Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:31

Əqli mülkiyyət oğrularından necə qorunmalı?


Plagiatın izi sorğu kitablarının birindən çıxdı
Plagiatın izi sorğu kitablarının birindən çıxdı
Bir müddət əvvəl tarixçi alim Kərim Şükürov yazdığı elmi işin başqası tərəfindən köçürüldüyünü və mühüm sorğu kitablarından birinə salındığını üzə çıxarmışdı. Lakin o, öz müəlliflik hüququnu sona qədər qoruya bilməyib. Məhkəməyə və Müəllif Hüquqları Agentliyinə müraciət etsə də, bəzi nüanslara görə məsələni sona qədər davam etdirə bilməyib:

«Mənim müşahidələrimə görə, Azərbaycan elmində, xüsusən də humanitar elmlərdə çox təəssüf ki, bu köçürmələr çox geniş yayılıb. Faktiki olaraq yeni elmi ideyalar yazılmaq əvəzinə mövcud məsələlər ətrafında işlər gedir».

AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birlikdə hazırladığı «Hər kəsin haqqı var» verilişinin bu buraxılışı əqli mülkiyyətin qorunmasına həsr olunub.

KƏRİM ŞÜKÜROV NƏYİSƏ DEMƏK İSTƏMƏYİB


Verilişin qonağı olan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli tarixçi alimin hüquqlarının sonadək müdafiə olunmamasında onun özünü günahkar bilir:

«O, nəyisə demək istəmir. Amma məhz Agentliyin köməyi ilə etiraf olunurdu ki, kimsə onun əsərindən istifadə edib. Biz hətta ona məhkəməyə müraciət etməyi də məsləhət gördük. Amma Kərim Şükürov istəmədi. Agentlik onun fikrinə ehtiramla yanaşdı».

QEYDİYYAT OLSA, DAHA YAXŞI

Xudayat Həsənli
X.Həsənli deyir ki, hazırda Müəllif Hüquqları Agentliyinin (MHA) hansısa əsərin plagiat olub-olmadığını raşdırmağa kifayət qədər imkanı var. Özü də intellektual mülkiyyətin qorunması üçün onun mütləq agentlikdə qeydiyyatdan keçməsi vacib deyil. Sadəcə qeydiyyat olanda, əsərin müəlliflik hüquqlarının müdafiəsi daha asan olur, bu prosesə dövlət də qatıla bilir.

«Məhz Agentliyin müdaxiləsi nəticəsində bəlli olmuşdu ki, bizim balalarımız üçün olan dərsliklərin xeyli hissəsi Rusiya dərsliklərindən köçürülüb. Bu barədə Təhsil Nazirliyinə rəy göndərildi və məsələ həllini tapdı».

ELMİ İŞLƏRİ RUSLARDAN KÖÇÜRÜRLƏR


Hüquqşünas Müzəffər Baxışov elmi işlər sahəsində piratçılığın biabırçı həddə çatdığını deyir. O, tam əminliyi ilə bəyan edir ki, 1991-ci ildən başlayaraq Azərbaycanda hüquq sahəsində müdafiə edənlərin əksəriyyəti öz elmi işlərini rusiyalı alimlərdən köçürürlər:

«Bu, Azərbaycan reallığıdır. Çoxlu sayda belə faktlar var. Hətta bu cür işlərin qiyməti də bəllidir. Bunu sübut etməyə ehtiyac yoxdur. Elə hüquq elmləri doktorları var ki, bu adam üçün doktorluq işini yazsalar belə, o, heç vaxt müdafiə edə bilməzdi. Hamı bilir ki, kim nəynən nəfəs alır».

PİRATÇILIQ YÜKSƏK HƏDDƏDİR

Müzəffər Baxışov bu sahədə qanunların yaxşı olduğunu hesab etsə də, onların tətbiqində ciddi problemlərim mövcud olduğunu deyir:

Müzəffər Baxışov
«Təsadüfi deyil ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük üçün Azərbaycanın qarşısına qoyulan ən mühüm vəzifələrdən biri məhz müəlliflik hüquqlarının qorunması sahəsində ciddi islahatlar həyata keçirməkdən ibarətdir».

DEDİLƏR Kİ, PİRATLARI TAPSAQ DA SƏNƏ HEÇ NƏ ÇATMAYACAQ

Yeri gəlmişkən, piratların əməllərindən əziyyət çəkənlərdən biri də rejissor Ələkbər Muradovdur. Tək 4 ay ərzində piratlar onun müəllifi olduğu «Güllələnmə təxirə salınır» filminin yarım milyondan çox nüsxəsini satıblar. Sonrakı illərdə nə qədər disk satılıb – bunu rejissor bilmir:

«Deyə bilmərəm. Sayı çoxdur, çox yerdə satırlar. Onları tapıb cəzalandırmaq istədim. Lazımi yerə müraciət etdim. Onlar mənə məsləhət gördülər ki, artıq disklər çap olunub, götürüb bu faktı gedəcəyik onlardan nəsə alacağıq. Onsuz da sənə heç bir xeyri olmayacaq. Bilirlər kim eləyib, amma açıq dedilər ki, öz haqlarını alıb çıxacaqlar. Bura Azərbaycandır da».

PİRATÇILIĞIN TAM YOX EDİLMƏSİ MÜMKÜN DEYİL


MHA-nın təmsilçisi X.Həsənli isə deyir ki, fəlsəfə elmləri doktorluq işlərində plagiatlığın izlənməsi Agentliyin səlahiyyətinə aid deyil. Audiovizual sahəyə gəlincə, Xudayat Həsənli bu sahədə problemlər olduğunu etiraf edir. Onun sözlərinə görə, bu sferada piratçılığın tam aradan qaldırılması mümkün deyil:

«Dünyada qeyri-qanuni gəlirlər sahəsində silah alveri və narkobiznesdən sonra ən çox pul gətirəni piratçılıqdır. Biz «Əqli mülkiyyət hüququ təminatı haqqında» qanun hazırlayırıq. Yəqin qanunun qəbulu ilə piratçılığın səviyyəsini azaltmaq mümkün olacaq».
XS
SM
MD
LG