Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

«Məktəb uşaq sağlamlığına ziyandır»


Yerevanda orta məktəb
«Ermənistan məktəblərinin əksəriyyəti kəmiyyət və keyfiyyət baxımından tədris müəssisəsi standartlarına cavab vermir. Məktəb təhlükəsiz, gigiyenik və uşağın inkişafını təmin edən bir yer olmalıdır».

Ermənistanın keçmiş Təhsil naziri, hazırda Mxitar Sebastaçi məktəbinin direktoru Aşot Bleyan bu fikirdədir:

«Təəssüflər olsun ki, bu gün məktəb mühiti uşağın inkişafına xidmət etmir. Məktəb əzbərçiliyə məcbur edir və keçmişə yönəlib. Hazırkı məktəblər bilik almaq istəyənlər üçün deyil. Mən bunu «əzbərçilik məktəbi» adlandırıram. Bir məsələ də var ki, heç kim əzbərlənməli olan materialları tədqiq etməyib».

«BUFETLƏR ASAN QAZANC MƏNBƏYİNƏ ÇEVRİLİB»

Gigiyena və təhlükəsizlik məsələlərinə gəlincə, Aşot Bleyan bunları deyir:

«Məktəb uşaq sağlamlığına ziyandır, çünki bir çox məktəblər gigiyenik deyil və bu, bir faktdır. Yüzlərlə məktəb qızdırılmır, tualetlər natəmiz vəziyyətdədirlər, su problemi həll edilməmiş qalır, bufetlər isə asan qazanc mənbəyinə çevrilib. Bütün bunlar uşaqlarımıza mədəniyyət və gigiyena vərdişləri aşılamır. Tənəffüslər səs-küylə və qaçışlarla müşayiət olunur – bu mühit təhlükəlidir. Bu isə o deməkdir ki, tədris proqramı uşaqlar üçün tam uyğun deyil və onlar oturmağa məcbur edilirlər».

Aşot Bleyan
Bleyanın fikrincə, nəinki şagirdlərin, eləcə də müəllimlərin müstəqil düşünüb, yaratmaları üçün imkan yoxdur:

«Dərslik və tədris planı məcburidirsə, tədris strukturu mövcud deyilsə, bu şəraitdə müəllim nə yarada bilər?».

«TƏHSİLİ OLMAYANLAR DAHA ÇOX UĞUR QAZANIR»

89 saylı orta məktəbin tarix müəllimi Mariam Kiraksayan da hesab edir ki, şagirdlər çox yüklənirlər və müəllimlər bunu çox yaxşı anlayır:

«Ancaq məcburi tədris planı var ki, ondan kənara çıxmaq olmaz. Proqram o qədər ağırdır ki, nəticədə şagirdlər yorulurlar və hər hansı istedadın formalaşmasına imkan verilmir. Bütün fənlərə qarşı ciddi tələb var və müəllim onları çatdırmağa məcburdur. Nəticədə şagirdlər hər şeydən məlumatsız olur, gecə saat 12-yəcən ev tapşırıqlarını yerinə yetirməyə məcbur edilirlər».

89 saylı məktəbin direktoru Ofeliya Petrosyan da etiraf edir ki, uşaqlar çox yüklənir deyə, məktəbə və fənlərə nifrət etməyə başlayırlar. Şagirdlər uğur qazanmaq və rahat yaşamaq üçün təhsilin böyük rol oynamadığını düşünürlər:

Uşaqlar çox yüklənir deyə, məktəbə və fənlərə nifrət etməyə başlayırlar
«Reallıq belədir ki, təhsili olmayan bir çoxları hazırda daha çox uğur qazanır. Uşaqlar da görür ki, böyük evlərdə yaşayan və bahalı maşınları olan hansısa oliqarxın mühafizəçisinin heç bir təhsili, biliyi yoxdur. Onlar da bu cür yaşamaq istəyir».

«ÜFUNƏT VƏ NATƏMİZLİYƏ GÖRƏ UŞAĞIM TUALETƏ GETMİR»

Yerevanda fikrini öyrəndiyimiz valideynlər də öz narazılıqlarını bildirdilər – həm məktəb proqramının həddindən artıq yüklü olmasından, həm də məktəblərdəki şəraitdən.

- «Məktəbdə uşağın özünü normal hiss etməsi üçün şərait yoxdur. Özü də məktəbimiz paytaxtın mərkəzində yerləşir! Bəzi siniflərdə yaxşı işıqlandırma da yoxdur. Direktordan xahiş etmişik ki, dərslər başqa otaqlarda keçirilsin ki, sonradan övladlarımızın gözlərində problem yaranmasın. Uşağın inkişafı üçün kompüter və elektron proqramlar mövcud deyil».

- «Uşağım 1-ci sinifdə oxuyur, üfunət və natəmizliyə görə tualetə getmir. Bu da onun sağlamlığına təsir edir. Bufetə də getmir, çünki yuxarı sinifdə oxuyan qızım bufetdən aldığı buterbrodu yeyəndən sonra mədəsində problemlər yaranmışdı».

Növbəti müsahibimiz də dərs prosesindən narazıdır. Deyir ki, müəllimlərin təzyiqi uşaqları ruhdan salır və onların inkişafına mane olur:

«Müəllim uşaqlarla ümumi dil tapmalıdır. Bir şagirddə musiqi və humanitar sahədə istedad aşkarlanırsa, müəllim fizika və cəbrdən təzyiqini azaltmalıdır. Məsələn, mənim uşağım artıq məktəbə getmək istəmir...».
XS
SM
MD
LG