Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:48

Tehran Əlişanoğlu. “Yad dildə”ni doğma dilə çevirərkən


Ədəbi tənqidçi Tehran Əlişanoğlu aşağıdakı yazısı ilə Azadlıq Radiosunun "Oxu zalı"nda yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanının müzakirəsinə qoşulur.

O hesab edir ki, Pərviz Cəbrayıl “inqilabi roman yapmağa cəhd etmiş, amma iflasa uğramışdır”

Tənqidçinin fikrincə, “Yad dildə” bolşevik romanlarını xatırladır.

“Yad dildə”ki sosial inqilab təsviri, nəsrimizə çox da yad olmayıb, elə bolşevik romanlarındakıdır: “Şamo”da, “Dünya qopur”da, “Dirilən adam”da, “Gələcək gün”dəkidir".

“Romanda müəllifin çox iştahla təsvir elədiyi, üstəlik faciəvi-dramatik məzmun verməyə çalışdığı ASİ təşkilatının fəaliyyəti, olsun ki, müəllif istəyinə rəğmən, yalnız gülünc inqilab-inqilab oyunu təəssüratı oyadır”.

Tehran Əlişanoğlu hesab edir ki, “Yad dildə” romanı “bədiiyyat və nəsr qəbristanlığını xatırladır”.

“Dədə Qorqud ad sisteminə müraciət mətnə əlavə heç nə vermir; əksinə, xatırlanıb (adı çəkilib) işləmədiyindən xəbərli oxucunu daha da karıxdırır, yükləyir, ən nəhayət, əsəbiləşdirir”.

Onun fikrincə, “Yad dildə” romanındakı diktator obrazı əzifdir.

T.Əlişanoğlunun qənaətincə, “şeirlərində heç də şairanə ola bilməyən Pərviz nəsrində şairdir, amma bu uzaqvuran romançı sərrastlığından xəbər vermir”.

Tənqidçi düşünür ki, “romandakı poetik mətnlər zəifdir, adi lirik-psixoloji ovqatın ifadəsidir, Çe-nin “şeir inqilabı” çox gülüncdür, heç inandırıcı deyil...”

O, romandakı simvolların da dərin məna kəsb etdiyinə inanmır.

“Hətta müəllif niyyətində belə bir kodlaşma-tilsim varsa da, inanmıram ki, özü kodunu kiməsə pıçıldamadan sim-sim qapını aça (Molla Nəsrəddinin məktub yazıb, oxusunun dalınca özü getməyə vadar olduğu kimi)”.

"Amma mətndə bədii obrazın uğurunu göstərən, təcəssüm etdirən yerlər-məqamlar-xətlər-personajlar da var; bu, “Yad dildə”ni daha çox doğmalaşdırır, yaxınlaşdırır, aktual, əyani və bizimki edir.

Məsələn, Qaragünənin əhvalatı barəsində çox kaloritli bədii reportaj".

T.Əlişanoğlunun fikrincə, "piar xatirinə müəllif özü, əsəri haqqında çox söz deyə bilər; ucuzluğa getmədən məhşər ayağına biz onun mətnini çəkməliyik, özünü yox".


Tehran ƏLİŞANOĞLU

“YAD DİLDƏ”Nİ DOĞMA DİLƏ ÇEVİRƏRKƏN

Pərvizin “Yad dildə” romanı haqqında tənqidi fikrimdə qalıram (bax: Ən yeni nəsrimizdə Azərbaycan obrazı): romanın bədii konsepsiyasında müəyyən qarışıqlıq, bulanıqlıq var.

Baxmayaraq ki, müzakirə gedişində müəllif konsepsiyasının təfərrüatlı şərhinə ayrıca yazı həsr edilmişdir

(Elnarə Tofiqqızı, Yad Dildə Ədəbi Hadisə:). Təbii ki, mən romanın (məhz romanın, mətnin!) tənqidi ilə bağlı (qoy lap total tənqid olsun!) deyilənlərə önəm verirəm (bax: Əsəd Cahangir, “Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”); amma qurşaqdan aşağı zərbələrə haqq qazandırmıram.

Ədəbiyyatətrafı olayların yeri elə ətrafda da qalmalı, romanın tənqidinə müdaxilə etməməlidir zənnindəyəm.

Piar xatirinə müəllif özü, əsəri haqqında çox söz deyə bilər; ucuzluğa getmədən məhşər ayağına biz onun mətnini çəkməliyik, özünü yox.

Bəli, mən o fikirdəyəm ki, Pərvizin birinci romanı (“Öləngi”) kimi, ikinci romanı da konseptual olaraq alınmamışdır.

Axı “Yad dildə”nin bədii qayəsi, ideyası, niyyəti nədir?

Çox primitiv görünsə də, əsərin çox yorucu mütaliəsindən sonra ilk öncə bir oxucu olaraq məni məhz bu suallar məşğul elədi.

Bilmirəm, romançı nə dərəcədə fərqindədır: xeyli yüklənmiş, azdırıcı dolanbaclardan keçən, ən müxtəlif planlı hadisə-obraz-işarə-eyham-detal-təsvirləri məharətlə yanaşı gətirən mətn bəs son olaraq nə deyir bizə: bircə elə onumu ki, Xunta pisdir, Xunta devrilməlidir?..

Bəs yerində də ASİ denilən təşkilatın hakimiyyəti qurulmalıdır?

Bir az da primitivliyə getsək, ispancadan tərcümədə elə “Xunta” da romanda təqdim olunan ASİ kimi bir “birləşmə-cəmiyyət-təşkilat” deyilmi?!

Nədən bəs Xunta yox da, ASİ?! Polkovnik yox da, Xan? Məgər tənqid haqlı deyilmi ki: bəlkə də “İnqilabi romantikanın aşıb-daşdığı 90-cı illərin əvvəllərində bu qəbil siyasi eyforizmi başa düşmək olardı. Yetmiş ildən bəri əsarət altında qalan insan nəhəng imperiya maşını ilə mücadiləyə qalxmışdı.

Amma indi – üstündən iyirmi il keçəndən sonra hələ də 90-cı illərin eyforiyası ilə yaşamağa siyasi infantilizmdən başqa ad vermək olmur...” (Əsəd Cahangir)

Əlbəttə, mətn həqiqətlərini niyə müəllifin ictimai-siyasi görüşləri müstəvisinə çıxarması məsələsində tənqidi qınamaq olardı; yalnız o halda ki, roman, romançı özü buna təhrik etməyə idi.

Belə ki, “Yad dildə”nin roman konsepsiyası ən çox illüstrativ məqama çəkir; bacardıqca, bol-bol, qara boyalarla Xuntaya nifrət təlqin etməyə çalışır.

Və qara boyalar o qədər qatıdır ki (görünən Polkovnik başdan-başa, Qanlı meydanın ərəfəsi, İçəri Şəhərdə aşura, ayrı-ayrı Asilərin aqibəti, Polkovnikli yuxular, meyitxana və insan qəssabları, Kirvənin həyatı-taleyi-ölümü və bir də bütün bunların zəminində duran susuzluq faktoru), mətndə əsasları olan analitik məqamlara da (nədən elə deyil də, belədir) gərəyincə işləməyə imkan vermir: niyə susuzluqdur? – sualı dərhal da: Xunta günahkardır – cavabı səviyyəsində qapanıb qalır; nədən Xunta var? – sualı isə ümumən dəbərmir, çün sadə bir: Polkovnik var! – məqamında boğulur.

İndi isə oxucu təəssüratından bir qədər analizə doğru təkanlanaq. Bədii obraz illüstrativ səviyyəni sevmir; primitiv: bu yaxşıdır, bu pisdir, bu ağdır, bu qaradır... – nominallığı obrazın mahiyyətinə yaddır.

Bədii obraz – yaşamdır; daxilən dinamik-dialektik-analitik mündəricəyə malikdir; yaxşılığı-pisliyini də yaşamdan alınan təəssürat müəyyənləşdirir.

Məsələn, romanda müəllifin çox iştahla təsvir elədiyi, üstəlik faciəvi-dramatik məzmun verməyə çalışdığı ASİ təşkilatının fəaliyyəti, olsun ki, müəllif istəyinə rəğmən, yalnız gülünc inqilab-inqilab oyunu təəssüratı oyadır.

Eləcə də təşkilata qoşulan qızların – Banunun, Selcanın, Burlanın romantik həvəsləri, filosof Beyrəyin “inqilab”a dönüşü romançı istəyindən savayı mətndə ciddi bir motivasiya-tutarğa tapmayıb, uşaq inadı təsiri bağışlayır.

Məni yenə də sovet romançılığına bağlılıqda suçlasalar da, deyəcəm: “Yad dildə”ki sosial inqilab təsviri, nəsrimizə çox da yad olmayıb, elə bolşevik romanlarındakıdır: “Şamo”da-“Dünya qopur”da-“Dirilən adam”da-“Gələcək gün”dəkidir.

Pərviz Cəbrayıl
Tənqidi sovet təcrübəsi ilə bağlayıb-qaralamaqla deyil ki; yaş etibarilə heç də cavan olmayan romançının altşüurunda da, sovet romanlarının mütaliəsindən gələn həmən qat, görünür, daha diridir.

Burda obraz yaşamdan çox, illüstrasiyaya çevrilir; ideoloji rəng alır: o şey yaxşıdır ki – bizimkidir (asidir, bolşevikdir), pis isə o şeydir ki – devrilməlidir (çarizmdir, Nikolay hökumətidir, Xuntadır).

“Bizimki”lərin mətndə çox mücərrəd ideya və partiya rəhbəri Xanla, əzilənlərin nümayəndəsi Kirvə ilə bağlanması da sosial qatda romanın konsepsiyasının heç də təzə olmadığına, bolşevik əhval-ruhiyyəsinə çəkdiyinə dəlalət edir.

Sinfilik, zümrəvilik, sosial stratifikasiya, bərabərsizlik cəmiyyətin mahiyyətində nə qədər desən, davam edə bilər (kapitalizmin qayıtması ilə bizdə hələ bəlkə güclənmişdir də); insani yaşamı, bəşəri qayəni, əbədiyyət meyarlarını arayan ədəbiyyatda isə, təcrübə də göstərir ki, bunun elə bir ömrü olmadı.

Amma mətndə bədii obrazın uğurunu göstərən, təcəssüm etdirən yerlər-məqamlar-xətlər-personajlar da var; bu, “Yad dildə”ni daha çox doğmalaşdırır, yaxınlaşdırır, aktual, əyani və bizimki edir.

Məsələn, Qaragünənin əhvalatı barəsində çox kaloritli bədii reportaj. Yaxud Qarabudağın hekayəsi; mən Əsəd Cahangirlə razıyam ki: dörd yüz səhifədən artıq romanda ən parlaq səhifə məhz Qarabudağın xanımı ginekoloq Mehinin əhvalatıdır.

Təsəvvür edin, yığcam bir hekayə bütöv bir roman cəhdindən çox Xuntanı tanıda bilir. Çünki burda müəllif heç də Xunta pisdir, - deyə çığırmır, eləcə bir ailənin timsalında, yığcam süjetdə, insan içi və psixologiyasının dərin təcəssümündə, konkret sosial motivasiyalarla “Xunta nədir” həqiqətini ortaya qoyur.

Bu, artıq bizə tanış, doğma, yaxın Dildir – bədiiyyatın dilidir, Ədəbiyyatın dilidir.

Eyni uğuru bütünlükdə roman həcmində axtarsaq, necə? Mətnin mürəkkəb (deyərdim ki, mürəkkəbləşdirilmiş) dolambacları içrə bir xətt keçir: Yalancuq adlanan surətin etirafları.

Əslində, müstəqim romançı təhkiyəsi ilə yanaşı, Yalancuğun etiraflarıdır “Yad dildə”; və zənnimcə, bu aspektində roman var, diridir.

Etiraf – ədəbiyyat janrıdır; bəlkə buna görə, romanın əvvəlindən sonunacan qanlı aşura günündə baş verənləri necə var, elə danışan Yalancuq oxucu yanında zavala gəlmir. E.Tofiqqızı ilə razılaşmaq olar:

“Qul kimi yaşayanların – yalancuqların qorxaqlığı, igidin bir dəfə, namərdin yüz dəfə ölməsi romanda çox maraqlı təsvir edilir.

Yalancuq 28 metrlik Qız Qalasından atılıb özünü öldürən Dəli Tondaz kimi intihar etmək istəyir,“bəlkə yüz dəfə onun üstünə düşür” (“Yad dildə”, s. 418), amma yaşamağı üstün tutur...”; bir şərtlə ki, unutmamalı: Dəli Tondazdan fərqli, Yalancuq romanda şərti mahiyyəti ilə yox, psixoloji obraz kimi (yəni qorxaqlığın rəmzi kimi yox, insan içinin təcəssümü olaraq) güclüdür.

Tarixdən bir Keşiş Qapon surəti bəllidir, 1905-ci ilin qanlı yanvar hadisələrinə təhrik edən gizli çar cəsusudur; əgər XX əsrin sonrakı bütün inqilab romanları M.Qorkinin 1906-cı ildə yazdığı “Ana” romanından başlayırsa, keşiş Qapon sindromu yazıçının daha sonralar qələmə aldığı “Klim Samginin həyatı” epopeyasında izlənir; inqilabi hərəkata qoşulmaq istəyən Klim bir dəfə polisə düşməklə casusa çevrilir; sonrakı hərəkatlarda nə qədər səmimi inqilabçı olursa da, eyni qədər də casusdur.

Yalancuqda bu var, belə ki: “Yad dildə” Keşiş Qapon sindromunu öyrənən daha bir psixoloji süjeti içində gizləyir; Yalancuq özünü həqiqi inqilabçı hesab etdiyi qədər də saxtakardır və rifahına oturduğu həmin saxtakarlıqdan getdikcə daha da ayrıla bilmir... “İçində gizləyir” – ona görə deyirəm ki: romançı əsər boyu qoymur ki, eyni zamanda inqilabçı və “Xunta adamı” olan qəhrəmanının iç əzabları və vəcdini (!) rahatca izləyək, elə hey növbənöv illüstrativ əlavələriylə sözü ondan alıb, başqa mətləblərlə yükləyir. Halbuki psixoloji yaşamla şərtilik poetikasını çox üzvi həzm eləmiş Yalancuq xətti, ayrıca bir hekayət-povest-roman kimi dərc olunsaydı, daha uğurlu və hətta günümüz üçün bir bədii kəşf olardı – düşünürəm; nəinki belə - ümumi konsepsiyaya pərçim-təhkim halda.

Gələk, “başqa mətləblər”ə.

Romanı zəngin işarələr mənbəyi kimi oxuyanlar da var, roman-rebus kimi qatlayıb-kənara qoyanlar da; bunu müzakirənin gedişi ortaya qoyur.

Mən roman-rebus mövqeyində böyük həqiqət görürəm, amma eyni zamanda oxucuya ünvanlanan işarələri də anlamağa çalışıram.

O şəkildə ki, E.Tofiqqızı mətni işarələr-siqnallar çoxluğu kimi təsəvvür-təsvir eləyir, bu küyə oxucu çətin gedə; bədii işarələrin (obrazların) suqqestivliyi bu şəkildə olmur.

Hətta müəllif niyyətində belə bir kodlaşma-tilsim varsa da, inanmıram ki, özü kodunu kiməsə pıçıldamadan sim-sim qapını aça (Molla Nəsrəddinin məktub yazıb, oxusunun dalınca özü getməyə vadar olduğu kimi).

Təbii ki, ya tənqidçinin yaxın həmkarı olan romançı ilə şifahi müzakirələrinin izi var yazısında, ya da romanın timsalında Elnarə Tofiqqızı sadəcə öz biliklərinə aludə olur; onun mənə (oxucuya) ötürmək istədiyi informasiyanı “Yad dildə” heç cür vermir.

Axı adları, rəqəmləri yan-yana düzmək hələ bir məna ifadə eləməz, bunun motivasiyası, funksionallığı olmalıdır.

Pərviz Cəbrayıl
Baxaq. Dədə Qorqud ad sisteminə müraciət mətnə əlavə heç nə vermir; əksinə, xatırlanıb (adı çəkilib) işləmədiyindən xəbərli oxucunu daha da karıxdırır, yükləyir, ən nəhayət, əsəbiləşdirir.

Dədə Qorqud dastanlarının ümumi ideyasını Oğuz cəmiyyətinin möhkəmlənməsi yolunda daxili birliyə nail olmaq motivləri təşkil edir (Bunun çağdaş romançılığımızda ən parlaq əks-sədası Kamal Abdullanın “Yarımçıq əlyazma”sıdır).

“Yad dildə” romanında isə süjetin əsasında hakimiyyət çevrilişi motivi durduğundan həmin ideya ilə daban-dabana zidd gəlir; odur ki, daha çox bolşevik romanlarına çəkir.

Bu halda Dış Oğuzun İç Oğuza asi olması məqamına müraciət edilsəydi, bəlkə daha düzgün olardı.

Hər bir Asinin bir Oğuz qəhrəmanının adını daşıması da konkret motivlənməyə söykənməyib, illüstrativ səciyyə daşıyır.

Yəni bayağı bir: “Dədə Qorqud qəhrəmanları bugün də yaşayır” ideyasının məhsuludur.

Konkretlik varsa da, zahiri əlamətlərə əsaslanır, epitet səciyyəlidir. Yəni Dəli Domrul inadcıl olmalıdır, Yalancuğa qarşı qəti mövqe tutmalıdır; Aşura günündə dindarlarla ən məntiqli söhbəti məhz Bükdüz Əmən etməlidir, çünki dastanda Məhəmməd peyğəmbəri görmüş yeganə adamdır; qarabaxt Qaragünə və Qarabudaq olmalıdır, sadəcə “qara” epitetinə görə; Banu varsa Beyrək də olmalıdır, Çe ilə əlaqəyə yalnız Selcan yarıya bilər, çünki dastanda yad qızı, kafər mənşəli məhz odur və s. və s.

Sanki sistem var, amma sadəcə dastana illüstrasiyadır (hətta sistemin istismarıdır) bu – deyərdim; diqqət olunsa, mətndə elə bir mündəricəsi olmayan Asi-personajların söykənəcəyi elə quruca adlarıdır, yəni epitetlərdir.

Mətndə şiəlik və hürufilik məqamına baxaq. İnqilabi əhval-ruhiyyəyə, fədailiyə bəlkə də bu ruh daha yaxın olmalıdır.

Amma “Yad dildə”nin roman texnikasında həməncə tərsinə oyunu görürük. Axı hardadır romanda şiəlik, yaxud hürufilik səviyyəsində etiraz, üsyan, fədailik, inqilab fəlsəfəsi? Hətta “Ana” romanının qəhrəmanlarının da inqilab fəlsəfəsi var, bilirlər niyə, nəyə görə çarpışırlar, qeyri-insani həyatdan qurtulub özlərini insan hiss etmək istəyirlər.

Bəs Asilər nə istəyir? Bəli, “su” – azadlıq! Roman mövzunu şərti-rəmzi planda yeritməyə çalışır; amma mətndə bir Asi obrazı tapa bilirikmi ki, həmin məfhumun (“su”-azadlıq) konkretliyini (məhz roman konkretliyini) bizə izah eləsin? Qaragünə? – olsun, ərz elədik ki, məsələn, “Azadlıq” qəzetinin bircə küncü həməncə (mətndəki) məhkəmə zalından reportajı işıqlandırmaq üçün bəs elərdi. Seyid? – olsun, “su”suzluqdan bıqmışlığı əks etdirən bu surət bir məqamda oçerk materialı kimi ortaya çıxır və heç inandırıcı olmadan Asi Beyrəyə çevrilməklə mətndəki “fəlsəfəsi”ni də itirmiş olur.

Belə çıxır ki, bütün mətndə həqiqi “su” istəyən elə Yalancuq imiş, ona da bunu – şəhərin “su”çuluğunu verirlər.

Və bu yerdə roman örnək-obraz Yalancuğun simasında az qala yanlış-ziyanlı: “su”suz yerdə necə Yalancuq olmayasan –ideyasına xidmət etməyə başlayır.

Asilik fəlsəfəsinin müstəqim (roman) versiyasını verə bilməyən romançı şiəlik, hürufilik movzularını mətnə gətirməklə, əslində, inqilab havasını bunun kölgəsində əldə etməyə çalışır.

(Dar) İçəri Şəhərdə baş verənlərə Kərbəla (səhra) rəngi verməyə cəhd edir (illüstrasiya deyilmi?); gənc bir qızın (yəqin ki, “Nəsimi” filminin təsirilə, başqa arqumentasiya tapmaq çətindir) çatdan tapdığı Çeni qəfil Nəsimiyə bənzətməsilə bu dəfə hürufiliyə təşbehlər yol açır mətnə; din ya dinsizlik, Babək yoxsa Məhəmməd peyğəmbər, Allahsız yerdə oturmaq, ya oturmamaq barəsində diskussiya və çatlaşmalar meydan alır, roman məkanı birdən-birə KİV-mətbuat səhifələri ilə qarışıq salınır...

O şəkildə ki, rəqəmlərin mistifikasiyasını görür E.Tofiqqızı mətndə, mən bunun bədii enerjisini qətiyyən duymuram.

Dünyanın bir hürufi izahı vardı, bu hüruf üsyan qoparırdı, ona yiyə durmaqla Nəsimi şeiri də ikiqat üsyan edirdi; bu effekti göstərmək üçün İsa Hüseynov Nəsimi obrazını mövcud olduğu tarixi kontekstdə(!) alıb “Məhşər” yarada bilmişdi; yoxsa rəqəmləməklə Asilər dönüb hürufi və oxucu hüruf elminə vaqif olmayasıdır ki.

Eləcə də Aşura fəlsəfəsi; dini ideyaların məğzinə varmadan, üstəlik dünyəvi müstəvidən bunun mübahisəsinə duraraq bu qata enmək çətindir; Allah-fotoqraf təşbehi səviyyəsində ibtidai görüşlərin qayıtmasını illüstrə etmək bir ayrıdır, Allah həqiqətlərinin ilahi məqamını idrak bir ayrı.

Romanda “su” məntiqinin birbaşa təcəssümünü verə bilməyən romançı, şəksiz ki, dolayısı ilə – “su”suzluğun təsviri-təkdiri yolu ilə buna cəhd etməlidir. Bu yerdə “Yad dildə” iki plana açılır.

Birincisi, “su”suzluğun mənbəyi, ilhamçısı, mücəssəmi olaraq Polkovnik surəti təsvir-illüstrə predmeti seçilir – hər şeyə səbəbkar Polkovnik(lər)dir məntiqinə meydan verilir.

İkincisi, “su”suzluğun nəticələri-fəsadları-işləkləri hədəfə alınır; bu əsnada romanda əlavə olaraq daha bir qola – Kirvə xəttinə geniş yer ayrılır.

Mən qəsdən Kirvə xəttini yalnız indi, əlahiddə olaraq xatırladıram; və əgər diqqət eləmisizsə, mətnin özündə də bu xətt az qala ayrıcadır, romançı sadəcə ayrı-ayrı “bəndləmə”lərlə onu Asi üsyanına qoşmağa çalışır.

Sosial problematika və realist təhkiyəyə əsaslanan bu materialı şərti-metaforik qatda qurmağa çalışdığı romana pərçim etməkdə müəllif ən böyük səhvə yol vermişdir zənnindəyəm.

Bədii bütövlük deyilən bir məfhum var ki, mətnin daxilən, yaranışından nəticəyə qədər üzviliyini qoruyur və bədii əsərin üslubunda möhürlənir.

Yazıçı mətndə çoxlu stilistik üsullar və poetika ünsürlərindən yararlana bilər, amma son halda bədii bütövlüyü təmin edən yalnız digərlərini də özünə tabe etmiş bir üslubun dominantlığı olasıdır.

“Yad dildə”nin şərtiliyə meydan verən poetikası özlüyündə gözəl bir sosial-realist roman (hekayət) ola biləsi Kirvənin tarixçəsini illüstrəyə çevirməklə (“su”suzluğun faktı) sadəcə heyf etmişdir; bunun başqa adı yoxdur.

Ən nəhayət, Polkovnik obrazı haqqında. Romançı mətnini, əslində, bu obraz üzərində qurmuşdur.

Amma təbii ki, Yalancuq xəttindən fərqli, təhkiyəni Polkovnikin içinə etibar eləməyib, özü etməyi lazım bilmişdir. Polkovnikin içinə girmək çox da asan peşə deyil.

Bəli, “Ötən əsrin ikinci yarısından başlayaraq dünya ədəbiyyatında müraciət edilən və ümumiləşdirilən diktator obrazları” var (E.Tofiqqızı); birisini də 1990-cı illərdə Afaq Məsud “Azadlıq” romanında yaratmağa çalışdı; obrazın içinə girmək çətin olduğundan uzun-uzadı yuxulara və sirlər gizlənən hansısa əlyazmaların axtarışına meydan verdi.

“Yad dildə” müəllifi üçün də diktator obrazını orijinal və milli xarakter kimi kəşf etmək çətindir.

Polkovnikin içinin Xunta başçısı və inqilab təhrikçisi (Komendante Çe) kimi iki yerə haçalanması motivində də təzə bir şey yoxdur; bu, diktatorların təbii (icbari) yaşam tərzidir; hünər istəyir bu yaşamın özünü açasan.

Eyni məqamı Yalancuğun taleyində uğurla yaratmağı bacaran romançı, Polkovnikdə bunun heç həndəvərinə də gələ bilmir.

Əvvəla, diktatorda cüzi də olsa İnsanı görməkdən imtina edir, yalnız fərz şəklində: ayna qabağına gətirib “Allahın yolundan azdığı üçün” üzündə itmiş “Allah nişanələri”ni axtaran yerdə bu məqama yaxın olur, bunun da motivasiyaları heç də Diktatora yaraşan səviyyədə deyil.

Yəni romançı Polkovnikin nədən diktator olmasının səbəblərini (“yazı”nın itməsini) yüzlərlə-minlərlə orta insanlara xas uşaqlıq komplekslərində, əmioğlu şairə (və sənətə-şeirə) əbədi qısqanclığında, “su”suz valideynlərin aqressiv hərisliyi kimi sosial-irsi (üstəlik sırf bioloji) arqumentlərdə arayır ki, məsələn, Aqşin Yeniseyin Leş Əlisi də (“Göləqarğısancan”) bir az fərqlə eyni nüansların məcmuyudur – olurmu?

Hər növ qaralamalarla romançı inandırmağa çalışır: olur; inanmamaq isə oxucunun haqqıdır.

Polkovnikin görünməyən tərəfi – Çe isə mətndə quruca nik-dir, yazıdır, məqalədir, sözdür, canlı obraz deyil ki; və bir də şeirlərdir... “Padişahi-mülk dinarü dirəm rişvət verib, / Fəthi-kişvər qılmağa eylər mühəyya ləşgəri...”

Görünür, romançı mətnə daxil etdiyi şeirlərinin gücünə, inqilabi təsirinə çox inanır; “Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən...” Sadəcə müqayisə üçün Füzulidən misralar gətirdim.

Bu, romanda yoxdur. Romandakı poetik mətnlər zəifdir, adi lirik-psixoloji ovqatın ifadəsidir; gənc bir qızın bu şeirlərin arxasında Nəsimi yüksəkliyində qəhrəman axtarması, üstəlik bütöv asilər ordusunun Ce-nin qələmindən vəcd duyması, olsa-olsa, Yalancuğun prizmasında mümkündü, onun yalançı inqilabçılığına nəsə çizgilər artıra bilər; belədə isə istər doğruçu olsun, istərsə də yalançı Çe-nin “şeir inqilabı” çox gülüncdür, heç inandırıcı deyil...

Mən “Yad dildə”nin nəsrdən çox, poetik ovqatla yazılması fikrində olanlarla tam razıyam; şeirlərində heç də şairanə ola bilməyən Pərviz nəsrində Şairdir.

Sözün işlənməsi məqamı, şeir texnikası, çoxlu dürüst məcazlar, təşbehlər, epitetlər, eyhamlar səviyyəsi məhz Şair yaşamının ifadəsidir nəsrdə; bayıldaraq hec də uzaqvuran romançı sərrastlığından xəbər vermir.

Şəksiz ki, Pərviz Füzuli şeirini təqliddən çıxıb-gəlmiş və bu təqlid yalnız özlüyündə gözəldir.

Belə ki, mətn xeyli dərəcədə Dilin şərti poetika oyunlarının hesabına davam gətirir (Dil-üslub oyunları barədə E.Tofiqqızının yazısında daha ətraflı bəhs olunmuşdur), heç də uzaqmənzilli roman arxitektonikasına görə yox.

Roman haqqında qənaətlərim bu qədərdir. Rezüme etsək:

- “Yad dildə” xeyli qədər bədii materialı içində gizləyir: 1. Qaragünə barəsində publisistik nəsr nümunəsi; 2. Qarabudaq və Mehin əhvalatını nəql edən prozaik hekayə; 3. Şərti poetika ilə psixoloji nəsrin üzviliyindən doğan gözəl bir roman – Yalancuğun etirafları; 4. Realist sosial roman örnəyi – Kirvənin sərgüzəştləri.

- Konkret halda yazıçı həmin “material”dan manifest səciyyəli inqilabi roman yapmağa cəhd etmiş, iflasa uğramışdır.

Qəhrəmanı Yalancuqdan fərqli olaraq, Pərvizin inqilabçılığına heç şübhə etmirəm; ən azı təmsil olunduğu publisistika cəbhəsi bunun sübutudur.

Amma yaxşı roman yazmaq üçün (təzə, ya köhnə) inqilabçılıq şərt deyil, romançılığa yiyələnmək gərəkdir.

Bəli, bunları mənə bədiiyyat və nəsr qəbristanlığını xatırladan “Yad dildə”nin özü dedi; mətn yarımçıqlığı sevmir və bağışlamır da.


3-5 oktyabr 2010

Həmçinin oxu
"Yad dildə" romanı nəsrimizdə əsl məxməri inqilab elədi"
“Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”
Yad Dildə Ədəbi Hadisə
Pərviz Cəbrayıl. "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG