Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Sevgilisi Orxan Pamuku anladır


Kiran Desai
Kiran Desai
Kiran Desai dünyada yetərincə tanınan bir yazardır. Ən önəmli beynəlxalq ədəbi mükafatlardan olan "Buker"ə layiq görülüb. Kiran məşhur yazar Anita Desainin qızıdır. "İtkinin türküsü" adlı kitabının Türkiyədə çapı ərəfəsində İstanbula gələn yazar yerli mediaya danışdı.

Sual: Hal-hazırda köçəri həyat yaşayırsınız. Hansı şəhərlərdə yaşayırsız?

Cavab: Nyu Yorka, İstanbula və ildə 5-6 dəfə Hindistana gedirəm. Ən böyük qardaşım orda yaşayır.

Sual: Orhan Pamukla necə tanış oldunuz?

Cavab: Bu barədə danışmaq istəmirəm, çünki Orhan şəxsi həyat məsələsində son dərəcə dəymə-düşərdir.

Bir şey desəm, səni də bərk danlayar, məni də. Sonra biz səninlə bir-birimizi günahlandırmağa başlayarıq. Ən yaxşısı, heç bu məsələ barədə danışmayaq.

Sual: Təxmin edirəm. Yaxşı, bunu deyin görək: bir yazıçı kimi onu bəyənirsinizmi?

Cavab: Çox bəyənirəm. Bunun əksi mənim üçün mümkün olmazdı. Yazılarını və davranışlarını sevmədiyin bir insanı necə sevərsən?

“GÖRDÜYÜM ƏN ÇALIŞQAN YAZAR"

Sual: Deyəsən, əsər üzərində işləmə prosesləriniz fərqlidir. O, çox nizam-intizamlıdır, bəs siz?

Cavab: Bu məsələdə biz iki zidd qütbük. Orhan həyatımda gördüyüm ən çalışqan və həqiqi yazardır; bu, onun peşəsidir. Yazıyla onun arasında bir mübtəlalıq münasibəti var.

Hər gün masasının arxasına keçir və mütləq yazır- əllə. Personajların atacağı addımları əvvəlcədən planlaşdırır, masasının arxasına keçməzdən əvvəl beynində məkanları yaradır.

Bu baxımdan onu anama bənzədirəm. Mən isə bilgisayarın arxasına keçirəm və yazmağa başlayıram; ümumilikdə növbəti addımı heç bilmədən.

Orhan mənim yazı tərzimə bir məna verə bilmir, çünki daima özümə tapmacalar və labirintlər yaradıram. Sonra da o işin içindən çıxmağım illərimi əlimdən alır.

“BƏZƏN YEDİYİNİZ ŞEY SİYASİ MÖVQEYİNİZİ ORTAYA QOYUR"

Sual: Onunla münasibətiniz həyatınzı nə qədər dəyişdirdi?


Cavab: Evdə yazan bir adamın olması, onunla eyni evi bölüşmək-böyük bir şansdır. Ümumilikdə yazarlar çox melanxolik olur, ancaq mən hal-hazırda çox, həm də çox xoşbəxtəm.

Sual: Ən çox mətbəxdə yazmağı sevirmişsiniz.

Cavab: Bəli. Çünki yazmaq- tənhalıq deməkdir. Mətbəxdə isə hərarətli, ailə məfhumunu yada salan bir mühit var.

O tənhalıqdan mətbəxdə istifadə edə bilirəm. Bir də bütün hindistanlılar kimi yeməyə çox bağlıyam.

Biz bu məsələdə Türklərdən daha betərik. Bizlər yuxudan durduğumuz andan etibarən nə yeyəcəyimizi özümüzlə və ətrafdakılarla müzakirə edən insanlarıq.

Məsələn, bəzən nə yediyiniz sizin siyasi mövqeyinizi də ortaya qoyur.

Ona görə də romanlarımda yemək önəmli bir obrazdır. Keçmişdə daha çox yemək bişirərdim, indi həyatım bölündüyünə görə bişirə bilmirəm.

Sual: Orhan Pamukla bir-birinizin yazılarınızı tənqid edirsinizmi, yoxsa bir tabu var?

Cavab: Yoox, danışırıq.

Ancaq mən Türkcə bilmədiyimə görə, onun nə yazdığını çox sonradan oxuya bilirəm. İngiliscəyə tərcümə edilmiş bütün kitabları haqqında fikirlərimi açıq şəkildə ona dedim.

Buna cəsarətim var.

BÖYÜK YAZARLIĞIN XOŞ OLMAYAN NƏTİCƏLƏRİ

Sual: İstanbula gələndə Pamukun polis cangüdənləri sizə qəribə gəldimi?

Cavab: Əslində vəziyyətin fərqində idim. Ancaq bunu bilmək başqa, bu məsələ ilə birbaşa üz-üzə gəlmək bir başqadır.

Salman Rüştü də mənim çox yaxın dostumdur, ona görə də buna oxşayan bir həyataın illərdən bəri şahidiyəm.

Böyük yazarların müəyyən məsuliyyətləri olur və çox vaxt onların romanları sadəcə montaj edilən mətnlər kimi qəbul edlimir; onlara diplomatik elçilər kimi baxırlar.

Məsələn, mənim bu kitabımda təsvir etdiyim Kalimponq bölgəsinin insanları oranı yaxşı təsvir etmədiyimə görə, çox əsəbləşdilər və kitablarımı yandırdılar.

İndi mən də oraya getmək istəsəm, əminəm ki, çox çətinlik çəkərəm.

Sual: Nyu York qəzetlərinin manşetlərinə çıxmaq, dedi-qodu sütunlarına çıxmaq, Qoa çimərliyində yeriyərkən fotolarınızın Türkiyədə sürmanşet olması sizi narahat edirmi?

Cavab: Əlbəttə, biz belə şeylərə öyrənməmişik. İctimaiyyətin qabağında bu qədər olmaq-bir yazara hamıdan çox təsir edir. Pis mənada. Yazmaq üçün bəzi şeylərin örtülü qalmasına ehtiyac olur.

“MÜSTƏMLƏKƏ ÖLKƏSİNDƏN GƏLƏN ADAM ÖZ KEÇMİŞİNDƏN UTANIR”

Sual: Kitabınızda eşq də məğlubiyyətə uğrayır, bütün ideallarla birlikdə münasibətlər də... Bir az pessimistsinizmi?

Cavab: Bu, çətin məsələlərə həsr edilmiş hüznlü bir kitabdır. Yazarkən özümdə daha əvvəl olduğunu bilmədiyim bir hiddəti ortaya çıxardım.

Sual: Niyə hiddət?


Cavab: Özümə bu sualları verdim : Hindistandakı yoxsulluqla ABŞ-dakı yoxsulluq arasında hansı oxşarlıqlar var?

Müstəmləkə olmuş bir ölkədən gələndə öz keçmişindən utanırsanmı? Bəli, utanırsan və bəli, ABŞ-dakı yoxsulluq və sinif fərqləri Hindistandakına bənzəyir.

Bu durum mənim həyata baxışıma da təsir etdi. Buna görə, dediyiniz kimi, bəzi obrazlar ağıllanmır və mütləq məğlub olur.

Təbii ki, torpağının hər parçasında problem yaşanan, qovğa edilən, səfalətin hökm sürdüyü bir ölkənin insanıyam. Bundan artıq nə gözləyirsiniz ki?

Sual: Kitabınızın bel sütünunu köç təşkil edir.

1950-ci illərdə cavan bir adam kimi İngiltərəyə köçən əsas qəhrəman Hakim, qısa müddətdən sonra hindistanlı olmasına nifrət etməyə başlayır.

Burada çox ciddi bir şəxsiyyət böhranını təsvir etməmisinizmi?


Cavab: Əgər ətrafınzda çox hindistanlı yoxdursa, yəni bir icma dəstəyindən məhrumsunzsa, kimliyinizi gizlətməyə başlayarsınız.

Mənim yaratdığım Hakim obrazı, bundan əlavə, bir də sinifi keçmək üçün mübarizə aparir.

O, Hindistanın yoxsul bir kəndindən çıxıb bir də özünü Kembric universitetində görür.

Bilirsinizmi, mənim babamın həyatı da Hakimin həyatına bənzəyir. O, şərəfini və şəxsiyyətini bir az da olsa, qorumuşdu; ancaq Hakin kimi üzünə, qollarına çoxlu bəyaz pudra vurardı.

Sual: Hind olduğu başa düşülməsin deyə?

Cavab: Bəli, ağ görünmək üçün. O da Hakim kimi ondan necə qoxu gəldiyini özünə dərd etmişdi.

Çünki o vaxtlar İngiltərədə küçədən keçənlər bir hind görəndə “Oooo, burdan çox pis qoxu gəlir”-deyə çığırırdılar.

Bunların öhdəsindən gələ bilmək üçün güclü bir xarakter lazımdır.

Sual: Siz də oxumaq üçün 14 yaşında İngiltərəyə getdiniz. Hərçənd bir yazıçı kimi ananıza hörmət edirdilər, ancaq bu cür şeylər sizin də başınıza gəldimi?

Cavab: İngiltərədə hindistanlı olmaq heç bir şeyə oxşamaz-bunu izah edə bilməyim çox çətindir.

Burada daha qarmaqarışıq bir dünyayla qarşılaşdım. Müstəmləkələşmiş bir ölkənin insanı olduğumun fərqinə Hindistandakı həyatımda varmamışdım.

İngiltərə bunu o dəqiqə hiss etdirdi. Məktəbdə məni yaxına qoymayanlar da olmuşdu.

Bir də arxada səfalət içində yaşayan bir ölkə qoyub gələndə özünü qorxaq hiss edirsən və bu günahkarlıq duyğusu səndən əl çəkmir.

Ən azı, mənim yaşadığım şey bu idi.

“KÜRD PROBLEMİ HAQDA FİKİR BİLDİRMƏYİM”

Sual: Kitabda öz haqlarını axtaran və 80-ci illərdə GNFL adlı təşkilat yaradan Hindistan nepallılarından bəhs edilir. Bununla kürd problemi arasında bir oxşarlıq görürsünüzmü?

Cavab: Hindistanın hardasa, hər bucağında buna bənzəyən separatist qruplar vardır. Kürd problemini dərindən başa düşməyim mümkün deyildir, çünki o barədə ingilis və amerikan qəzetlərindən oxuyuram.

Kim bilir, bəlkə də bu məsələnin əcnəbi mətbuatda çıxandan daha fərqli qatları vardır? Bəlkə mən bu barədə fikrimi bildirməyim?

Sual: Yazar ananın qızı olmaq çətindirmi?

Cavab: Məndən böyük iki qardaşım, bir bacım var. Anam dördümüzə qarşı da çox şirin davranırdı, ancaq hamımız bilirdik ki, onun başqa bir kainatda, tamamilə başqa bir dünyası var.

Səhər masasının arxasına keçər, yazmağa başlayardı. Ev işlərini heç vaxt qulaqardına vurmadı, ancaq ağlı-fikri həmişə dağınıq idi.

Ümumilikdə evimiz səssiz olurdu, səssizliyi də, tənhalığı da çox sevər. Biz uşaqlar da daima kitab oxuyardıq.

“MÜKAFATLAR VƏ JÜRİLƏR ÇOX ZALIM OLA BİLİR”

Sual: Ancaq, deyəsən, həyatının son günlərinə qədər atanız şən-şaqraq və akfiv bir adam imiş.

Cavab: Eynilə. Yerində dura bilməzdi. Mən 12 yaşımda olanda boşandılar.

Çünki o səssizlik atamın xasiyyətinə uyğun olan bir şey deyildi. Böyük qardaş-bacılarım evdən ayrılandan sonra anamla ikimiz qaldıq.

Hindistanı tərk edib əvvəlcə İngiltərəyə, sonra ABŞ-a mühacirət etdik. Hər ikimiz üçün fərqli bir həyat başladı.

Sual: Ananızın təsvir etdiyi obrazları sizin vaxtınızı aldıqları üçün qısqandınızmı?

Cavab: Qısqanmadım, amma anamdan ötrü çox darıxdığımı bilirəm. Ancaq anamın yazmaq üçün yaratdığı o şərait mən ədəbiyyat fakültəsini bitirib yazar olmağa qərar verəndə çox karıma gəldi.

Sual: Anita Desainin qızı olmaq bir yazar kimi çiyinlərinizə həddindən artıq yük yüklədimi?

Cavab: Yükləməliydi, ancaq o cür olmadı. Anam məni çox dəstəklədi və hardasa heç tənqid etmədi.

Öz yazı dilimin və səsimin ərsəyə gəlməsi üçün də ciddi-cəhd göstərməyimə gərək qalmadı; hər şey təbii şəkildə inkişaf etdi.

Onunla yeganə müştərək nöqtəmiz- hər ikimizin romanlarında mütləq bir guşənişin obrazının olmasıdır. Hər halda, bunun səbəbi, anamın bir guşənişin həyat tərzini seçməsidir.

Alman olan nənəmin də buna bənzəyən bir insan olmasıdır. Hətta xalam da o cürdür. Bu kitabdakı Hakim kimi o da Himalayda yaşayır.

Sual: “İtkinin türküsü” 2006-cı ildə Booker mükafatını alanda özünüzü qalib hiss etdiniz, yoxsa ananıza qarşı bir utanqaclığınız vardı?

Axı o, bu mükafata bir neçə dəfə namizəd göstərilməsinə baxmayaraq, onu heç vaxt ala bilməmişdi?


Cavab: Mükafatlar və jürilər çox zalım ola bilirlər.

Əlbəttə, anam mənim üçün çox sevindi, ancaq mən onun həmişə haqsızlığa məruz qaldığını düşündüm. Düzünü desəm, o vaxtlar içim bir az göynədi.

"Oxu zalı" üçün hazırladı Mais Əlizadə
XS
SM
MD
LG