Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:26

Polis rəisi Fətulla Gülən təriqətinə qarşı


Fətulla Gülən
Fətulla Gülən
Əskişəhər vilayətinin polis rəisi Hanefi Avcının bir neçə gün əvvəl çapdan çıxan «Haliçdə yaşayan Simonlar» adlı kitabı Türkiyədə böyük rezonansa səbəb olub.

H.Avcı kitabında Fətulla Gülən təriqətinin «dövlət içində ikinci bir dövlət» yaratmasını gündəliyə gətirib. Türkiyənin Baş polis idarəsində elektronik-bilgisayar sistemlərinin qurucusu kimi tanınan Hanefi Avcı təriqətin dövlət qurumlarında, xüsusilə polis idarələrində nəzarəti tamamilə ələ keçirdiyini iddia edib.

Polis kəşfiyyatındakı təriqətçilərin Türkiyədə hamının telefonunu dinlətdirdiyini iddia edən H.Avcı, bununla bağlı daxili işlər nazirinə, ədliyyə nazirinə, prokurorluqlara şikayət ərizələri yazsa da, onun şikayətlərinə baxan olmayıb.

Yaranmış vəziyyətlə bağlı baş nazir Ərdoğanı da xəbərdar etməyə çalışan polis rəisi buna nail ola bilməyincə, «Haliçdə yaşayan Simonlar» kitabını yazmağa qərar verib:

«Baş nazirin yüz faiz etimad etdiyi, başı işləyən, sir saxlaya bilən və ona dediklərimi söyləyəcəyinə əmin olduğum baş müşavirinə məsələni anlatdım. Aradan bir müddət keçməsinə baxmayaraq, heç bir addım atılmadığını görüncə, bu kitabın bir an əvvəl yazılmasının lüzumuna inanıb yazmaq qərarına gəldim».

Hanefi Avcı CHP-nin keçmiş lideri Dəniz Baykalın istefasına səbəb olan video-görüntünün də polis kəşfiyyatındakı təriqətçi qruplar tərəfindən hazırlandığını iddia edib.

Türkiyə H.Avcını 3 noyabr 1996-cı ildə baş verən «Susurluk qəzası»ndan sonra tanıdı. O vaxtlar Baş polis idarəsi kəşfiyyat şöbəsi rəsinin müavini işləyən Hanefi Avcı dövlətdəki illeqal strukturların fəaliyyəti barədə geniş açıqlamalar verdi. Məclisin «Susurluk komissiyası»na da ifadə verən Avcı, daha sonra Baş polis idarəsindəki vəzifəsindən uzaqlaşdırıldı.

AKP iqtidarı 2003-cü ildə Hanefi Avcını Bolqarıstan sərhədindəki Ədirnə vilayətinin polis idarəsinə rəis təyin etdi. Sərhəd gömrük məntəqələrindəki rüşvəti ortaya çıxarmaq məqsədi ilə Ədirnədəki Səlimiyyə məscidinə bilgisayarlı kameralar qurduran Avcı, 110 gömrük məmurunun rüşvət alarkən yaxalanmasına nail oldu.

Hanefi Avcı 2009-cu ilin aprelindən bəri Əskişəhir polis idarəsinin rəisidir.
XS
SM
MD
LG