Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

«İranın iç üzü»


Iranın iç üzü. Beynəlxalq İnsan Haqları Federasiyasının hazırladığı hesabat belə adlanır.

Hesabat İranda milli azlıqlara qarşı ayrı-seçkilik siyasətinə aiddir.

Təşkilatın vitse-prezidenti Kərim Lahidci deyir ki, İranda çoxlu sayda milli azlıqlar yaşasa da, onların bəziləri ayrı-ayrı vilayətlərin əhalisinin əsas hissəsini təşkil etsə də, sayları, ölkənin hansı regionlarında yaşamaları ilə bağlı rəsmi statistika aparılmır. Bu, ölkədə tabu hesab edilir.

Hesabata görə, Azəri türkləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Kürdistan və Zəncan vilayətlərində yaşayırlar. Tehranda və ölkə boyu digər şəhərlərdə də xeyli Azəri türkü yaşayır.

Hesabatda qeyd edilir ki, Azəri türklərinin əsas problemi – mədəni hüquqlarının tapdanmasıdır.

Onlar

DİLLƏRİNƏ VƏ MƏDƏNİYYƏTLƏRİNƏ HÖRMƏTSİZLİKDƏN GİLEYLƏNİRLƏR

“2006-cı ildə dövlət qəzetlərinin birində çap edilən karikaturada tarakanın Azəri türkcəsində “danışması” İranın şimalında və Tehranın bəzi hissələrində kütləvi etirazlara səbəb olmuşdu.

Nümayişlərdə çoxlu sayda həbs edilən, xəsarət alan olmuşdu.

Məlumatlara görə, hətta Qərbi Azərbaycanda 4 nəfər ölmüşdü.

O vaxtdan bəri Azəri fəallar karikaturanın çapı günündə küçələrə çıxır, milli-mədəni hüquqlarının pozulmasını İran hakimiyyətinə xatırladırlar. Bu aksiyaların qarşısı polis tərəfindən alınır.

İran - Azəri türkləri "tarakan karikaturası"na növbəti dəfə etiraz edirlər, 22 May2007
2010-cu ilin mayında belə aksiyada 31 nəfər həbs edilmişdi”.

Beynəlxalq İnsan Haqları Federasiyasının hazırladığı hesabatda deyilir ki, hər məktəb ilinin əvvəlində - sentyabrın 23-də bir çox Azəri tələbələr dərsə getmirlər və bununla öz dillərində -

AZƏRİ TÜRKCƏSİNDƏ TƏHSİL ALMAQ HAQLARININ POZULMASINA DİQQƏT ÇƏKMƏK İSTƏYİRLƏR

Polis buna həbslərlə cavab verir.

“Azəri türklərinin mədəni hüquqları uğrunda mübarizə aparan fəallar deyir ki, yerli radio və TV kanalları Azəri türkcəsində yetərincə proqramlar vermirlər.

Bu tənqidlərə cavab olaraq Zəncan Vilayəti Radio və Televiziyasının rəhbəri demişdi:

“Bizim uşaq, yeniyetmə və gənclər üçün yerli dillərdə proqram vermək hüququmuz yoxdur.

Bunu etməyimiz üçün Tehran türkcə belə proqramların yayılmasına icazə verməlidir. Onların tövsiyələrinə görə, bizim proqramlarımızın 50 faizi fars dilində olmalıdır”.

Azəri fəallar deyirlər ki, İran rəsmiləri türk uşaqlarına öz ana dillərində proqramlara baxmağı qadağan etməklə bu dilin yayılmasının qarşısını almaq istəyirlər.

İran hakimiyyəti Azəri türklərinin öz ana dillərinə həsr edilən kütləvi aksiyalarda iştirakına imkan vermir, iştirakçıları həbs edir.

Bundan başqa

HƏBSLƏR AZƏRİ TÜRKLƏRİNİN BABƏK QALASINA YÜRÜŞÜ ZAMANI DA BAŞ VERİR

Azəri türklərinin mədəni tədbirlərində iştirak etdiyi üçün ordudan kənarlaşdırılanlar da olub.

Molla Əzimi milliyyətcə Azəri türküdür, öz ana dilində məktəb açılması şüarlarına görə həbs edilib.
Azəri türkcəsində çıxan bir sıra mətbu nəşrlər qadağan edilib, o cümlədən “Yarpaq”, “Yaşmaq”, “Şəms-e-Təbriz”, “Varavi” və s.

2007-ci ildə həbs edilən jurnalist Səid Mətinpur bağlı qapılar arxasında, vəkilsiz 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onu “xaricilərlə əlaqədə və “İslam sisteminə qarşı təbliğatda” təqsirli biliblər.

O həm də Azəri türklərinin mədəni hüquqları, onların öz dillərində mətbuata malik olması uğrunda mübarizə aparırdı”.

Beynəlxalq İnsan Haqları Federasiyası milli ayrı-seçkiliyə son qoyulması üçün İran hökumətinə - Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini təklif edir.

Beynəlxalq İnsan Haqları Federasiyası 1922-ci ildə yaradılan qeyri-hökumət təşkilatıdır – mərkəzu katibliyi Parisdə yerləşir, 100-dən çox ölkədə nümayəndəsi var.
XS
SM
MD
LG