Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:40

Arif Qasımzadə "Hadisə" (Hekayə)


Qəflətən burum-burum qalxan tüstü genişlənərək, obyektə doğru gəlməyə başladı.

Obyekt isə, xüsusi rejimli zonaydı, ciddi-cəhdlə qorunurdu. Elə bil, arı yuvasına ağac dürtmüsən. Burada bir qaça-qov başladı ki, gəl görəsən.

Əvvəlcə, qarovulçular gəlib baxdılar. Arxasınca texniki işçilər, sonra operativ bölmə işçiləri. Axırda da vıy-vıyla yanğınsöndürmə dəstəsi.

Tüstü isə öz işindəydi, ağ lopa buludlar kimi bir yerdə dayanmayaraq qorxunc görkəmi ilə hamını vahiməyə salırdı.

Kənardan durub tüstunu müşahidə eləyən həmin sıravi işçilər qorxa-qorxa tüstyə baxıb, bir nəticə hasil etməyəndən sonra ordan uzaqlaşıb üz qoydular hərə öz rəisinin kabinetinə.

Hər kəs öz gördüyü gözüylə, başa düşdüyü bir anlayışla baş vermiş hadisəni öz rəislərinə izah etməyə çalışdılar.

Bundan sonra bütün bölmə rəisləri hamı bir nəfər kimi hadisə yerinə yaxınlaşdılar. Tüstü isə daha da coşmuşdu, adamların gözünə dolur, göz-gözü görmür, hər tərəfi ağappaq bozanaqlıq bürümüşdü. Məsul şəxslər bir-birlərinə aman vermədən deyirdilər:

- Bəlkə təxribatdı!

- Bəlkə yanğındı!

- Bəlkə də istidən olub!

- Deyirəm, bəlkə yanacaq çənləri partlayıb!

- Bəlkə!....

- ...

Fikirlər haçalaşmağa başlayırdı. Hamısı bir-birini haqsız çıxartmağa çalışdı. Hər kəs özünü digərindən ağıllı göstərməyə can atırdı. Dedilər :

- Tez fövqəladəyə zəng edək.

- Tez yanğın idarəsinə xəbər eləyək.

- Təcili milli təhlükəsizliyə bildirək.

- Təcili!...

- ...

Təkliflər çoxaldı, rəylər müxtəlifləşdi. Hərə bir söz deyirdi. Bu vəziyyətdə də sadə işçilər də qıraqdan durub tamaşa edirdilər. Onlar da boş durmayıb hər kəsin öz rəisi söz dedikcə növbəylə, boy sırası ilə onlarda xorla deyirdilər :

- Elədir.

- Belədir.

- Düzdür.

- Doğru buyurursuz.

- Vallah çox düzgün olardı belə eləsəydiniz.
- ...
Məsul şəxslər axır ki, qırhaqırı saxladılar. Tam süküt çökdü.

Deyəsən ortaq məxrəcə gələ bilmişdilər. Yekun sözləri bu oldu ki, gərək müdiri çağıraq. Qərarı da o versin. Hamısı da razılaşdı.

O saatca əllərini atıb mobil telefonlarını çıxartdılar, hərə bir tərəfə dağılışdı. Kimisi ağacın altında görünməz oldu, başqa birisi divarın arxasında gizləndi.

Digəri isə elə durduğu yerdə dayanıb sadəcə gözlərini yumdu. Xülasə, beləcə hər biri müdirin nömrəsini yığıb telefonlarını qulaqlarına dayadılar.

Hər kəs bunu bir-birindən gizlin və bir-birini qabaqlamaq üçün edirdi. Sonra heç bir şey olmayıbmış kimi hamı yenə hadisə yerinə toplaşmağa başladı.

Bir-birlərini ilk dəfə görürmüş kimi dedilər :

- Müdirimiz indi gələcək.

- Gəlib bir söz deyər, biz də eləyərik.

- Həmişəki kimi.

- Kişi gəlir bizi qurtarmağa.

- ...

Sıravi işçilərdə ələkçinin qıl verənləri kimi xorhaxorla onların dediklərini təsdiqləyirdilər :

- Halal olsun.

- O olmasa biz neyləyərdik.

- Göydə Allah var, kişi bizim üçün canını qoyur.

- ...

Tüstü isə yayılmaqda davam edir, edirdi. Bura yığışan camaatın gözünə, ağız-burnuna dolurdu. Onlarda birtəhər dişlərini sıxıb dözürdülər. Axı indi müdirləri gələcəkdi.

Müdir doğrudanda xızır kimi yetişdi. Xidməti maşın düz hadisə yerində saxladı. Müdir düşdü, hamını nəzərdən keçirib ümumi salam verdi :
- Salam əleyküm!

Hamıda xorla qışqırdı :

- Əleyküm salam!

Müdir orta yaşlı, qısaboylu idi. Nisbətən iri gözləri vardı. İri gözlərin sahibi isə sadəcə hissiyyatlı, cəsur, dinamik və liderlik xəsusiyyətli insanlara xasdır. Hadisə yerinə baxan müdir üzünü məsul şəxslər tutdu :

- Harasa zəng vurmusuz? Kiməsə bildirmisiz? Nəsə tədbir görmüsüz?

Xorla cavab verdilər ki :

- Sizi gözlədik.

- Gəlib bir əncam çəkəsiz.

- Nə edəcəyimizi bilmədik.

- ...

Müdir əsəbiliklə başını buladı. O başını heç vaxt boş-boşuna bulamırdı. Hər bulayanda nəsə baş verirdi.

Qəfildən hadisə yerindən, düz tüstünün gözə görünməz mərkəzindən bir kəndçiyə oxşar adam, üztü-başı pis gündə, beli bükük, sifəti qırış-qırış olan bir şəxs çıxdı. Əlində də bel vardı.

Hamı qorxudan yerə əyildi. Naməlum adamdan bərk qorxmuşdular. Xorhaxorla qışqırmağa başladılar :

- Neynirsən orda?

- Partlatmağa gəlmisən?

- Yandırmağa gəlmisən?

- Səniydin təxribatçı?

- Aşağı əy beli.

- Tez ol!

- ...

Naməlum adam onların bərabərinə çatıb dedi :

- Nə yandırmaq? Nə partlatmaq? Mən bu kəndin sakiniyəm. - əliylə tüstü gələn tərəfi göstərdi. - O yanan da kəndin zibilliyidi. Şoğərib yaş olduğu üçün tüstü verdi. İki saatdı əlləşdim alınmadı. Gəlmişəm sizdən yanacaq alam.

Di verin aparım yandırım. Tüstü də çəkilsin. Çıxım gedim evimə-eşiyimə...

Müdir məsul şəxslərə baxdı, bir daha başını tərs-tərs buladı, bu dəfə hələ əlini də yellədi. Yəni, desəydi ki, "tfu sizin üzünüzə" ondan yaxşıydı.

Maşınına oturdu və vızıltıyla çıxıb getdi.

Ondan sonra məsul şəxslər də sıravı işçilərə baxaraq başlarını buladılar və çıxıb getdilər kabinetlərinə. Sıravi işçilər də dağılışıb hər kəs öz yerinə getdi.

Kəndçi yanacaq aparıb zibilliyi düz-əməlli yandırdığına görə tüstü yavaş-yavaş çəkildi. Tezliklə hər tərəf aydın görünməyə başladı.

Beləcə, hadisə xətm olundu...
XS
SM
MD
LG