Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

Hökumət milyard manatdan çox borc sildi, sadə sakinin isə 40 manatı qaldı


Azərbaycan hökumətinin binası
Azərbaycan hökumətinin binası
BAŞ NAZİR HÖKUMƏT QURUMLARININ MİLYARD YARIM BORCUNU SİLDİ

Azərbaycan hökuməti bəzi dövlət qurumlarının milyon manatlarla borcunu sildiyi halda sadə adamlara münasibətdə qara qəpiyindən belə keçmək istəmir. Nazirlər Kabineti «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti və «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin Dövlət Neft Şirkətinə enerji xərcləri ilə bağlı ümumilikdə yaranan 1 milyard 654.4 milyon manat borcunu silmək barədə qərar verib.

«Azərenerji» ASC-nin borclarının 14,5 milyonu «Qəbələ» RLS, 389,1 milyon manatı «Bakıelektrikşəbəkə», 296,5 milyon manatı «Sumqayıtelektrikşəbəkə», 116,8 milyon manatı «Azərsu», 90 milyon manatı «Meliorasiya və Su Təsərrüfatı» ASC, 10,9 milyonu səhiyyə, 9,1 milyon manat isə Təhsil Nazirliyinin hesabına yaranıb. Bu siyahını uzatmaq da olar. Ancaq məsələ bu siyahıda yox, hökumətin fərqli yanaşmasındadır.

SELDƏN ZİYAN ÇƏKƏN SABİRABAD SAKİNİNDƏKİ 40 MANATINI İSƏ İSRARLA TƏLƏB EDİR
Kürün həmlələrindən yenicə qurtulmuş kəndlilər indi də yerli məmurların cəza tədbirləri ilə üz-üzə qalıblar.

Azərbaycan hökuməti bir tərəfdən belə geniş güzəşt siyasəti yürütsə də, Sabirabad rayonunun fəlakət zonasında özünün sərt üzünü sadə insanlara açıqca göstərməyə başlayıb. Kür çayının dağıdıcı həmlələrindən yenicə qurtulmuş kəndlər indi də yerli məmurların cəza tədbirləri ilə üz-üzə qalıblar. Son günlər rayonun təkcə Moranlı kəndində 40 evin elektrik xətləri enerji borcuna görə kəsilib. İşığı kəsilən Moranlı sakinlərindən Ənvər Təhməzovun dedikləri:

- Filan yerin borcun pozurlar, bəhmən yerin borcun pozurlar. Bircə ac kəndçilərin 40 manatdan ötrü başını kəsirlər. Bir də bizdə elektrik xətləri hörümçək toruna oxşayır. 1975-ci ildə çəkilmiş xətlərdir. Utanmayıb, gəlib borca görə də camaatın işığını kəsirlər.


Ənvər Təhməzovun deməsinə görə, cəmi 40 manat borcu var, artıq onu da ödəyib. Ancaq necə deyərlər, onun da gözünün yaşına baxan yoxdur:

- Həyat yoldaşım əməliyyat olunub. 2-3 min manat ora xərcim çıxdı. İndi havası çatışmır. Heç olmasa sərinkeş işləsə sakitləşər. Əşi belə insan yaşayışı olmaz. Bəlkə bizi birdəfəlik silmək istəyirlər? Onda çıxıb gedək İrana. Belə demokratiya olmaz…

MƏMURUN CAVABI: BİZ NEYLƏMƏLİYİK Kİ?


Sabirabad Rayon Elektrik Şəbəkəsi İdarəsində isə özlərini haqlı bilirlər. İdarədə enerji satış məsələləri üzrə müavin Fikrət Əhmədov deyir ki, artıq abonentlərə əlavə vaxt verməyin yeri yox idi:
- Vaxt vermişdik də. 3 ay idi ödənişdə iştirak etmirdilər. Daha nə qədər vaxt verməliydik ki? Rayonda 5450 abonent ötən ay ödənişdə iştirak etməyib, 27 min abonentdən. Daha biz nə etməliyik ki?

Pənah Hüseynov, millət vəkili


MİLLƏT VƏKİLİ BORCU YARADAN ƏSL SƏBƏBİ TAPIB: KORRUPSİYA

Sabirabaddan seçilən millət vəkili Pənah Hüseyn isə deyir ki, bütün abonentlər istifadə etdikləri enerjinin haqqını ödəməlidir. İstər dövlət qurumu olsun, istərsə də sadə vətəndaş. Bəzi idarə və müəssisələrin külli miqdarda enerji borclarının silinməsinə gəldikdə isə millət vəkili bunu nizam- intizamın olmaması və korrupsiyanın geniş vüsət alması ilə izah edir:

- Bu məsələ gedib korrupsiyaya çıxır. Burada pullar mənimsənilir. Bir də dövlət qurumlarının borcu niyə silinməlidir? Onlar büdcədən maliyyələşirlər və bütün kommunal xərcləri orada öz əksini tapır. Onda niyə ödəyə bilmirlər? Demək, mənimsədikləri pulları bu şəkildə ört-basdır edirlər. Vətəndaşların isə onlar üçün heç bir dəyəri yoxdur…

SABİRABADLININ 40 MANAT BORCU DA SİLİNSİN, YA ÖDƏNSİN?

Millət vəkilləri arasında hökumətin bu addımlarını fərqli şəkildə dəyərləndirənlər də var. Parlamentin İqtisadi-Siyasət Komitəsinin üzvü Dünyamin Xəlilov deyir ki, hökumətin həmin qərarı ilə borclu abonentlərə qarşı sanksiyaların tətbiqini bir-birindən ayırmaq lazımdır:

- Bunu normal qəbul etmək lazımdır. Çünki bu qarşılıqlı borclardır, bir dövlət təşkilatı, digərinə borcludur. Yəni dövlət özünün maliyyə sistemi çərçivəsində bu məsələni həll edir.

Ancaq bununla belə, millət vəkili Dünyamin Xəlilov fəlakət zonasında insanların elektrik enerjisinin kəsilməsini düzgün saymır. Onun fikrincə, bu məsələ daha həssas münasibət tələb edir.

Sabirabad rayonunun Moranlı kəndində isə deyirlər ki, əslində, borclu abonentlərin elektrik enerjisinin kəsilməsinin özündə də ayrı-seçkiliyə yol verilir. Bəzən 50-100 manat borcu olan abonentlər unudulduğu halda, 5-10 manat borcu olan abonentlər cəzalandırılır.
XS
SM
MD
LG