Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:26

Bir ədəbiyyat müəllimin dünyaya qoyub getdiyi əsərlər


Servet Kabakli
Servet Kabakli
Türk ədəbiyyat vəqfinin başqanı Servet Kabaklının Oxu zalına müsahibəsi.

M.Ə. Türk ədəbiyyat vəqfini mərhum Şeyxül-mühərririn Ahmet Kabaklının qurduğunu bilirik.

Siz vəqfin quruluşunu xatırlayırsınızmı?


S.K. Türk ədəbiyyatı vəqfi 1978-ci ildə Şeyxül-mühərririn Ahmet Kabaklı tərəfindən quruldu.

Vəqfin təsis iclasında Türkiyənin üçüncü prezidenti Celal Bayar, Alparslan Türkeş, Süleyman Demirel və bir çox başqa siyasətçi, elm və ədəbiyyat adamı iştirak edirdi.

Kabaklı hocanın bizə əmanət etdiyi bu ocağı ləkələmədən mühafizə etməyə çalışırıq.

Mərhum Bəxtiyar Vahabzadəni Türkiyədə tanıdan Ahmet Kabaklı və Türk ədəbiyyatı vəqfidir.
Kabaklı hoca bu vəqifdən əvvəl 70-ci illərin əvvəlində Ədəbiyyat cəmiyyəti yaratmışdı. İndi Ədəbiyyat cəmiyyəti daha çox gənclərin yaradıcılıq işləriylə maraqlanır.

“Türk ədəbiyyatı” jurnalı ilk dəfə Ədəbiyyat cəmiyyətinin orqanı kimi çıxıb. “Türk ədəbiyyatı” jurnalı Türkiyənin ən çox yaşaya bilən ədəbiyyat və sənət dərgisidir.

İndiyə qədər jurnalın 441 nömrəsi çıxıb. Türkiyədə fasiləsiz 441 ay yayımlanan başqa bir jurnal yoxdur.

Biz eyni zamanda fikir və düşüncələrimizin namusunu müdafiə edərək jurnal çıxarırıq. Vəqfin qurucuları mərhum Ahmet Kabaklının inandığı yaxın dostları idi.

Qurucular arasında Kabaklı hocanın həyat yoldaşı Məşkurə xanım da vardı. Məşhur yazıçımız Sevinç Çokum vəqfin idarə heyətində idi.

Onun həyat yoldaşı, iş adamı Rıfat Çokum vəqfimizə dəstəyini heç vaxt əsirgəməyib. Ahmet Kabaklının tələbələrindən olan mərhum iş adamı Cahid Dodanlının vəqfə verdiyi dəstək unudulmazdır.

Vəqfin qurucuları buraya öz ürəklərini, şərəf və heysiyyətlərini qoyublar.

Biz ölkəmizin fikir və düşüncə həyatına kitab çap edərək, jurnal çıxararaq, toplantılar və xatirə günləri keçirərək, çərşənbə söhbətləri təşkil edərək xidmət edirik.

M.Ə. Ahmet Kabaklı hoca Türkiyənin müxtəlif yerlərində ədəbiyyat müəllimi olub. 5 cildlik “Türk ədəbiyyatı tarixi” kitabının müəllifidir.

Saysız-hesabsız məqalələrin müəllifi idi.

Bir də bu vəqf işi. Mən Kabaklı hocanın 1994-cü ildəki ara seçkidə Doğru Yol Partiyasından millət vəkilliyinə namizəd göstərildiyini də xatırlayıram.

O, bu qədər işi necə bir araya sığışdıra bilib?


S.K. Millət vəkilliyinə özü namizəd olmaq istəməmişdi. Ona görə də namizədlikdən çəkildi.

Kabaklı hoca həmişə partiyaların üstündə bir adam olub. O, bir könül adamı idi. Bu iş vətəni, milləti sevməklə əlaqədardır.

Bu işlər nizam-intizam tələb edir. Mən Kabaklı hocanın yanına 25 yaşımda gələndə nizam-intizamsız bir adam idim. Ondan nizam-intizam öyrəndim.

Kabaklı hoca Diyarbakır litseyində müəllim işləyəndə Füzuli ilə, şair Nədimlə xəyali söhbətlər edən bir musiqili pyes yazır. Şagirdləri ilə birlikdə özü də o pyesdə oynayır.

Diyarbakırda 2 il işləyəndən sonra əsgərliyə getmək üçün dəmir yolu vağzalına gəlir. Xalq onu göz yaşları içində əsgərliyə yola salır. Sanki vağzalda mitinq keçirilirmiş.

Onun olduğu vaqonu çiçəklərlə bəzəyirlər.

Servet Kabaklı və Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadə
Vaqonun iki kupesini sovqatla doldururlar. O da sovqatların hamısını qatardakılara paylayır (gözləri yaşarır).

O, Diyarbakır camaatına sənəti və ədəbiyyatı çox sevdirib.

M.Ə. Humanizm budur, könül adamlığı budur...

S.K. Aydın litseyində müəllim işləyəndən sonra İstanbul universitetinin hüquq fakültəsinə girib.

1956-cı ildə “Tercüman” qəzetində köşə yazarlığına başlayıb. İlk məqaləsini jurnalda çap etdirib. Ondan sonra Türkiyənin müxtəlif mətbu orqanlarında 53 il yazıb.

M.Ə. Ömrünün sonlarında “Türkiyə” qəzetində yazırdı.

S.K. Onun 15 mindən çox məqaləsi çıxıb. Mindən çox konfransda çıxış edib.

Türklərin yaşadığı bütün coğrafiyalarla yaxın əlaqə yarada bilib.

Onun ən böyük xidmətlərindən biri Türklərin dastan çağlarından üzü bəri ədəbiyyatını analiz edən 5 cildlik “Türk ədəbiyyatı tarixi” kitabıdır.

Kitab 3750 səhifədən ibarətdir.

Müəllif əvvəlcə bu kitabı 3 cild halında planlaşdırmışdı. Ancaq birinci cild çıxandan sonra elmi dairələrdən əsərə dodaq büzənlər olmuşdu.

M.Ə. Deyirdilər ki, ədəbiyyat müəllimi bu qalınlıqda kitabı necə yaza bilər, eləmi? Aydından sonra İstanbula gəldimi?

S.K. Bəli, İstanbuldakı Çapa müəllimlər texnikumunda 20 il dərs dedi.

Sami Banarlının 3 cildlik “Türk ədəbiyyatı tarixi” kitabı ilə birlikdə Kabaklı hocanın kitabı elmi dairələr tərəfindən rəğbətlə qarşılanan ən ciddi əsərdir.

Kitab universitetlərdə dərslik kimi oxudulur. Kitab indiyə qədər 29 dəfə çap edilib. Hər çap isə 5 min nüsxədən ibarətdir.

Ahmet Kabaklı hocanın ən önəmli əsərlərindən biri də “Təməllərin üz-üzə gəlməsi” kitabıdır.

M.Ə. Vəqfi yaşatmaq üçün hansı vasitə və metodlardan istifadə edirsiniz? Yəqin ki, dövlətdən heç bir dəstək almırsınız.

S.K.Ahmet Kabaklı hoca vəfatından əvvəl vəqfin qurucu üzvlərini və əməkdaşlarını bir yerə toplayıb dedi ki, əsərlərinin bütün təlif haqlarını vəqfə bağışlayır. Biz onun əsərlərini çap edirik.

Böyük mübarizə adamı Osman Yüksel Serdengeçtinin əsərlərini çap edirik.

O da bütün əsərlərinin təlif haqqını vəqfə bağışlayıb. Bundan əlavə, Sofulardakı yarı zirzəmi bir mənzilini də vəqfə hədiyyə verib.

Mərhum İbrahim Hakkı Konyalı da Haremdəki bir mənzilini vəqfə bağışlayıb.

Türk ədəbiyyatı vəqfi daha çox kitab satışlarından gəlir əldə etməyə çalışır.

Könlü Azərbaycan qədər geniş olan, ilk dəfə “Can Azərbaycan”- deyən böyük şair Yavuz Bülent Bakilerin əsərlərini də biz çap edirik.

“Türk ədəbiyyatı” dərgisinin bütün gəliri vəqfə gedir. İndi “Yeni Türk ədəbiyyatı” adlı elmi-publisistik jurnal da çap edirik. 6 aydan bir çıxan dərgidə Türk dünyasının hər yerindən elmi əsərlər çıxır.

Heysiyyətli dostlarımız bizə yardım edir. Oğru-quldurdan yardım qəbul etmirik. Kabaklı hocanın bizə əmanət etdiyi bu ocağı ləkələmədən mühafizə etməyə çalışırıq.

Biz bu işi Kabaklı hocadan təhvil alanda vəqif sadəcə 29 kitab çap edə bilmişdi. Son 9.5 ildə biz bu rəqəmi 150-yə çıxardıq. Buna görə özümü xoşbəxt hiss edirəm.

Biz çox çətinlik çəksək də, mənim fədakar dostlarımla bu vəqfin bütün işlərini öz üstümüzə götürməyə davam edirik.

Vəqfin çərşənbə söhbətlərində yetişən bir çox dövlət adamının buraya diqqət yetirməsi pis olmazdı.

Kabaklı hoca Türk ədəbiyyatı vəqfini bu millətə bir mənəviyyat məbədi olaraq miras qoyub-gedib.

Biz vəqifdən yetişən hər bir adamın buraya diqqəti artırmasını arzu edirik.

İstanbulun bundan əvvəlki qubernatoru Muammer Güler vəqfimizin binasının bizə verilməsində və təmirində çox zəhmət çəkdi-ona sizin vasitənizlə minnətdarlığımı bildirirəm.

M.Ə. Vəqfinizin Azərbaycanla münasibətləri hansı səviyyədədir?

S.K. Kabaklı hoca dönəmindən başlayaraq, azərbaycanlı şair və yazarların əsərləri bizim dərgimizdə çap edilib.

Bunu Türkiyədə bir çox insan bilir. Mərhum Bəxtiyar Vahabzadəni Türkiyədə tanıdan Ahmet Kabaklı və Türk ədəbiyyatı vəqfidir.

Ahmet Şmide adlı bir almaniyalı müsəlman Bəxtiyar bəyin əsərlərini dərgimiz üçün çapa hazırlayırdı.

Vəqfimizin uzun illərdən bəri Azərbaycanla yaxın münasibətləri vardır. Böyük şair Sabir Rüstəmxanlı bizim canımızdır.

Çingiz Əlioğlu ilə yaxın münasibətlərimiz var. Məmməd İsmayılın əsərləri dərgimizdə işıq üzü görür.

Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilk dəfə bizdə çap edilib. Biz Azərbaycanın bütün şair və yazıçılarını bağrımıza basmaq istəyirik.

Biz Ələziz vilayətindənik. Kabaklı hocanın təşəbbüsü ilə orada başlatdığımız Xəzər şeir mərasimləri 20 ildən bəri davam edir.

Ələzizdəki Xəzər gölünün adı əvvəllər Gölcük olub. Azərbaycanın böyük şairi Almas İldırım bizim vilayətdə yaşayıb.

O, Gölcük sahilində böyük Xəzərin həsrətini çəkərkən Türkiyə cümhuriyyətinin qurucusu Qazi Mustafa Kemal Atatürk Ələzizə gəlir.

Şair Almas İldırımı ona təqdim edirlər. Mustafa Kemal Atatürk ondan soruşur ki, məndən bir istəyin varmı? Şairin cavabı çox şairanə olur.

Almas İldırım deyir ki, Paşam, bu gölə “Xəzər” adını verin. Biz 20 ildən bəri kiçik Xəzərdən böyük Xəzərə şeirlərlə salam göndəririk.

O şeir mərasimlərindən biri də Bakıda keçirildi. Biz var gücümüzlə Can Azərbaycanın yanındayıq. Oranın qiymətli şair və yazıçıları da bizim başımızın tacıdır.
XS
SM
MD
LG