Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Azərbaycan hökumətinə nə lazımdır?


2005-ci il parlament seçkilərindən etibarən Azərbaycanda ifadə azadlığının vəziyyəti xeyli pozulub
2005-ci il parlament seçkilərindən etibarən Azərbaycanda ifadə azadlığının vəziyyəti xeyli pozulub
2005-ci il parlament seçkilərindən etibarən Azərbaycanda ifadə azadlığının vəziyyəti xeyli pozulub. Bu fikir «Artikıl 19» beynəlxalq təşkilatının Azərbaycanda ifadə azadlığının vəziyyəti ilə bağlı hesabatından götürülüb. Hesabat son 5 ili əhatə edir və mövcud vəziyyət Azərbaycanda səlahiyyətli orqanların ifadə azadlığının məhdudlaşdırılması istiqamətində gördükləri tədbirlərin nəticəsi olaraq dəyərləndirilir.

25 TÖVSİYƏ…

Hesabatda nə az, nə çox düz 25 tövsiyə də yer alıb.

Ora jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünü icra etmək, hazırda həbsdə olan Ruslan Bəşirli, Emin Milli, Adnan Hacızadənin dərhal azadlığa buraxılması və mərhum jurnalist Elmar Hüseynovun qətlində zərər çəkmiş insanlara kompensasiyalar ödəmək daxil edilib.

Bundan başqa, jurnalistlərə və onların ailələrinə edilən təzyiqlərin araşdırılması da Azərbaycan hökumətindən istənilən məsələlər sırasındadır. Tövsiyələr sırasında müxalifət partiyalarının, gənclər təşkilatlarının və bəzi qeyri-hökumət qurumlarının üzləşdikləri problemlərə də yer ayrılır.

«Artikıl 19» təşkilatı müxalifət və gənclər təşkilatlarına sərbəst toplaşmaq azadlığının verilməsini vacib sayır. Bundan başqa, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyata alınması də tövsiyə edilir.

AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ TƏZYİQLƏR ETMƏK…


Bəxtiyar Sadıqov
Təşkilatın 9 tövsiyəsində isə beynəlxalq ictimaiyyətdən bir sıra məsələlərə geniş diqqət ayırmaları istənilir. Orada qeyd edilir ki, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycan hakimiyyətinə təzyiqlər artırılmalıdır.

Azərbaycan hakimiyyəti və hakimiyyətə yaxın qüvvələrin bu hesabata reaksiyası isə beynəlxalq təşkilatların bu qəbil tövsiyələrinə əvvəlki reaksiyalardan bir elə fərqlənmir. Millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov düşünür ki, hesabat qərəzli hazırlanıb. Onun fikrincə, hesabat real faktlara yox, Azərbaycanı istəməyən erməni mənşəli qüvvələrin maliyyələşdirdiyi təşkilatların uydurma iddialarına söykənir.

Bəxtiyar Sadıqov deyir ki, istər jurnalist Eynulla Fətullayev istərsə də gənc bloqçular öz baxışlarına görə yox, törətdikləri əməllərə görə məsuliyyətə alınıblar.

HÖKUMƏT «ARTİKIL 19» TƏMSİLÇİLƏRİNİ NİYƏ QƏBUL ETMİR?


«Artikıl 19» təşkilatının icraçı direktoru Aqness Kalamart isə AzadlıqRadiosuna demişdi ki, Azərbaycan hökuməti onlarla görüşməyə ən az maraqlı olan hökumətdir. Təşkilatın təmsilçiləri uzun müddət Prezident Administrasiyasının rəsmiləri ilə görüşə can atsalar da, onlara bu şərait yaradılmayıb. Bəxtiyar Sadıqov məsələnin bu tərəfini isə belə dəyərləndirir:

- Əvvala bunlar bir xoş niyyət, xoş məram ortaya qoymalıdırlar ki, insanlar onlarla görüşsün. İkincisi, sən daim qərəzli, qeyri-obyektiv informasiyalar verirsənsə, qəbul edilməməyinin səbəblərini özündə axtarmalısan.

AZƏRBAYCAN HÖKUMƏTİNƏ TƏRİFLƏNMƏK YOXSA PROBLEMLƏRİN HƏLLİ LAZIMDIR?

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, əgər Azərbaycan hakimiyyətinə qarşı həqiqətən də qərəz varsa, bu müzakirə ilə yoluna qoyulası problemdir. A.Əliyevin düşüncəsinə görə, yalnız tərif eşitmək müzakirələri çox dar çərçivəyə sala bilər:

Arif Əliyev
- Mənə elə gəlir ki, əslində Azərbaycan hökuməti belə görüşlərdən ona görə qaçır ki, ortaya dəqiq faktlar qoyulur və bu faktları inkar etmək mümkün deyil. Yəni nə qədər jurnalist həbsdədir, nə qədər jurnalist döyülüb, jurnalistlərin döyülməsi ilə bağlı cinayət işlərinin neçəsi sona çatıb. Bunlar riyaziyyatdır və onu inkar etmək mümkün deyil.

«Artikıl 19» təşkilatı isə Azərbaycan hökuməti qarşısında çox konkret məsələlər qoyur və bu məsələlərin aydın şəkildə izahatını verir. Elə AzadlıqRadiosunun qonağı olan bu təşkilatın icraçı direktoru Aqness Kalamart «İşdən sonra» proqramında bunlardan bir neçəsini dilə gətirmişdi:

- Biz bu iki gənc bloggerin hökumətdən dərhal azad edilməsini istəyirik. Çünki bu situasiyanın absurdluğunu göstərir ki, iki gənc polisə kömək üçün müraciət edir və kömək almaq əvəzinə onlar həbs olunurlar. Bu sistemin absurdluğunu göstərən bir şeydir. Onlar dərhal azad olunmalıdırlar ki, öz ailə üzvləri ilə, öz dostları ilə bir yerdə olsunlar və cəmiyyətə xeyir gətirə bilsinlər.
XS
SM
MD
LG