Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:56

Postmodernizm haqda - mümkün qədər sadə dildə (davamı)


Qorxmaz Quliyev
Filologiya elmləri doktoru

Əvvəli burda

1. Hadisənin unikal xarakter daşıması (kosmologiyada T0 zamanda “Böyük partlayış”ın baş verməsi, biologiyada həyatın əmələ gəlməsi fenomenlərinin analoqunun olmaması, çağdaş ekzistensializm və personalizm konsepsiyalarında fərdiyyətin unikallığının təsdiqi);

2. Dünyanın statik dərkindən onun dinamik dərkinə keçid;

3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, həm də humanitar elmlərdə subyektin aparıcı rolunun vurğulanması; bədii əsərin qavranılması prosesində oxucunun ön plana çıxarılması;

4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz qarşıdurmanın aradan götürülməsi;

5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata keçirilməsi; “varlığın vahid düsturu” axtarışlarından imtina;

6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi durum və formanın əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirilməsi cəhdləri ideyasından onların mümkün proqnozlarının verilməsi ideyasına keçid;

7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər hadisənin izahı üçün kontekstdən istifadənin rolunun artması.

Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının yaranması humanitar yönümlü elmlərə də təsir etdi; onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: predmetin ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan, yalnız analitik metodologiyanın labüd təzyiqi nəticəsində bir-birindən aralı düşmüş bir sıra elmlər vahid postmodernist paradiqma əsasında bir araya gəldilər.

Məhz bunun nəticəsində müxtəlif problemlər vahid görmə bucağından araşdırılmağa və izah olunmağa başladılar. “Postmodernist fəlsəfə”, “postmodernist kulturologiya”, “postmodernist sosiologiya”, “postmodernist dilçilik”, “postmodernist estetika” anlayışları meydana gəldi. Vahid paradiqmanın təsbiti ilə bağlı baş vermiş iki köklü dəyişikliyi xüsusilə qeyd etmək lazımdır.

Birincisi, müəyyən spesifik məqamlar kənara çıxmaqla bütün humanitar elmlər eyni anlayışlar sistemi əsasında, demək olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların yaxınlaşması, əl-ələ verib müştərək problemləri birgə həll etmək üçün zəmin yaratdı.

İkincisi, həm sinergetik, həm də postmodernist dünyadərkin əsasını təşkil edən “asentrizm” (“mərkəzyoxluğu”) prinsipinə tam uyğun olaraq hər hansı bir elmi istiqamətin hegemonluq iddiası əsassız hesab olundu.

Dünya vahid mərkəzdən məhrum olduğu üçün, yaxud onun hər bir nöqtəsi eyni zamanda həm mərkəz, həm də periferiya olduğuna görə, bu mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir iyerarxiya prlnsipi əsasında düzülüşü qeyri-məqbul hesab olundu.

***

Bəs bütün XX əsr ərzində get-gedə güclənən mərkəzdənqaçma meyllərin təsiri altında sürətlə bir-birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən məhrum olan bu müxtəlif istiqamətli elmləri bir araya gətirən paradiqma nə üçün məhz XX əsrin sonu – XXI əsrin əvvəllərində meydana gəlmişdir?

Mənə elə gəlir ki, bu prosesin bir-birindən doğan, bir-birini şərtləndirən, bir-birini tamamlayan səbəbləri çoxdur.

Yəqin ki, bu, hər şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən inkişaf səviyyəsinə nail olandan sonra gerçəkliyi daha geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından çıxıb bir-biri ilə çulğalaşmaları ilə bağlıdır.

Artıq bu dövrdə ən müxtəlif elmlər vahid və bütöv dünyanın analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş perspektivdə tədqiq və izah olunması zərurətini hiss edirlər.

İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist cərəyanların deyil, ümumiyyətlə, modernist dünyanıdərk konsepsiyasının dərin böhrana məruz qalması, cəmiyyətdə mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin keçmişin total inkarı əsasında yalnız indiki zaman müstəvisində təqdim olunması və yozulması, insan böhranının səbəblərinin kənara qoyularaq yalnız onun nəticələrinin vurğulanması mədəniyyətin özünü “postmodern”, yəni çağdaş dönəmdən sonrakı gerçəklik kimi dərk və təqdim etməsinə səbəb oldu.

Bu, postmodernizmə total inkara əsaslanan modernist konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində klasslk ənənələrlə qırılmış əlaqələri yeni, fraqmentar əsasda bərpa etmək imkanı verdi.

Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından başlayaraq bəşəriyyətin guya taleyinə təsir göstərə biləcək hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi ehtimalının sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini başa vurması va onun posttarix (tarixsonrası) mərhələyə qədəm basması haqqında müxtəlif kontekstlərdə mülahizələr söylənilməsi ilə nəticələndi.

Fransız postmodernist fikrinin erkən nümayəndələrindən olan M.BIanşo yazırdı:

“Biz bu və ya digər dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq”.

Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd göstərən mifdən başqa bir şey deyildir.

Bədii fikir sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq olması haqqında illüziyasını bədii obrazlar vasitəsilə əsaslandırmağa çalışır.

Məhz buna görə də “tarix əsri eyni zamanda roman əsri” (J.Bodriyar) hesab oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, tarixin və romanın məhz XIX əsrdə – bəşər nəslinin ən çox illüziyaya qapıldığı yüzillikdə – iInkişaf etməsi təsadüfi deyildir.

Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər hansı bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır.

Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki, əgər tarix dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə sığmayaraq gah gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm sürməsi ilə xarakterizə olunur.

Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin meydana gəlməsi ehtimalı istisna olunur.

Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə bölür: birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin formalaşdırdığı dövr və nəhayət, üçüncüsü, postmodernist dövr.

Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni hadisələr dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur.

Mifoloji dövrdə zaman çevrəsinin hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-mümkündür.

İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır; hər bir hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində düzülür.

Üçüncü – postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin keçmişin tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, “əvvəl-sonra”, məntiqi ardıcıllıq prinsipinə tabe olmaqdan imtina edirlər.

Onlar bir-birinə qarışır, xətti düzümü bərpa etmək – zamanın qırılmış sapını düyünləmək qeyri-mümkün olur.

Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun deyil.

Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası mifoloji çevrə təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman konsepsiyasının elmi-ənənəvi və modernist konsepsiyaları arasında orta mövqe tutmasından xəbər verir.

Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən ibarət keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur, indiki zaman hüdudları ilə kifayətlənməyə məcbur olur.

Çağdaş dövrdə insan “diaxron yox, sinxron zamanda yaşayır” (Ceymison).

Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin təsdiqi deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması) prinsiplərinin təsbit olunmasına gətirib çıxarar.

Bu isə zamanın vahid tarixi məntiqə malik olması ideyasının təsdiqi ilə nəticələnir.

Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron kəsimlərdə vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını iddia etmək kökündən səhvdir.

Fransız postmodernist fikrinin ən görkəmli nümayəndələrindən biri olan M.Fuko yazırdı: “Dünya bir-birindən doğmayan, bir-birini izah etməyən, bir-birini tamamlamayan hadisələrin çulğalaşmasıdır.

Onun əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim bugünkü durumumuz dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir.

Tarixçilərdən də tələb edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq”.

Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim onlarla üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə çalışır.

Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq keçdiyi və bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən etmək qeyri-mümkündür.

Vaxtı ilə Hegelin “dünya idrakının hiyləgərliyi” kimi dəyərləndirdiyi “tarixin istehzası” fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır.

Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından heç cür yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə bilər.

Platondan bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu zəmində təşəkkül tapmışdır.

Halbuki tarix bizi daim barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə gəlməyən kombinasiyalar əsasında bir-blrilə birləşirlər.

Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır.

Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud konsepsiyanın yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə olunmuşlar.

Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş sözləri deməyə məhkumuq. Bu isə postmodernist dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə salır.

Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki, postmodernizm modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa, keçmişi məhv etmək qəti qeyri-mümkündür…

Belə olan halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən yan keçmək olmur.

Keçmiş daim bizim həyatımıza müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu özününküləşdirmək lazımdır.

Bu isə yalnız keçmişi eyni zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi münasibət bəsləmək əsasında mümkündür.

Deməli, keçmişə münasibət yalnız istehza əsasında köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət formalaşdıran funksiyası bununla izah olunur.

Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat tərəfindən geniş şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış, hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir.

Postmodernist istehza onların hamısı ilə bu və ya digər dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır.

Lakin bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII əsrin əvvəllərində alman estetik fikrində təşəkkül tapmış romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda qayıdışı kimi dəyərləndirilə bilər.

Məlum olduğu kimi, alman romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin açıqlanmasının və həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının əsas bədii vasitəsi hesab olunurdu.

Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla “romantik istehza”nın əleyhinə çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə “mən”in özünə qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir.

Həm dünyaduyum forması, həm də bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil etmək olar.

Əhatə dairəsi etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə mövcud olan bütün dəyərlərə təsdiqedici – inkaredici mövqedən yanaşan postmodernist istehza total özgələşmə üçün şərait yaradır.

Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən ilk baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə yardım edir.

Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi olaraq öz adı ilə “möhür basması”nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi yozur.

Mən isə bir vaxtlar bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən hansı dogrudur?

Axı həqiqətən də sənətkar bir tərəfdən öz adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz ona – Füzuliyə məxsus olduğunu vurğulayır.

Lakin digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır – özünütəsdiq özünüinkara çevrilir.

Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında ziddiyyət yoxa çıxır; onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist ruhunda istehzalı münasibət bəsləyir.

Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək imkanı verir.

Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi onun ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik ovqat laylarının aşkarlanmasına gətirərdi.

U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir:

“Kişi bilir ki, qadına “mən səni dəlicəsinə sevirəm” sözləri ilə müraciət edə bilməz.

Çünki o bilir ki, bu sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir ki, kişi bundan məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu mövcuddur.

Kişi deyə bilər ki, “Liala demişkən, mən səni dəlicəsinə sevirəm”. Bax, beləcə kişi saxta məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə davam etdiyini bildirir.

Onların hər ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan oxumasını qəbul edirlər.

Onların hər ikisi şüurlu şəkildə və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha məhəbbət haqqında danışmaq imkanı əldə edirlər”.

Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə edərək oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial oxucularının hamısını, həm də xüsusilə özünü barmağına dolayıb ələ salmalı olur.

Oxucu da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur olur.

Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və total istehza bərqərar olur.

Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz buna görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı potensiala malikdir.

Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə kimlərinsə dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və ya digər müəllifə məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir.

Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü isə əsərin hüdudlarından kənarda yerləşən xarici instansiyadır, bir növ yaratdığı “bədii dünyanın Allahıdır” və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr üçün məsuliyyət daşıyır.

Məhz sənətkarın əsərə nisbətən xarici instansiya rolunu oynamasını və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: “Xarici səbəb bütün başqa səbəblərdən daha artıq səbəbdir”.

Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini yenidən nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış prosesində yeni, son dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib gözlənilməz assosiasiyalara rəvac verə bilər.

Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar əslində əsər yox, mətn yaradır.

Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin aparıcı kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir.

J.Derrida tərəfindən təklif olunan bu neologizm “destruksiya” (“dağıtma”, “sökmə”) və “konstruksiya” (“quraşdırma”, “tikmə”) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində meydana gəlmişdir.

Dekonstruksiya prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə – kompozisiya, süjet, üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir oxucu mətnin yaradıcısı statusunu qazanır.

Məhz buna görə də “hər bir mətn daim (oxucu tərəfindən. – Q.Q.) burada və indi yazılır”‘. (R.Bart).

Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur.

Əslində, postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin “polifonik” (çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır.

Çağdaş hermenevtikanın ən görkəmli nümayəndəsi H.Gadamer də özünün “Həqiqət və metod” əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur.

Filosofun terminologiyasında “deyim” və “mətn” sinonim anlayışlar olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin kontekstində mövcud olması ideyasından çıxış etməsi nəticəsinə gələ bilərik.

Bu faktların əsasında fransız postmodernist fikrinin nümayəndəsi Y.Kristeva “intertekstuallıq” anlayışını irəli sürmüş və göstərmişdir ki, “hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir”.

Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər mətnlərin eklektik toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar etdikləri meydandır.

Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdikləri məkana çevrilir.

J.Jenet mətnlərin münasibətlərinin aşağıdakı təsnifat tipini təklif etmişdir.

1. Bir mətndə iki və daha artıq mətnin birgə mövcudluğu kimi intertekstuallıq (sitat, plagiat, işarə);

2. Mətnin öz hissəsinə (epiqrafa, sərlövhəyə) münasibəti kimi paratekstuallıq;

3. Mətnin öz mətnöncələrinə münasibəti kimi metatekstuallıq;

4. Mətnin digər mətnləri ələ salma məqamında parodiya münasibəti kimi hipertekstuallıq;

5. Mətnlərin janr əlaqələri kimi arxitekstuallıq.

Tədqiqatçının bu təsnifatı, hətta mətndaxili meqamlara toxunanda belə, əslində intertekstuallığın təzahür formalarından başqa bir şey deyillər.

İntertekstuallıqla bağlı mülahizələrimi R.Bartın aşağıdakı sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Mətnin əsasını onun başqa mətnlərə, kodlara, işarələrə çıxışı təşkil edir.

Həm yazı, həm də oxu prosesində hər bir mətn intermətndir; hər bir mətn köhnə sitatlardan toxunmuş parçadır. Köhnə mədəni kodların, formulaların, ritmik strukturların, sosial idiomların fraqmentlərinin qırıqları – bütün bunlar mətn tərəfindən həzm-rabedən keçirilib onun içində bir-birinə qarışmışdır.

Çünki həmişə mətnə qədər və onun ətrafında dil mövcuddur”.

Postmodernizm mətnin müəllif tərəfindən yaradılmış əsər olması haqqında ədəbiyyatşünaslığın ənənəvi konsepsiyasını rədd edir. Ən azı ona görə ki, müəllif son nöqtəni qoyduğu andan “yaratdığı” mətn onun nəzarətindən çıxır, saysız-hesabsız oxucu şərhlərinin hədəfinə çevrilir.

Məhz buna görə də bu və ya digər əsəri müəllifə şamil etmək bu mətni dinamiklikdən məhrum edib, kirəcləşdirmək, deməli, ona son “məna vermək, yazını qapamaq deməkdir” (R.Bart).

Postmodernist sənətkar mətnə belə bir münasibətin qeyri-mümkünlüyünü başa düşür, məhz buna görə də yazdıqlarının mahiyyətini və məzmununu şərh etməkdən və açıqlamaqdan çəkinir.

O çox gözəl başa düşür ki, yazdıqları ara vermədən niyyətlərinin hüdudlarını aşır, bəzənsə onları tamam ləğv edir.

Buna görə də postmodernizmdə artıq müəllif öz sözünü deyən fərd yox – axı bunun üçün sənin ancaq sənə məxsus sözün olmalıdır – “yazının müəyyən vəhdəti prinsipidir”.

Əslində, bu və ya digər əsərin müəllifi artıq mövcud mətnlərin təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxs əsərin oxucudan oxucuya daim dəyişən, yeni-yeni çalarlar kəsb edən şərhləri “mədəniyyətdə əks-səda” (Borxes) üçün zəmin yaradır.

Bədii nümunələrin tükənməz məna potensialı onun iqtibasını, tərcüməsini, yeni variantın işlənməsini və sairəni həyata keçirməyə imkan yaradır.

Bu da öz növbəsində diaxron kəsimdə mənəvi-estetik dəyərlərin ötürülməsini, ilk baxışdan bir-birindən fərqli mədəniyyətlərin bir-birinin hesabına zənginləşməsini, son nəticə etibarilə mədəniyyət sahəsində, o cümlədən bədii fikirdə aramsızlığı təmin edir.

Bir-birindən uzaq və bir-birindən fərqli dövlətlərin, sivilizasiyaların dinamik əlaqələri məhz bu potensialın aramsız gerçəkləşməsinə söykənir.

Postmodernizmin həm diaxron, həm də sinxron kəsimlərdə bütün bəşər mədəniyyətini ehtiva edib bütöv üzvi toplum kimi təqdim etməsi prinsip etibarilə sivilizasiya tiplərinin bir-birindən hermetik şəkildə təcrid olunması haqqında O.Şpenqler – A.Toynbi konsepsiyasını rədd edir.

Əslində, bu və ya digər əsərin müəlllfi artıq mövcud mövzuların təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxsdir.

Müəllif-əsər münasibətlərinin mahiyyətinə postmodernist baxımdan aydınlıq gətirməyə cəhd edən rus şairi, Nobel mükafatı laureatı İ.Brodski yazırdı: “Şair dilin mövcudluq vasitəsidir. Dil sadəcə ona (şairə – Q.Q.) növbəti misranı diqtə edir”.

Məhz buna görə də mənanın yaranması nöqteyi-nəzərindən yazı da, oxu da insanın yox, dilin həqiqətidir.

Yeri gəlmişkən, İ.Brodskinin bu sözləri təkcə məna baxımından deyll, Ifadə tərzi nöqteyi-nəzərindən də keçmiş irsə postmodernist münasibətə misal ola bilər.

Onun dil-şair münasibətləri ilə bağlı mülahizəsi vaxtı ilə A.Veselovskinin “Homer xalqın poetik orqanı yox, poetik xalqın orqanıdır” sözlərinin yeni müstəvidə postmodernist təkrarıdır, deməli, gizli sitatdır.

Postmodernizmdə müəllif statusunun bu cür köklü şəkildə transformasiyaya uğraması, onun ölümü kimi dəyərləndirilməlidir.

Bu isə hələ XIX əsrin sonlarına yaxın F.Nitsşe tərəfindən bəyan olunmuş və XX əsr ərzində yaranmış bütün modernist cərəyanların və postmodernizmin dünyagörüş mövqeyinin mahiyyətini təşkil edən “Allahın ölümü” metaforasının konkret sahədə gerçəkləşmə formasıdır, həqiqiliyinə sübutdur.

Postmodernizm özündən əvvəlkl konsepsiyalara xas olan determinizmi Allahla bağlayırdı.

Postmodernist ideoloqlara görə, bəşər tarixində Allah həmişə ilkin və qəti səbəbi, son və qəti nəticəni simvolizə etmişdir. “Allahın ölümü” isə bu səbəb və nəticənin əsarətindən xilas olmaq, səbəbsiz-nəticəsiz, sonsuz dünya ilə üz-üzə qalmaqdır.

Postmodernist paradiqmanın təsdiqi, bütün humanitar elm sahələrində olduğu kimi, ümumən ədəbiyyatşünaslıqda, o cümlədən onun tərkib hissəsi olan ədəbi tənqiddə də köklü dəyişikliklərin meydana gəlməsinə səbəb oldu.

Lakin postmodernist ədəbiyyatşünaslıq ; dərhal məqsədinə nail ola bilmədi. O, gərgin və konseptual mübarizə nəticəsində tədricən öz prinsiplərini təsdiq edə bildi.

R.Bart öz dövründə mövcud olan ədəbiyyatşünaslıq konsepsiyalarını təhlil edərək postmodernist tənqidlə yanaşı, “universitet və interpretativ” (yaxud “ideoloji”) tənqid formalarının mövcud olması qənaətinə gəlir.

Tədqiqatçı postmodernist tənqidin səciyyəsini digər iki tənqid konsepsiyasının kontekstində, daha doğrusu, onlarla qarşıdurmada, qarşılıqlı inkar prosesində müəyyənləşdirir.

R.Bartın fikrincə, universitet tənqidi bu və ya digər ədəbi-bədii nümunəni araşdırmaqdan ötrü ilkin mərhələdə böyük hazırlıq işi görür – əsərin yaranmasında bu və ya digər dərəcədə iştirak etmiş bütün mənbələri üzə çıxardır, habelə əsərin müəllifinin həyat yolunu ətraflı şəkildə təhlil edir.

Məhz bu mənbələrin kontekstində və müəllifin bioqrafiyasının faktları əsasında sonrakı mərhələdə ədəbi nümunə dəyərləndirilir.

Bütün diqqətini ayrı-ayrı detalların meydana gəlmə səbəblərinə yönəldən universitet tənqidi labüd şəkildə yaradıcılığın məzmununu və bir çox cəhətdən formasını müəyyənləşdirən bir sıra amilləri, o cümlədən tarixi fonu və sosial-mədəni şəraiti nəzərdən qaçırır.

Postmodernist tənqid də universitet tənqidi kimi müəlliflə onun əsəri arasında əlaqə və münasibətlərin olmasını etiraf edir.

Əks təqdirdə ədəbi nümunənin yaradılmasının ənənəvi ədəbiyyatşünaslıqda tamamilə yeni hadisə, yaxud qeyri-klassik tənqidi fikirdə məlum ideya və situasiyaların yeni kombinasiyası kimi dəyərləndirilməsindən asılı olmayaraq, bu nümunəni hasilə gətirən instansiya – fərqi yoxdur, demiurq yaxud skriptor (mirzə) qismində – prosesdən tamamilə kənarlaşdırılır.

Universitet tənqidindən fərqli olaraq postmodernist tənqid sənətkar-əsər münasibətlərini müəllifin həyat yolunu səciyyələndirən detalların və yaxud faktların eyni və oxşar şəkildə bədii nümunədə öz təcəssümünü tapması, yaxud onların ümumi mənşəyə malik olması ilə yox, onun bədii nümunəni öz şəxsiyyəti ilə bütövlükdə ehtiva etməsi fonunda işıqlandırır.

“İnterpretativ” (“ideoloji”) tənqid bədii nümunəni və yaxud ədəbi prosesi semantik-aksioloji nöqteyi-nəzərdən şərh etməyə çalışır.

R.Bart interpretativ-ideoloji tənqidin ekzistensialist yönümlü, marksist yönümlü, psixoanalitik yönümlü, strukturalist yönümlü növlərinin mövcud olmasını nəzərə çarpdırır.

O belə hesab edlr ki, interpretativ tənqidin bütün növləri eyni metodoloji prinsiplərdən çıxış etdiklərinə baxmayaraq, fərqli ideoloji konsepsiyalara söykəndikiəri üçün onların arasında kəskin, çox zaman barışmaz düşmənçiliyə çevrilən ixtilaf mövcuddur.

R.Bart belə hesab edir ki, universitet və interpretativ tənqidlər arasında ilk baxışdan kəskin ziddiyyət mövcuddur.

Lakin bu ziddiyyətin mahiyyətinə vardıqda məlum olur ki, görüntüdən başqa bir şey deyildir. Əslində, hər iki konsepsiya ideoloji xarakter daşıyır.

Postmodernist istehza üsulundan istifadə edən müəllif bu iki qohum tənqid metodologiyasını umu-küsünü kənara qoymağa, bir-birllə barışmağa, bir-birini tamamlamağa, müştərək problemlərlə birlikdə həll etməyə çağırır.

R.Barta görə, universitet tənqidi müxtəlif yönümlü faktları üzə çıxarmaq və müəyyənləşdirməklə məşğuldursa, interpretativ tənqid elə həmin faktları şərh etməyi, başqa sözlə desək, onları mənalandırmağı həyata keçirir.

Lakin əslində, bu ənənəvi konsepsiyaların hər ikisi səhv istiqamət götürmüşlər.

Onlar unudurlar ki, ədəbiyyatdan fərqli olaraq tənqidin hədəfi gerçəklik yox, sözdür, daha doğrusu, başqasının sözüdür, ilkin söz/bədii söz ətrafında, bu sözlə bağlı deyilmiş sonrakı sözdür, qısası, metasözdür.

Buna görə də tənqid bir-birilə dialektik vəhdətdə olan iki münasibət növünü tənqidçinin dilinin tədqiq olunan müəllifin dilinə və bu dil-obyektin gerçəkliyə münasibətlərini nəzərə almalıdır.

Deməli, əslində tənqid metasözlərdən ibarət metadildən başqa bir şey deyildir.

Məhz buna görə də tənqid yazıçının həqiqəti yazıb-yazmaması məsələsi ilə məşğul olmamalıdır.

Əslində gerçəklikdə mövcud olmayan personajlar və situasiyalar yaratmaqla, uydurmaqla məşğul olan yazıçı prinsipial şəkildə həqiqəti təcəssüm etmək iqtidarında deyil.

Bu halda tənqidçinin əsas vəzifəsi ilkin, bədii dilə maksimum müncər olunan metadil yaratmaqdır.

Deməli, tənqidin meyarının adekvatlığından yalnız onda söhbət gedə bilər ki, o (tənqid) “sorğu-suala tutulan əsərin mənasını açıqlamaqla yox, əksinə, mümkün qədər çox onu özümlü dili ilə bürüməklə məşğul olsun.

Bu baxımdan tənqid aydın şəkildə qiraətdən fərqlənir: “oxumaq əsəri arzulamaqdır, ona çevrilmək istəyidir, əsəri öz dilindən özgə hər hansı başqa bir dildə oxumaqdan imtinadır.

Halbuki, oxudan tənqidə keçid arzu olunan obyektin (bədii əsərin – Q.Q.) özünü dəyişmək istəyidir; tənqid əsəri yox, öz şəxsi dilini arzulamalıdır”. (M.BIanşo).

Beləliklə, tənqid iki fərdiyyətin – müəllifin və tənqidçinin dialoqudur.

Məhz buna görə də postmodernist tənqid özündə subyektivliyi və obyektivliyi, tarixiliyi və müasirliyi, totalitarizmi və liberalizmi üzvi vəhdətdə birləşdirir.

Postmodernist tənqid üçün bədii əsərin öz strukturu etibarilə bitib-tükənməz məna potensialına malik olması böyük əhəmiyyət kəsb edir.

Bu, bədii nümunəyə münasibətdə iki cür tənqidin – ədəbiyyat haqqında elmin yaxud şərhlərin və “ədəbi tənqid”in yaxud “yeni tənqid”in yaranmasına şərait yaradır.

Ədəbiyyat haqqında elm (şərh) əsərdə gizlənən saysız-hesabsız mənalardan birini, bir qayda, ən üzdə olanını seçir və onu hərtərəfli şəkildə açıqlamağa cəhd göstərir.

Halbuki “ədəbi tənqid” (“yeni tənqid”) birdəfəyə əsərdəki bütün məna potensialını, daha dogrusu, “boş məna”nı (“boş işarə”ni) hədəf seçir və bununla da bədii əsərə bu və ya digər konkret mənanı vermək iddiasından imtina edir.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, postmodernist məntiqə görə, tənqid elm deyil, çünki elm mövcud mənaları araşdırır, tənqid isə məna istehsal edir (yaradır). Beləliklə, tənqid ədəbiyyat haqqında elmlə qiraət arasında mövqe tutur.

Əgər ənənəvi tənqid üçün bədii əsər şərhin obyektidirsə və bu şərh əsərin düzgün dərk olunması prosesinin yekunlaşması ilə başa çatmalıdırsa, postmodernist tənqidin predmeti əsər yox, onun konstruksiyasıdır.

Əsərə bu rakursdan yanaşma onun sona qədər dərk olunmasını, daha doğrusu, tənqidçinin bununla bağlı illüziyaya qapılmasını qeyri-mümkün edir.

Ənənəvi tənqid əsərin mənası ilə bağlı özünün çıxartdığı məhkəmə qərarını həyata keçirən cəlladdırsa, postmodernist tənqid əsərlə bağlı söhbətlərdir, onun haqqında son və qəti qərar verməkdən imtinadır.

***

Dünyanın dərki nəhayətsizdir.

Hər yeni paradiqma üzdə bunu bəyan etsə də, harada isə təhtəlşüur səviyyəsində bütöv həqiqəti dərk etməsinə, ən azı dərk etmək potensialına malik olmasına inam bəsləyir.

Bu inam son dərəcə təbiidir, çünki onsuz dünyanın elmi dərkində irəliləyiş qətiyyən mümkün olmazdı. Belə bir nlkbinlik postmodernizmə də xasdır.

Çox güman ki, bir zaman gələcək və postmodernist paradiqma yenisi ilə əvəz olunacaq.

Lakin yəqin ki, onun bir müddəası bəşər nəslinin dünyanı dərk prosesini daim stimullaşdıracaq: dünya bütövdür və görmə bucağımızın məhdudluğuna baxmayaraq, gerçəkliyi maksimum geniş şəkildə dərk etməyə can atmağa məhkumuq.

www.kultaz.com
XS
SM
MD
LG