Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

“Qara bağ”ın müəllifi Tomas de Vaaldan yeni kitab gəlir


Tomas de Vaal
Tomas de Vaal
"Təbii ki bu kitab bir çoxlarına xoş gəlməyəcək.

Amma əgər mən hamının xoşuna gələn kitab yazsaydım, onda öz işimi vicdanla tutmuş olmazdım.

Mən regionda - Azərbaycanda, Gürcüstanda, Ermənistanda olmuşam, müxtəlif nöqteyi nəzərləri əhatə etməyə çalışmışam.

Nə alınıb- qoy ona oxucular qiymət versin"


Tanınmış britaniyalı jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal cənubi Qafqaz haqqında yeni kitab yazıb. Yaxın günlərdə beynəlxalq satışa çıxarılacaq kitab “Qafqaz” adlanır.

Azadlıq Radiosunun “Oxu zalı”na müsahibəsində müəllif deyir ki, kitabının əsas mesajı budur: regionun taleyini heç də dünyanın böyük dövlətləri yox, yerli oyunçular müəyyən edir.

Tomas de Vaal bildirir ki, region haqda ikinci bir kitab yazmasının səbəbi dünya ölkələrində, xüsusən ingilisdilli ölkələrdə bölgə haqqında məlumat azlığıdır.

“Hər bir kitabda yeni nəsə olmalıdır. Mən hiss elədim ki, mövzuyla bağlı ingilisdilli ədəbiyyatda bir böşluq var.

Ona görə də belə bir kitab yazdım. Bu, cənubi Qafqaz haqda bir məlumat kitabıdır.

Bir az tarix, bir az siyasət, bir az konflikt, bir az enerji haqda.

Bu, regionun çox mürəkkəb tarixini anlatmaq cəhdidir.

"Qara bağ" kitabımdan fərqli olaraq buraya - yeni kitabın adından da göründüyü kimi Gürcüstan haqda da məlumatlar əlavə edilib”.


De Vaal deyir ki, əgər "Qara bağ" kitabı bir növ konflikt zonasından reportaj idisə, yeni kitab daha çox kitabxanalarda müxtəlif mənbələr, əsasən də tarix kitablarından istifadə etməklə yazılıb.

Amma o bildirir ki, axır illərdə regiona bir neçə dəfə səfər də edib. Müəllif öz kitabının əsas mesajı haqda bunları deyir:

“Düzdür, Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif ölkələrlə dostluq edə bilərlər.

Amma əgər cənubi Qafqazın gələcəyi varsa, həmin gələcək yalnız bu üç ölkənin iqtisadi işbirliyindən, vahid iqtisadi region kimi əməkdaşlığından keçir.

Onların şosse yolları, dəmir yolları, infrastrukturları əlaqəli olmalıdır. Amma bu, tezliklə baş verməyəcək.

Qarabağ konflikti regionun üç ölkəsindən ikisini – Ermənistan və Azərbaycanı ayırır.

3 dövlətin əməkdaşlığından onların hər biri qazanardı”.

Tomas de Vaal deyir ki, kitabın yazılması ideyası onda bir neçə il əvvəl yaranıb, 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş verən müharibədən sonra mövzu aktuallaşıb və nəşriyyat kitabın çapına daha həvəslə razı olub.

Azərbaycanda keçmiş dövlət rəhbəri Yaqub Məmmədovun “Biz böyük oyunun "peşkalarıyıq” fikriylə razılaşanlar az deyil.

Amma bununla bağlı sualımıza cavab olaraq Tomas de Vaal deyir ki, onun kitabının əsas mesajı cənubi Qafqazda hər şeyi böyük dövlətlərin həll etməsi haqda kifayət qədər geniş yayılan belə fikirlərlə ziddiyyət təşkil edir.

"Mən bununla qətiyyən razı deyiləm. Məncə, yerli oyunçular daha güclüdür.

Düzdür, böyük dövlətlərin bu regiona böyük təsiri var. Amma sonda qərarı yerlilər verir.

Qarabağ münaqişəsinə baxın. Əgər beynəlxalq vasitəçilərə qalsaydı, onlar münaqişəni çoxdan həll edərdilər.

Əsas problem odur ki, ermənilər və azərbaycanlılar razılığa gələ bilmirlər.

Mən düşünmürəm ki, cənubi Qafqaz bir şahmat taxtası, yerlilər isə piyadalardır.

Əksinə məncə yerli oyunçular daha güclüdür”.


Tomas de Vaal deyir ki, atəşkəs razılaşmasından bu yana Azərbaycan iqtisadi baxımdan xeyli güclənib, amma onun fikrincə, Azərbaycanın yeni müharibəyə başlaması ağıllı hərəkət olmazdı.

Onun fikrincə, belə müharibədə Azərbaycanın qalib gələcəyini də əminliklə söyləmək mümkün deyil.

Britaniyalı jurnalistin fikrincə, Azərbaycan üçün ən mühüm şey onun neft-qaz sənayesidir, ölkənin inkişafı bununla bağlıdır və bunu təhlükə altına qoymaq müdrik bir hərəkət olmazdı.
XS
SM
MD
LG