Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:36

Eehhh... kitab, kitab, kitab...!!!


Cavid ZEYNALLI

“Ədəbiyyat üçün mərsiyə”

Başa düşürəm, bir az nikbin və mübariz olmaq lazımdır. Səbr etmək, yorulmadan çalışmaq, qatır inadkarlığından əl çəkməyib dizimizi torpağa yenən bütün kabuslarla bəbək-bəbəyə dayanmaq zorundayıq.

İnsanlar üçün gecə barlarında qucaqdan-qucağa qucaq-qucaq öpüş göndərən müğənnilərin yataq dəstləri, döşəkağları, dodaq boyaları, qapılarındakı möhtərəm itləri ədəbiyyat deyilən bu bədbəxt və zəlil nəsnəsədən daha maraqlı, dəyərli və doğmadır.

Şairinə Moşu, yazıçısına boşboğaz damğası vurulan bu cəmiyyətdə qələmə sarılan mənim kimi sadəlövhlərin hələ də ayağı yer tutur, yırtıq ayaqqabı kimi üstünü toz tutan ədəbiyyatın böyük gələcəyi xülyası ilə havalı-havalı gəzirlər.

Apteklərin yuxarı başında mötəbər yer tutan cırt-cırtlı Pamperscən olmayan kitablar hələ də evlərin zirzəmisində siçanların ən rahat sevişmə yeridir. Belə-belə işlər, xanımlar və cənablar!

Zatən, mənim başıma ağıl qoymaq fikrinə düşməyin, “məsləhət vermək qədər axmaq və asan iş yoxdur” deyimini nəzərinizə çatdırıb ibrətamiz kəlmələrə-filana ehtiyacımın olmadığını bəri başdan xatırladıram.

Sadəcə, ciddiyə almayın, keçmiş olsun deyib yazının adındakı, girişindəki sinə dolusu təəssüf və ağrını kədərli noyabr axşamının keçəri nostaljisi bilin!

Və yarımbaşlığı mənə xatırladıb üstümə acıqlanın ki, zəhləmizi tökmə, nikbin notlar üstündə (necə də bayağı səslənir) bir reportaj yaz, oxuyub “müəllif-satıcı” məsələsindən agah olaq.

Yazarların oxucu ayağına qədər iməkləyib “eheeyyyy, bu kitabı mən yazmışam, gəlin alın, oxuyun!” deyə hayqırtısını biz də eşidək.

Hər üç yazar xanıma sayqı və ehtiramımı bildirib də “iməkləmək” felindən savayı uyğun söz tapmamağımı söz ehtiyatımın azlığı kimi qəbul edəcəkləri gümanındayam.

Yadıma bir əhvalat düşdü. 80-ci illərdə tanınmış şairlərdən birinə oxucusu zəng vurub deyir ki, filankəs müəllim, kitabınızı almışam, xahiş edirəm, görüşək, imzalayın.

Şair elə telefondaca oxucusunun üstünə çımxırır ki:

– Əşşi, nə imzabazlıqdır. Kitabdır, yazmışam, götür oxu da! Mən hər oxucumla görüşsəm, gərək evə-eşiyə yığışmayam. Vaxtımı boş-boş şeylərə görə almayın.

Oxucu əl çəkmir. İnadkarlığına salıb yenə nəsə demək istəyəndə, ətiacı və əsəbi şair dəstəyi yerinə qoyur ki, açıl başımdan.

Sevimli şairinin bu sözlərini özünə sığışdıra bilməyən kişi təkrar zəng edir.

– Yenə sənsən? Yaxşı-yaxşı, deyəsən tərs adama oxşayırsan. Sabah kitabı gətir qol çəkim, çıx get.
Oxucu qırmızı-qırmızı dillənir:

– ... müəllim, lazım deyil, kitabı atdım tualetə.

Belə-belə işlər, xanımlar və cənablar! Artıq nəsə yazmaq lazımdırmı?! Yuxarıda yazdıqlarımla bu əhvalatı bir-birinə bağlayan telləri açıb deməyə ehtiyac varmı?

Oyundan uzaqlaşdırılan ədəbiyyatın indi harda olduğunu... Lənət sənə, kor şeytan!!! Üzürlü sayın, siz allah! Söz verirəm, davamı maraqlı olacaq. Daha ağlayıb-sıtxayıb qanınızı it qanına döndərməyəcəm.

İki-üç saatlıq “kəşfiyyat” işindən yaddaşımda nə qalıbsa hamısını yazacam.

“Əjdər Olun və Rəşad Məcidin axşam bazarlığı”


Kəşfiyyat dedim, yadıma Nigar Köçərli düşdü.

Fotoaparatını gözündən iraq, əlindən uzaq qoymayıb dünyanın axırı imiş kimi hər qabağına çıxanın şəklini elə çəkirdi ki, elə bil qədim Mayyalıların dünyanın dağılmağı haqqındakı proqnozlarından duyuq düşmüşdü.

Ayağımı “Əli və Nino” nun kandarına təzəcə qoymuşdum ki, birnəfəsə dedi:

– Kəşfiyyata gəlmisiniz ki, məlumat toplayasınız?

Xeyli güldüm. Söz verirəm, Nigar xanım, belə tədbirlərdən sonuncu yazımdır.

Bir küncə çəkilib, daha ciddi işlərlə məşğul olmaq lazımdır.

Layihənin birinci günü “piştaxta” arxasına pis şairə, yaxşı publisist Günel Mövlud keçdi. Ki, öz oxucularına kitab haqqında şəxsən məlumat verib, öz dəsti-xətti ilə imzalasın.

Günelin bəxti onda gətirdi ki, Əsəd Cahangirin baş redaktoru olduğu və ilk teatr dərgisi kimi Azərbaycan tarixinə düşən “Teatral” jurnalının təqdimat mərasimi üçün Gənc Tamaşaçılar Teatrına yığışan ədəbiyyat əhli tədbirdən sonra “Əli və Nino”ya gəldilər:

Əjdər Ol, Rəşad Məcid, Səlim Babullaoğlu, Qismət, Zərdüşt və adlarını unutduğum başqaları...

Əvvəllər marketdə şərab və ətir satmaqla məşğul olan Günel yeddi ildən bəri uzaq düşdüyü köhnə peşəsinin nostaljisini yenidən yaşayıb şirin dilini işə saldı, nə saldı.

Düzdür, Əjdər müəllimə neçə kitab satdığını bilmirəm, amma hər halda, Rəşad Məciddən yarıdı: Halit Ziya Uşaklıgilin “Aşkı-ı memnu” romanı və ədəbiyyata dəxli olmayan hansısa başqa hədiyyə ilə evə dönəcəkdi. Yaman sevincək olmuşdu.

Mən kitabxananın işçilərindən sonradan eşidəcəkdim ki, gün ərzində 30-dan artıq kitab sata bilib. Siftəsini Şahbaz Xuduoğlu verəndə belə də olmalıydı.

“Elxan Qaraqan yenə öndədir”

Layihənin ikinci günü çox pis şairə, bəyəndiyim yazıçı Nərmin Kamal “Aç, mənəm” kitabını satmalıydı. Daha doğrusu, oxuculara digər kitabların seçimində də köməkçi olmalıydı.

Düzdür, həmin gün kitab evinə gedə bilmədim, amma məlumat toplamaq nə çətin işdir? Nərmin xanımın şairliyi necədirsə, satıcılığı da ondan geri qalmır.

Vur-tut: 10 kitab. Rəqəmlərdə kiçicik yanlışlığa yol verdimsə, üzürlü sayın. Kitab evinin işçilərindən almışam, səhv olarsa, babalı öz boyunlarına.

AzTV-dən çəkilişə gələn bir xanımla Şahbaz Xuduoğlu arasında yaşanan maraqlı bir dialoq müxbirlə naşir arasındakı böyük bir uçurumun göstəricisi yox, böyük bir telekanalın kitaba olan “isti” münasibətinin bariz nümunəsiydi.

Alıcılardan kitab mağazaları haqqında fikirlərini öyrənən xanım müsahibinin əlində kitab tutmaq istəməsinə özəl münasibət sərgilədi:

– Bilirsinizmi, bu, reklamdır. Bizdə buna icazə vermirlər.

– Siz kitabı da reklam etmək istəmirsiniz? Çəkilişi içəridə aparsanız, tamaşaçılarda layihə haqqında tam təsəvvür yaranar.

– Kitablar kadrın arxasında görünəcək.

Belə-belə işlər, xanımlar və cənablar!

Belə tədbirlərin keçirilməsi xeyirxah və xoşməramlı işdir, amma bunu mütləq yazmalıyam: vəziyyət çox pisdir.

Yazar xanımların dəvətilə gələn dost-tanışlarını çıxsaq, mənim 3-4 saatlıq müşahidəm vaxtı iki nəfər azərbaycandilli oxucu kitab üçün müraciət etdi.

Tələbə oğlan Jül Vernin “Sirli ada” romanına 4 manat ödəsə də, yaşlı bir kişi Qurban Səidin “Əli və Nino” romanını almaq üçün 5 manat pul düzəldə bilmədi.

Mən Fəxri Uğurlunun, Şərif Ağayarın, Əlabbasın, Eyvaz Əlləzoğlunun rəflərdə qalaqlanan kitablarına baxıb düşünürdüm ki, ilahi, görəsən insanlar doğrudanmı kitab almağa beş manat pul düzəldə bilmirlər?

Təzə-təzə dostlaşdığım satıcı oğlan, Elxan Qaraqanın kitablarının daha çox oxunduğunu dedi.

Rusdilli kitabların sayı kimi, oxucuları da çox idi.

Sahilə xanım öz dost-tanışlarını daha çox sevindirdi desəm, yalan olmaz.

Özüylə bir xeyli tanış-biliş gətirən yazarın “ay uşaqlar, kitabımı alın” deməsindən kədərlənib də, hər kəsə işlərində uğurlar arzulayıb bu müqəddəs məkandan bacardıqca uzaqlaşmaq istəyirdim.

Ədəbiyyatın bir yazar xanımın yalvarışına sığa biləcəyi ilə barışmaq istəmirdim, dostlar, lütfən, məni bağışlayın!!!

525-ci qəzet

Həmçinin oxu
Günel Mövlud. Şərabın və kitabın yanında
XS
SM
MD
LG