Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

37-ci ildə Mehdi Hüseyn də hədəfdə idi


“Kommunist” qəzetinin 27 may 1937 –ci il sayında “Averbaxçılığın kökünü kəsməli” adlı məqalə yer alır.

Məqalədə xüsusilə yazıçı Mehdi Hüseyn tənqid edilib.


AVERBAXÇILIĞIN KÖKÜNÜ KƏSMƏLİ

Xalq düşməni ikiüzlü, trotskist Averbax öz əlaltıları vasitəsilə sovet ədəbiyyatı təşkilatlarında antipartiya, ziyançılıq işləri aparmışdır.

Averbaxçılıq sovet ədəbiyyatı mühitinə lovğalıq, prinsipsiz qruppaçılıq, tərifləmə, özünütənqidi boğmaq, yaltaqlıq, ailəçilik, inzibatçılıq, məişət pozğunluğu kimi murdar adətlər yaymışdır ki, bundan da məqsəd sovet ədəbiyyatçıları sıralarını zəiflətmək, yazıçıların diqqətini sosialist sənəti vəzifələrindən uzaqlaşdırmaq və yüksək keyfiyyətli bədii əsərlərin yaranmasına əngəl törətmək olmuşdur.

Bu günlərdə ASJİ-nın dram seksiyasında çağrılan müşavirədə dramaturqlar Azərbaycanda bu günkü averbaxçılıq təsirlərindən bir kəlmə də olsun danışmamışlar.

Şək yoxdur ki, ifşa edilmiş xalq düşmənləri, ikiüzlü, alçaq Ruhulla Axundov, Əhməd Trinic, Əli Kərimov, Əli Nazim öz antisovet fəaliyyətləri ilə sovet ədəbiyyatı və incəsənətinin inkişafına böyük əngəllər törətmişlər...

Uzun zaman kontrrevolusioner Əhməd Triniclə həmfikir olan Mehdi Hüseynin averbaxçılığı haqqında bu müşavirədə danışmamaq, onun uzun zaman teatro sahəsində RAPP platformasını yürütməsini, böyük Sovet dramaturqu Cəfər Cabbarlınının əsərlərinə qarşı mənfi əlaqəsini ifşa etməmək nə deməkdir?

Mehdi Hüseynin rappçılıq fikirlərini aydınlaşdırmaq üçün heç də uzağa getmək lazım deyildir.

Mehdi “Ədəbi döyüşlər” kitabında Cəfər Cabbarlının yaradıcılığını sovet ədəbiyyatı üçün bir müvəffəqiyyət hesab etməyir, biləks o, Nəzərli ilə S.Rüstəmin “Yanğın” pyesini sovet dramaturgiyasının ilk əsəri adlandırmaqla, Cabbarlının dramaturgiyamızdakı böyük rolunu qiymətləndirməyir.

Daha sonra, Mehdi Cabbarlını ikiüzlü Afinogenovdan daha aşağı səviyyədə duran bir yazıçı adlandırır: “Cabbarlının Afinogenov səviyyəsinə qalxmış olduğunu qətiyyən iddia etmək olmaz...

Cabbarlı fikir səviyyəsi etibarilə hələ bu qədər yüksələ bilmədiyi kimi, yaradıcılıq metodundakı idealizm ünsürlərini də tamamilə özündən rədd edə bilməmişdir.”

Mehdinin çaldığı bu havalar averbaxçılıq havaları deyil də, bəs nədir? Lakin Mehdi tərifləməyə adamlar tapır.

O, vaxtilə burjua millətçi yazıçılarla birlikdə gənc proletar təşkilatı “Qızıl qələmlər”-ə qarşı mübarizə aparan, sovet yazıçısı adına heç bir ləyaqəti olmayan, əxlaqsız B.A.Talıblının “maraqlı yaradıcılığı” haqqında əsər yazılmamasına təəssüf edir, “Talıblı hekayəçilik sənətinə gözəl bir yenilik gətirmişdir” deyir.

Mehdi yalnız “tənqidi” əsərləri ilə deyil, praktik fəaliyyəti ilə də ədəbiyyat və nəşriyyatımıza az ziyan vurmamışdır.

Əhməd Trinicin havadarı olaraq Azərnəşrin bədii ədəbiyyat şöbəsində çalışdığı zamanlar Mehdi aşnadostluq edərək bir sıra qiymətli kitabların brak olunmasına və bir çox zərərli kitabların çıxmasına səbəb olmuşdur.

Məsələn o bolşevik yazıçı Panfyorovun “Bruski” romanını Sabit Rəhman kimi məsuliyyətsiz redaktora verərək, Azərnəşrə 18 min manat ziyan vurmuşdur.

Trinicin sayəsində Mehdi hamıdan əvvəl öz əsərlərini dəfələrlə təkrar nəşr etdirmişdir (“Daşqın”-ın üç hissəsi, “Kin”), ədəbiyyat təşkilatındakı “nüfuzuna” arxalanaraq “Daşqın”-ı birinci növbədə Azərbaycan sovet ədəbiyyatı “nümunəsi” olaraq ruscaya tərcümə etdirmişdir.

Mehdinin averbaxçı iş stillərindən birisi də bəzi yazıçıları həddindən artıq tərifləmək, digərlərini isə inzibati bir yol ilə ləkələməkdir.

Məsələn, Səməd Vurğun haqqında:

“Vurğunun qəhrəmanı Şillerin qəhrəmanından qəti sürətdə fərqli deyildir” yazdığı halda, Süleyman Rüstəm haqqında: “Süleyman Rüstəmin son zamanlarda verdiyi əsərlər bizi qəti sürətdə kifayətləndirməyir...

Onun bilik səviyyəsinin çox da yüksək olmaması, fikri inkişafdakı zəiflik, götürdüyü məsələlərə dərindən yanaşmasına mane olur” deyə yazır və açıq-açığına tərəfgirlik edir.

Mehdinin bu “priyomları” şübhəsiz ki, yazıçılarımız arasında bir tərəfdən lovğalığa, digər tərəfdən isə qruppaçılığa, intriqaya səbəb olur.

Əlbəttə Mehdi tək deyildir.

Nəzərlinin və başqalarının da vaxtilə rappçılıq fəaliyyətləri olmuşdur.

Lakin, indiki halda əsas məsələ bu kimi simaların ifşa edilməsində, ədəbiyyat təşkilatımızdakı averbaxçılıq qalıqlarının kökündən qoparılıb atılmasındadır. Yazıçılar ittifaqı isə hələlik susur. “


P.S. Hüseynov Mehdi Əli oğlu 1909- cu il 22 martda Qazax rayonunun Şıxlı kəndində anadan olub.

Yazıçı, dramaturq, tənqidçi, ictimai- xadimdir. Mehdi Hüseyn dəfələrlə qəzetlərdə tənqidə məruz qalsa da repressiya qurbanı olmayıb.

O, 1965-ci ilin martında Bakıda vəfat edib.
XS
SM
MD
LG