, yarı köydüm,
mən min ilin ölüsüydüm,
ölü öldürməyə döndün?

İçimi uralamışdın,
yandırıb yaralamışdın,
əkinə qaralamışdın;
ürək bitirməyə döndün?

Yollarımı geyib getdin,
sağa-sola əyib getdin.
Bunca yolsuz qoyub getdin;
evə ötürməyə döndün?


AĞACLAR VƏ QADINLAR

Qadınlar
küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.
Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.

Başının üstə
nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.

Ağacların dibində
tərini soyudan...
tökülmüş qadınların gözündən
bitmədən yaş axar.
Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.

Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...


APARIR


Ruhumu göylər tovlayıb,
cəsədimi yer aparır.
Alnımdakı yazıları
yuyub-yuyub
tər aparır.

Aydan arı, sudan duru,
Ay Günəş,
səni qız qarı.
Çırağım ol səni tarı,
getdim, məni gor aparır.

Bu mənin adı mənimdi,
taleyi-baxtı mənimdi.
Mən ölüm, bu Tanrı dəmdi-
Cənnətə də dərd aparır.

Say, göyün yox ulduzların,
saya alma sansızların.
Bax belə...
yüz yerə sarı
səni bir fikir aparır?..


GÜZGÜ

Yuxuma
bir skelet girmişdi bu gecə...
Göm-göy göyərmişdi sümükləri
döyülməkdən.
Baxıb mənə,
özünü saxlaya bilmirdi gülməkdən.

Uğundu,
uğundu,
sonra getdi yuxumdan,
çıxıb getdi.
Nəyisə canımdan çıxarıb
getdi.
Ha zənd elədim,
tanıya bilmədim, kimdi...
... Yuxum qaçdı.
Gəzdirdim əlimi bədənimdə;
Yuxuyacankı məndən
sümüksüz-zadsız
bir torba ət qalmışdı...


YAŞAMAQ BOYNUMA DÜŞDÜ

Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...

O,
göy kartof yeməkdən öldü,
mən -
yaşamaqdan...

Yaşamaq boynuma düşdü -
zalımların,
başkəsənlərin,

bircə sevgiyə görə
ömürlük işkəsənlərin
acığına.
Yaşamaq boynuma düşdü -
yaşamaqdan bıqdıran
acılara inad.
Cavanların
başını yeyə-yeyə
dünyanı tutub gedən
qocalara inad.

Sırf boynuma düşdü,
yoxsa,
nə vardı,
yaşanacaq?
sən də
yanımda yoxkən…


DƏLİ ADAM

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...


AĞACLARIN AYAQLARI

Sahil parklarında
ağacların üzü
dənizə baxar.

Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.

Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında

boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?

Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!

Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
XS
SM
MD
LG