Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:48

ABŞ-ın kəskin seçki bəyanatı arxasında nə durur


Bülənt Əlirza
Bülənt Əlirza
Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza AzadliqRadiosunun Azərbaycandakı parlament seçkilərinə Vaşinqtonun tənqidi münasibəti, Metyu Brayzanın Azərbaycana səfir göndərilməsi perpsktivləri və başqa suallarına cavab verib. Müsahibəni təqdim edirik:

XARİCİ SİYASƏT, O CÜMLƏDƏN QAFQAZ OBAMANIN GÜNDƏLİYİNDƏ İKİNCİ YERƏ DÜŞÜB?

- Bülənt bəy, ABŞ Azərbaycanda keçirilən parlament seçkisinin beynəlxalq normalara uyğun gəlmədiyini bildirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu qiymətdən təəccübləndiyini bildirib. Bakıda rəsmi mətbuat bu qiymətləndirməni Vaşinqtonun Bakıya qərəzli münasibəti kimi təqdim edir. Sizcə, sonuncu seçkiyə münasibət Bakı ilə Vaşinqton arasında münasibətlərin gələcəyinə təsir edə bilərmi?

- Unutmayaq ki, bu arada ABŞ-da da çox önəmli seçkilər oldu. Obamanın partiyası parlamentin iki palatasından birində çoxluğu itirdi. Buna görə Obama və onun komandasının xarici problemlərlə maraqlanmaq imkanları seçkidən əvvələ nisbətən aşağı düşüdü. Sədəcə, Azərbaycan, ya da Qafqazla bağlı deyil, xarici ölkələrlə bağlı sualların əksəriyyəti Vaşinqtonun gündəmində ikinci plana düşdü, deyə bilərik.

Ona görə də hazırda Azərbaycandakı seçkilərə və həmin seçkilərdəki problemlərə ABŞ-da böyük bir maraq olduğunu demək çətindir.

- Yəni, Sizcə, indi “seçki beynəlxalq normalara uyğun gəlməyib” ifadəsinin gələcək münasibətlərin formasına ciddi bir təsiri gözlənilmir, eləmi?

- Bunun bir təsirinin olub-olmayacağını görəcəyik. Bəllidir ki, Vaşinqton bir müddətdir Bakı ilə zəifləmiş münasibətlərin düzəlməsinə cəhdlər edir. Dövlət Katibi Hillari Klinton və Müdafiə naziri Robert Qeyts son aylar Bakıya getdilər, əlaqələrlə bağlı önəmli bəyanatlar verdilər.

Eyni zamanda Obama administrasiyası uzun müddətdir Bakıda boş olan səfir postunun tutulması üçün cəhdlər etdi. Hələlik səfirin göndərilməsində problem olsa da, namizədin irəli sürülməsinin özü Azərbaycanın ABŞ-ın gündəmində önəmini göstərir.

Əvvəllər də Bakıda baş verən hadisələrə Vaşinqtondan tənqidi münasibətlər səslənib. Baxaq, görək, budəfəki tənqidlərin münasibətlərə bir təsiri olacaqmı. Amma mən bu istiqamətdə bir dəyişiklik olacağını gözləmirəm.

PREZİDENT BRAYZANI BAKIYA SENATIN TƏSDİQİ OLMADAN DA SƏFİR GÖNDƏRƏ BİLƏR

- Səfir mövzusunda da bir sualımız var. Sizin də bəhs etdiyiniz sonuncu aralıq seçkidə Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının əleyhinə olan senator Barbara Bokser yenidən seçildi. Sizcə, indi nə baş verəcək? Prezident Obama öz namizədini yenisi ilə dəyişəcək, yoxsa, mübahisə hələ davam edəcək, ABŞ-ın Bakıda səfiri vəzifəsi boş qalacaq?

- Bokser Nyu-Cersinin senatoru Robert Menendezlə birlikdə Brayzanın səfir təyinatının qarşısını alıb. Onların arxalarında güclü erməni lobbisi var. Bu iki senator erməni lobbisinin mövqeyinə sözçülük edir.

Bu vəziyyətin qısa müddətdə dəyişəcəyini gözləmirəm. Ona görə Brayzanın Bakıya getməsində çətinliklərin davam edəcəyi bəllidir. Obamanın onu Senatdan təsdiq almadan da səfir göndərmək hüququ var. Amma indiki vəziyyətdə onun belə addım atacağını guman etmirəm. Bəlkə, gələcəkdə səfir vəzifəsinə başqa bir namizədin adını Konqresə verə bilər. Yəni, indiki vəziyyət elə də parlaq deyil və belə görünür ki, hələ bir müddət ABŞ-ın Bakıda səfiri olmayacaq.

- Bəs, səfirin olmaması, kimin daha çox ziyanınadır, Bakının, yoxsa, Vaşinqtonun?

- Məncə, Bakının ziyanınadır. Rəsmi Bakı buradakı səfirin vasitəsilə ABŞ-ı maraqlandıran həm xarici siyasət mövzusunda, həm də ölkədaxili vəziyyətlə bağlı Vaşinqtona detallı məlumat verilə bilərdi. Məsələn, orda səfir olsaydı, sonuncu parlament seçkiləri ilə bağlı ABŞ-a detallı məlumat göndərilə bilərdi. Təbii ki, Bakıda çalışan bir səfirlik var. Amma səfirin özünün orada olması hər zaman bir üstünlükdür.

Əlbəttə, ABŞ-ı maraqları baxımından da səfirin olmamasından bir itki var. Səfir ölkəsinin baxışlarını birbaşa ifadə edə bilərdi.

Amma hər necə olsa da nəticədə itirən ABŞ səfirinin olmadığı ölkələrdir. ABŞ-ın marağını çəkmək üçün orada bir səfirin fəaliyyət göstərməsi yaxşı olardı.
Eyni vəziyyət Türkiyədə üçün də var. Müxtəlif səbəblərdən cənab Frank Ricciardone Ankaraya səfir kimi təsdiqlənə bilməyib. Nəticədə hazırda nə Bakıda, nə də Ankarada ABŞ-ın səfiri yoxdur. Bu kimi vəziyyətlər o qədər də xoş deyil, amma ABŞ sistemi belə çalışır...

QARABAĞ MOSKVA İLƏ VAŞİNQTONUN GÜNDƏLİYİNDƏ NEÇƏNCİDİR?

- Bülənt bəy, Qarabağ mövzusunda da suallarımız var. Prezident Obama Rusiyayla əlaqələrin yenilənməsi kimi bir siyasət elan edib. Bu arada həm də Rusiya prezidenti Medvedev Qarabağ danışıqlarında fəallaşmış kimi görunur. Onun təşəbbüsü ilə Azərbaycan, Ermənistan prezidentləri ilə ikitərəfli görüşlər keçirilib. Sizcə, Vaşinqtonun həmin “Rusiya ilə yenilənmiş siyasət” addımları ABŞ-ın Rusiyanın Qarabağ münaqişəsində mövqeyinin də dəstəklənməsinə səbəb ola bilərmi?

- Bunu gələcək göstərər. Vaşinqtonla Moskva arasında yenidən başlayan münasibətləri təbbi ki, ancaq bu mövzudan ibarət deyil. Onların gündəliyində bəlkə də ən birinci məsələ İranın nüvə proqramına münasibətdə ABŞ-ın Rusiyanı öz tərəfinə çəkməsidir. Eyni zamanda, Avropada raket yerləşdirilməsi layihəsi var. Bu da yəqin ki, İrana qarşı olacaq. ABŞ çalışır ki, Rusiya buna qarşı çıxmasın.

Təbii ki, ABŞ-la Rusiya arasında həm də Qarabağ məsələsinə dair Misnk Qrupu çərçivəsində və ondan kənarda uzun illərdir davam edən bir dialoq var.
Baxaq, görək, nə olacaq. Rusiya uzun illərdir bu münaqişənin davam etməsindən faydalanır. Ermənistan dəstək üçün davamlı olaraq Moskvaya baxır. Eyni zamanda, Azərbaycan da münaqişənin həllində Rusiyadan kömək gözləyir.

Rusiya da bölgədə öz nüfuzunu artırmaq üçün keçmişdə bu münaqişədən istifadə edib. İndi bundan sonra münaqişənin həllindən özünə bir fayda götürə bilərsə, onun həllinə çalışacaq. Amma mən hələ Rusiyanın bu nəticəyə gəldiyinə inanmıram. İkinci də mən hesab etmirəm ki, indiki anda ABŞ bu mövzuda Rusiyaya təzyiq edir, buna xüsusi önəm verir.

Dediyim kimi onların gündəliyində hazırda başqa aktual mövzular var. Eyni zamanda da Obama qarşıdakı dövrdə daha çox ölkə daxilindəki problemlərlə məşğul olmaq məcburiyyətində qalacaq.

- Dolayısı ilə Siz ATƏT-in dekabra nəzərdə tutulan Astana sammitindən də Qarabağ üçün ciddi nəticələr gözləmirsiniz. Baxmayaraq ki, Medvedevin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu Həştərxan görüşündə Xarici İşlər nazirlərinə bu sammitə münaqişənin həllinə dair baza prinsiplərin razılaşdırlmış variantını təqdim etmək tapşırılıb.

- Keçmişdə də bu cür müzakirələr çox olub. Əvvəllər də “bu dəfə artıq münaqişə həll edilir” deyə söz-söhbət olub. Amma elə bugünlərdə Ermənistan prezidenti Azərbaycana çox sərt bir mesaj verib. Baxaq, görək, bu dəfə Yerevan razılaşmaya hazırdırmı, Rusiya Ermənistana işğal etdiyi torpaqlardan çəkilmək və başqa problemlərin həlli üçün ciddi təzyiq edəcəkmi? Mən bu barədə o qədər də ümidli deyiləm.

ANKARA İLƏ VAŞİNQTON ARASINDA BİR HƏDD VAR...

- Bülənt bəy, son sualımız Türkiyə - ABŞ münasibətləri haqqındadır. Son illər Ankaranın üzünü Qərbdən Şərqə çevriməsi, bundan onun NATO müttəfiqlərinin, xüsusilə ABŞ-ın narahat olmasına dair Qərb mətbuatında təhlillər verilir. Sizcə, doğrudan da Vaşinqtonla Ankara arasında həlli uzun zaman alacaq ciddi fikir ayrılığı varmı? Varsa, bunun regiona təsiri nə ola bilər?

- Belə fikir ayrılıqları var. ABŞ-la Türkiyə arasında ittifaq xüsusilə soyuq müharibə illərində Sovet İttifaqına qarşı qurulmuş bir ittifaqdır. İndi Sovet İttifaqı dağılıb, 20 ildir soyuq müharibə yoxdur. Ona görə indi Türkiyə ilə ABŞ arasında əvvəllər olmayan bəzi problemlər də meydana çıxıb.

Məsələn, 2003-cü ildə Türkiyə öz ərazisi ilə ABŞ-ın İraqa hücum etməsinə razılıq vermədi. İndi ona bənzər bir vəziyyəti yenə yaşayırıq.

Türkiyə BMT-də İranla bağlı müzakirələrdə ABŞ-ı müdafiə etmədi. Həmçinin ABŞ-ın təzyiqlərinə baxmayaraq, İranla ticarətini davam etdirmək istəyir.
Eyni zamanda İsraillə çox ciddi gərginliklər yarandı.

Belə bir zamanda Türkiyənin üzünü Qərbdən Şərqə çevirməsinə dair söz-söhbətlər daha da sıxlaşdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin həm Qərbə, həm də Şərqə baxdığını bildirir. Əlbəttə, bu önəmlidir. Amma Qərblə Şərq arasında münaqişə meydana gələndə, məsələn İran məsələsində olduğu kimi, Türkiyə çətin vəziyyətə düşür. Görək, nə baş verəcək... Mən Türkiyə-ABŞ münasibətlərində bir hədd olduğuna, nə ondan çox yuxarı, nə də çox aşağı keçilməyəcəyinə inanıram. Münasibətləri davam etdirəcəklər. Amma keçmilərdə olduğu kimi bu münasibətlərin yaxın və problemsiz olub-olmayacağına bəri başdan söyləmək mümkün deyil.

- Bu arada Türkiyənin NATO-da ciddi problemləri ola bilərmi?

- Xüsusilə raket yerləşdirilməsi məsələsində ciddi fikir ayrılığı var. Türkiyə bu raket məsələsi ilə bağlı NATO-nun İrana qarşı bir mövqe almasını istəmir. Ankara həm NATO ilə Qərb dünyasına bağlı olması, həm ABŞ-la yaxın əlaqələri, həm də o biri tərəfdən İran və bölgədəki ərəb ölkələri ilə yaxın münasibətlərinə görə aralıqda qalır. Baxaq, görə, Türkiyə bu mövqeyini davam etdirə biləcəkmi.

Bir neçə gün sonra keçiriləcək NATO zirvəsində də bu və hələ həllini gözləyən bəzi başqa problemlər müzakirə ediləcək.
XS
SM
MD
LG