Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

İngilisdilli ölkələrin ən nüfuzlu mükafatı Hovard Ceykobsona verildi


Howard Jacobson
Howard Jacobson
İngilisdilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı olan “Buker”ə bu il Britaniya yazıçısı Hovard Ceykobsonun romanı layiq görülüb.

68 yaşlı Ceykobsonun “Finkler sualı” adlı satirik romanı Britaniyada yəhudilərin kimlik problemi haqdadır.

Roman üç kişinin dostluğu haqdadır. Onlardan ikisi yəhudidir, digəri isə yəhudi kimliyinə yiyələnmək istəyir.

Dünyanın dörd bir yanına səpələnmiş yəhudilər arasında əsrlərdir ki bir bağ var – onlar hansı dildə danışmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq özlərini İsrailə bağlı sayırlar, ümumi bir mənafeyə xidmət etmək öhdəliyi hiss edirlər.

Amma İsraili, xüsusən də onun Fələstinə münasibətdə və başqa məsələlərdə siyasətini qəbul etməyən yəhudilər də var.

Bu romanda onlar məhz belə mübahisəli məsələlər üstündə dartışırlar. Sual budur ki, yəhudi olmaq nə deməkdir?

Mükafatın Britaniyalı yazara verilməsi sürpriz olub. Bu, “Buker”in tarixində mükafata layiq görülən ilk satirik əsərdir.

Ən son anacan Avstraliya yazıçısı Piter Kerinin “Pərrot və Olivye Amerikada” romanı və Britaniya yazıçısı Tom MakKartinin “C” adlı eksperimental romanı ən şanslı sayılırdı.

Təqdimat mərasimində qalibə 50 min funt-sterlinq pul mükafatı da təqdim edilib.

Finalçılara isə 2,5 funt-sterlinqlik çek və yeni kitablarının tərtibatı üçün müqavilə təqdim edilib.

Bu il Münsiflər Heyətinə keçmiş saray şairi Endryu Mouşn rəhbərlik edib.

Financial Times qəzetinin ədəbiyyat üzrə redaktoru Rozi Blo, Kral Opera və Balet Teatrının kreativ direktoru Debora Bull, jurnalist və aparıcı Tom Satklif və bioqraf, tənqidçi Frensis Uilson daxil olublar.

“Buker” mükafatı 1968-ci ildə təsis edilib.

Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malikdir.

Həmçinin oxu
“Buker” mükafatının qısa siyahısı açıqlandı
Britaniya yazıçıları seksdən üz döndərir
XS
SM
MD
LG