Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Peşman deyil, azad edilməyəcək


Adnan Hacızadə
Adnan Hacızadə
«Hörmətli sədr, Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində saxlanmasını zəruri edən heç bir səbəb yoxdur. Nə Bakı İstintaq Təcridxanasında, nə də çox ağır şərtlər altında saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində bir dəfə də olsun intizam xarakterli tənbeh almayıb».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov iyulun 26-da Qaradağ rayon Məhkəməsində Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılarkən belə deyib. Vəkil məhkəmədən xahiş edib ki, müvəkkilinin ərizəsi təmin olunsun. O, müvəkkilinin ərizəsini onunla əsaslandırıb ki, müvəkkili təyin olunmuş cəzanın tən yarısını çəkib:

«Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təyin edilən cəzanın artıq bir ilini çəkib».

«ADNAN ABADLIQ İŞLƏRİNƏ QATILMIRDI, HÖKMLƏ RAZILAŞMIRDI»

Məhkəmədə Adnan Hacızadənin cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işlərinin təşkili üzrə şöbəsinin rəis müavini Natiq Hacıyev və həmin şöbənin baş inspektoru Əli Nəbiyev mülahizələrlə çıxış ediblər. Onlar bildiriblər ki, Adnan Hacızadə cəzaçəkmə müəssisəsinə gələn gündən barəsində çıxarılmış hökmlə razılaşmadığını bildirib və əməllərindən peşman olmadığını deyib. Bundan başqa Adnan Hacızadə müəssisə daxilindəki abadlıq işlərində iştirak etməyib. Ona görə də o, vaxtından əvvəl azad
Əli Nəbiyev və Natiq Hacıyev
edilə bilməz.

«TƏMİZLİK İŞLƏRİNDƏ DƏ İŞTİRAK ETMİŞƏM, SU DA DAŞIMIŞAM»

Lakin Adnan Hacızadə müəssisə əməkdaşlarının dedikləri ilə razılaşmadı. Məhkəmənin nəzərinə çatdırdı ki, müəssisədə keçirilən bütün abadlıq işlərində fəal iştirak edib:

«Müəssisədə keçirilən bütün təmizlik işlərində iştirak etmişəm. Dəstəmizin su ilə problemləri olanda mən də kənardan su daşımışam. O ki qaldı Natiq müəllimin dediyi kimi, müəssisədə əhənglənmə işlərində iştirak etməməyimə, o da bu gün başlayıb müəssisədə. Ancaq mən məhkəmə ilə əlaqədar etap olunduğumdan bu işdə iştirak edə bilmədim».

İsaxan Aşurovsa bildirib ki, Adnan Hacızadənin hökmlə razılaşmamasının onun həbsdə qalmasına səbəb olması absurddur:

«Mən qərarla tanış oldum. Mən burda yazılanları elə bu şəkildə götürüb Avropa Məhkəməsinə göndərsəm, kifayətdir».

Sonra vəkil müəssisə işçilərindən Adnan Hacızadənin müəssisədəki davranışı ilə bağlı maraqlanıb. Müəssisə işçiləri bildirdilər ki,
İsaxan Aşurov
nə istintaq təcridxanasında, nə də cəzaçəkmə müəssisəsində saxlanarkən Adnan Hacızadə barəsində hər hansı tənbeh xarakterli xəbərdarlıq olmayıb. O, müsbət xarakterizə olunur, cəzaçəkmə müəssisəsində günləri kitab oxumaqla keçir, müəssisədə keçirilən intellektual oyunlarda fəal iştirak edib və mükafatlandırılıb.

Vəkil İsaxan Aşurov bildirib ki, müəssisə işçiləri Adnan Hacızadənin yalnız hökmlə razılaşmamasını bəhanə gətirirlər, digər hallarda isə onun xarakterini müsbət səciyyələndirirlər. Belə olan halda nəyə görə Adnan Hacızadə vaxtından əvvəl azad olunmamalıdır?

«Yüksək mədəniyyətə, təhsilə malik olan bir şəxsdir. Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində saxlanmasını zəruri edən bircə hal da mövcud deyil».

PROKUROR MÜƏSSİSƏ İŞÇİLƏRİNİN DEDİKLƏRİNİ DƏSTƏKLƏDİ


Prokuror Elfaq Səfərov isə bildirdi ki, Adnan Hacızadənin müəssisədəki abadlıq işlərində yaxından iştirak etməməsi və hökmlə razılaşmaması ilə bağlı müəssisə işçilərinin dedikləri əsas götürülməlidir. Hakimdən xahiş etdi ki, Adnan Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi
Hakim Rufan Mürsəlov
təmin olunmasın.

«ADNAN HACIZADƏ AZAD EDİLMƏSİN»

Hakim qısa müşavirədən qayıdandan sonra qərarı elan etdi. Həmin qərarla Adnan Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin olunmadı.

Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Bakı Apelyasiya Məhkəməsi martın 10-da birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Müdafiə tərəfi Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu şikayət üzrə məhkəmə iclası avqustun 19-a təyin edilib.
XS
SM
MD
LG