Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Oqtay Qorçu “Şeytanın şairliyi” (Altı hekayə)


Oqtay Qorçu
Oqtay Qorçu
Pəncərə torundakı dinozavr balası

Hər axşam divanda uzanıb televizora baxanda həmişəki kimi yenə kərtənkələ eyvanda peyda olurdu, pəncərəyə çəkilmiş tora dırmanırdı, ağzını açıb yuma-yuma elə bil çilçıraqlı otağın işığını çeynəyirdi, televizorun səsindən də ürkmürdü.

Bu gün evdə dincəlirdi, divana yayxanıb Amerika filminə baxırdı kompüter proqramları üzrə mütəxəssis.

Birdən kərtənkələ yadına düşdü, gözünü ekrandan ayırıb pəncərənin toruna baxdı, yaşıl dərili, biz-biz beli olan əyri dişli, uzun çənəli, dayanmadan otağa baxa-baxa başını bulayan, boğuq, qəribə bir səs çıxardan bu kərtənkələ gördüyü kərtənkələlərə bənzəmirdi.

Heyrətlə yerindən dikəlib ayağa qalxdı, çiynini qısıb diqqətlə tora baxdı, sonra düyməni basıb televizoru söndürdü, yeni gördüyü kərtənkələ gözlərini ev yiyəsinə dikmişdi.

Əl çaldı, fitlədi, pəncərəyə yaxınlaşa-yaxınlaşa hələ qaqqıldadı da. Qapını açıb eyvana çıxdı, tora tərəf əyildi, gözlərinə inanmadı, onun evinin pəncərəsinin torunda yapışıb duran dinozavr balasıydı.

Balaca yırtıcı onun iri gözlərinə baxa-baxa vurnuxdu, alnını adamın barmağına qəzəblə çırpıb qəribə səs çıxartdı, geri çəkildi, bədəni yay təki gərilib açıldı, dinozavrın balaca vahiməsi böyük adamı da çaşdırdı.

Hər ikisi savaşa başlamaq həvəsinə düşdü.

Adam əyləncə xatirinə, dinozavr bu canlılarla birlikdə yaşamaq naminə.

Əlini uzadıb dördayaqlının quyruğundan yapışdı, balaca yırtıcını divara çırpmaq istəyəndə qəzəblə qışqıran dinozavr balası onun baş barmağından dişlədi.

Divarların arasından, üzüm tənəklərindən eyvana sürüylə kərtənkələ, dinozavr balaları axışdı...


Sevincin atası

Avtobusa minən qadın balaca, sarışın, ağ donlu qızı onun yanındakı boş yerdə oturtdu.

Oturacaqda yerini rahatlayan kimi qızcığaz gözlərini Mədətə, tanımadığı böyük adama zillədi. Mədət uşağa baxıb güldü və əyilib qızın qulağına pıçıldadı:

- Mən Mədətəm, sənin adın nədi?

Balaca çiyinlərini çəkdi, burnunu qırışdırdı, sıxıla-sıxıla dilləndi:

- Gülnarəyəm, əmi, sənin qızının adı nədi?

Bu sarışın qızın sorğusundan çaşdı, hər dəfə onu görənlər otuz altı yaşlı Mədətə eyni sualı verirlər:

“Uşağın yoxdu? Niyə evlənmirsən?” Sonra anasının gileyi və indi yenə də soruşan var, yanında oturan Gülnarə.

Öncə nə deyəcəyini bilmədi, yol yoldaşı balaca qız idi, onu “əmi” çağırırsa, mütləq övladı olduğunu söyləməlidi, qəlbinə dəyə bilməzdi sarışının. Gözləri güldü, qıza baxıb dedi:

- Qızımın adı Sevincdi. Sənin kimi gözəldi.

Balaca Gülnarə dilləndi:

- Qəşəng adı var, əmi.

- Sağ ol, qəşəng günün olsun!

Yerə-göyə sığmırdı Mədət, bu danışdığı yalan özünü də ovsunladı, hələ sevinc də gətirdi, elə sevinc ki, sonuncu dayanacaqda düşüb evə gedəndə bir anlıq ayaq saxlayıb qızına nə alacağını fikirləşdi.


Artıq oturacaq olmur

Rəngbərəng qanadlarını çırpa-çırpa, yerə-göyə meydan oxuya-oxuya mavi gözlərindən yeddinci qatın sinəsinə arzusunu çilədi.

Uçduqca uçacaqdı, seçilmişlərdəndisə, məsumların önündə o da olmalıydı.

Elə bir tərifi diləgəlməz gözələ çevriləcəkdi ki.

Birdən, hər gün ciyərlərinə çəkdiyi hava ox təki hülqumuna sancıldı, havada səndirləyib qanadlarını çırpdı və qəfildən, min illərlə ağlına gəlmədiyi başına gəldi, öncə qanadları, sonra qızılı rəngə çalan uzun lələkli quyruğu alışdı.

Yana-yana arxası üstə çevrilib nalə çəkdi.

Göy üzünə səpələnən, göz yaşından nəmi qurumayan kül topası ətrafa səpələnirdi. Sübh çağı pərvazlanan mələk duasını unutmuşdu…


Mona Lizanın aşiqi

Gözlərinin də, qaşlarının da rəngini tapmışdı. Kətana köçən, məsum baxışlarla elə hey qarşısındakını süzən bu adam hələ qadın, yoxsa kişi olduğundan xəbərsiziydi.

Hər gün işləyirdi, hərdən dincəlmək istəyəndə yadına düşürdü ki, yorğun-arğın ovqatını pəncərədən yaz mehinə bağışlayıb, vaxt ötürmədən yenə emalatxanaya dönməlidi.

Hər gün beləcə ötür, hər gün fikrindən daşına-daşına işləyirdi.

Göy qurşağının ilahi boxçasından kimsənin görmədiyi, tanımadığı rəngləri tapıb, kətandakı qadına dünyanın ən gözəl libasını, bir mələyə öz əliylə toxuduğu gəlinlik paltarını geyindirdi.

Gözlədiyi gün yetişdi, çəkdiyi portreti qoltuğuna vurub, kimsəyə bir söz söyləmədən şəhərdən köçdü rəssam.

İllər ötür, hələ də kirayənişin həyatı yaşayır Mona Lizanı dünyanı gəzdirən aşiqi.


Zevsin satıldığı gün

İri, qonur gözlü qoca daşın üstündə oturub şeir yazırdı. Zevsin çaparı göz qırpımında onun qarşısında peyda olub baş əydi:

- Tanrı Zevs sənə məktub göndərib müdrik Homer, buyur!

Qızıl möhürlü məktubu şairə uzatdı. Gələn adama yüngülcə təzim edib, sonra çapara evə keçməyi işarə etdi.

Qırmızı kərpicdən tikilmiş daxmanın balaca, taxta qapısından içəri girdilər və hər ikisi oturdu, ev yiyəsi qonağa içmək üçün ətirli yaşıl çay verib məktubu açdı, tələsmədən oxumağa başladı.

Öncəki yazışmalarına bənzəmirdi, bu məktubda allah arxasız, qoca şairə hökm edirdi, məktub belə bitirdi “...Sən Heraklı qonaq çağır, zəhərlə! Mən onu yenə dirildəcəm.

Ömrün boyu himayəmdə olacaqsan, dediyimi et!”

Rəngi ağardı, məktubu kənara tullayıb, başını sinəsinə endirdi, Zevs həddini aşmışdı.

Çapar çayını içib ayaq üstə gözləyirdi, şair xırıltılı səslə dilləndi:

- Üç gün ötər, cavab yazaram, get!

Tanrının göndərdiyi adam baş əyib komadan çıxdı, qanadlı atının belinə sıçrayıb bir anda gözdən itdi.

Homer getdi Heraklı axtarmağa, gəzdi-dolandı, yorulanda dincəldi, nəhayət, pəhləvan cüssəli qəhrəmanı sevgilisiylə şərab içən yerdə, nəhəng palıdın kölgəsində tapdı.

Ona yaxınlaşan şair tez cavan dostunu yanına çağırıb Zevsin bu gün göndərdiyi məktubundan danışmağa başladı:

- Allah səni də, məni də öz sevgi laboratoriyasında sınaqdan keçirmək istəyir. Səni zəhərləməyi, mənim əlimlə, nə plan qurub bu?

Dəliqanlı Herakl dişlərini qıcadı:

- Onu yuvasında boğacam!

Qoca müdrik əlini pəhləvanın sinəsinə döyə-döyə onu sakitləşdirdi:

- Səbir lazımdı, oğlum! Zevs sənin belə kükrəməyini gözləyir, ehtiyatlı ol!

Allahın tələsi hazırdı!

Herakl qəzəblə dodaqlarını büzdü, pörtdü, başını əyib sağ çiynini sonra sol çiynini iylədi, üzünü şairə tutdu:

- Ey müdrik Homer, mənə yol göstər! Nə məsləhət etsən, onu da eləyəcəm! Savaş istəyirəm!

Bağırtısından yer-göy titrədi, çöküb ağacın dibində oturdu. Yenə şair Homer danışdı:

- Evə dönürəm, axşam gəl, söhbətləşək. Məndən xəbərsiz heç bir yerə getmə, səni gözləyəcəm.

Sağollaşıb ayrıldılar. Gecə Herakl atlanıb yollandı müdrik şair, ən yaxın dostu, məsləhətçisi Homerin evinə.

Daxmanın qapısını açıq gördü, içəridən zəif inilti səsi eşidilirdi, pəhləvan evə cumub şairi çağırmaq istədi, elə bu zaman otağın ortasında yıxılıb qalan, gözlərindən qan axan Homeri gördü.

Dostunu qolları üstünə alıb bayıra çıxartdı, daxmanın yanındakı taxta çarpayıya uzadıb tələsik dəsmal, bir kasa su, zeytun yağı, bal tapdı.

Herakl şairin gözlərinin qanını yuyub yaralarına bal sürtdü, sonra qocaya zeytun yağı içirtdi ki, müdrik azacıq ağrılarını unudub dincələ bilsin.

Kor edilmiş Homer ayıldı, kəsik-kəsik nəfəs alırdı, əllərini havaya qaldırıb dostunu axtardı:

- Herakl, burdasan?

Pəhləvan dilləndi:

- Yanındayam, yaraların çox ağrıyır? Kim səni bu hala saldı, Homer?

Qoca zarıdı:

- O, satılmağa layiq tanrıdı. Zevs gülləylə dolunu, raketlə ildırımı ötüşdürmək istəyir, evimə silahlı əsgərlər göndərir əzəmətli tanrı. İşığa həsrət qoydular məni, Herakl!

Hıçqıra-hıçqıra, kor gözlərindən yaş süzülmədən ağladı müdrik şair. Və Herakl dostunu çarpayıya uzadıb, qisas almaq üçün daxmadan çıxdı ki, Zevsin üstünə yerisin.

Qəfildən göy üzündə raket daşıyan polad quşlar, od püskürən, şirə bənzəyən qırıcılar, silindirləri rəngbərəng işıq saçan, uçan naməlum gəmilər görsəndi.

Dəhşətli hayqırtıdan, vahiməli uğultu içərisində eşidilən nərədən, səs-küydən qulaq tutulurdu. Fasiləsiz atəş açmağa başladılar. Tanrının satıldığı gündən göydən yerə od yağırdı...


Şeytanın şairliyi

Ömrü beləcə ötüb-keçirdi, onu öz dərgahından qovanın gözləri görə-görə girlənirdi, gələn-gedən onun şərinin vahiməsini daşa basırdı, həmişə lənətlənirdi, bezmişdi, qaçmaq istəyirdi, gəzə-gəzə arzulayırdı ki, seçilsin, Allahı kövrəltsin, öncə ağlamaq gəlmişdi ağlına, ancaq ağlayanda qorxulu çevrilmədən çəkindi, fikrindən daşındı və şeytan şair olmaq istədi.

Əli uzun idi deyə qələm tapmağa çətinlik çəkmədi, dünyanın ortasına gözlərini dikib yazacağı şeirin ilk misrasını düşündü.

Dənizdən, yağışdan, yarpaqdan, quşdan bir də tüstüdən zəhləsi gedirdi, aylarla beynini qurdaladı, hər gün qaşındı, amma hələ şeirini yaza bilmirdi.

Elə hey düşünürdü, ay keçdi, il ötdü və bir gün ayıldı ki, onu unudublar, nə daş atan var, nə lənətləyən, havalar da xoş keçirmiş.

Xoflandı, darıxdı, heyrətləndi, sevindi şeytan, dodaqaltı pıçıldadı: “Şairdə hörmətə bax! Pah atonnan!”

Atılıb-düşürdü, şıllaq atırdı, amma şeirini yaza bilmirdi. Şeytan dözə bilmədi, bu səfər yenə hamını aldatdı, bir əlində qələm, bir əlində vərəq durduğu yerdən tərpənmədi.

Hərdən hənir eşidib başını qaldırırdı, üstünə kiminsə yeridiyini görüncə tez özgə şairlərin şeirlərindən avazla oxuyurdu.

"Mediaforum"
XS
SM
MD
LG