Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Olan azadlıqların hesabına


Azər Qaraçənli

Olan azadlıqlar hesabına
("Azadlıq nitqləri" kitabından)

Azadlıq olmayan yerdə də hansısa azadlıqlar olur.

Bu istər‐istəməz belə alınır, çünki azadlıq əbədidi, onun təbiətində ölmək yoxdu, onu nə qədər boğsalar da, yenə hardasa kəsik‐kəsik nəfəs alıb yaşayacaq, tam sıradan çıxmayacaq.

Bu baxımdan azadlıq - yaşadığına görə kimsəyə borclu deyil, çünki o onsuz da ölən deyildi.

Əbədi olmaq – həmişə olmaq deməkdi, azadlıq da əbədidi, deməli, o həmişə var, həmişə də olacaq, buna görə heç kimə də minnəti yoxdu.

Ancaq kimlər ki, azadlığın tərəfində durublar, kimlər ki, onu lap yaxşı yaşatmağa çalışıblar, indi də çalışırlar, sağ olsunlar, onlar əbədiyyətlə məşğuldular, bundan gözəl məşğuliyyət ola bilməz.

Azadlığın tərəfində duran adam təmkinli olmalıdı, başa düşməlidi ki, o, onsuz da məğlub olmayacaq, onun qələbəsi – təkcə elə azadlıq əbədi olduğuna görə – əvvəldən məlumdu, labüddü, ona görə çox da tələsməyə, darıxmağa dəyməz, hirslənib özündən çıxmağa ehtiyac yoxdu.

Azadlığın tərəfində duran adam bir az arxayın bəndə olmalıdı, onda öz qələbəsinə inanan, qalib gələcəyini bilən adamın mülayimliyi, ürək genişliyi olmalıdı.

Bircə narahatlıq ondandı ki, azadlıqdan amansızcasına məhrum olunmuş adamlar var, onların bir gün tez də azadlığa çıxması qənimətdi.

Bir də narahatlıq ondadı ki, azadlığı əlindən alınmış nəsillər olub, hamını azad görməkdən ötrü burnunun ucu göynəyən adamlar olub, onlar bu günü görməyəcəklər. Ancaq neyləmək olar, xeyirin də qələbəsində kədər var, işıqlı günlərin də öz qüssəsi var.

“Kaş bu günü hamı görəydi” qüssəsi içində dünya, göz yaşları arxasından da olsa, işıqlı günlərə baxıb sevinməlidi.

Xoş gündə ölənləri yada salmaq bir adətdi, elə‐belə adət deyil bu; bu, böyük bir əxlaqdı.

Bu adəti unutmadan, o əxlaqdan dönmədən dünya asta‐asta, yavaş‐yavaş, ehtiyatla əbədi dəyərlərin oturuşmasına çalışmalıdı.

Azadlıq olmayan yerdə azadlığı, olan azadlıqların hesabına qazanmaq lazımdı. Riskə getmək lazım deyil.

Özünü çox da oda‐közə vurmaq, özünü yandırmaq, ən pisi – özünü ölümə vermək qətiyyən olmaz.

Başqalarını ölümə verməksə heç olmaz. Əgər söz azadlığı yoxdusa, onda sözü elə demək lazımdı ki, onu deyəni, onu yayanı və ona qulaq asanları yandırmasın.

Söz azadlığı yoxdusa, onda sözü işarələrlə demək lazımdı.

Bax, həmin işarələr – söz azadlığının olmadığı yerdə olan azadlıqlardı, onlardan istifadə eləmək mümkündü.

Seçki azadlığı yoxdusa da, seçmək azadlığına nail olmaq üçün bəzi azadlıqlar var, seçki azadlığı uğrunda mübarizəni həmin azadlıqlardan yararlanmaq yoluyla aparmaq olar, başqa riskli yollara əl atmaq lazım deyil.

Olan azadlıqlardan düzgün istifadə eləyəndə həm adamı ilişdirmək çətin olur, həm adam başqalarını işə salmır, peşmançılıq yaratmır, həm də olan‐qalan azadlıqların nişangaha çevrilməsi təhlükəsi yaranmır, azadlığın düşmənlərində azadlığı bir az da çox boğmaq fikri oyanmır.

Azadlığı daraldan sərhədləri ya çox ehtiyatla keçmək, ya da keçməmək, o sərhədi içindən çürütmək lazımdı.

Hər bir halda özünün və başqalarının həyatını düşünməli, özündən və başqalarından muğayat olmalısan.

Özünü azadlığın sərhədinə çırpıb tikanlı məftillər üstündə qana boyanmaq qətiyyən olmaz. Başqalarını buna sövq eləməksə heç olmaz.

Əsas məsələ həmişə azadlığın tərəfində durmaq, o sərhədə düşmən gözüylə baxmaqdı.

Əsas məsələ həmişə olduğundan daha böyük azadlığa can atmaq və çox da canfəşanlıq eləmədən, özünün və başqalarının həyatını risk altında qoymadan həmin azadlığı qazanmağa çalışmaqdı.

Olan azadlıqlardan istifadə eləməklə azadlığın sərhədini genişləndirmək mümkündü. Qadağan olunmamış azadlıqlardan yararlanmaqla qadağan olunmuş azadlıqların sayını azaltmaq mümkündü.

Azadlığı qadağalar dövründə də işlək bir prosesə çevirmək, onu paslanmağa qoymamaq istər‐istəməz öz bəhrəsini verəcək, onun mütəhərrikliyi, enerjisi daxili gücü hesabına artacaq, zərrə‐zərrə də olsa, qadağaları yeyəcək, sərhədləri çökdürəcək.

Cəmiyyəti qızışdırmadan da onu azadlıq uğrunda mübarizəyə yönəltmək olar. Bundan ötrü ona bütün qadağaları, təhlükələri xatırlatmaq, ondan ayıq‐sayıq olmağı, mübarizəni səbirlə, ehtiyatla aparmağı xahiş eləmək gərəkdi.

Əlbəttə, könül istər ki, hamı şad‐xürrəm, firavan, azad olsun. Ancaq neyləmək olar, buna birdən‐birə nail olmaq mümkün deyil.

Cəmiyyətdə bir mərhələni keçməmiş bir neçə mərhələ qabağa atılmaq təhlükəlidi, bu həmişə qan‐qadaya gətirib çıxarır.

İctimai mübarizədə hər şeyin öz vaxtı var, vaxtından tez alışıb‐yanmaq, başqalarını da bunun oduna yandırmaq insafdan deyil. Səbirli olmaqdan başqa çıxış yolu yoxdu.

Ehtiyatlı mübarizədən yaxşı mübarizə yoxdu. Düzdü, bu çox vaxt aparır, neçə‐neçə adam onun bəhrəsini görməyəcək, ancaq neyləmək olar, xoş gün görməyənlərin kədərli xatirəsi həmişə qalacaq.

Günü bu gün azadlıq dünyanın başından aşsa da, xalqlar əmin‐amanlıq, firavanlıq, haqq‐ədalət, sevgi‐məhəbbət içində üzsə də, yenə dünən dünyadan köçüb getmiş adamlar var, srağagünkü, yüz il, min il əvvəlki itkilər var, onsuz da bu dünyada lazım olan gündə hamını sağ tapmaq mümkün deyil.

Olan azadlıqlardan maksimum istifadə eləmək lazımdı. Belədə azadlıqlar öz sərhədi boyunca həmişə hərəkətdə olacaq, sərhədçilər də məftillərin tuşunda adam görməyə öyrəncəli olacaqlar.

Onda onlar sayıqlığı itirməmək üçün sərhədi özlərinə tərəf çəkəcəklər.

Onlar adamları geri çəkilməyə məcbur eləyə bilməzlər, çünki adamlar sərhədi keçmirlər.

Nəzarət eləyə bilmək üçünsə məsafə lazımdı. Sərhədin tuşunda qələbəlikdisə, sərhədçi geri çəkilməyə məcburdu.

Beləcə, cəmiyyəti daim onun əli çatan azadlıqlardan maksimum istifadə eləməyə yönəltməklə azadlıqların sərhədini genişləndirmək mümkündü.

Hamının qadağan olunmuş yerəcən gəlməsi vacibdi.

Amma heç kim qadağan olunmuş yeri keçməsin. İnanın, axırda ora qadağan olunmamış yerə çevriləcək.

Bu qədər dinc yolda da itki var: neçə‐neçə adam bu günü görməyəcək. Amma başqa yol da yoxdu.

Adamları qadağan olunmuş yerə çağırmaq olmaz, adamları yalnız qadağan olunmamış yerə çağırmaq olar.

Adamları olmayan azadlıqlardan istifadə eləməyə yönəltmək lazım deyil, adamları yalnız olan azadlıqlardan istifadə eləməyə yönəltmək lazımdı.
XS
SM
MD
LG