Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

“Bir mənzili 11 nəfərə satıblar”


Qalib Əliyev Yasamal rayonu Xiyabani küçəsi 18 ünvanında yeni tikilən binanın sakinidir. Amma onun aldığı evin daha 3 sahibi var imiş. Bir ay bundan qabaq bəlli olub ki, 400-dən çox mənzili olan bu yeni binadakı evlər bir neçə il ərzində 1320 nəfərə satılıb.

Qalib Əliyev: “2009-cu ildən indiyə kimi kreditlə 32 min manat pul vermişəm. Hələ 1200 manat da borcum qalıb. Bu işin üstü açılmasaydı, o pulu da verəcəkdim. Hətta bu binada 1-ci blokun 13-cü mənzili rekord sayda adama – 11 nəfərə satıblar. Biz alanda sənədlərinə baxmışıq Gördük ki, İcra Hakimiyyətindən, fövqəladədən sənədlər var”.

Azərbaycanda on minlərlə vətəndaş tikinti şirkətləri tərəfindən aldadılır. Səbəb də çox vaxt bu şirkətlərdən həddən artıq rüşvət tələb olunmasındadır.

Bunu isə “Hər kəsin haqqı var” verilişində hüquq müdafiəçisi Vidadi İsgəndərli bildirib.

TİKİNTİ ŞİRKƏTLƏRİNİ RÜŞVƏT İÇİNDƏ BOĞURLAR


AzadlıqRadiosu və “İnternyus Azərbaycan” təşkilatının birgə hazırladığı verilişdə bu dəfə mülkiyyət hüquqları müzakirə edilib. Proqramın qonağı Vidadi İsgəndərli deyir ki,
hazırda Bakıda 1 kvadratmetrlik tikinti 100 dollara başa gəlir. Amma 1500 dollara satılır. Çünki dövlət monopolistləri kiçik sahibkarları rüşvət içində boğurlar:

Vuidadi İsgəndərli
“Bir bina tikmək üçün 37 instansiyadan keçmək lazımdır. Yenə bu “Muray” MMC binanı tikib. 2007-ci ildə “GEN” MMC-nin işini xatırlayın. Hələ cəza müddəti bitməyən bir şəxs yüz minlərlə rüşvət hesabına Bakıda 8 rayon ərazisində guya bina tikdiyini elan etmişdi. Bu adam məhkəmədə 5 rayonun icra hakimiyyətinin hər birinə 100 mindən artıq rüşvət verdiyini demişdi. Amma korrupsiya faktı ilə bağlı Baş Prokurorluqda iş açılmadı. Nəticədə buklet paylayanlar, xadimə işləyənlər tutuldu. Cinayət törədənlərin hamısı kənarda qaldı”.

BİR MƏMURA GÖRƏ BÜTÖVLÜKDƏ DÖVLƏT SİYASƏTİNİ QINAMAQ DÜZGÜN DEYİL

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsindən Rəfael Cəbrayılov dövlətin mülkiyyət hüququ ilə bağlı çox mükəmməl qanunvericilik bazası olduğunu bildirir. Onun sözlərinə görə, qanunda mülkiyyət hüququnun məhdudlaşdırılması halları göstərilir:

Rəfael Cəbrayılov
“Hazırda Azərbaycanda transmilli layihələrin həyata keçirilməsi, qaz, neft, dəmiryol xətlərinin çəkilməsi, yolların genişləndirilməsi bu və ya digər şəkildə mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məsələlərə fərdi yanaşmaq lazımdır. Hansısa məmurun qanunsuz əməlinə görə bütövlükdə dövlət siyasətini qınamaq düzgün deyil”.

Vidadi İsgəndərli isə bildirir ki, Azərbaycanda mülkiyyət hüququ nəinki qorunur, əksinə, onu qorumalı təşkilatların özləri tərəfindən kobud surətdə pozulur:

“İnsanların sərəncamla əldə etdikləri torpaqlar, mülkiyyətlərində olan evlər rayon icra hakimiyyətləri tərəfindən onların əllərindən alınır. Belə hadisələr çox baş verir. Qanuna görə, əgər tikinti strateji əhəmiyyət kəsb edirsə, onda kompensasiya ödəməklə vətəndaşın mülkiyyətini almaq olar. Amma bəzən bu abadlıq işləri çox insanlara az qala qanı bahasına başa gəlir”.

AVROPADA ZORLA HEÇ KİMİN EVİNİ SÖKMÜRLƏR

Qış bulvarının tikintisi ilə əlaqədar Füzuli küçəsindən insanların zorla evlərindən çıxarılmasını misal çəkən V.İsgəndərli bildirir ki, bu məsələdə dövlət məmurları, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən total surətdə qanunsuzluq baş verir:

“Azərbaycanda mülkiyyət hüququ nəinki qorunur, əksinə…”
“Bu, vətəndaşlara qarşı mənəvi terrordur. Deyirlər ki, Bakını gözəlləşdiririk. Amma vətəndaşların mülkiyyət hüququnu əlindən almaq olmaz. Avropada da belə olur ki, vətəndaş dövlətin kompensasiyası ilə razılaşmır. Amma orda zorla heç kimin evini sökmürlər. Bəzən böyük binaların yanında kiçik evlər qalır. Çünki orada dövlət mülkiyyət hüququnu pozmur”.

DÖVLƏT HƏR KƏSİN MÜLKİYYƏT HÜQUQUNU TANIYIR

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bu verilişdə iştirak üçün nümayəndə göndərməyə etiraz olunub. Oradan bildiriblər ki, əgər vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı narazılıqlar varsa, həmin narazılıqlarla əlaqəli sualları söküntü işlərinin aparıldığı ərazilərdəki nümayəndələrə verə bilərik

AzadlıqRadiosu əməkdaşının Qış bulvarı salınacaq ərazidə rastlaşıb sual ünvanladığı Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəis müavini Zülfəli İsmayılov isə bu sahədə problemlərin olmadığını bildirib. O deyib ki, dövlət mənzili sökülən hər kəsin mülkiyyət hüququnu tanıyır və onların hamısına hər kvadratmetrə görə 1500 dollar kompensasiya verir.

XS
SM
MD
LG