Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:49

Putindən Berluskoniyə qardaş payı?


Vladimir Putin və Silvio Berluskoni, 2004
Vladimir Putin və Silvio Berluskoni, 2004
Rusiyanın Baş naziri Vladimir Putin italyan həmkarı Silvio Berluskoniyə əsas enerji sazişlərində pay verməklə onun rəsmi dəstəyini alıb.

«WikiLeaks»in yaydığı sənədlərə görə, bunu Amerikanın Romadakı səfiri deyib.

Putinin Berluskoninin dəstəyini qazanması Amerika diplomatlarının ciddi narahatlığına səbəb olub. Onlar yazışmalarında qeyd edirlər ki, İtaliya liderinin Putini razı salmaq istəyi regionda siyasi və iqtisadi sabitliyə təhlükə yarada bilər.

BERLUSKONİ - PUTİNİN AGENTİ?

«WikiLeaks» bu iddiaları ABŞ-ın keçmiş səfiri Ronald Spoqliyə istinadla yayıb. Ondan əvvəl isə Amerika Dövlət katibi Hillari Klinton bundan əvvəlki yazışmalarda İtaliya Baş naziri barədə deyilənlərə görə üzr istəmişdi. Berluskoni barədə qəzetlərdə «siyasi cəhətdən zəif», «şöhrətpərəst», «vecsiz» sözləri yer almışdı.

«WikiLeaks»in yaydığı məlumatlara görə, 2009-cu iləcən Romada səfir işləmiş cənab Spoqli Berluskoniyə Putinin agenti kimi baxırmış.

ENERJİ SAZİŞLƏRİNDƏN ŞƏXSİ GƏLİR

Ancaq onun şəxsi gəlir götürməsinə dair ittihamlar lap ciddidir. 26 yanvar 2009-cu il tarixli teleqramda Berluskoninin partiyası daxilindəki italyan mənbələrinə istinadla deyilir ki, «Berluskoni və yaxın dostları İtaliya və Rusiya arasındakı enerji sazişlərinin çoxundan yaxşıca şəxsi gəlir götürüblər».

«Gürcüstanın Romadakı səfiri bizə deyib ki, Gürcüstan hökuməti inanır ki, Putin Berluskoniyə «Qazprom»la «ENI»nin idarə etdiyi istənilən kəmərdən gəlir faizi söz verib».

«Qazprom» rəhbəri Aleksey Miller və «ENI» rəhbəri Paolo Skaroni «Cənub axını» kəməri layihəsinə dair saziş imzalayırlar, 2009
İtaliya hökumətinin «ENI»də böyük payı var, bu şirkət də Rusiya hökumətinin nəzarətində olan «Qazprom»la sıx işləyir. «Qazprom» Avropaya əsas qaz ixracatçısıdır.

«MƏN ÖLKƏMİN MARAĞINI GÜDÜRƏM»

Berluskoni bu ittihamları rədd edib. «Tamamilə aydındır ki, mənim heç bir ölkədə marağım yoxdur. Burda qətiyyən şəxsi maraq yoxdur. Mən ancaq italyanların və ölkəmin maraqlarını güdürəm», - o, «Ansa» xəbər agentliyinə bildirib.

«Biz ümid edirik ki, bu iddialar doğru deyil. İstənilən halda, Baş nazir parlamentə gəlib bunu təkzib etməlidir». Bunu isə müxalifətdə olan Demokratik Partiyanın rəhbəri Dario Françesini deyir.

«O, PUTİNƏ BƏNZƏMƏK İSTƏYİR»

«WikiLeaks»in son sənədləri Amerika diplomatlarının Berluskoninin Rusiya siyasətindən qıcığını da ifadə edir. «Berluskoni Rusiya siyasətinə öz daxili siyasəti kimi yanaşır - buna taktiki olaraq hər gün münasibət bildirir».

«Onun əsas arzusu Putinə bənzəməkdir. O, tez-tez Putin tərəfindən ötürülmüş fikirləri səsləndirib. Gürcüstan böhranı vaxtı Berluskoni təkid edirdi ki, Gürcüstan işğalçıdır».

«WikiLeaks»in son açıqlamaları İtaliyanın «yaralı» Baş nazirinə təzyiqləri daha da artıracaq. Dekabrın 14-də parlamentdə ona etimad səsverməsi olmalıdır. Onunla bağlı bir neçə ay davam edən əxlaq və korrupsiya iddialarından sonra mərkəz-sağçı müttəfiqləri partiyasından çıxıblar.
XS
SM
MD
LG