Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:38

Bayraq Meydanı açıldı




Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

İlham Əliyev Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışaraq bildirib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.

Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən prezident İlham Əliyev gələcəkdə yeni layihələrin icra olunacağını, ölkənin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırdı.

Azərbaycanın gözəl təbiətə malik olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcək və bununla bağlı artıq konkret işlər görülür.

Prezidentin fikrincə, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır.
İlham Əliyev Dövlət Bayrağını dirəyə keçirir


Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb.

Bundan sonra hər il noyabrın 9-u respublikada Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.

Amerika Birləşmiş Ştatlarının «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın «Azenko» şirkəti yerinə yetirib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək.

Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı.

Avqustun 3-də isə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyat fondundan meydandakı tikinti işlərinin başa çatdırılması üçün əlavə 10 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb.

HƏMÇİNİN OXU: İsrail bayrağı dünya rekordunu qırıb
XS
SM
MD
LG