Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:49

Seçkiqabağı növbəti qara piar?


Azər Əhmədov
Azər Əhmədov
Oktyabrın 12-də “Mohammad Azadi” niki altında “Facebook” sosial şəbəkəsində “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun bir xanımla yataq səhnəsini əks etdirən açıq-saçıq videogörüntü yayımlanıb. Videogörüntü eyni vaxtda bir sıra internet ünvanlarında peyda olub.

İRANDAN ZƏRF

Bundan bir gün əvvəl isə həmin videogörüntü SD-lərdə bəzi yerli qəzet və agentlik redaksiyalarına göndərilib. Redaksiyalardan aldığımız məlumatlara görə, içərisində həmin videogörüntülərin olduğu zərfin İrandan gəldiyi qeyd olunub.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna müsahibəsində bu məsələnin “Azadlıq” qəzetinə, hətta müxalifət cəbhəsinə qarşı yönəldiyi haqda versiyaların olduğunu deyib:

“Hakimiyyət həmişə belə qara piardan istifadə edir...”

HƏLƏ 15-20 GÜN ƏVVƏL MEHMAN ƏLİYEVİN ÜNVANINA GƏLƏN XƏBƏR

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin elektron poçtuna hələ 15-20 gün əvvəl videogörüntünün yayıldığı ünvandan hansısa bir xəbər də gəlibmiş. Ancaq Mehman Əliyev deyir ki, tanımadığı ünvandan gələn məktubu oxumadan pozub.

BU, SON DEYİL

Məhz bu videogörüntü yayımlanandan sonra onda bəzi ehtimallar yaranıb. Mehman Əliyev hesab edir ki, bu hadisə seçki ərəfəsində qara piar aparan hansısa bir mərkəzin işə düşməsindən xəbər verir.
Mehman Əliyev
O, bunun son olmayacağını da düşünür:

“Bu, aydın məsələdir, hakimiyyət həmişə belə qara piardan istifadə edir. Amma Azər Əhmədov da müəyyən məsuliyyəti dərk etməli idi”.

Amma Mehman Əliyev deyir ki, bütün hallarda baş verənlər şəxsi həyata müdaxilə və birbaşa seçkiyə hesablanmış məsələdir:

SIRADAN ÇIXARMAQ PRİYOMLARI

“Hakimiyyətdəkilər özləri Konstitusiyaya bəzi müddəalar salıblar ki, özləri ilə bağlı belə məsələlər ortalığa çıxmasın, amma yenə də ortalığa belə üsullar atılır. Yəni, bu, birbaşa seçkiyə yönəlmiş əməliyyatdır. Əlbəttə, sıradan çıxarmaq priyomlarıdır, əsas məqsəd budur, başqa nə ola bilər ki?”.

YAP-DAN NƏ DEYİRLƏR?

Hakim Yeni Azərbaycan Partiyasından adının çəkilməsini istəməyən millət vəkilinin sözlərinə görəsə, bu məsələdə hakimiyyəti ittiham etmək cəfəngiyyatdır.

HƏR İKİ ŞƏXS MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏ BİLƏR

Hüquqşünas Fuad Ağayev baxmasa da deyir ki, belə videogörüntülərin yayılması şəxsi həyata birbaşa müdaxilə hesab olunur və bu, həm milli, həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərə ziddir.

Fuad Ağayev
Hüquqşünasa görə, həmin videogörüntüdə göstərilən hər iki şəxs şəxsi həyata müdaxilə iddiası ilə məhkəmə müraciət edə bilər:

“Əlbəttə ki, onun montaj olub-olmamasından asılı olmayaraq, görüntüsü yayımlanan hər iki şəxs məhkəməyə müraciət edə bilər”.

ŞƏXİ HƏYATIN TOXUNULMAZLIĞI

Fuad Ağayev deyir ki, həmin görüntüləri yaymaya görə, Cinayət Məcəlləsinin 156-cı - Şəxsi həyatın toxunulmazlığını pozma maddəsi ilə cinayət işi açıla bilər. Buna görə, 1 il islah işinə cəlb etmə və iki ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

(Cinayət Məcəlləsindən çıxarış: 156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır).

AZƏR ƏHMƏDOV MÜRACİƏT ETSƏ, ARAŞDIRMA APARLIA BİLƏR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadlıqRadiosuna deyib ki, əgər Azər Əhmədov şəxsi həyatına müdaxilə olunması ilə bağlı nazirliyə müraciət etsə, araşdırma
DİN-nin sözçüsü nə deyir?
aparıla bilər.

BU, BİRİNCİ DƏFƏ DEYİL

Bu, “Azadlıq” qəzetinin direktoru kimi Azər Əhmədovla bağlı ikinci hadisədir. 2005-ci ilin əvvəllərində Azər Əhmədovun və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Bakıdakı “Üç palma” restoranında iki qızla açıq-saçıq fotoşəkiləri yayılmışdı. Həmin kardlar yerli televiziyalarda da göstərilmişdi.

O zaman hər iki şəxs bəyan etmişdi ki, onları belə bir şəkil çəkdirməyə zor gücü ilə məcbur ediblər.

Norveç İnsan Hüquqları Evinin Azərbaycan filialının rəhbəri Vüqar Qocayev isə indiyə qədər seçki ərəfələrində qara piardan geniş istifadə olunduğunu yada salır:

HƏR SEÇKİ ƏRƏFƏSİ

“Ruslan Bəşirli məsələsi, bundan başqa, Əli Kərimli ilə bağlı, 2003-2005-ci illərdə seçki ərəfələrində həm televiziyalardan, hakimiyyətə yaxın guya müstəqil və ya müxalif olan qüvvələr tərəfindən bu cür qara piardan geniş şəkildə istifadə olunub”.

ƏN BÖYÜK ƏXLAQSIZLIQ BAŞQALARININ ƏXLAQINA MÜDAXİLƏ ETMƏKDİR

Psixoloqların da məsələyə yanaşması mənfidir. Psixoanalitik Elmir Əkbər bu cür hadisələri hər bir normal insanın həyatına aid bir məsələ hesab edir və buna tənqidi yanaşmanı da absurd sayır. O deyir ki, sadəcə insan özü elə yaşamalıdır ki, onun həyatının istənilən anı çəkilib ortalığa qoyulanda, orda qeyri-leqal bir şey olmasın:

“Deyirlər bu insan haqlarına və milli mentalitetə ziddir. Həyatda ən böyük əxlaqsızlıqlardan biri də başqalarının əxlaqı ilə maraqlanmaqdır, başqasının əxlaqına müdaxilə eləməkdir”.

Elmir Əkbər
Elmir Əkbər hesab edir ki, belə intim görüntünün tirajlanması sifətləri açıq şəkildə göstərilən insanlar üçün ciddi psixoloji sarsıntıdır.

AZƏR ƏHMƏDOVU QINAYANLAR...

Ancaq belə görüntülərin ortaya çıxmasından sonra müxalif və müstəqil düşərgədə Azər Əhmədovu qınayanlar da az deyil. Onlar hesab edirlər ki, əgər baş verənlər həqiqətdirsə, Azər Əhmədov həm ailəsini, həm də işlədiyi kollektivi pis vəziyyətdə qoyub.

Azər Əhmədov ailəlidir, iki övladı var.

AZƏR ƏHMƏDOV TÜRKİYƏYƏ GEDİB

Oktyabrın 12-də “Azadlıq” qəzetində tutduğu vəzifədən istefa verən Azər Əhmədov zənglərimizə cavab vermədiyindən, eləcə də ailəsi danışmaq istəmədiyindən onların məsələyə münasibətini öyrənə bilmədik.

Azər Əhmədovun yaxın ətrafından aldığımız məlumata görə, o artıq Azərbaycanı tərk edib. Hazırda onun Türkiyədə olduğu bildirilir.
XS
SM
MD
LG