Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:52

Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı?


"İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, çünki ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda tənqiddən söhbət gedir.

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək niyyətlərinin həyata keçməsini çətinləşdirir.

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin məqsədidir".


Məşhur Peru yazıçısı Mario Varqas Liosanın Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi.


- 1960-cı illərdə burda - bizdə belə bir ifadə yarandı: “Poet v Rossii bolşe çem poet”.

Bəziləri bu sözlərə indi də inanırlar. Siz də həmişə bu qənaətdə olmusuz ki, yazıçı ictimai həyatla sıx bağlı olmalıdır.

Hətta 1990-cı ildə prezident seçkilərində namizəd də olmusunuz. Hələ də o fikirdə qalırsınızmı ki, yazıçı siyasi debatlarda iştirak etməlidir?


İyulun əvvəlində məşhur Peru yazıçısı, “Şəhər və itlər”, “Kilsədə söhbət”, “Pis qız” kimi romanların müəllifi Mario Varqas Liosa Moskvada olub.

Liosa həm də vaxtilə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin dostu olmağıyla tanınır.

Amma sonradan araları siyasətə görə dəyib və 30 il küsülü qalıblar.

74 yaşlı yazıçı Rusiyada mətbuatla ünsiyyətdən qaçsa da, “İzvestiya” qəzeti onu müsahibəyə razı sala bilib.
- (gülür - İzv.) Əlbəttə ki mən ilk növbədə yazıçıyam, peşəkar siyasətçi deyiləm. Amma hesab edirəm ki, yazıçıların ictimai diskussiyalarda iştirakla bağlı mənəvi öhdəliyi var.

Xüsusən də o ölkələrdə ki, orda işlər qaydasında deyil, (gülümsünür- İzv.) dünya ölkələrinin çoxunda vəziyyət bu cürdür.

Məncə, yazıçılar cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməklə, öz şəxsi fikrini söyləməklə, tənqid olunası məsələləri tənqid etməklə bir növ özlərinə haqq qazandırır.

Üstəlik də əgər siyasətin leksikonuna baxsanız, görərsiz ki, başdan-ayağa şablonlardan ibarətdir. Siyasətin dilinin orijinallığını və təzə-tərliyini qorumaq vacibdir.

Yazıçıların bu işə köməyi dəyə bilər. Amma təkrar edirəm ki, mən siyasətçi deyiləm. Mənim Perunun siyasi həyatında iştirakım istisna hal idi. Bu o vaxt idi ki, demokratiya axsayırdı, mən də siyasətə buna görə qoşuldum.

Demokratiyanı müdafiə etmək üçün. Amma bununla yanaşı mən özümü yazıçı sayıram.

- Yaxşı, onda sualı belə qoyaq: siyasətə qoşulan yazıçının həyat tərzi necə olur?

- Bu, yazıçının özündən asılıdır. Bəziləri bədii yaradıcılığı siyasi həyatda fəal iştirakla uzlaşdırmağı bacarır. Bəziləri isə cəmiyyət arasında az-az görünməyə çalışır.

Amma onlara da hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, sən hətta siyasətə nifrət etsən də, gərək özünü hansısa formada siyasətdə sınayasan: ideya verəsən, sülh, müharibə, insan haqları, korrupsiya, mədəni həyat barədə ictimai debatlarda iştirak edəsən”.

Yazıçıların öz sözünü deyə biləcəyi çox mövzular var.

Mən düşünürəm ki, yazıçı kitabxanaya çəkilməməlidir, əksinə o, tarixi özü yaratmalıdır.

Düzdür, ictimai-siyasi həyatla daimi əlaqədə ədəbiyyat və incəsənət üçün bir risq gizlənir.

Ədəbiyyatı bir təbliğat vasitəsi kimi istifadə edə bilərlər. Bu isə pis şeydir. Amma digər tərəfdən, mənə elə gəlir ki, reallıqda baş verənlərlə əlaqədən məhrum olmuş ədəbiyyat şitləşir, səthiləşir.

Ən yaxşı bədii əsərlər həmişə cəmiyyətdə baş verənlərə, cəmiyyətin əsas problemlərinə, insanların gözləntilərinə şahidlik edib.

Ona görə də hesab edirəm ki, ədəbiyyat, sənət yalnız yazıçının təxəyyülü ilə deyil, ətraf aləmlə də sıx əlaqədə olmalıdır.

- Başqa sözlə siz hesab edirsiniz ki, bədii əsər ətraf aləmdə nəyisə dəyişə bilər...

- Hesab edirəm ki, sənətin real həyata böyük təsiri var. Sadəcə, problem ondadır ki, biz heç cür həmin təsiri ölçə bilmirik. Biz deyə bilmərik ki, “Hərb və sülh” romanı cəmiyyətə filan qədər təsir edib”.

Bunu görmək, yaxud hiss etmək mümkün deyil. Amma mən tam əminəm ki, həmin dahiyanə əsəri oxumaqla özümün insanlar və dünya haqda təsəvvürlərimi təkmilləşdirmişəm.

Ədəbiyyat insanı daha həssas edir – iztirablardan xoşbəxtliyə qədər. Bu səbəbdən mən doğrudan da inanıram ki, ədəbiyyatın, sənətin həyata çox böyük təsiri var.

Mario Varqas Liosa 1985
İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, çünki ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda tənqiddən söhbət gedir.

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək niyyətlərinin həyata keçməsini çətinləşdirir.

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin məqsədidir.

Onun haqda ilk növbədə əyləncə növü kimi danışırlar, amma onun mənası daha genişdir.

- Sizin ilk romanınız – “Şəhər və itlər” hərbi məktəbin həyatı haqdadır. İnsanlar öz övladlarını hərbi məktəbə qoyurlar ki, onlar kişilik məktəbi keşsinlər.

Həmin romanınızı tonqal qalayıb yandırmışdılar.

Deyə bilərsinizmi, kitabınız Perudakı o vaxtkı vəziyyətə necə təsir etmişdi?


- Həmin təsirin nədən ibarət olduğunu deyə bilmərəm, amma kitabın yandırıldığı dəqiq məlumatdır (gülür – İzv.)

Mənə elə gəlir ki, nəhayətdə kitab əlbəttə ki öz məqsədinə çatdı – insanlar demokratik cəmiyyətin quruluşu haqda düşünməli oldular Mən o kitabı çoxdan yazmışam.

O vaxt cavan idim. (gülür – İzv.) Kitab 1960-cı illərin əvvəlində çap olunmuşdu.

- Siz özünüz də hərbi məktəbdə oxumusunuz deyəsən. Kitabda öz şəxsi təcrübələrinizi qələmə almısınız?

- Mən doğrudan da orada 1-2 il təhsil almışam. Həqiqətən də kitabın materialı ordan gəlir. Amma bu, avtobioqrafik əsər deyil.

- Bir neçə ildir ki, Rusiyada peşəkar ordunun yaradılması, müqavilə əsasında hərbi xidmət ideyası müzakirə edilir. Bu ideya haqda nə düşünürsüz?

- Əlbəttə, bu daha yaxşıdır. İndi bir çox ölkələr tədricən buna keçir. İdeya ondan ibarətdir ki, ümumiyyətlə orduda ixtisarlar getsin.

Dünya, beynəlxalq müqavilələr – bunlar hamısı ordudakı əsgərlərin sayının azaldılmasına, qənaət olunan pulların təhsilə, səhiyyəyə, mədəniyyətə ayrılmasına yönəlib.

Bu, bəşəriyyətə daha faydalı olardı.

- Elə bir nümunə gətirə bilərsinizmi ki, həyatınızda baş verən hansısa hadisə əsərinizdə yer alıb?

- Məsələn, bu yaxınlarda Rusiyada çap olunan “Dünyanın axırınının savaşı” kitabım. Vaxtilə oxuduğum braziliyalı yazar Euklides da Kunyanın “Sertan” kitabı məni çox mütəəssir etmişdi.

Bu, roman deyil, 19-cu əsrin sonlarındakı Braziliyanın tarixi, sosiloji tədqiqidir. Kitab Braziliyanın şimal-şərqində baş vermiş məşhur üsyan haqdadır. Bu çox sirli bir üsyan idi, çünki onu Messiya hərəkatı təşkil etmişdi.

O zaman Braziliyada monarxiya ağrısız taxtdan düşdü və yerində respublika quruldu. Amma respublikaçılar öz hakimiyyətlərini həmin bölgədə yalnız bir il sonra bərqərar edə bildilər.

Məşhur ruhani, moizəçi Konseleyro kəndliləri respublika əleyhinə üsyana qaldırdı. O, kəndlilərə deyirdi ki, respublika İblis əməlidir, ilahi qanunlara, dinə-imana ziddir.

Kəndlilər və kasıblar buna inanıb respublikaya qarşı qiyam qaldırdılar. Halbuki respublikanı quranlar çox maarifpərvər və zəkalı şəxslər idilər.

Onlar Braziliyanın ən kasıb insanlarının onlara qarşı niyə üsyan etdiyini anlaya bilmirdilər.

Onlar bunun mənasını anlamayanda yeni bir nəzəriyyə yaratdılar ki – bütün dünyada belədir, intellektuallar həmişə nəyisə anlamayanda yeni nəzəriyyə yaradırlar (gülür – İzv.) – qiyamçılar kasıblar deyillər.

Buna görə də üsyanı yatırtmaq üçün bölgəyə ordu göndərdillər.

Kəndlilərin üzərində dörd dəfə qoşun göndərildi. Respublikaçılar başa düşə bilmirdilər ki, silahsız kəndlilər peşəkar ordunu necə məğlub edirlər.

Dördüncü yürüşdə həmin kitabın müəllifi da Kunya da iştirak edib. Ö özünə sual edib:

Biz nə edirik? Bunlar ki kasıblardır. Və beləliklə o hadisələri təhlil etməyə başlayır və haqqında danışdığım kitabı yazır.

Mən kitaba elə heyran olmuşdum ki, o hadisələr haqqında özüm də kitab yazmaq qərarına gəldim. Mənim kitabım təkcə üsyan haqda yox, həm də braziliyalı intellektuallar barədədir.

O intellektuallar haqqında ki, nəzəriyyələr onların gözünü tutmuşdu və öz ölkələrində nə baş verdiyini anlaya bilmirdilər. “Dünyanın axırının savaşı”nı 3 ilə yazdım.

- Sizin yaradıcılığınızda insest motivi Markesin “Yüz il tənhalıqda”sını xatırladır...

Qabriel Qarsia Markes
- Bu, Markesdəki kimi magik realizm deyil. Latın Amerikası ədəbiyyatında fantaziya çox mühümdür. Bu düzdür. Markes, Borxes, Kortasar.

Mənim kitablarım isə fantaziya aləmindən daha çox real həyata yaxındır. Amma bəlkə də mənim öz yazılarım haqda təsəvvürüm yanlışdır.

- Markesdən söz düşmüşkən... Deyirlər ki, siz 30 il Markeslə küsülü qalmısız. Buna Kuba inqilabına münasibətinizdəki fərqlilik səbəb olub.

Deyilənə görə, siz hətta Meksikada film premyerasında dalaşmısınız da. Amma sonra barışmısınız. Bu doğrudurmu?


- Bu barədə sizə heç nə deməyəcəyəm. Əgər gələcəkdə mənim və Markesin bioqrafları olacaqsa, bu, onlar üçün – üzərində baş sındırmalı materialı olacaq.

Nə mən, nə də o, bu situasiyanı şərh etmirik. (gülür – İzv.)

- Siyasi həyatda fəal olan bir yazıçı kimi dünyanın hazırkı iqtisadi böhrandan çıxmaq planları haqda nə düşünürsünüz?

- İndi biz artıq ayrı bir dünyada yaşayırıq – qloballaşmış, sərhədlərdən məhrum dünyada. Bu, yeni situasiya yaradır. Mənim qənaətim budur ki, biz gələcəkdə əvvəlki ilə müqayisədə daha yaxşı dünyada yaşayacağıq.

Hətta 60-70-ci illərlə müqayisə edəndə də. O zaman nüvə müharibəsi baş verə bilərdi.

Qloballaşmaya görə indi kasıb ölkələr daha sürətlə inkişaf edə bilirlər. Buna görə də mən vəziyyətə daha çox nikbin baxıram, pessimist kimi yox.

- Amma bu böhranı kapitalizmin böhranı da adlandırırlar.

- Kapitalizm meydana gələndən böhranlarla üzləşib.

Gəlin inanaq ki bu böhran bizə sistemin qüsurlarını aradan qaldırmağa imkan verəcək. Məsələn, kapitalizmin əsas problemini – korrupsiyanı, maliyyə sistemi üzərində nəzarətin çatışmamasını.

Ümumilikdə, kapitalizm heç də pis işləməyən sistemdir. Alternativ utopik sistemləri yada salın, sosializm, kommunizm bunlar 19-cu əsrdə nə qədər bəlalara yol açıb.

Onlar həyata keçmir, işləmir və fəlakətlərə, totalitar rejimlərin yaranmasına gətirib çıxarır.

Əgər biz indiki sistemi daha açıq etsək, mətbuat azadlığı, hakimiyyətin tənqidi, siyasi partiyaların azadlığı, insan haqlarının reallaşmasını təmin etsək, bu, kapitalizmi müəyyən mənada təkmilləşdirər.

Məncə alternativ sistem işləri yalnız korlaya bilər.

(Müsahibə ixtisarla verilir)
XS
SM
MD
LG