Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:32

Əkrəm Əylisli “Tarçı” (Hekayə)


Cavan qələm yoldaşlarıma

Əgər Rüstəm kişi sözünün üstündə möhkəm durmasaydı, yəqin qız toyuna da zurnaçı çağıracaqdılar.

Amma Rüstəm kişi sözündə möhkəm dayandı.

Dedi:

- Ayıbdır, günahdır, yaxşı deyil. Yüz ilin qonşusuyuq. Hər gün üz-üzə gəlirik. Mən onu burada qoyub toya ayrı sazanda çağıra bilmərəm.

Və toy gününün axşamı o elə öz hasarındanca boylanıb tarçı Vəlini səslədi:

- Usta, axşamın xeyir, - dedi. – Tarı sazla. Bilirsən də, sabah bizdəsən.

Sabah kənddə toy olacağını tarçı Vəli əlbəttə bilirdi.

Üstəlik, Rüstəm kişinin evindəki söhbətdən də tarçı Vəlinin xəbəri vardı. Bilirdi ki, onu sabahkı toyda çalmağa məhz qonşuluq xatirinə çağırırdılar. Qız toyuna, o da qonşuluğa görə...

Buna baxmayaraq tarçı Vəli Rüstəm kişiyə ayrı bir söz deyə bilmədi.

- Tar sazdır, - dedi və bu vaxt beynindəmi, başındamı, haradasa tar siminin cingiltisinə oxşayan sızıltılı bir səs eşitdi.

Sonra tarçı istədi ki, bir uşaq yollayıb qavalçalan Qazlı Məhəmmədi çağırtdırsın, təzə çıxan havalardan bir-iksini çalıb məşq eləsinlər, ancaq tez də fikrindən döndü, çünki əsas toy oğlan evində olacaqdı və tarçı Vəlini o toya çağırmamışdılar.

Bir də axşam buralarda tar səsi eşidilsəydi, Rüstəm kişinin evindəki sazanda söhbəti təzədən başlana bilərdi və orada belə bir söhbətin bir də başlanacağını fikirləşməkdənsə, tarçı Vəli üçün ölüm yaxşı idi.

Qaş qaralanda oğlan evinin rayondan çağırdığı zurnaçılar dəstəsi gəlib çıxdı.

Bir az keçdi – orada, kəndin o başında sabahkı toyun xudmani şənliyi başlandı və tarçı Vəli o zurnanın cır səsini eşidib yenə dəhşət içində fikirləşdi ki, ya bu kəndin camaatının ağlı çaşıb, ya da onun, tarçı Vəlinin bu dünyada musiqi deyilən şeydən daha heç bir xəbəri yoxdur.

Zurna səsi tez kəsildi, çünki bu hələ toy deyildi, sabahkı toyun müxtəsər xəbərdarlığı idi və çalğı bir az da uzansaydı, sonra kənd uşağının əl-ayağını toy evinin həndəvərindən səhərəcən yığışdırmaq olmazdı.

Tarçı Vəli hasardan boylanıb xəlvətcə o səmtdəki evə baxdı, orda çilçıraq içində alışıb-yanan həyəti gördü.

Həyətdəki ağacların budaqlarına saysız-hesabsız elektrik lampaları bərkidilmişdi və tarçı xeyli vaxt ürək ağrısı ilə fikirləşdi ki, o lampalar o həyətdə səhərəcən yanacaqdır.

Sonra tarçı Vəli fikirləşdi ki, əgər uşaq olsaydı, bu saat düz o həyətə cumardı, divara dırmaşıb o evdəki toy dəstgahına tamaşa eləyərdi, ağaca çıxıb oradakı sazandaların söhbətinə qulaq asardı.

Amma neyləyəsən ki, tarçı Vəli uşaq deyildi. O öz həyətinin qapısını ehmalca açıb küçəyə çıxdı və gedib çayın dikində həmişə oturduğu xəlvət yerdə oturdu...

Çay axırdı, suyun şırıltısı eşidilirdi. Bir də haradansa İsa-Musa quşunun səsi gəlirdi. Bir də arabir meh əsirdi, ağacların yarpağı xışıldayırdı.

Bu xəlvət çay dikini tarçı Vəli Buzbulaqda zurna toyu dəb düşəndən sonra özünə məskən eləmişdi.

Qanı qaralanda, ovqatı təlx olanda həmişə bura gəlirdi.

Oturub suyun şırıltısına qulaq asırdı, yarpaqların xışıltısına qulaq asırdı və bu səslərə qulaq asıb, başını-bədənini yırğalaya-yırğalaya qoca tarçının yavaş-yavaş gözləri yumulurdu; tarçı mürgüləməyə başlayırdı və mürgüləyə-mürgüləyə tarın tanış səsini eşidirdi.

O səs lap zəif bir səs idi, özü də lap uzaqdan gəlirdi – suyun şırıltısındanmı gəlirdi, yarpaqların xışıltısındanmı gəlirdi – hər halda gəlirdi. Hər halda “Buzbulaq” deyilən yerdə bu səs vardı.

Çay dikində mürgüləyib ayılandan sonra tarçı Vəli hər dəfə bu barədə fikirləşirdi və bu fikirdən özü üçün hər dəfə eyni bir bir nəticə hasil eləyirdi.

Tarçı Vəli bu fikirdəydi ki, Buzbulaqda tar səsi həmişə olub.

Necə ki quş səsi olub, adam səsi olub, su şırıltısı, yarpaq xışıltısı olub...

Və hətta tarçı Vəliyə hərdən elə gəlirdi ki, əgər o tarın səsi olmasaydı, Buzbulağın arxlarının qırağında bu qədər yarpız, bənövşə bitməzdi, ot bu qədər yaşıl olmazdı, su bu qədər duru axmazdı... çünki tarçı Vəlinin yaddaşında da tar səsi vardı.

Tar səsi tarçı Vəlinin xatirində bir dumduru işıq idi ki, bir vaxt onların həyətindən bax bu çayınca yamacına düşmüşdü və Vəli adlı bir uşaq o işıqda quzu otarmışdı...

Həmin o Vəli adlı uşaq bu dünyanın ən qırmızı buludlarını bu kəndin göylərinin ətəyində o tar çalınanda görmüşdü, onun çubuq atını da o göylərin ətəyinə bəlkə tarın səsi qaldırmışdı və o qırmızı buludların üstündə at çapdığı zamanlar da tarçı Vəlinin xatirində tarın səsi ilə bağlı idi.

O hələ bu kəndin küçələrində öz çubuq atını sürəndə atası Qəmxar kişi toylarda, şənliklərdə tar çalmışdı, toylardan-şənliklərdən noğul gətirmişdi, şirni gətirmişdi.

Və deməli tar səsi tarçı Vəlinin xatirində hər şey idi və hər dəfə bu çayın dikindən axar suya baxa-baxa o bu şeylərin hamısını birbəbir görürdü.

Və bunları görə-görə bu axşam tarçı Vəli fikirləşirdi ki, sabahkı toy onun ömrünün bəlkə də axırıncı toyu olacaq. Fikirləşirdi ki, bəlkə o toya da heç getməsin, bununla da hər şey bitib qurtarsın.

Nə olar, qoy Rüstəm kişi də lap incisin, qoy onu heç danışdırmasın, amma bu kəndin camaatı qoy bilsin ki, tarçı Vəli heç kəsin minnətinə qalmayıb, o heç vaxt öz sənətini ucuz tutmayıb və bundan sonra da ucuz tutmayacaq...

“Bundan sonra... Bundan sonra...” Tarçı Vəli bu sözləri çox təkrar elədi, hətta bu sözlərin ahənginə uyğun şəkildə, adəti üzrə xeyli vaxt başını tərpədib bədənini də yırğaladı, amma nə qədər könlündən keçsə də, irəlidə “bundan sonra” adında heç bir şey görə bilmədi və onda usta Vəli yazıq-yazıq fikirləşdi ki, bundan sonranın yeganə sevinci elə sabahkı toydur və bu toydan, bu sevincdən imtina eləmək onun qüvvəsindən çox-çox xaricdədir.

...Çay axırdı, suyun şırıltısı eşidilirdi; yarpaqların xışıltısı eşidilirdi.

Amma nədənsə bu axşam tarçı Vəli mürgüləmirdi və tarçı Vəlinin qulağına hələ ki tar səsi gəlmirdi.

Bu axşam tarçı Vəli sabah toyda, stolların üstünə düzüləcək boşqabların cingiltisini eşidirdi, sabah toyda dama-divara dırmaşacaq uşaqların sevinc dolu qışqırtısını eşidirdi... Sonra başqa səslər: “Ustaya pürrəng çay gətirin...

Ustaya yol verin... Ustaya xələt verin...” Axı zarafat deyil, kişinin yarı ömrü toylarda, şənliklərdə keçmişdi.

Çay axırdı, suyun şırıltısı eşidilirdi. Bir də hardansa İsa-Musa quşunun səsi gəlirdi; bir də arabir meh əsirdi – ağacların yarpaqları xışıldayırdı.

Və indi usta Vəli yalnız öz evində divardan asdığı tarı görürdü, sabah toyda çalacağı havaları xəyalında indidən çalırdı və tarçı Vəlinin xəyalda çaldığı tarın səsini yenə kəndin daşı-torpağı da eşidirdi.

Tar yenə tarçı Vəlinin xəyalında elə bir səs qoparmışdı ki, o səsi eşitməmək mümkün deyildi, eşidib uzaq getmək mümkün deyildi və buna görə də tarçı Vəlinin xəyalında yenə Buzbulaq camaatı axın-axın tarın səsinə axışıb gəlirdi.

Amma tarçı Vəli onu da bilirdi ki, belə şey olmayacaq, belə şey mümkün deyil.

Bilirdi ki, lap elə bu məhəllənin özündən də sabah çoxları zurnanın səsinə cumub gedəcək, bilirdi ki, cavanlar da, uşaqlar da oğlan toyuna gedəcəklər və qız toyu beş-altı ahıl-uhulun ümidinə qalacaqdır...

Sonra usta Vəlinin qulağına başqa səslər gəlirdi: “Yavaş çal... Qocafəndi çal...” Və sonra usta Vəli elə yavaş çalırdı ki, öz çaldığı tarın səsini özü də zorla eşidirdi...

Sonra usta Vəli mürgüləyib ayılmışdı, yenə çayın dikində tək qalmışdı və ona elə gəlirdi ki, suyun şırıltısı da, yarpaqların xışıltısı da tək qalıb...


Səhərisi gün Rüstəm kişinin həyətində xeyli qız-gəlin var idi, xeyli arvad-uşaq var idi və bundan əlavə bir dünya dumduru gün işığı da vardı ki, bir sarı xalça kimi həyətin dörd bir yanına sərilmişdi və o sarı xalçanın üstündə samovar qaynayırdı, ocaq tüstülənirdi, adamlar gəzişirdilər.

Kəndin o başındakı zurnanın səsi gəlirdi, amma bu kənddə, bu həyətdə, bu kəndin dumduru gün işığında bu səhər tarın səsi də vardı və Buzbulağın bu səsi eşitməyinə tarçı Vəli heç vaxt belə sevinməmişdi.

Tar səsindən dünya işıqlanmışdı... Samovarı qaynadan da tar idi, ocağı tüstülədən də tar idi və o səhər tarçı Vəliyə elə gəlirdi ki, samovarı qaynadan, ocağı tüstülədən adamlar da o işıq xalçalarının üstündə tarın havasına gəzişirlər.

Gün işığı Rüstəm kişinin həyətində günortayacan qaldı.

O işıqda tarçı Vəli günortayacan tar çaldı. O işıqda günortayacan qızlar, arvadlar oynadılar, uşaqlar qaçışdılar, samovar qaynadı və ocaq tüstüləndi...

Nahardan sonra ocaq söndü, amma günün işığı hələ də çəkilməmişdi, hələ samovar da yerində idi, hələ həyətdə xeyli adam vardı və o başdakı zurna toyunun şıdırğı vurhavuru da hələ bu həndəvərdə bir o qədər eşidilmirdi.

O vurhavur yavaş-yavaş qalxdı, camaat yavaş-yavaş dağılışdı, burada, qız evinin beş-üç yaxın qohumu, bir də beş-altı əlsiz-ayaqsız arvad qaldı və birdən tarçı Vəli baxıb gördü ki, günün işığı da çəkilib gedib, ortadakı samovar da bayaqkı samovar deyil və heç bu həyətin özü də bayaqkı həyətə oxşamır...

Sən hələ bu dünyanın işinə bax: bu tarı çalan da elə bil tarçı Vəli deyildi, bu həyətə doluşmuş adamlar idilər, onlar gedəndən sonra tar öz-özünə kökdən düşdü, tarda tar səsi qalmadı və o zurnanın züyültüsü birdən bütün kəndi ağzına aldı.

Əlacı olsaydı, indi usta Vəli bu tarı heç çalmazdı da, amma əlacı yox idi, çünki qız evinin qohumları və burdakı beş-üç əlsiz-ayaqsız arvad da oynamaq istəyirdi.

Usta Vəli çalırdı, həm də dodağının altında danışırdı, ürəyində bu dünyanın ünvanına qəribə sözlər deyirdi.

Qavalçalan Qazlı Məhəmməd o qavalı bir az da asta döyəcləsəydi, tarçının dediyi o sözləri bəlkə də eşitmək olardı, amma qazlı Məhəmməd var qüvvəsini əllərinə vermişdi, qavalı gücü gəldikcə döyəcləyirdi – guya ki yorulmuş qoca tarçının abırını örtmək istəyirdi, amma tarçı yorulmamışdı, onun tarı sadəcə kökdən düşmüşdü və elə məsələ də burasında idi ki, o tarın bir də köklənə biləcəyinə ustanın ümidi yox idi.

Usta gözlərini dolandırıb elə bil hey bayaqkı gün işığını axtarırıdı, ancaq gün işığı bu həndəvərdən tamam çəkilib getmişdi, bircə göyün üzündə müxtəsər işıq qalmışdı.

Tarçı Vəli bayaqkı işığı niyə axtardığını bilmirdi, bu tarı niyə çaldığını bilmirdi, ancaq çalırdı, çünki çalmasaydı olmazdı...

O başdakı zurnanın züyültüsü dünyanı dağıdırdı, burada Məhəmmədin qavalının gumbultusu ustanın əsəblərini yerindən oynadırdı, amma o, qavalçıya da heç nə demirdi, çünki tarçı hələ də üsrəyində bu dünyanın ünvanına qəribə-qəribə sözlər deyirdi və ürəyində bu dünyanın ünvanına dediyi o sözlərin arasına tarçı heç bir ayrı söz qatmaq istəmirdi.

...Sonra tarçı Vəliyə elə gəldi ki, ortadakı arvadlar da yalnız Məhəmmədin qavalına oynayırlar, tar səsinə qulaq asan yoxdur.

Sonra baxıb gördü ki, göyün üzündən də işıq çəkilib gedir, kəndə axşam düşür.

Qaranlıq düşəndən sonra oğlan evindən gəlini aparmağa gəldilər: qapının o tayında zurna çalındı, qapının bu tayında tar çalındı.

Tarçı Vəli bir vaxt baxıb gördü ki, burdakı adamlar da qapının o tayında çalınan zurnanın səsinə oynayırlar, tarçı Vəli bunu aşkar gördü və onda tarçı Vəlinin bu dünyanın ünvanına deməyə də heç bir sözü qalmadı.

O, tarını qoltuğuna vurub, toyu dinməz-söyləməz tərk elədi və gəlin gedəndən sonra, toy sovuşandan sonra bu işi ayırd eləmək üçün Rüstəm kişi tarçı Vəlini çox axtardı, tapa bilmədi, çünki tarçı Vəli yenə gedib çayın dikində, öz həmişəki xəlvəti yerində oturmuşdu.

1973
XS
SM
MD
LG