Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44

Ali Hərbi Şura toplantılarındakı böhran davam edir


Rəcəb Tayyib Ərdoğan Gedikpaşa əyalətindəki atəş mövqeyində, 21 iyun 2010
Rəcəb Tayyib Ərdoğan Gedikpaşa əyalətindəki atəş mövqeyində, 21 iyun 2010
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yeni rəhbərliyinin müəyyənləşdirilməsi üçün 1-4 avqust tarixlərində keçirilməsi planlaşdırılmış Ali Hərbi Şuranın (AHŞ) son toplantısında iştirak etmir.

Bu barədə məlumatı «Anadolu» Agentliyi yayıb. Agentliyin məlumatına görə, Ərdoğanın toplantıda iştirak etməməsi AHŞ toplantılarında qərarların qəbul edilə bilməməsinə səbəb ola bilər. Çünki AHŞ-dakı ənənəyə görə, hökumət başçısı Şuranın son günkü toplantılarında iştirak edərək qəbul edilən qərarları imzalayırdı. Daha sonra AHŞ qərarları Milli müdafiə naziri və Baş qərargah rəisi ilə birlikdə Çankaya iqamətgahına aparılaraq prezidentin təsdiqinə təqdim edilirdi. Qərarlar prezident tərəfindən imzalanandan sonra qüvvəyə minirdi.

Baş nazir Ərdoğanın AHŞ toplantılarının son günündə iştirak etməməsinin səbəbi kimi ordu generalı Hasan İğsız ilə bağlı böhranın hələ də aradan qalxmaması göstərilir.

Belə ki, Baş qərargah birinci ordunun komandanı, ordu generalı Hasan İğsızı Quru qüvvələri komandanı vəzifəsinə namizəd göstərmiş, ancaq baş nazir Ərdoğan buna qarşı çıxmışdı.

AHŞ toplantılarının ikinci günündə-avqustun 3-də isə İstanbulun Beşiktaş rayonundakı ağır cəza məhkəməsinin xüsusi səlahiyyətli prokuroru ordu generalı İğsız başda olmaqla, 19 zabit və generalı ifadə verməyə çağırmışdı. Ordu generalı İğsız «İnternet saytları qurduraraq, hökumət əleyhinə təbliğat aparmaqda» günahlandırılır.

Baş qərargahın ordu generalı İğsızın Quru qüvvələri komandanı vəzifəsinə gətirilməsi üçün təkidlərinə baxmayaraq, baş nazir Ərdoğan öz mövqeyindən geri addım atmayıb. Bu durum isə AHŞ toplantılarının 4 avqustda bitməyə biləcəyi ehtimalını yaradıb.

Türk silahlı qüvvələrində yaranmış ənənəyə görə, quru qüvvələri komandanı vəzifəsinə gətirilən şəxs, əgər təqaüd yaşı çatmayıbsa, Baş qərargah rəisinin pensiyaya çıxmasından sonra onun yerinə keçir.

Ordu generalı Hasan İğsız AHŞ-nin bu toplantısında quru qüvvələri komandanı vəzifəsinə gətirilərsə, onun 2013-cü ildə Baş qərargah rəisi olma ehtimalı güclənir.

Müşahidəçilər bildirirlər ki, baş nazir Ərdoğan bunu istəmədiyinə görə, ordu generalı İğsızın quru qüvvələri komandanı vəzifəsinə gətirilməsinə qarşı çıxır.
XS
SM
MD
LG