Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

Vahid Məmmədli "Buddanın qayıdışı" (Hekayə)


...Qapının hirslə çırpılıb bağlanması onu yuxudan ayıltdı.

Yerindən dik atılıb divardakı kəfkirli saata baxdı; on birə beş dəqiqə qalırdı. Hövlnak kətilin başındakı paltarlarına əl atdı.

Şalvarını tələsik əyninə keçirdi, həyəcandan və yuxudan qəfil durduğundan ürəyi sürətlə döyünürdü.

Yəqin ki, qan təzyiqi qalxmışdı. Amanın bir günüdür işə gecikməsin…

Birdən gözü kitab rəfindəki fəxri fərmana sataşdı. Dodaqlarını gəmirib vaysındı. Bir qədər toxtayıb rahatlandı.

Yalnız indi, fəxri fərmanı görəndə yadına düşdü ki, dünəndən təqaüddədir. Kitab rəfinin şüşəsinin arxasına keçirdiyi fəxri fərmanı dünən cinayət axtarış idarəsinin rəisi imzalamışdı.

Otuz illik qüsursuz fəaliyyətinə görə nazirlik adından ona minnətdarlıq bildirilirdi. Çarpayının üstündə oturub, əyninə geyinmək istədiyi köynəyini divanın üstünə atdı.

Amma deyəsən onun təqaüdə çıxması Jannanın heç ürəyindən deyildi. Gedərkən qapını çırpıb çıxmasından görünürdü ki, Janna hirsindən kəndir çeynəyir.

Ürəyində Jannaya haqq qazandırdı. Hansı arvad kişinin işdən çıxıb evdə oturmasına könüllü razılıq verər… Özü də bu yaşda. Əlli bir yaş nədir ki…

Janna Aqafonovna Qubanova aerokassada bilet satan işləmişdi. Jannanın oğlu adam öldürəndə tanış olmuşdular.

Kapitan Məsudzadə əməliyyat-axtarış qrupunun üzvü idi, Jannanı qatilin anası kimi bölməyə gətirmişdilər.

Dəhlizdə saatlarla ayaq üstə durub dindiriləcəyini gözləyən şişman qadına yazığı gəlmişdi. Onu otağa çağırıb oturmaq üçün yer göstərmişdi.

Janna kövrəlmişdi, bütün həyatını ona danışmışdı. Məsud Hindistan barədə söhbət açanda Jannanın ona necə diqqət kəsildiyini görüb bu ağır çəkili qadına rəğbəti artmışdı.

Başqa polislərin onu incitmələrinə imkan verməmişdi.

Jannanı evə gətirib demişdi ki, hələlik burda qal. Mən də təkəm. O, arvadi Zübeydə ilə illər öncə ayrılmışdı, çünki başqaları kimi rüşvət ala bilmirdi.

O vaxtdan Janna onunla qalır. Hər gün səhər evdən çıxıb axşam qayıdır.

Janna hərdən bir borşdan-zaddan bişirirdi. Bir də ki, heç kim onun Hindistan barədə söhbətlərinə Janna qədər diqqətlə qulaq asmamışdı.

Əslində onun quşu Jannaya ilk dəfə elə onda qonmuşdu. Çünki, Hindistan barədə elədiyi söhbətləri hamı eşitmişdi.

Bəziləri rəisləri kimi hirslənəndə ona deyirdilər ki, əşşi sən də öz Hindistanınla başımızı xarab elədin. İşləmək istəmirsən cəhənnəm ol get o hayıl-mayıl olduğun Hindistana.

Otaq yoldaşı Hindistan adını eşidən kimi, - Məsud, indi gəlirəm, - deyib aradan çıxırdı. Zübeydə o saat ya televizorun səsini ən yüksəyə qaldırırdı, ya da tez bacılarına zəng vururdu…

Səbinə gülümsəyib: - Hə, papa onu demisən. Orda Aşram var, orda Tac-Mahal var, orda Buddanın heykəlləri var, - deyib , tez öz otağına keçirdi…

Hərdən bir-iki itoynadan iş yoldaşları, - Məsud Hindistandakı qohum-əqrabalar necədir? - deyib şaqqanaq çəkirdilər, - ha-ha-ha…
Məsud xarici ölkələrdən yalnız Hindistanı görmüşdü.

* * *

… Onları Dehlidəki «Holiday Inn» qrupundan olan mehmanxanada yerləşdirdilər. Səhər tezdən avtobuslarla «Tac-Mahala» apardılar. Hər tərəf yam yaşıl və mass-mavi idi…
Gid gənc bir qızdı-elə bil fil, sümüyündən yonulmuşdu.

Klassik hind poeziyasında təsvir və tərənnüm olunan sirius kimiydi. Gözləri İlahə Varunanın gözlərinə bənzəyirdi.

Rus dilində çox sərbəst, şirin hind ləhcəsində danışırdı - o, ağzını açıb danışanda Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Məsuda elə gəlirdi ki, bu qız danışmır, nəğmə oxuyur.

Məsud elə bil röya görürdü. Qəlbində bu gözəl röyadan oyanmaq qorxusu baş qaldırırdı. O, bir ömür boyu bu röyada yaşamaq istərdi. Amma hər röyanın bir sonu olur.

Onun seçimi yox idi – buna ilk baxışdan məhəbbət deyərlər. Heç bilmirdi ki, bu qızı niyə İlahə Varunaya oxşadır. Qız da uca boylu oğlana biganə deyildi…

Bəlkə bu məhəbbət macərasına Tac-Mahalda gözə görünmədən dolaşan sevgililərin, Cahan Şaxın və Mumtaz Mahalın ruhları xeyir-dua vermişdi.

Məhz orda, bu sevgi məbədinin qarşısında qız öz adını ona dedi:

- Kauşari

- Məsud
Hindistan… Yer üzünün cənnəti… Təzadlar ölkəsi. Dehlinin insan seli… Çəhrayı şəhər Caypur. Əzəmətli Amber qalası. Füsunkar Aqra.

Bir birindən gözəl beş gölləri olan romantik sevgi şəhəri, «Hindistanın Venesiyası» - Udaypur. Ensiz küçələri, yaraşıqlı sarayları ilə göz oxşayan qədim Caysalmer şəhəri. Hava Mahal sarayı.

Qanqın ecazkar sahilləri… Bütün bunları isə ilk baxışdan vurluduğu bir qızın müşayiəti ilə görüb gəzmək o yerləri əbədi olaraq beyninə həkk etdi…

Hind vedalarında deyildiyi kimi insan həyatı özü bir yuxudur. Onlar ayrılanda qız kövrəlmişdi. Məsud qıza,- məni gözlə, - dedi. Mütləq məni gözlə, - səsi qirildi.

Kauşari:

- Mən… «İki dünya arasındakı dağam…» Səni gözləyəcəm… Al, bu da anamın sənə hədiyyəsidi.

- Ehtiyac yox idi.

- Surabxidi – qız gülümsündü…

Məsuda elə gəldi ki, yalnız ürəkdən sevən qız belə gülümsəyə bilər və inandı ki, bu qız onu gözləyəcək…

* * *

Ürəyi yenə də həddindən artıq tez-tez döyünməyə başladı.

Yəqin ki, qan təzyiqi ən yüksək həddə çatmışdı. Telefona tərəf getdi. Təcili yardıma zəng etməkdən başqa çarəsi yox idi. Təzyiqini ölçdürməliydi.

Yoxsa keçən dəfəki kimi təzyiqini ölçdürməmiş dərman qəbul edib yenə öldüm-öldümə düşəcəkdi. Bu dəfə də təzyiqinin həddindən artıq düşməsi onu dəli edəcəkdi. Bəlkə bir qədər gözləsin, təzyiqi düşdü bəlkə.

Yoxsa qonum-qonşu təcili yardım maşınını görüb deyəcəklər ki, görəsən nə oldu buna. Təqaüdə çıxaran kimi halı pisləşdi. Bu nədir ey belə?

Bizim əməkdaşlardan kimi təqaüdə göndərirlərsə ya infarkt keçirir, ya da ki rəhmətə gedir, - qulağını çəkdi, - Allah eləməsin, Allah sən özün kömək ol…

Telefona baxdı. Başqa kimə zəng etsin. Kim vardı… Bir bacısıdır, onunla da danışmırlar.

Neçə dəfə dedi ki, o boyda Daxili İşlər Nazirliyində işləyirsən, mənim oğlanlarımdan birini işə düzəltmədin. Sən istəsəydin düzəldərdin…

Gördü ki, başa sala bilmir, o vaxtdan bacısına heç zəng də etmir. Bacısı da maraqlanmır… Daha başqa kim var… Axı o, özü də elə bayramdan bayrama zəng edirdi bacısına.

Dostlarından kim var? Bir nəfər, Nazirliyin yanındakı cızbızxananı işlədən Əlibala hərdən bir zəng edib kefini xəbər alardı.

Deyərdi ki, gəl cız-bız ye. Gedib orada Əlibala ilə cız-bız yeyər, əlli qıram da araq içərdi. Əlibala ona cavanlıq illərinin şəhəri Samaradan, o isə Hindistandan danışardı. Axırıncı dəfə Əlibala zəng edib demişdi ki, vergilər departamentindən gəliblər, kafeni bağlamaq istəyirlər, bəlkə onlara bir zəng edəsən?

O da cavabında demişdi ki, onlar heç kimin sözünə qulaq asmırlar. Mən kiməm ki? Bundan sonra Əlibala da zəng etmirdi.

Görünür ya onun cızbızxanasını bağlayıblar, ya da ki, özü şəhərdə yoxdu, çıxıb getdi Samaraya.

Təcili yardım gəlib çatan kimi təzyiqi düşəcək. Bəlkə heç çağırmasın.

Ömründə bir dəfə də olsun salam verməyən qonşuları da deyəcəklər ki, Sizə nə olmuşdu Məsud müəllim?.. Guya polis işçisi heç xəstələnə bilməz.

Son zamanlar havaya çıxanda bir az babatlaşır, bir təhər çıxım, görüm başıma nə gəlir.

Sağ əlini divara söykəyib dəhlizlə irəlilədi. Qapını açıb pilləkənə doğru addımladı. Yadına düşdü ki, qapını açarla bağlamayıb.

Eh, onsuz da bir-iki sınıq-salxaq mebeldən başqa evdə nə var ki… Geri qayıtdı. Qapını açarla bağlayıb pillələrə doğru addımladı.

Blokun qapısından çıxıb maşın əlindən tərpənməyə yer olmayan həyətdə gəzişməyin mənasız olduğunu düşündü. Yaxşısı budur binanın arxasına doğru gedim.

Orada heç olmasa beş-altı ağac qalıb. Səndirlədiyindən ayaqlarını güclə sürüyüb binanın arxasına doğru getdi. Arxa tərəfdəki ağaclığa çatıb döyükdü.

Bir qədər dərindən nəfəs almağa çalışdı, ürəyi əvvəlkindən də bərk döyünürdü.

Burda yıxılmamaq üçün binaya söykənməli idi, ancaq binaya söykənsəydi onu anlamazdılar. Yaxşısı budur ağaclara doğru getsin.

İrəli bir-iki addım atıb, ağaclıqda sıra ilə düzülmüş zibil yeşiklərini gördü, ovqatı lap təlx oldu. Nəyə isə söykənməli, nədənsə tutmalı idi. Bir təhər ağaca yaxınlaşdı.

Zibil yeşiklərindən gələn üfunət iyi onu vursa da ağaca söykənib akasiya güllərinin zibilliyin üfunətinə qarışmış iyini qeyri-ixtiyarı ciyərlərinə çəkdi.

Yaxşı ki, külək əsmirdi. Son zamanlar elə bil Bakı küləyi də dəyişib, hamıya qənim kəsilib.

Bəzən avtobusda gedəndə külək, hətta şüşəsi azacıq belə açıq olan pəncərədən yeni tikililərin bütün tozunu, qumunu gətirib adamın ağzına, gözünə soxurdu.

Öskürək onu boğduğundan aşağı çömbəldi. Boğazının qıcıqlanması ara verdiyindən özünü dikəldəndə səksəndi.

Zibil yeşiklərinin o biri tərəfində geyimlərindən cin ürkən iki nəfər zibil qutularını əlləri ilə eşələyib oradan götürdükləri ərzaq tullantılarını, boş şüşələri torbalarına yığırdılar.

Öskürəyi yenidən başladı. Səsə başlarını qaldıran həmin iki nəfər zibilliyi eşmələrinə ara verib ona baxdılar.

Birdən zibil eşələyənlərdən daha yaşlısı yanındakını dümsükləyib zibil qutularından geriyə bir neçə addım atdı.

Onun yanındakı heç nə anlamayıb əlini zibil qutusundan araladı, geriyə çəkildi.

Hər halda onlar bomj idilər. Elə bu zibillikdən yığdıqları ərzaq qalıqları, boş araq şüşələri hesabına küçədə yaşayan evsiz-eşiksiz, yurdsuz-yuvasız zavallılar.

Hər ikisinin rəngi gömgöy göyərmişdi. Hətta bir az da kiflənmiş çörəyin üzərindəki göbələklərin rəngi vardı onların sifətlərində.

Birdən yaşlı səfil yerindən tərpənmədən dilləndi:

- Salam Məsud müəllim. Sizə nə isə lazımdır? Biz indi gedirik, daha bir də bura gəlmərik.

Yaşlı bomjun onu haradan tanıdığına təəccübləndi: - Məni haradan tanıyırsan?

Yaşlı səfil bir qədər duruxdu, çirkdən tarakanları əskik olan saçlarını əli ilə arxaya darayıb, - Heç, dünən biz bura gələndə, - əli ilə ikinci mərtəbəni göstərdi, - ordan bir yaşlı qadın bizə qışqırdı ki, - Siz orada nə edirsiniz?

Üfunətdən evdə oturmaq olmur. Siz də yaxınlıqdan keçirdiniz. Qadın sizi göstərib dedi ki, baxın Məsud müəllim gəlir. Polisdir. Ona deyərəm sizi tutub aparar.

Məsud müəllim biz dünən buranı tərk edib getdik. Bu gün fikirləşdik ki, axırıncı dəfə gələk yeni zibillik axtarıb tapana qədər. İndi çıxıb gedirik.

Nə deyəcəyinə söz tapmadı. Yaşlı səfilin dediyi qadının yaşadığı ikinci mərtəbədəki mənzilin eyvanına və pəncərələrinə doğru baxdı…
Sonra üzünü həmin səfilə tutub,- o, qadın səhv edir.

Mən artıq polis deyiləm. Təqaüddəyəm, - dedi. Yaşlı səfil zibil yeşiklərinin arxasından dövrə vurub, elektrik transformatoru yerləşən tikilinin arxasına doğru qaçdı.

Oradan rəngi getmiş, elə bu zibillikdən götürüldüyünə şübhə olmayan stul gətirib, - Məsud müəllim əyləşin, ayaq üstə durmayın, - dedi.

Sonra cavan yoldaşına tərəf baxıb, - gəl gedək, indi ikinci mərtəbədəki arvad çıxıb qışqırıb-bağıracaq. Məsud müəllimin yanında yaxşı deyil. Məsud müəllim bizə görə bir qulluğunuz?

Bir də buralara gəlmərik. Mənim adım Hüseyn, onun adı isə Fatehdir, tatardı - deyib getmək istədi.

Kapitan dərindən nəfəs aldı. Daha ürəyi sürətlə döyünmürdü. Gümrahlaşıb ayağa qalxdı. Özünü quş kimi hiss etdi.

- İndi hara gedəcəksiniz? - Hüseyndən soruşdu.

Hüseyn, - Məsud müəllim, bu gün çox az butılka (şüşə) yığmışıq. Heç bir dənə «çikuş» (balaca araq şüşəsi) eləmir. Gedək görək başımıza nə gəlir, - dedi.

- Yaxşı, atın əlinizdəki o torbaları dalımca gəlin, - stulu qaldırıb akasiya ağacına söykədi, - Qoy oturacaq burada qalsın, gedək.

Hüseyn duruxdu, - Məsud müəllim, xahiş edirəm, bəlkə bizi polisə aparmayasınız, onsuz da çıxıb gedirik – dedi.

- Əşşi, dedim axı mən artıq təqaüddəyəm. Bizə gedirik, ardımca gəlin.

* * *

Soyuducuda yeni il axşamından ağzı açılmamış «Xan» arağı vardı. Arağı və bir neçə mandarini masanın üstünə qoydu, - Hə indi, borş da qızacaq. Siz isə bir- bir vanna otağına keçib yuyunun.

Paltarlarınızı isə bax bu torbaya yığarsınız, eşiyə çıxanda zibilliyə atmaq üçün. Sonra paltar şkafını açıb çoxdan geyinmədiyi kostyumu və köynək asılmış asılqanı Hüseynə uzatdı.

- Məsud müəllim, mən bunu götürə bilmərəm. Qabaq bütün bomjlar «Azərbaycan» mehmanxanasının yanındakı boş dalanda qalırdılar. Oranı sökəndən sonra limanın qarşısındakı yeni tikilinin həyətində qalırıq.

Mən bu kostyumla ora getsəm, gecə oğurlayacaqlar. Aparıb bir şüşə arağa dəyişəcəklər.

- Yaxşı, gecə harada qalacağınıza hələ baxarıq. Kostyum sənindir. Fatehə isə bir jaket və şalvar uzadıb, - sən də bunları geyin, - dedi.

Əvvəlcə Hüseyn, sonra isə Fateh vanna otağında yuyunub əyinlərini dəyişdilər. Məsud onların üfunət iyi verən köhnə paltarlarını polietilen torbaya yığaraq, mənzilin qapısını açıb, zibil borusu ilə binanın zibilxanasına göndərdi. Rahat nəfəs alıb mənzilə qayıtdı. Janna axşam evə qayıdanda Hüseyn və Fatehi cır-cındırda görüb, heç nə anlamazdı…
Dünəndən qalan borşu ləzzətlə içəri hörtdədən Hüseyn əlini araq rədəhinə uzadıb, - Məsud müəllim, icazə verin sizin sağlığınıza içim.

Sizin kimi mötəbər, daxili işlər orqanlarımızda yüksək vəzifə tutan bir şəxsin bizə belə diqqət göstərməsinə söz tapa bilmirəm.

Sizin şərəfinizə Məsud müəllim!

Kapitan istədi ki, Hüseynin sözlərini kəsib, artıq dünəndən bəri təqaüddə olduğunu ona bir daha xatırlatsın.

Lakin, Fatehin də Hüseynin dediyi sağlığa qoşulduğunu görüb, daha heç nə demədi. Ovqatı yerində idi. Neçə illərin yorğunluğu elə bil indi çıxırdı canından.

Hüseyn isə artıq bir vaxtlar işlədiyi Elmlər Akademiyasından nə üçün qovulduğunun, işsiz-gücsüz, ev-eşiksiz qalmağının səbəblərindən danışırdı.

Qulağı Hüseyndə, onun kədərli söhbətində olsa da, xəyalı yenə də uzaq Hindistanda gəzib dolaşırdı.

Tez-tez öz-özünə bir sualı verirdi, - Nə üçün məhz Hindistan, niyə məsələn elə Yunanıstan, Fransa yox, məhz Hindistan onu ovsunlamışdı?

Öz taleyindən daim şikayətçi olan Məsud özü də bu sala cavab verirdi, - Görünür, onun bəxtinə Hindistan yazılıb.

Nə isə? Bu barədə düşünüb başını yormaqdansa yaxşısı budur elə gözü önünə sevgilisi Kauşarinin o gözəl çöhrəsini gətirsin.

Yenə özünü qınadı. Eh, beş il Moskvada oxudun, bütün ömrünü Bakıda yaşadın, məgər bu müddət ərzində sən özünə buralardan bir sevgili tapa bilmədin, indi də Kauşarinin məhəbbəti ilə alışıb yanırsan?

Bu vaxtadək Kauşaridən sonra görüb bəyəndiyi, xoşuna gələn, vurulmaq istədiyi qadınları yadına saldı.

Hər dəfə onları xəyalında canlandırmaq istədikdə bu qadınları heç cür yada sala bilmirdi, Kauşarinin çöhrəsi gözləri önündən getmirdi…

Bəlkə də Moskvada təhsil almasaydi, Hindistana getməsəydi, onun həyatı başqalarınınkı kimi olardı…

Qapının ağzında Janna göründü. O, tələsik ayaqqabılarını çıxarıb, mətbəxdən boylanan Məsuda ötəri nəzər saldı. Məsudun gülümsədiyini görən Janna heyrətini gizlədə bilmədi.

Çoxdandır ki onu belə şad və xürrəm görməmişdi. Janna üz-gözünü turşudub, - deyəsən təqaüdə çıxmağın sənə ləzzət edir.

İşsiz qalmaqdan gəbərəndə gülərsən, - mızıldandı. Məsud şəhadət barmağını dodaqlarına aparıb, -ssss... qonaqlarımız var – dedi.

Janna mətbəxə keçib, ərinin qonaqlarını salamladı. Hüseynin uzanıb çiyinlərinə düşən saçları, Fatehin saqqalı olmasaydı yəqin ki, onların Məsudun keçmiş iş yoldaşları olduqlarını düşünərdi.

Məsud onu çox da intizarda qoymadan Hüseyni alim, Fatehi isə səksəninci illərin dünya çempionu kimi təqdim edib, yaxın dostları olduqlarını bildirdi.

Fateh bu arada sonuncu iş yerinin bədən tərbiyyəsi institutu olduğunu bildirmişdi.

Janna yataq otağına keçib əynini dəyişdi, yenidən mətbəxə qayıdıb soyuducudan kolbasa və pendir götürdü.

Qaz plitəsinin yanındakı masanın üstündə səliqə ilə doğradı.

Kolbasa və pendiri boşqaba yığıb süfrəyə qoydu, -araq içirsiniz axı, tək borşnan qarın doymaz, - dedi. Özü üçün hazırladığı buterbrodu götürüb, qonaq otağına keçdi.

Hiss olunurdu ki, Janna kişinin bu vaxta qədər görmədiyi dostlarının gəlişindən heç də məmnun deyil. Bir azdan qonaq otağından televizorun səsi gəlirdi. Görünür, Janna hansısa Braziliya seriyalına baxırdı.

Fateh ayağa qalxıb Hüseynə:

- Artıq getmək lazımdır, – dedi.

Hüseyn daha bir kolbasa parçası götürdü. İştahla yedikdən sonra ayağa qalxdı, - müəllim izn verin biz gedək.

Heç bilmirəm sizə necə minnətdar olaq.
Məsud da ayağa qalxdı.

Fateh və Hüseyn ayaqqabılarını geyinib mənzilin qapısından ümumi dəhlizə çıxdılar. Hüseyn bir az tərəddüdlə, - Məsud müəllim, bizim köhnə paltarlarımızı versəydiniz pis olmazdı.

Mən də, Fateh də sizə minnətdarıq, amma bomjlar bizi bu paltarlarda görsələr səhərə kimi nə bu paltarlar qalacaq, nə də ki, bizi rahat yatmağa qoyacaqlar.

Kapitan düşünmədən, - İndi gəlirəm, - deyib mənzilə qayıtdı.

Dəhlizin girəcəyindəki dolabın üst gözünü açıb, oranı eşələyərək hansısa açarları götürüb mənzilin qapısından ümumi dəhlizə çıxdı. Üzünü Hüseyn və Fatehə tutub, - Ardımca gəlin, - dedi.

Məsud, onun ardınca Hüseyn və Fateh həyətə çıxdılar. Yazın ortası olmasına rəğmən bu gün Bakıda hava soyuq və şaxtalı idi.

O, iti addımlarla həyətın yan tərəfində sıra ilə düşmüş qarajlara doğru getdi. Ortadakı dəmir qaraja yaxınlaşıb əlindəki açarla qarajın qapısını açmağa çalışdı.

Qarajın qapısının açar yeri pas atdığından açar çox çətinliklə oturdu, əli ilə qarajın qapısını irəli itələyib açarı burdu.

Qarajın qapısı cırıltıyla açdıqdan sonra alışqanı yandırıb içəri keçdi.
Ömründə onun avtomobili olmamışdı. Elə Zübeydədən ayrılıb atasıgilə köçdükdən sonra da çox nadir hallarda qarajın qapısını açmışdı.

Odur ki, qarajın dörd bir yanını əl qalınlığında toz basmış, tavan hissəsi demək olar ki, bütövlükdə hörümçək toru ilə örtülmüşdü.

Qarajın içərisində tozdan görünməz olan divandan, bir-iki sınıq salxaq əşyadan başqa heç nə gözə dəymirdi.

Həmin gecə Hüseyn Fatehlə qarajın tozunu, hörümçək torlarını təmizləyib qurtardıqdan sonra, gecə yarısı divanı açıb, şirin yuxuya getdilər. Məsud onlardan ayrılıb pillələrlə yuxarı, mənzilinə doğru addımladı.

Pillələri qalxdıqda ürəyinin necə döyündüyünü aydınca eşidirdi. Araq içəndə həmişə belə döyünürdü ürəyi, az qalırdı ki, yerindən çıxsın.

Pillələrin məhəccərindən yapışıb, bir qədər nəfəsini dərdi. Mənzilinə qalxıb bir təhər özünü yatağına atacaqdı.

Yəqin ki, xəta-balasız ötüşən bu günü də belə yola verəcəkdi…

O, mənzilin qapısını örtüb içəridən bağladı. Janna artıq yatağına uzandığından dəhlizdəki zəif işıqdan başqa mənzilin bütün işıqlarını söndürmüşdü.

Paltarlarını soyunub yerinə girdi. Janna mışıl-mışıl yatırdı. Yerini rahatlayıb böyrü üstə uzandı, əlini qulağının üstünə qoyub, yuxuya getməyə çalışdı…

* * *

…Bura deyəsən Hindistan idi. Yuxuda bəzən hər şeyi dəqiqliyi ilə görmək olmur. Yox, dəqiq Hindistandır.

Qadınlar əl-əlvan sari geyiniblər, kişilər ağ paltarlarda. Onlar üst-üstə qalanmış odun parçalarının əhatəsinə toplaşıblar. Burda nə baş verir?

O, odun qalağının üstünə ağa bürüdülüb uzadılan kimdir görəsən? Yaşlı kahin hindu dilində dua oxuduqdan sonra əlində yanar məşəl tutan bir adam odun qalağını bir neçə yerdən odladı.

Bir qədər sonra odun qalağı üstünə ağa bürüdülüb uzadılan insan cəsədi od tutub yanmağa başladı...

Bir yaşlı qadın alovun əhatəsindəki insanlardan aralanıb ona yaxınlaşdı. Tənə dolu baxışlarla bir xeyli ona süzdükdən sonra: - Məsud sənsən? - dedi.

- Mənəm!

Yaşlı qadın onun yaxasından tutub, var gücü ilə silkələdi: Öldü Kauşari! Sənin dərdinə dözməyib öldü. Sən kişi olmadın.

Verdiyin sözə əməl etmədin. İndi nə var durub gəlmisən? Artıq gecdir! Rədd ol!, - dedi. Yenidən yanan alovun əhatəsinə qayıtdı, adamlar arasına qarışdı.

Aman Allah! Onun yaxasından tutub silkələyən Kauşarinin anası idi. Həmin o qalaq-qalaq odunun üstündə yandırılan Kaşuarinin.

Onun illərlə həsrətində olduğu Kauşari. Bir dəfə rəisinin qorxusundan gedə bilmədi. Neçə illər ard ardınca məzuniyyətə çıxmağa qoymadılar.

O biri dəfə düşündü ki, Zübeydə bilər, həyatını zəhərə döndərər. Bir başqa vaxt da fikirləşdi ki, qohum-qonşu, el-oba nə deyər?

Çırtıltı ilə yanan odun qalaqlarından xəfif tüstü yuxarı, göylərə qalxırdı. Topalaşıb buludu xatırladan tüstü qatında birdən-birə Kauşarinin sifəti aydın göründü. Kauşarinin kədərli qara gözləri ətrafı süzüb sanki kimi isə böyük maraqla axtarırdı.

Birdən Kauşarinin gözləri ona sataşdı. Həsrət dolu baxışlarla süzdü, sanki ona əl eyləyirdi – Məsud! Məsuuud! Gəl… Gəl… Gəl…

* * *

- O Qospodi pomiluy! Qospodi pomiluy!!! (Tanrim, sən özün kömək ol!) Aman Allah! – Jannanın tükürpərdici qışqırtısına üzbəüz mənzildə yaşayan qonşular gəldilər. Janna Məsudu nə qədər silkələsə də o tərpənmir, həyat əlamətləri vermirdi…

* * *
Təcili yardım həkimi onun nəbzini yoxlayıb, ürəyinə qulaq asdı, - Başınız sağ olsun xanım, artıq keçinib. Allah rəhmət eləsin, - dedi. Təcili yardım həkimi çantasını götürüb qapıya doğru tələsdi.

Bir qədər sonra isə hələ də özünə gələ bilməyən Janna Məsudun meyiti yanında tək qalmışdı. Artıq qonşular da çıxıb getmişdi. Sonuncu qonşu gedərkən dedi:

- Janna, artıq gecdir. Kişini dəfn eləmək lazımdır. Qohumlarına zəng vur.

Özünü itirmiş Janna çətinliklə ayağa qalxdı. Bütün bədəni titrəyirdi. O, hələ də özünə gələ bilmirdi. Telefona yaxınlaşdı. Dəstəyi qaldırdı. Mən kimə zəng edim?

O, Məsudun nə bir qohumunun nömrəsini bilirdi, nə də bir dostunun. Bəlkə keçmiş arvadı Zübeydənin telefonunu qonum-qonşulardan öyrənib ona zəng vursun.

Desin ki, bilirsən nə var? Gəl ərinə yiyə dur. Hər-halda onunla on il bir yastığa baş qoyan sən olmusan. Amma yox, Zubeydə ona heç qulaq da asmazdı…

Həyətə düşdü. Səhər tezdən olduğundan həyətin ortasındakı dayanacaqda maşınlar bir-birinin ardınca işə düşüb həyəti tərk edirdilər.

İnsanlar hamısı, öz iş- güclərinə tələsirdilər. Birdən sağ tərəfdə dəmir qarajın qapısı ağzında Hüseyn və Fateh göründü. Janna ərinin dostlarını görcək hövlnak onlara tərəf qaçdı:

- Siz… Sizsiniz? Siz burda nə edirsiniz?

- Məsud müəllim, bizim burada qalmağımız icazə verdi. Allah ondan razı olsun! Allah ona can sağlığı versin.

- Öldü sizin Məsud müəllim, öldü… Qalxın yuxarı. Onu dəfn etmək lazımdır.

Heç nə anlamayan Həsən və Fateh maddım-maddım bir-birlərinin üzünə baxdılar, hələ heç nə anlamadan, yuxulu adamlar kimi, Jannanın ardınca binaya tərəf addımladılar.

- Onun heç kimi yoxdur. Mən də gedim görüm haradan pul taparam. Onu dəfn eləmək lazımdır, - Janna dedi və mənzildən çıxdı.

Həmin gün Janna evə qayıtmadı. Hüseyn və Fateh Məsudun meyiti olan otaqda divanın üstündə oturub xeyli gözləsələr də, Jannadan xəbər çıxmadı ki, çıxmadı…

* * *

Gecə saat üçün yarısı idi. Janna hələ də gəlməmişdi. Hüseynlə Fateh həyətə düşüb, binanın arxasına doğru getdilər.

Həmin gün onlar şəhərin bir neçə zibilliyini ələk-vələk edib, topladıqları boş araq şüşələrini təhvil verdilər. Axşamın alatoranında əldən düşüb boş şüşə qəbul edən məntəqənin qapısındakı skamyada əyləşdilər.

İkisinin birlikdə topladıqları şüşələrə cəmi cümlətani otuz manat pul vermişdilər. Hüseyn üç onluğa baxıb dərindən köks ötürdü.

- Fateh sən məscidə get, öyrən gör kişinin basdırılması üçün nə qədər xərcimiz çıxar?

Fateh ah çəkdi.

- Hüseyn, sən heç bilirsən ki, təkcə onu yudurdub basdırmaq neçəyə başa gəlir? Mən heç yas mərasiminin özünü demirəm. Heç bilirsən çadır neçəyədir?

- Yəni deyirsən ki, onu basdıra bilmərik?

- Yox, Hüseyn. Bax, deyim sənə, meyiti yuyub kəfənləmək – 50 dollar, tabut – 40 dollar, qəbir qazmaq – 150 dollar, hələ mən qəbiristanlıqda yer almaq məsələsini demirəm. Təkcə mən dediklərim 280 dollar eləyir.

- Hə, bu çoxdur. Bizlik deyil.

Fatehin gözləri yaşardı, o duruxdu.

- Hüseyn, bəlkə onu xristian kimi dəfn edək. Deyək ki, həyat yoldaşı rusdur. O da nə vaxtsa qəbul edib xristianlığı. Mən öyrənmişəm, xristianlarda yumaq – 60 dollar, paltarlar – 60 dollar, tabut 100 dollar edir.

Qəbir qazmaq onlarda ucuzdur – 100 dollar, katafalk – 40 dollar, bu da cəmi edir 360 dollar.

- Yox əşi, onlarda bizdən də baha çıxır ki. Bəs sinaqoqda neçədir görəsən?

- Sinaqoq hardadır?

- Cuhudlar məhəlləsində.

Fateh:

- Heç nə etmək mümkün deyil? Sənin sözündən belə çıxır ki, onu yandırmalıyıq?

- Sən zarafat elə. Gəl onu yandıraq. Deyək ki, o, həmişə Hindistandan danışırdı. Orda ölüləri yandırırlar.

- Deyərik ki, sən demə, Buddizmi qəbul etmişdi. Ölməzdən qabaq vəsiyyət edib ki, onu yandıraq.

- Yox Fateh, yox. Axı o, normal bir müsəlman kimi dəfn olunmağa layiq insandır. Heç bilmirəm neynəyək.

- Yaxşı, gəl gedək, görək Janna qayıdıb gəlib, ya yox.

Dostlar Məsudun mənzilinə gələndə Janna hələ də qayıtmamışdı. Səhərdən bəri mənzilin bütün pəncərələri, eyvanın qapısı açıq olduğundan mənzil soyuq idi. Hüseyn yataq otağında, Fateh isə qonaq otağındakı divanda uzandı, amma nə qədər yorğun olsalar da gözlərinə yuxu getmirdi.

- Bu Məsud müəllim də ölməyə vaxt tapdı. Dünən fikirləşirdim ki, bizə də bir əl tutan tapıldı. İndi Allah bilir nə olacaq, yəqin, Janna bizi qarajdan çıxaracaq. Ehhhh…Məsud müəllimə nə var ki? O heç olmasa öz isti yatağında öldü.

Bizim isə harada öləcəyimiz də məlum deyil… – Bu Hüseynin qızdırmalı düşüncələri idi. Fatehin isə nə düşündüyünü o bilmirdi. Amma heç olmasa, yüzcə qram araq içməsə yata bilməyəcəyinə əmin idi.

Fatehi səslədi. Fateh dərhal hay verdiyindən onun yatmadığına əmin olub dilləndi:

- Qulaq as, onsuz da bizdə olan pullarnan kişini basdıra bilməyəcəyik. Qaç bir araq, bir az da kolbasa çörək al. Yoxsa səhərə kimi bir təhər olarıq.
Fateh, elə bil, Hüseynin bu sözləri deyəcəyi anı gözləyirdi. Yerindən dik atıldı.

- Sən düz deyirsən. Yoxsa səhərə kimi burda donub ölərik, - dedi.

Sonra ayağa qalxıb dəhlizə çıxdı. Ayaqqabılarını geyinib, yaxınlıqdakı marketə yollandı.

***

Araq dolu stəkanları bir-birinə vurdular.

- Qəbri nurla dolsun!

İki şüşə arağı içib qurtardıqdan sonra, içkinin təsirindən bütün günün yorğunluğu özünü daha çox büruzə verirdi. Hüseyn ayaqlarının ağırlığından səndirləyə-səndirləyə özünü Məsudun meyiti olan otaqdakı divanın üstünə atdı.

Fateh mətbəxin açıq pəncərəsindən içəri dolan soyuqdan üşəndi.

Deyəsən bu gün həm də soyuqlamışdı, bütün bədəni ağrıyırdı. Ayaqlarını güclə sürüyüb qonaq otağındakı divana doğru getdi. Gözü servantın yanındakı spiralları görünən elektrik sobasına sataşdı.

Sobanı elektrik xəttinə qoşdu, divanın baş tərəfindki stulun yanına qoydu.

Daha yaxşı istilik versin deyə sobanı arxası üstə uzadıb əllərini istinin üstünə tutdu. Bir yandan yorğunluğu, bir yandan da soyuqlamış canını isidən hərarət onu xumarlandırdı.

Yuxulu-yuxulu Məsudun verdiyi jaketi çıxarıb stulun üstünə atdı, amma jaketin stulun üstünə deyil, elektrik sobasının spiralları üstünə düşməsindən xəbəri olmadı…

* * *

…Gecə qaranlığının səssiz sükutunu yanğınsöndürən maşınlarının vahiməli uğultuları pozdu.

Binanın sakinləri haray-həşirlə həyətə qaçışırdılar. Otuz il milis və polis orqanlarında işləmiş Məsud İbrahimzadənin mənzili çırta-çırtla od tutub yanırdı.

Onun cəsədini yanğınsöndürənlər odun alovun içərisindən güclə çıxardılar. Məsudun mənzilindən uzanan alovun dilləri gecənin qaranlığını yalayırdı…

…Od tanrısı Aqnı gülümsəyirdi…

Fevral 2010
XS
SM
MD
LG