Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Müxalifətin aksiyası başa çatdı, saxlananlar var


31 iyul aksiyası
31 iyul aksiyası
10 NƏFƏR HƏBS CƏZASI ALDI

İşi məhkəməyə göndərilən 18 nəfərin 7-si 10 sutka, 2-si 7 sutka, biri 8 sutka həbs cəzası alıb. 5-i 25 manat, 2-si 20 manat cərimələnib. Bir nəfərə də xəbərdarlıq olunaraq sərbəst buraxılıb.

18 nəfərin 14-ü AXCP, 3-ü Müsavat, 1-i KXCP-dəndir.

Rüfət Hacıbəyli - 10 sutka
Bayram Bayramov - 10 sutka
Məcid Mərcanlı – 10 sutka
İnqilab Kərimov - 10 sutka
Ağaşirin Tanrıverdioğlu - 10 sutka
Vasif Alışov - 10 sutka
Fikrət Cəfərov - 10 sutka
Əflatun Əhmədzadə - 8 sutka
Vüqar Qədirov – 7 sutka
Məhəmməd Məcidli – 7 sutka

Elməddin Şükürov - 25 manat
Əbülfəz Qurbanlı – 25 manat
Dəyanət Babayev – 25 manat
Səfər Cavadov - 25 manat
Zaur Ağayev - 25 manat
Elmar Mürsəlli – 20 manat
Xalid Qarayev - 20 manat

«Demokrat» qəzetinin əməkdaşı Nurməmməd Xanlarov xəbərdarlıq edilərək buraxılıb.

25 MÜXALİFƏTÇİ QOBUSTAN MUZEYİNİN QARŞISINDADIR


«Faktiki olaraq bizi girov götürüblər».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin aksiyasından sonra 25 müxalifətçinin Qobustan muzeyinə gətirilməsinə münasibəti belə olub:

«Bu, tamamilə qanunsuz hərəkətdir, faktiki olaraq bizi girov götürüblər. Nə polisin əsasnaməsində, nə Azərbaycan qanunvericiliyində belə cəza növü mövcud deyil. Bu, konstitusiya və qanunlara ziddir».

Qobustan muzeyinə gətirilən 25 nəfər Müsavat, AXCP və Klassik Xalq Cəbhəsi Partiyasının üzvləridir.

15-18 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB


Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev:

«Dünəndən xəbərdarlıq etmişdik ki, razılaşdırılmamış yerdə aksiyaya imkan verilməyəcək. Onlar da təxminən 17 radələrində gəlib cəhd etdilər, bunun da qarşısı alındı. Qaydanı pozdular, polis əməkdaşları bir neçə nəfəri saxlayıb. Hal-hazırda 15-18 nəfərin işi məhkəməyə göndərilib. Saxlananlar elə bu qədər olub».



MÜXALİFƏTÇİLƏRİ YENƏ QOBUSTANA APARIRLAR


Müxalifət partiyaları aksiya zamanı 100-dən çox adamın saxlandığını iddia edir.

AXCP sədrinin köməkçisi Faiq Əmirov 45, Müsavat başqanının müavini Mehman Cavadoğlu isə 70-ə yaxın adamın saxlandığını bildirir.

Saxlanılan müxalifət fəalları Səbail rayonunun 8, 9 və 39-cu bölmələrinə aparılıb.

Müsavat Partiyası daha 20-yə yaxın adamın avtobusda Qobustan istiqamətində aparıldığını deyir. Avtobusda olanlar arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Hüseyn Məlik də var.

ƏLİ KƏRİMLİ: «AKSİYA UĞURLU OLDU»


AXCP sədri Əli Kərimli müxalifətin Fəvvarələr
bağında keçirdiyi aksiyanın uğurlu olduğunu deyib:

«İyulun 31-də keçirilən aksiya aprel ayından bəri müxalifətin 9-cu, AXCP və Müsavatın birgə təşkil etdiyi ilk aksiya idi. Fikrimcə, aksiya uğurlu oldu - yüzlərlə müxalifətçi «Azad seçki!», «Azadlıq!», «Qarabağ!»» şüarları ilə şəhərin mərkəzində etirazlarını ifadə etdilər. Hökumət çoxlu sayda polis çıxarmalı oldu şəhərin mərkəzinə. Polis aksiyaçılara qarşı zor tətbiq edib, xeyli sayda müxalifətçi tutulub. Hələ ki, məlumatlar dəqiqləşdirilir. 45 cəbhəçinin (AXCP üzvü) saxlandığı barədə dəqiq məlumatımız var».

AXCP sədri Əli Kərimli deyir ki, aksiya əsas məqsədinə nail olub:

«Biz Azərbaycana və dünya ictimaiyyətinə bir daha göstərdik ki, azərbaycanlıların ən azı bir hissəsi mövcud siyasi rejimlə razılaşmır, sərbəst toplaşma hüququnun pozulmasına etiraz, azad seçki tələb edir».

İSA QƏMBƏR: «AKSİYA HƏLƏ DAVAM EDİR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər iyulun 31-də müxalifətin birgə aksiyasını belə qiymətləndirib:

«Azərbaycanın demokratik qüvvələri bir daha iradələrini ortaya qoydular, azadlıqların genişlənməsi, sərbəst toplaşma hüququnun bərpası istiqamətində daha bir mühüm addım atıldı. Müsavat Partiyasının, DUİ-nin, AXCP-nin, eləcə də adı çəkilməyən digər partiyalar və müstəqil gənclərin iştirakı ilə müxalifət birlik nümayiş etdirdi, sərbəst toplaşma azadlığının pozulmasına etirazını bildirdi».

İsa Qəmbər deyib ki, aksiya hələ başa çatmayıb:

«Təcrübə göstərir ki, aksiyalar təkcə müxalif partiyaların üzvlərinin həbsi ilə yekunlaşmır. Bundan sonra da məhkəmə prosesləri, təzyiqlər, mənasız Qobustan gəzintiləri olur və orada da üzvlərimiz hüquqlarını tələb etməkdə davam edirlər. Bu baxımdan, hələ də izləyirik, aksiya davam edir».

ARİF HACILI: «50-YƏ YAXIN AKSİYAÇI 8-Cİ POLİS BÖLMƏSİ QARŞISINDADIR»

Müsavat Partiyasından Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, o, da daxil olmaqla müxalifətin Fəvvarələr bağında keçirdiyi aksiyasında tutulanları Səbail rayon 8 saylı polis bölməsinin qarşısında avtobuslarda gözlədirlər.

A.Hacılının dediyinə görə, onun olduğu avtobusda 30-a, başqa bir avtobusda isə 20-yə yaxın aksiyaçı var.

POLİS «MAKDONALDS» KAFESİNİN QARŞISINDA TOPLAŞIB

Müxalifətin «Nərgiz» Ticarət Mərkəzinin qarşısında dağıdılan aksiyasından sonra «Makdonalds» kafesinin qarşısında çoxlu sayda polis toplaşıb, yenidən başlaya biləcək aksiyaların qarşısını almaq üçün hazır vəziyyətdədirlər.

POLİS PARKDA DİNCƏLMƏYƏ GƏLƏNLƏRİ DƏ BAĞDAN SIXIŞDIRIB ÇIXARIR


Polis kordon şəklində nəinki aksiyaçıları və jurnalistləri, hətta parkda dincəlməyə gələnləri də bağdan sıxışdırıb çıxarır, hadisə yerini boşaldır. Sıra ilə düzülmüş polislər fiziki zor işlətmədən adamlara «Çıxın gedin!» əmri verir, bağa gələn insan axınını Nizami küçəsinə doğru sıxışdırırlar.

«HAZIRDA AVTOBUSUN İÇİNDƏ GÖZLƏYİRİK»

Aksiyada saxlanılanlardan biri - AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, onu və 30-dan çox başqa aksiyaçını avtobusla Səbail rayon Polis İdarəsinin qarşısına gətiriblər:

«Hazırda avtobusun içində gözləyirik. Nəyi gözlədiyimizi bilmirik».

Əbülfəz Qurbanlı deyib ki, onunla bir avtobusda ancaq ilk aksiya cəhdində saxlananlardır, sonra saxlanan aksiyaçıların taleyindən bixəbərdir.

ONLARLA SAXLANILAN VAR

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, aksiyada artıq onlarla saxlanılan var. Fəvvarələr bağının ətrafında dayanan avtobuslara doldurulan müxalifətçiləri naməlum istiqamətdə aparırlar.

AKSİYAÇILAR FƏVVARƏLƏR BAĞINDA PEYDA OLUBLAR

Saat 16:45-də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının birgə etiraz aksiyası başlayıb. Aksiyaçılar əvvəlcədən şəhərin müxtəlif məkanlarını mitinq yeri kimi elan etsələr də, yenicə istifadəyə verilmiş Fəvvarələr bağında peyda olublar. İlk olaraq «Nərgiz» Ticarət Mərkəzinin qarşısında Xalq Cəbhəsi Partiyasının onlarla fəalı bir yerə toplaşıb şüarlar səsləndiriblər.

«Azad seçki!», «Qarabağ!» və «İlham, get!» şüarları qışqıran aksiyaçıları polis dağıdıb. Əbülfəz Qurbanlı, Məcid Mərcanlı, Asif Yusifli, Ramiz Kamal və başqaları saxlananlar arasındadır.

Bundan sonra Arif Hacılının rəhbərliyi ilə bir qrup müsavatçı parkın o biri başından etiraz məkanına daxil olub. Polis onları saxlamaq üçün hərəkətə keçib. Meydanın yaxınlığına iki avtobus gətirilib və polis saxlanan aksiyaçıları o avtobuslara doğru aparır. Aksiyanın ikinci qismi də dağıdılıb. Saxlananlar arasında Arif Hacılı, Şakir Abdulla və Tural Abbaslı da var.

2 ADP-Çİ GƏNC SAXLANILIB

Səhər saatlarında Demokrat Partiyasının 2 üzvü evindən çıxarkən polis tərəfindən saxlanılıb. Bunlar Kamal və Orxan Hüseynov qardaşlarıdır.

Bu barədə partiya sədrinin müavini Taliyət Əliyev məlumat verib.

Onun bildirdiyinə görə, hər iki gənc müxalifətin aksiyalarında fəal iştirak ediblər.

POLİS FUAD QƏHRƏMANLINI SAXLAYIB


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu səhər polis tərəfindən saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna partiya sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

F.Qəhrəmanlı avtobusa minərkən saxlanılıb, lakin hansı polis bölməsinə aparıldığı məlum deyil:

«Bizimlə əlaqə saxladı, bir kəlmə dedi ki, polis tutub. İndi telefonuna zəng çatmadığından harada olduğunu bilmirik».
XS
SM
MD
LG