Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:44

Mirmehdi Ağaoğlu "Baş tutmayan iş görüşməsi" (Hekayə)


Fərid maykanı əyninə keçirib, ətəklərini üzərinə “Calvin Klein” yazılmış, təbii ki, geydirmə olan, yanları qırmızı zolaqları tumanına saldı.

Ütünün hərarətini özündə saxlamış qara şalvarını geyinib nənəsinin cehizliyindən qalma dəmir çarpayının üzərindən nişastalanmış ağ köynəyi götürdü.

Şalvarın qabağını düymələyib kəməri bağlayandan sonra xeyli vaxt bədənnüma güzgünün qarşısında özünə məftunluqla tamaşa elədi.

Ona qara şalvar - bəyaz köynək necə də yaraşırdı. Yay fəsli olmasaydı pencəyini də geyinərdi.

Onun bu cür dəst geyinməkdən xoşu gəlirdi. Belədə o özünü film qəhrəmanlarına bənzədirdi.

Amma bu zəhmira qalmış qalstukdan heç xoşu gəlmirdi. Atası təkid eləməsəydi qalstuk taxmazdı. Nə yazıq ki, atasının sözündən çıxa bilmirdi.

Həyətdə, qaysı ağacının altındakı taxtın üzərində oturmuş atası çox qiymətli rəsm əsərinə baxırmış kimi qarşısında şux dayanmış oğluna xeyli tamaşa elədi.

Ayağa qalxıb taxtdan düşdü, çolaq ayağını çəkə-çəkə oğluna yaxınlaşıb məxsusi olaraq onun üçün aldığı qırmızı qalstukun düyününü düzəltdi, aralanıb kənardan yenə oğluna baxdı.

Taxta qalxıb yerində oturdu. Ətrafı dərin sükut bürümüşdü. Fəridin ətrafında dövrə vurub dayanmış anası, gəlinbacısı, bacıları, kiçik qardaşı sükutla atalarının nə deyəcəyini gözləyirdilər. Ata böyrünə qoyulmuş, anasının bayaqdan süzdüyü pürrəngi çaydan bir qurtum vurdu:

- Get çıxart köynəyi. Qardaşının qışda göndərdiyi futbolkadı, nə zibildi onu gey. Fərid sevincək evə qaçsa da anasının matı-mutu qurumuşdu.

O yaxınlaşıb taxtın kənarında əyləşdi. Kiçik oğlu da hopppana-hoppana onlara yaxınlaşıb taxta qalxdı, atasının dizinin üstündə əyləşdi. Kişi bir qurtum da çaydan aldı:

- Bu köpək uşaqları geyinmir belə şeylər. Neçə dəfə fikir vermişəm geyindiyi şortikdi, nə bilim üstü yazılı-yuzulu futbolkadı.

Biz hamımız işə qəşəng ütülənmiş köynəkdə, şalvarda gəlirik, o isə bu boyda mərkəzin müdiridi, geyindiyi əski-üsküdən başqa şey deyil.

Nəsə bu əcnəbi köpək uşaqlarının kostyumla, rəsmi geyimlə heç araları yoxdu. Geyimdən isə çox şey asılıdı. Atalar necə deyib “Adamı geyiminə görə qarşılayarlar”.

Kişi danışdıqca arvadı gah başı ilə təsdiq etməklə, gah da qısa kəlmələrlə söhbətə müdaxilə etməklə onun dediklərini təsdiq edirdi.

Fəridin böyük qardaşı Rusiyada yaşayırdı. Kənddə iş olmadığı üçün hələ on il əvvəl dayısı onu da özü ilə götürüb aparmışdı Rusiyaya, bazarda alverə. Bu on ildə o cəmi üç dəfə doğma kəndinə gəlmişdi.

Hər dəfə də çamadan dolusu pay- parça ilə. Sonuncu dəfə evlənmək üçün gələndə sovqatı həmişəkindən az olsa da bacılarını və qardaşlarını unutmamışdı; Fəridə bir ədəd mavi rəngli, üstü yazılı futbolka, kiçik qardaşına açıq yaşıl rəngli suatan tapança, bacılarının hər birinə isə bir ədəd kiçicik süfrə gətirmişdi.

Bacıları süfrələri işlətmədilər, onlar üçün ayrılmış cehiz sandığında saxlamağa verdilər analarına.

Fərid də futbolkasını işlətmədi, əlamətdar gün üçün saxladı. Təkcə Fəridin kiçik qardaşı o dəqiqəcə tapançaya su doldurub atmağa başladı.

Gələn gününün səhəri xalası qızı ilə adaxlanıb bir həftə içində evlənən qardaşının toyu günü ehtiyatsızlıqdan tapançasını xarab elədi, tezliklə Rusiyadan qayıdanda ona yenə tapança alıb gətirəcəyinə söz verən qardaşı artıq altı ay idi ki, getmişdi. Kiçik qardaş ilə gəlin intizarla onun yolunu gözləyirdilər.

Fərid futbolkanı selofandan çıxarıb tələsik sevimli gəlinbacısına ütülətdi, qaynar-qaynar əyninə keçirib istidən qovrula-qovrula həyətə atasının yanına qaçdı.
-Adam səni görən kimi bəyənəcək, baxarsan.

Onlar belə geyinməyi xoşlayır axı. Allah qoysa fermada heyvanların altını atmağa fəhlə işindən zaddan verər sənə. Yaxşı get allah amanında.

Artıq üç aydan çox idi ki, kənddə Avropa cinsli inəklərin yerli şəraitə uyğunlaşdırılması mərkəzi açılmışdı.

Direktor həmişə gülərüz olduğu üçün kənddə hamının “bambılı” adlandırdığı Adam adlı bir ingilis idi.

Azərbaycanca yaxşı anlamayan Adamla rastlaşan itoynadan cavanlar salam-kəlamdan sonra onun anlamayacağı bir tərzdə ingilisi şəbədəyə qoyurdular.

Onunla məzələndiklərini anlamayan ingilis də məsumcasına cavanların üzünə gülümsəyirdi. Elə bu yersiz gülümsəmələrinin nəticəsində kənddə hamı onu bambılı çağırırdı.

Fəridin atası mərkəz açılandan orada zootexnik vəzivəsində çalışırdı. O Sovet dövründə texnikum oxuyub yiyələndiyi, kolxoz ləğv olunduqdan sonra tərk etdiyi ixtisasına yenidən qayıtmışdı.

Adam özü kimi soyuq ölkədən gəlmiş bu cins inəklərin yerli şəraitə uyğunlaşdırılmasına, onları yerli inəklərlə cütləşdirməyə çalışsa da kəndisi nə bu isti iqlimə öyrəşə bilir, nə də cinsi ehtiyacını ödəyə bilirdi; asudə vaxtını ətrafı hündür şam ağacları ilə sarılı, qırmızı kərpicdən Sovet memarlıq üslubunda tikilmiş keçmiş kolxoz binası olan ofisində kondisionerin altında kənd dükançısının məxsusən onun üçün Bakıdan sifarişlə gətizdirdiyi “Heinkein” pivələrindən içərək keçirirdi.

Fərid qapını taqqıldadıb içəri girəndə Adam yumşaq kreslosunda əyləşib internetdən endirdiyi pornofilmə baxırdı. Stolun üzərindəki açıq yaşıl “Heinkein” butulkasının üzəri puçurlamışdı. Onu narahat edib işindən ayıranın kim olduğunu bilmək üçün başını qaldıran

Adam sifariş etdiyi qadının heç gözləmədiyi halda düşündüyündən də füsunkar olmasına sevinən adamlar kimi heyrətləndi.

Ciddi sifətinə yenidən gün doğdu. Çöhrəsi aydınlandı.

Fərid ona qarşı olan bu isti münasibəti atası ilə əcnəbinin aralarının yaxşı olması kimi yozdu.

Qara dəri divanda yanaşı əyləşmişdilər. Adam Fəridə də bumbuz bir “Heinken”pivəsi açmışdı. Onun butulkası da yavaş –yavaş puçurlanırdı.

Adam Fəridi işə götürəcəyinə və yüksək maaş verəcəyinə vəd verib butulkalarını bu tanışlığın şərəfinə qaldırmalarını təklif etdi. Butulkalarını toqquşdurdan sonra hərəsi bir qurtum alıb mizin üstünə qoydular.

Fərid belə asanlıqla işə düzəlməsinə sevinir, gülərüzlükdə Adamdan geri qalmaq istəmirdi. Adamın iri, sarımtıl əlləri buduna toxunanda sifəti bozarsa da, özünü ələ aldı.

Soyuqqanlılıqla Adamın əllərinin hərəkət trayekroriyasını izləməyə başladı. Lakin iri, sarımtıl əllər miyançasını qamarlayanda Fərid daha dözə bilmədi. Adamın əlini kənara itələyib ayağa qalxdı.

Nə yuvanın quşu olduğunu öyrəndiyi adamı söyüb qapıdan çıxmaq istəyəndə Adam onun qolundan yapışıb sakitləşdirməyə çalışdı.

Ofisdən çıxandan sonra Fərid başını qaldırıb ətrafına baxmadan tələsik özünü bənddən aşağı atdı. Arxın kənarında dayandı.

Qardaşının ona sovqat gətirdiyi, üstünə “Sorry girls? I’am gay” yazılı mavi futbolkanı çıxarıb cırıq-cırıq elədi, axar suya tulladı.

Əyilib arxın bulanıq, lilli suyunda əl üzünü yudu. Bəndi qalxıb utana-utana, tələsik evlərinə qaçdı.

Fərid bu vaxta qədər heç vaxt kənd içində maykada gəzməmişdi.
XS
SM
MD
LG