Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:49

Arif Qasımzadə "Cərimə" (Hekayə)


Balacaboy, dazbaş və dolu bədənli cavan nəzarətçi elektrik sayğacının böyür-başını diqqətlə yoxlayıb, özünün tam əksi olan arıq, uzun və beli bir az da bükülü olan ev sahibinə matdım-matdım baxdı.

Ev sahibi küçəyə çıxmışdı ki, siqaretdən tüstülətsin və dərd-sərdən iki dəqiqəliyinə də olsa uzaqlaşsın.

Fikri yenə məchullardaydı. Nəzarətçi onun dillənmədiyini görüb bir az da yaxınına gəldi.

Ona baxıb karıxıb qaldı, bilmədi necə müraciət eləsin. Evinə nəzər yetirdi “cənab”lıq deyildi, simasına baxdı “müəllim” üçün yaramırdı, “yoldaş” kəlməsi isə ömrünü çoxdan başa vurmuşdu.

Nəhayət bir qərara gəlib, dili dolaşa-dolaşa deyə bildi :

- Vətəndaş, siz cərimə olunursuz!..Sayğaca müdaxilə olunmuşdur...Alın bu çeki cərimənizi yerindəcə ödəyin! – Tələm-tələsik əlində tutduğu bir qalaq kağızdan birini cızma-qara elədi, sonra həmin vərəqi cırdı və ev sahibinə uzatdı. – Buyurun, - dedi.

- Necə? Nə dedin sən? – Ev sahibi siqareti söndürüb bir tərəfə atdı. – Bir də təkrar elə görüm!..

- Cərimə...Çek...Sayğac...Müdaxilə... – nəzarətçi qırıq-quruq kəlmələrlə əbəs yerə ev sahibini başa salmağa çalışırdı.

- Nə cərimə ə... – O, artıq hirslənməyə başlayırdı. – Ömrümdə əlim ora dəyməyib. Yoxsa canımdan bezmişəm? Tok vursun öldürsün məni?

Nəzarətçinin kağızı bərk-bərk tutan əli uzadılı qalmışdı. Ev sahibi isə onu almağa tələsmirdi.

Elə bil ki, bu adi kağız deyildi, orduya çağırış vərəqəsiydi, alsaydı onu həmin saniyə tutub əsgərliyə aparacaqdılar.

O, bir siqaret də yandırıb damağına qoydu, ürək dolusu bir qüllab alıb, tüstüsünü havaya buraxandan sonra nəzakətlə nəzarətçiyə dedi:

- Canım üçün düz sözümdü, mənə elə baxma. Onu səndən əvvəlki nəzarətçi düzəldib ki, pul az yazsın. Amma heç bir xeyri olmadı. Həmin bu sayğac elə öz bildiyini eləyir.

- ... – Nəzarətçi susurdu.

- Yaxşı gəl belə eləyək onda. Bunun cəriməsi nə qədəriydi, bir de görüm. – Ev sahibi yumşalmağa başlayırdı.

- Budey burda, kağızda yazılıb da! – nəzarətçi get-gedə ürəklənirdi, - 200 manat...

- Nə qədər? İki yüz manat? – Onun alnının, üz-gözünün kələ-kötürlü qırışları bir az da dartıldı. Elə bil ki, ağır zaman sınağının maşınları bu adamın sir-sifətini şumlayıb keçiblər. – Ə, nə danışırsan? Başın xarab olub nədir? Nə iki yüz manat! Heç bilirsən maaşım nə qədərdi? – Ev sahibinin bir az əvvəl yenicə düzəlmiş əhval-ruhiyyəsi büsbütün korlandı.

- Mənə nə sizin maaşınızdan. Tez olun, cəriməni ödəyin çıxım gedim işimə, gör bir nə qədər baxılmalı sayğaclarım var. Hamısını yoxlamalıyam axı... - əlini məhəllə boyu uzanıb gedən evlərə sarı tuşladı. - əks halda elektrikinizi kəsməli olacağam. – Nəzarətçi artıq ram edilməz olmuşdu və mənəm-mənəm deyirdi.
Ev sahibi daha bir siqaret yandırdı, bir qədər də fikirləşməyə başladı. Özünü ələ alıb nəzarətçini yola gətirməyə çalışdı:

- Ay qardaş, məni də başa düş, yazdığın cərimə bir aylıq maaşımdı. Dörd baş da ailəm var. Hərəyə də düz əlli manat düşür, düzdürmü? – Ev sahibi şirin dilini işə salmışdı və bu sözlərdən sonra daş büt olsa belə əriməliydi.

- Doğrudur, - nəzarətçi deyəsən yola gəlmək istəyirdi. – düzdür, elədir. – dedi.

- Ay sağol, atan oldu rəhmətlik! – ev sahibi sevinməyə başlayırdı.

- Atam hələ ölməyib... – nəzarətçi qaş-qabaqla deyindi.

- Onda baban olsun rəhmətlik, – ev sahibi böyük bir işi aşırırmış kimi əllərini bir-birinə vurub ürəkdən qəşş eləyib güldü. Nəzarətçi isə key-key ona baxırdı və onun nə deyəcəyini gözləyirdi. – Hə, demək onda belə eləyək, cəhənnəmə ki, bir ay ac qalaram, yemərəm-içmərəm pulunu verərəm sənə. Gücüm ancaq buna çatar, əlli manata. Halal xoşun olsun...

Nəzarətçi bunu eşidən kimi bayaqdan əlində tutub saxladığı kağızı səliqəylə qatlayıb o biri kağızların üstünə qoydu. Cibindən əl dəsmalını çıxarıb daz başının, alnının tərini sildi. Sanki bununla demək istəyirdi ki, alnımın tərini tökə-tökə min bir əziyyətlə gör necə pul qazanıram. Bir-iki dəqiqə dərindən fikirləşəndən, götür-qoy edəndən sonra :

- Daha sənsən də, - dedi, - amma dübbədüz yarısını. Dədə malı kimi yarıbayarı bölək. 100 manata bağlayaq işi qurtarsın getsin. – O, özünü bu dəfə müstəntiq kimi aparırdı.

- Necəəəə?.. – Ev sahibinin bayaqdan bəri əldə etdiyi tarazlıq şüşə qab kimi çiliklənib yerlə bir oldu.

- Yüz manat, - dedi nəzarətçi, - bir qəpik də əskik olmaz.

- Əlli manat, - ev sahibi də borclu qalmadı, - bir qəpik də artıq verməyə imkanım yoxdu.

- Yox ki, yox... – Nəzarətçinin qatıra oxşayan tərsliyi çox pis tutmuşdu.

Ev sahibi sonuncu siqareti damağına qoydu, qutusunu isə əzib bir tərəfə tulladı. Sakitlik hökm sürürdü. Gözlər bir-birinə zillənib qalmışdı. Ev sahibinin yazıq-yazıq baxan gözləri “bundan artığına gücüm çatmaz” deyirdi. Nəzarətçinin qaynayan gözləri isə “sərf eləmir ki, sərf eləmir” deyə, cavab verirdi.

Birdən ev sahibi hirslənib özündən çıxdı. Gözləri qırmızı qan tuluğuna dönmüşdü. Əlləri əsə-əsə nəzarətçiyə qışqırmağa başladı :

- Alçaqlar, əclaflar, nadürüstlər!.. Görüm sizin kökünüz kəsilsin!.. Hamınız belə eləyirsiz!..Gəlirsiniz, titulunuzdan, vəzifənizdən istifadə edib soyursuz bizim kimi zavallıları...

- Mən...Mən... – Nəzarətçinin dili topuq vurmağa başlayırdı.

- Elə bilirsən təkcə sənsən? Səninlə olsaydı nə dərdim vardı ki? Hər gün, hər yerdə soyuluruq. Hara gediriksə, başımızdan basırlar. Məktəbdə soyurlar, xəstəxanada soyurlar, apteklərdə dərimizi boğazımızdan çıxarırlar, yol qırağında nəyin varsa alırlar. Hansını deyim? Axırda da qocalıb əldən düşəndə Əzrail gəlib deyir : ver canını.

- ... – Nəzarətçi susurdu.

- Ona görə də nə qədər cərimədi yaz. İstəyirsən lap bir milyon yaz.

Canım çıxar, amma verərəm. Evimi sataram ödəyərəm. Acından ölərəm eləyərəm. Təki, dövlətin cibinə getsin. Sənin kimilərinin torbasına yox. A kişi, doymadınız bu qədər pula həris olmaqdan, onu yığmaqdan?..

Bir gün bu pullar da dilə gəlib sahiblərinə deyəcək, “bəsdirin bizi bu qədər bir yerdə saxlayıb çürütdüz, onun-bunun boğazından kəsib-yığdınız. Tfu sizin üzünüzə, deyib çıxıb gedəcəklər”...

Ev sahibi çığır-bağırla danışır, danışırdı. O, özünə nəzarəti tamamilə itirmişdi. Gözləri qızarıb hədəqəsindən çıxmışdı, əlindən nə xəta desən çıxa bilərdi. Nəzarətçi isə döyüküb qalmışdı. Səs-küyə qonşular və yoldan keçənlər yığışmağa başlamışdı. Nəzarətçi bir qədər toxtayıb :

- Vallah daha heç nə yazmıram, səhv görmüşəm, cərimə-filanda yox...

- Yox, ver bura kağızı görüm... – Ev sahibi nəzarətçinin əlindən tutmuşdu və əl çəkmək fikri yoxuydu.

- Burax əlimi... – nəzarətçi yazıq-yazıq inildədi və getdikcə canına qorxu düşürdü.

Camaat hər ikisini araladı və onlar üçün olub bitən hər şey qaranlığıydı. Hamı bir-birinin üzünə baxırdı.

Bu çaşqınlığın tam ortasında nəzarətçi cərimə kağızını cırıb yerə atdı, sonra isə iti addımlarla ordan uzaqlaşdı.
XS
SM
MD
LG