Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Əlil seçicinin aclıq aksiyası


Samirə Şirinova
Samirə Şirinova
“DEPUTATIN PULU VAR?”

Hələ seçkinin nəticəsi bəlli olmamışdan Samirə Şirinova qərara alıbmış ki, 120 saylı dairədən Cəbrayıl rayonunun əvvəlki deputatı Astan Şahverdiyev bu seçkilərdə də qalib gələrsə, aclıq aksiyasına başlayacaq. Gözlənən baş verib və artıq 3-cü gündür ki, Hövsan qəsəbəsində, 22 saylı yataqxanada yaşayan Samirə özünü yeməkdən məhrum edib.

O deyir ki, etirazına səbəb, Astan Şahverdiyevin seçildiyi ötən dövr ərzində millətə vəkillik etməməsi, hətta cəbrayıllıların görüşünə belə gəlməməsidir. Samirə deyir ki, şəxsən özü deputatı ilə əlaqə saxlayıb, amma cavabında kobudluq görüb, Astan Şahverdiyev ona deyib ki:

“Ay qız deputatın pulu var sənə kömək etsin? İcra hakimiyyətinə deyərəm sənə makarondan, vermişeldən göndərər”.

Samirənin adına bir aydan çoxdur bank hesabı da açılıb ki, bəlkə kömək edən olar. Amma indiyə kimi balansı sıfırda dayanır. Dövlətdən aldığı isə əlliliyə görə 55 manat, məcburi köçkün olduğuna görə 15 manat təqaüddür. Pul olmadığından həkimlərin yazdığı dərmanlar elə reseptlərdə qalıb:

“110 manat edir bu dərmanlar, haradan alım?”.

“ONA “NEMESKİY KOLYASKA” DA VERİBLƏR ”

120 Sayli Cəbrayil-Qubadli Seçki Dairəsindən deputat seçilmiş Astan Şahverdiyevlə əlaqə saxladıq. Elə Samirə Şirinovanın adını çəkən kimi, bildirdi ki, onun dedikləri həqiqətə uyğun deyil. O, əlavə etdi ki, “Ümumiyyətlə Cəbrayıl rayonundan Şirinova Samirə adlı əlil qadın yoxdur. Başqa güman olunan İsmayılova familyalı Samirə var”.

Astan Şahverdiyevin bildirdiyinə görə, belə adda və soyadda olan seçici, ümumiyyətlə, ona zəng də etməyib və deyilənlər hamısı böhtandır. Ancaq Astan Şahverdiyev sonradan Samirə Şirinovanın iddialarına cavab verməyə
Astan Şahverdiyev
başladı:

“O mənim qarşımda elə bir təklif qoyur ki, mən mandatımdan imtina edim – bu, absurddur. Mən halal seçilmişəm, bunu bütün cəbrayıllılar bilir. Mənim Cəbrayıl camaatı ilə 5 il müddətində görüşlərim olub. Bu müddət ərzində mənə mindən çox müraciət olunub və əksəriyyət də həllini tapıb. Ümumiyyətlə, mən maraqlandım, Samirə İsmayılova var, o da icra hakimiyyətinin tam qayğısı altındadır. Ona “nemeskiy kolyaska” veriblər. İndi o məndən nə istəyir, bilmirəm”.

İSMAYILOVA YOXSA ŞİRİNOVA SAMİRƏ?

1969-cu il təvəllüdlü Samirə Şirinova deyir ki, 7 noyabr seçkilərində səs də verib – daşınan qutu ilə. Və onun adı və soyadı məhz Şirinova Samirə kimi qeyd edilib.

“Seçkilər” İnformasiya Mərkəzindən (www.infocenter.gov.az) dəqiqləşdirdik. 120 saylı Cəbrayil-Qubadli Seçki Dairəsinin seçici siyahısında Şirinova Təbərük adına rast gəldik ki, bu da Samirə Şirinovanın anasıdır. Ünvan kimi 22 nömrəli yataqxana göstərilib. Siyahıda İsmayılova Samirə adlı da seçici var, amma 1963 təvəllüdlü – bu, Şirinovlar ailəsinin 1976-cı ildə vəfat etmiş qızı Sevil İsmayılovanın doğum tarixidir. Samirə Şirinova isə təvəllüdünün vəfat etmiş bacısının doğum tarixi ilə eyniləşdirildiyinin səbəbini bilmir. Soyadlarının fərqini isə belə izah edir:

“İsmayılova mənim ata soyadımdır. Mən şəxsiyyət vəsiqəsi alanda (alana kimi “metirka” ilə dolanmışam), dedilər ki, ata soyadında qalmaq üçün məhkəməyə müraciət etməlisən. Mənim çölə çıxmaq imkanım olmadığından, ana soyadında qaldım, yəni Şirinova. Bu saxtakarlıqdır ki, ölən bacımı da seçici siyahısına salıblar”.

MSK ilə əlaqə saxlasaq da, araşdırmanın vaxt tələb etdiyini bildirdilər və heç bir informasiya almaq mümkün olmadı.

Samirə Şirinova
Cəbrayıl Rayon İcra Hakimiytətindən də Şirinova Samirə adlı Cəbrayıl rayon sakini olduğunu təsdiqlədilər. Adının çəkilməyini istəməyən İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, belə adam olsa da, onlara heç vaxt müraciət etməyib.

ƏLİL SEÇİCİDƏN KİM İSTİFADƏ EDİB?

Astan Şahvediyev iddia edir ki, Samirə Şirinovanın Zakir adlı qardaşı Müsavat Partiyasından namizədliyini irəli sürmüş İzzət Məmmədovun müşahidəçisidir:

“Rəqib namizədlər, rəqib də deməyə dilim gəlmir, o əlil xanımın vəziyyətindən istifadə edirlər”.

120 saylı dairədən namizədliyini vermiş, Müsavat Partiyasının dəstəklədiyi İzzət Məmmədov ona qarşı olan bu iddianı rədd etdi:

“Astan Şahverdiyev əvvəlcə deyir, Samirə Şirinova adlı bir adam yoxdur, sonra isə deyir ki, onun qardaşı mənim adamımdır. Müsavat Partiyasının üzvü Zakir adlı şəxs var və ola bilsin ki, müşahidəçilik də edib. Amma 32 illik yataq xəstəsindən mən necə istifadə edə bilərəm axı? Mən o xanımla görüşmüşəm də, halından da xəbərdaram. Astan bəy yaxşı olardı ki, gedib gözü ilə görərdi, söhbət edib bilərdi ki, onun doğrudan da köməyə ehtiyacı var, ya yox”.

Samirə Şirinova isə nə namizədlərlə keçirilən görüşlərə gedə bilir, nə də ki ona bağışlanan əlil arabasından istifadə edir. 22 saylı yataqxananın 5-ci mərtəbəsində yaşamaq onu bu imkanlardan da məhrum edib:

“İstəyirəm Astan Şahverdiyev gəlsin, bu beş mərtəbəni çıxsın və görsün ki, mən necə bir vəziyyətdə yaşayıram...”.

Samirə Şirinova deyir ki, bu görüş baş tutana kimi aclıq aksiyasını davam etdirəcək.
XS
SM
MD
LG