Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:28

Ramazanda əsas orucdur, yoxsa..?


Ramazan ayı müsəlmanlar üçün niyə belə böyük önəm daşıyır? Ən əhəmiyyətli olanı nədir – namaz qılıb oruc tutmaq, yoxsa həm də xeyirxahlıq etmək? AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «İslam və demokratiya» verilişinin bu dəfəki mövzusu məhz Ramazan ayının xüsusiyyətlərinə həsr olunub.

BİRLİK VƏ YARDIMLAŞMA AYI

«İslamevi.az» portalının rəhbəri, ilahiyyatçı Yaşar Qurbanov deyir ki, Ramazan sadəcə oruc tutulan ay deyil. Qurani-Kərimin nazil olduğu bu ay həm də müsəlmanlar üçün birlik, sosial yardımlaşma, kasıbları sevmək, şəfqət hissinin daha da artması ilə səciyyələnir.

İçərişəhər Cümə məscidinin axundu Surxay Məmmədli isə Ramazanı insanın özünü dərk etməsi ilə əlaqələndirir.

«İnsan özünü dərk etməsə, Allahı da dərk edə bilməz. Bu ayda insanlar daha səbrli olur, bir-birilərinə qarşı mehriban olurlar, yaxınlarını ziyarət edirlər».

ORUCLUQDA İDMANÇILARA GÜZƏŞT YOXDUR

Surxay Məmmədli deyir ki, İslam zor, icbari din deyil. Ona görə də oruc tutmaqda bəzi istisnalar var – bir sıra xəstəlik daşıyıcıları, südverən analar və s. Amma hansısa yarışda iştirak edən idmançılara bu hala aid etmək olmaz.
"İslamevi.az saytının rəhbəri Yaşar Qurbanov və Cümə məscidinin axundu Surxay Məmmədli


«Ən böyük yarış allahla bəndə arasında olan yarışdır. Ramazan məhz yarış ayıdır. Yaxşı olardı ki, hansısa çempionatda iştirak edən idmançı öz gücünü, enerjisini məhz Allahın hüzurunda, Ramazan ayında itirsin. O, yalnız Allaha yaxınlaşdıqca arzuladığı yüksək zirvələrə çata bilər».

GÜNÜN ALTINDA İŞLƏYƏN FƏHLƏ ORUCU AXŞAM TUTA BİLƏR

Yaşar Qurbanov isə çox isti havalarda bir sıra peşə sahiblərinə güzəşt edilə biləcəyini istisna etmir. Misal kimi qızmar günün altında tikintidə işləyən fəhlələrdən danışır:

«Əgər bu insan işini axşam görə bilmirsə, üstəlik oruc tutmalıdırsa, onda bəzi alimlər bu adamlara orucu axşam tutmağa icazə veriblər. Tuta bilməyəndə bir gün fağırı doyuzdurur».

HEÇ BİR ƏMƏL ORUCU ƏVƏZ EDƏ BİLMƏZ

Orucu hansısa savab əməllərlə əvəz etməyə gəlincə, Surxay Məmədli deyir ki, bu, mümkün olan iş deyil. Çünki müsəlman üçün namaz kimi oruc tutmaq da mütləq qoyulan bir əməldir.

«Dünyada nə qədər yaxşılıqlar edilsə, nə qədər orucun yerini verə bilməz. Normal və sağlam insan oruc tutmayıb, onu müəyyən xeyirxahlıqla əvəz etmək istəyirsə, bu, mümkün deyil. O, axirət günündə bunun soruşduğunu verəcək. Nə qədər yetim qarnı doyuzdursa belə, nə qədər yaxşılıq etsə də, onun əvəzini vermək olmaz».

ZƏKAT VERMƏYƏNLƏR BÖYÜK SAVABDAN MƏHRUM OLUR

Yaşar Qurbanov söyləyir ki, bunun əksini etmək də düz deyil. Yəni, əgər insan oruc tutub namaz qılırsa, amma xeyirxah əməlləri yoursa, onda buna görə də cavab verməli olacaq. Çünki Allah dərgahında yüksəlmək üçün kasıblara əl tutmaq lazımdır:

«Buyurulur ki, o kəslər ki, mal-dövlətlərindən zəkatlarını vermirlər, bu, onlar üçün əzaba çevriləcək. Belə insanlar böyük bir xeyri itirirlər. Çünki Allah dərgahında ən sevimli əməl – bir müsəlmana sevinc gətirmək, onun borcunu vermək, sıxıntısını aradan qaldırmaqdır. Bunu etməyənlər böyük savabdan məhrum olurlar».

FİTRƏ ƏVƏZİ 3 KQ BUĞDANIN PULU VERİLİR

Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyir ki, Quranda namazdan söz açılan yerlərdə mütləq zəkatın da savabından danışılır. Ramazanda zəkatın bir növü – fitrə verilir. Əgər insan orucluq zamanı öz nəfsini saxlamaqla fərdi savab qazanırsa, ictimai baxımdan fitrə zəkatının çıxarılması ilə savab qazanır.

«Fitrə zəkat bir sıra ərzaqlardan, adları hədislərdə qeyd olunan ərzaqlardan 3 kq miqdarında verilməsidir. Ailənin hər bir üzvü adından 3 kq xurma ya buğda, düyü, arpa, kişmiş və s. bu kimi ərzaqlardan verilir. Yaxud da 3 kq buğdanın pulu çıxarılır».

Hacı Şahinin sözlərinə görə, fitrəni Ramazan bayramından bir neçə gün öncə çıxarmaq vacibdir. Fitrə ilə bağlı xüsusi şərt yoxdur. Sadəcə çalışmaq lazımdır ki, bu pulu haram işlərə xərcləməyəcək insanlara verəsən.
XS
SM
MD
LG