Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Gəncləri narkotikə doğru çəkən bəla


«Yerlər var, orada satırlar narkotikləri. Onu polis də bilir. Adamın beyninə işləyir. Özündən asılı olmayaraq elə istəyirsən ki, alıb istifadə edəsən. Əlimdə gül kimi sənətim var. Amma heç itirib axtaran da yoxdur…».

Adının çəkilməsini istəməyən Lənkəran sakini AzadlıqRadiosuna müsahibəsində deyir ki, onun kimi gənc yaşlarından narkotikə qurşananların sayı az deyil.

Narkomanların böyük hissəsinin gənc olmasını beynəlxalq qurumlar da, yerli hökumət də təsdiqləyir.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin mətbuata verdiyi məlumata görə, hazırda ölkədəki narkomanların 16-17 faizini gənclər təşkil edir. O hesab edir ki, bu, böyük problemdir. İndi nazirliyin hədəfi odur ki, gənclər narkomaniyaya qurşanmasın.

Bəs Azərbaycanda gəncləri narkotikə nə sövq edir?

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev deyir ki, narkotiklərə aludəliyin səbəbini bir istiqamətdə axtarmaq düz olmazdı.

Bunun səbəbi olduqca çoxşaxəlidir və onunla mübarizə də çoxşaxəli olmalıdır. Onun sözlərinə görə, gənclər ən həssas qrup kimi narkomaniyaya daha çox cəlb olunur:

BUNU GƏTİRİB YALNIZ SOSİAL VƏZİYYƏTƏ BAĞLAMAQ DÜZ DEYİL

«Adamın beyninə işləyir…»
«Buna səbəb olan daxili (insanın xasiyyəti, dünyagörüşü, genetik mənsubiyyəti) və xarici (ailədə tərbiyə, ətraf mühit, məktəb, aldığı informasiyalar) amillər var. Əsas aparıcı amillərdən biri yeniyetmə psixologiyasına xas olan xüsusiyyətlərdir. İstək, liderlik, bütün təzə şeylərlə maraqlanmaq. Bunlar da öz rolunu oynayır. Ona görə gənclər risq qrupuna aid olan bir təbəqədir. Amma bunu gətirib yalnız sosial vəziyyətə bağlamaq düz deyil. Onda niyə Avropada, Amerikada milyonlarla narkotik istifadəçisi var?».

Araz Əliquliyev hesab edir ki, uşaqlıq yaşlarından başlayaraq profilaktik tədbirlər-düzgün təlim tərbiyə işləri qurulmalıdır ki, yeniyetməlik və gənclik dövründə belə halların qarşısını almaq mümkün olsun. Onun fikrincə, burada asudə vaxtın səmərəli təşkilindən tutmuş insanın düzgün formalaşdırılmasına qədər kompleks tədbirlər həyata keçirilməlidir.

RƏSMİ: 6 MİN GƏNC NARKOMANDIR

Gənclər və İdman Nazirliyinin bu ilin iyul ayında açıqladığı statistikaya əsasən, Azərbaycanda təxminən 24 minə yaxın narkoman qeydiyyata alınıb, onların təxminən 6 min nəfəri gənclərdir. Amma beynəlxalq mütəxəssislər hesab edirlər ki, rəsmi statistika real vəziyyəti əks etdirmir.

Araz Əliquliyev deyir ki, statistika əsasən, iki mənbədən əldə olunur – hüquq-mühafizə orqanlarında cinayət əməlinə görə, Səhiyyə Nazirliyində isə müalicə üçün qeydiyyata düşən narkotik istifadəçilərinin sayını ümumiləşdirməklə. Amma ekspertin fikrincə, bu rəqəm gerçəkliyi əks etdirmir. Çünki narkomanların heç də hamısı qeydiyyatlara düşmür.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyir ki, narkomaniyanın gəncləşməsi bütün dünyada müşahidə olunan prosesdir. Azərbaycana gəlincə, rəsminin sözlərinə görə, hökumət problemdən xəbərdardır və profilaktik tədbirləri də görür.

Zülfiyyə Mustafayeva
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva apardıqları araşdırmalara əsaslanaraq deyir ki, narkotiklərin gənclər arasında yayılmasının əsas səbəbi bu sahədə maarifləndirmənin və təbliğat işinin aşağı səviyyədə olmasıdır:

ƏSASƏN SOSİAL-PSİXOLOJİ ŞƏRTLƏR ROL OYNAYIR

«Təbliğat cəmiyyətdən gəlsə də, bu ailələr səviyyəsində, həmçinin təhsil səviyyəsində yetərincə deyil. Düzdü məktəblərdə maarifləndirmə həyata keçirilir. Amma bunun tam şəkildə ali məktəblərdə aparıldığını söyləmək mümkün deyil. Həmçinin ailələrdə valideynlərlə övladlar arasında bu cür mövzular demək olar ki, açılmır. Bundan başqa, bura gənclərin asudə vaxtının təşkili, onların məşğulluq səviyyəsi, işsizliklə bağlı məsələləri də daxil etmək olar. Ümumi mənzərə onu göstərir ki, gənclərin cəlb olunmasında əsasən sosial-psixoloji şərtlər rol oynayır, gənclərin keçid dövrünün xüsusiyyətləri aludəçiliyə daha çox yol açır».

Zülfiyyə Mustafayeva deyir ki, bu bəla sonradan gənc ailələrin də dağılmasına gətirib çıxarır. Bir çox hallarda narkotik qəbul edən ər arvadını da buna cəlb etməyə nail olur. Buna getməyən qadınlarsa sonda istər-istəməz ərindən boşanmalı olurlar. Bütün bunlar hələ ki, cəmiyyətin çox ciddi problemi olaraq qalır.

Mütəxəssislər narkomaniyanın yayılması səbəbləri sırasında Azərbaycanın coğrafi baxımdan narkotik dövriyyəsinin marşrutu üzərində yerləşməsini, buna görə narkotiklərin nisbətən ucuzluğunu qeyd edirlər. Digər bir səbəb də, ekspertlərin fikrincə, müstəqillik əldə olunandan sonra sərhədlərə nəzarətin kifayət qədər yaxşı olmaması və ölkəyə qanunsuz narkotik idxalının qarşısının alınmamasıdır.

PROFİLAKTİK TƏDBİRLƏR DÜZGÜN QURULMUR


Mahmud Hacıyev
Keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, düzdür, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə narkomaniyanın artmasına təsir edən amillər çoxalıb. Amma bu o demək deyil ki, belə amillər varsa, deməli, narkomaniyanın səviyyəsi də artmalıdır.

Onun fikrincə, narkotikləri istər qəbul etmək, istər gəzdirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət tərkibli əməldə ilbəil artım varsa və bu getdikcə gənclərə və yeniyetmələrə daha çox sirayət edirsə, deməli, onun qarşısının alınması yönündə profilaktik tədbirlər düzgün qurulmur.

Bu ilin əvvəlində ABŞ Dövlət Departamentinin statistikasında Azərbaycanda narkomanların təqribən 30 faizini tələbələrin təşkil etdiyi qeyd olunurdu. Azərbaycan rəsmiləri və hökumətyönümlü gənclər qurumları bu rəqəmlərin yalan olduğunu bildirmişdilər.
XS
SM
MD
LG