Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

Duza qoyulmuş milyonlar...


Vəliyəddin Əhmədov
Vəliyəddin Əhmədov

- Payız taxılıdı, gərək indi bir xeyli boy ataydı, amma torpağı torpaq deyil. Görürsüz, necə saralıb? Çətin yiyəsi burdan bir xeyir görə, 7-8 sentner götürsə, sevinəcək...

Əyilib bozarmış torpaqdan ovcuma yığıram, “duzuna” baxmaq istəyirəm, amma qorxuram ki, zarafatım yerinə düşməyə, müsahibim inciyə. Zarafatdan vaz keçib əkilməmiş, kol-kos, daş-kəsək basmış hektarlarla uzanan torpaqda həyat əlaməti – yaşıllıq görmək istəyirəm. Müsahibim Yevlaxın Bucaq kənd bələdiyyəsinin sədri Vəliyəddin Əhmədovun sözləri ümidimi puça çıxarır, deyir ki, burda çoxları əziyyətinə heyfsilənib heç nə əkmir:

- Amma istəyirlər ki, taxıl əksinlər, üzümlük salsınlar. Vaxtilə burda yaxşı pambıqçılıq olub.

- Pambıqçılıq? Bu torpaqda? Onda əvvəllər şoran olmayıb?

- Yox, o vaxtlar şoran deyildi.

ŞORAN TORPAQ NƏDİR?

Mütəxəssislər deyirlər ki, leysan yağış, çay daşqını və ya torpaq suvarılması torpağın üst səthindəki duzlu olan qrunt sularını üzə çıxarır. Yüksək buxarlanma nəticəsində isə torpağın üst qatı şoranlaşmağa məruz qalır.

Son illər ölkədə meliorasiya işlərinin aparılmasına 1 milyard manatdan çox pul xərclənib. Bu məbləğin 500 milyon manata yaxını təmir işlərinə ayrılıb.

Böyük pullar böyük işlər görə bilibmi? Bu vəsait Sovet dövründə şoran torpaqları da yuyub münbitləşdirən sistemi indi də işlək saxlaya bilirmi? Xərclənən vəsaitin əvəzində ölkədə şoranlaşmanın vəziyyətində yaxşılığa doğru dəyişiklik varmı? Bu suallara Açıq Cəmiyyət İnstitutu –Yardım Fondunun (Soros) dəstəyilə apardığımız araşdırmada cavab tapmağa çalışmışıq.

“TOPRAQ ŞORANDIR... ”

Yevlaxın Bucaq bələdiyyəsinə daxil olan Yenicə kəndinin sakinlərinin də güvənc yeri pay torpaqlarıdır, amma bəziləri yalnız mal-qarasını saxlamaq üçün yonca əkir:

- O da alaq-ulaq əmələ gəlir. Becərə bilmirik, torpaq şorandır.

- Keçən il hektar yarım arpa əkmişdik. 20 kisə dən götürdük, o da heç nəyə yaramır.

- Həyət evləri də belədir. Bel vurursan su çıxır.

Şoranlaşma təkcə onların pay torpağında yox, evlərini də başına alıb. Zemfira Rəşidova həyətyanı sahələrin vəziyyətini görmək üçün bizi evinə çağırdı. Kiçik sahələrdən biri bellənib. Zemfira xala torpağın yaş olmasına işarə edib deyir ki, görünən nəmlik qrunt sularındandır. Yanaşı sahə isə bomboz, daş kimidir. Zemfira xala deyir ki, yalnız bir hissəyə təbii gübrə vermək imkanı var, ona görə də bu hissəyə əl vura bilmir:

- Nə əkirik əmələ gəlmir. Su vurmamışam, görürsüz, necə suludu. Neçə ildir pay torpağı veriblər, heç istifadə edə bilməmişəm.

“ŞORAN TORPAQ EVİN DİVARINI DA YEYİR”

Görürsüz divar necə ovulur? 5-6 ildi bu vəziyyətdədir

Həyətdəki kürsülü evin arxa divarlarına sarı gedirik. Divar ovulub tökülür. Şoran torpaq təkcə əkini yox, daş-divarı da yeyirmiş. Həyətlərin birinin beton barısının bir hissəsi şoranlığın güdazına gedib:

- Görürsüz divar necə ovulur? 5-6 ildi bu vəziyyətdədir.

Yevlaxın Bucaq bələdiyyəsinin sədri Vəliyəddin Əhmədov şikayətlənir ki, torpağın şoranlığı onu əkib-becərməyə, yaxşı məhsul götürməyə imkan vermədiyindən camaat torpaq vergisini də ödəmir:

- Deyir ki, torpaqdan istifadə edirəm ki, vergi də verim?

V.Əhmədovun sözlərinə görə, onlarla adam pay torpağından imtina edib. Düzdür, bu imtina sənədləşdirilməsə də, payçıların çoxu illərlə şoran torpaqlarını yiyəsiz buraxıblar.

ƏKİNƏ YARARLI TORPAĞIN ÜÇDƏ BİRİ İTİRİLİB

Azərbaycanın vahid torpaq fondunun təxminən 4 milyon 600 min hektarı kənd təsərrüfatına yararlı torpaq hesab olunur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən aldığımız məlumata görə, kənd təsərrüfatına yararlı torpaqların təxminən 600 min hektarı şoranlaşmağa, 500 mindən çox hektarı şorakətləşməyə, bir o qədəri də eroziyaya məruz qalıb.

Deməli, əkinə yararlı torpağın üçdə biri itirilib. Nəzərə alsaq ki, ölkədə suvarılan torpaq 1 milyon 500 min hektara yaxındır və şoranlaşma və şorakətləşmə də daha çox suvarılan torpaqda baş verir, onda Azərbaycanda əkinə yararlı suvarılan torpaq itkisinin faizi daha da yüksəlmiş olur.

KÜRDƏMİRDƏ, QAZAXDA ƏRAZİLƏRİN YARISI TƏHLÜKƏDƏDİR

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən AzadlıqRadiosuna verilən məlumatların təhlilindən belə nəticəyə gəlmək olur ki, onlarla rayon torpaq itkisi ilə üzləşib. Məsələn, Kürdəmirdə şoranlaşma, şorakətləşmə dərəcələrinə görə, ümumi ərazinin 51 faizi təhlükə altındadır. Qazaxda bu rəqəm şorlaşma və eroziya nəticəsində 68 faizdir.

Zərdabda, Beyləqanda, Yevlaxda da ümumi əraziyə nisbətdə şoranlaşan, şorakətləşən torpaqların faizi yüksəkdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumata görə, onlar əsasən kənd təsərrüfatına yararlı torpaqlarda tədqiqatlar aparırlar və deməli, bu bölgələrdə yararsız hala düşən ərazilər də aqrar istehsala yararlı torpaqları əhatə edir.

ON İL ƏRZİNDƏ ŞORANLAŞMA ARTIB

Komitə yanında Dövlət Yerquruluşu Layihə İnstitutunun şöbə müdiri Talıb Qurbanov deyir ki, son illər 51 rayonda, 715 min hektar torpaqla bağlı araşdırmalar zamanı onun yalnız 325 min hektarının tam münbit olduğu aşkar olunub. Yerdə qalan hissə isə az, orta, ağır dərəcələrə müvafiq şorandır. Onun sözlərinə görə, son rəqəmlər 1999-cu ildən bəri aparılan tədqiqatların nəticələrini əks etdirir, amma bəzi regionlarda vəziyyət 1999-cu illərdən qabaqkı dövrlə müqayisədə pisləşib:

- Ən çox şoranlaşma Şirvan bölgəsindədir. Kür-Araz ovalığında da vəziyyət pisləşib.

“ŞORAN TORPAQ MƏHSUL YETİŞDİRMİR”

Uzun illər meliorasiya sistemində işləyən Vahid Məhərrəmov deyir ki, Sovet dövründə torpaqlarda güclü meliorasiya işləri aparılırdı, əsas hədəf də qrunt sularının səviyyəsini aşağı salmaq idi:

Şoranlaşma bir bəladır

- Şoranlaşma bir bəladır. Sovet dövründə kollektor-drenaj sistemi qururdular ki, torpaqları şoranlaşmağa qoymasınlar. Şoran torpaq məhsuldar olmur.

Rəsmi statistikaya görə, son illər Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı aşağı düşüb. Məsələn, bu il taxıl və paxlalı bitkilər (qarğıdalıdan başqa) 935 min hektardan toplanıb. Bu, ötən ilkindən 156 min hektar azdır.

AZƏRBAYCANDA ORTA HESABLA HƏR HEKTARA 26, BELÇİKADA 78 SENTNER TAXIL DÜŞÜR

Azərbaycan dünya arenasında da aqrar məhsuldarlığa görə öyünə bilmir. Məsələn, Ümumdünya Ərzaq Təşkilatının əkilən sahə və məhsuldarlıqla bağlı 2007-ci il statistikasına görə, Belçikada 319 min hektar taxıl əkilib, məhsuldarlıq isə 2 milyon tondan çox olub.

Azərbaycanda isə bundan iki dəfə artıq - 729 min hektar taxıl əkilsə də, məhsuldarlıq iki dəfə aşağı olub. Belçikada hər hektara 78 sentner məhsuldarlıq götürüldüyü halda Azərbaycanda bu rəqəm 26 sentner olub.

Ümumdünya Ərzaq Təşkilatının 2007-ci il üzrə hesabatına (bəzi ölkələrin nümunəsində) nəzər salaq:

Taxıl üzrə əkin sahəsi və məhsuldarlıq:

Ölkə

əkin sahəsi

(min ha)

Məhsuldarlıq

(min ton)

1 hektara düşən məhsul

(sentner)
Belçika319251978
Almaniya6572 4063262
Danimarka1448822056
Türkiyə122832925023
Azərbaycan729194426
Ermənistan20545722
Gürcüstan19641321
Belarus2429701428


Azərbaycanda məhsuldarlığın aşağı olmasına bu qədər diqqət yetirməyimiz səbəbsiz deyil. Kənd təsərrüfatı mütəxəssisləri həm məhsul istehsalına, həm də məhsuldarlığa təsir edən başlıca amillərdən biri kimi torpağın şoranlaşmasını da səbəb kimi göstərirlər. Gəncə Aqrar Elm Mərkəzinin keçmiş sədri, texniki elmlər doktoru Ziyad Abbasov:

- Şoranlaşma getdikcə torpağı sıradan çıxarır, heç bir şey əkmək olmur. Şorakətləşmə dərəcəsi az olan torpaq da məhsuldar olmur.

“AQRAR SAHƏDƏ ƏMƏK QABİLİYYƏTLİ ADAMLARIN 60 FAİZİ ÇALIŞIR”

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qurbanəli Hüseynli deyir ki, Azərbaycan aqrar ölkə sayıldığından əmək qabiliyyətli adamların 60 faizi aqrar sahədə çalışır. Amma torpaq şoranlaşma kimi səbəblərdən məhv olduqca, həm ölkədə məhsul istehsalı aşağı düşür, həm də adamlar işsiz qalır.

Mütəxəssislər şoranlaşma və şorakətləşməni qarşısı alına bilən proses sayırlar. Sadə dillə desək, bunun üçün drenaj-kollektor sistemləri qurmaq, vaxtlı-vaxtında kanalları təmizləməklə torpağın canını artıq sudan xilas etmək lazımdır.

Qurbanəli Hüseynli deyir ki, kolxoz sistemi dağılandan sonra 24 min km-lik drenaj-kollektor sistemi sıradan çıxdı. 51 min hektar torpağı əhatə edən 45 min km-lik drenaj-kollektor sisteminin isə 15 min km-i dağılıb:

- Burda baxırsan bir km-lik hissə yaxşıdır, 4-5 km-lik hissə isə dağılıb. İri miqyaslı meliorasiya işləri aparılmalıdır.

PUL VAR BƏS İŞ? VƏ YA TƏXMİNƏN 1 MİLYARDA YAXIN VƏSAİT HARA XƏRCLƏNİB?

Son illərdə ölkədə meliorasiya və su təsərrüfatının idarə olunması üçün dövlət büdcəsindən 750 milyon manata yaxın vəsait xərclənib. Üstəlik, bu işlər üçün dövlət xətti ilə xarici banklardan 200 milyon dollardan çox kredit götürülüb.

Nazirlər Kabinetinin qərarı ilə 2005-2010-cu illərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) 408 milyon manatdan çox vəsait ayrılıb

Nazirlər Kabinetinin qərarı ilə 2005-2010-cu illərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) 408 milyon manatdan çox vəsait ayrılıb. Bu məbləğin 21 milyon manatdan çoxu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xərclənib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikinti şöbəsinin mütəxəssisi Rəsul Paşayev deyir ki, Nazirlər Kabinetinin sərəncamı əsasında bir sıra bölgələrdə drenaj-kollektor sistemləri qurulub və ya bərpa edilib.

Cəmiyyətdən aldığımız məlumata görə, son üç ildə Ağstafa, Biləsuvar, Bərdə, Tərtər, Beyləqan, Saatlı, İsmayıllı, Qəbələ, Yevlax, Ağcabədi və Abşeron rayonlarında meliorativ tədbirlər həyata keçiriblər. Qurum bu rayonlarda çəkilən və ya təmizlənən drenajın kilometrinə kimi məlumat versə də, hər bir layihənin neçəyə başa gəlməsi barədə danışmır.

MİLABADDA DRENAJ QURULUB, AMMA...

Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin AzadlıqRadiosuna təqdim etdiyi hesabata düşmüş Beyləqan rayonunun Milabad və Yeni Mil kəndlərində 1200 hektar torpaqda meliorasiya işləri görülməsinə 3 milyon manata yaxın vəsait xərclənib.

Milabad kəndində 2007-ci ilə qədər drenaj sistemi qurulmayıbmış. Kənd sakinləri deyirlər ki, Sovet dövründə Haramı düzü deyilən ərazi qrunt suları üzdə olduğundan əsasən otlaq kimi saxlanıbmış, meliorasiya sistemi qurulmadan torpaqları suvarmaq olmazmış. Amma torpaq islahatından sonra pay torpaqları suvarılıb. Kənd sakinləri deyirlər ki, elə bundan sonra da qrunt sularının səviyyəsi qalxıb və kənd az qala suyun içində qalıb.

“Gəlin, bizim evə gedək” deyə təkidlə bizi qapısına aparan Cəmil dayı həyətə çatanda mənə dedi ki, indi keç görüm bu palçığın içindən evə girə biləcəksənmi? Palçıq basmış həyətdən keçmək üçün mütləq çəkmə geyinmək lazımdır, mən isə hazırlıqlı deyildim:

Keç görüm, keçə biləssən...

- Qrunt sularının səviyyəsi qalxıb, həyətləri bu günə qoyub.

MİLABAD SUYUN İÇİNDƏ

Başqa bir həyətə giririk. 3-4 yaşlı Alı rezin çəkmələri ilə lilli-lehməli gölməçənin içində o yan-bu yana gedir. Bizi görüb mat-məəttəl baxır. Bu həyətdə onun oynamağa yeri yoxdur. Nəinki onun, heç toyuğun da eşələnməyə torpağı yoxdur... Çünki toyuq damı da lehmənin içindədir. Evin xanımı Səmayə Cəfərova deyir ki, neçə ildir bu vəziyyətdə yaşayırlar:

- Həmişə belə aylar olanda su yenə çəkilirdi, amma indi çəkilmir. Evin içərisi yarıya qədər sudur. Bir dəfə ev uçub, bir təhər tikmişik.

Kənddə bəzi evlərin qapısı açıq olsa da, heç kim yaşamırdı. Cəmil dayı deyir ki, bu şəraitə görə çoxları ev-eşiyini atıb çıxıb gedib:

- Mənim 70 yaşım var, indən sonra hara gedim?

KANALIN İÇİNİ QAMIŞ BASIB...

Soruşuram ki, bəs sizin kənddə drenaj sistemi qurulub, onun kəndə bir xeyri olmayıbmı? Kəndlilər məni həmin kollektorun yanına gətirirlər:

3-4 yaşlı Alı mat-məəttəl bizə baxır

- Bu da sizə deyilən kanal. Yanındakı həyətə baxın, suyun içindədir.

Pay torpaqlarının üst hissəsindən keçən kanalın içini qamış basıb. Dibində azacıq su görünür. Keçmiş meliorasiya işçisi Rövşən Alışlı deyir ki, əslində, drenaj sistemi belə olmur:

- Drenaj şəbəkəsinin dərinliyinə baxın, iki metr dərinlik yoxdur, eninə baxın, 2 yarım en yoxdur. Bu böyük arxdır, drenaj deyil. Burda drenaj sistemi qanunauyğun çəkilməyib.

“BİZƏ MÜRACİƏT ETMƏYİBLƏR”

Amma Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikinti şöbəsinin mütəxəssisi Rəsul Paşayev deyir ki, Milabadda 250 hektarda çəkilən qapalı drenaj və açıq kollektor əkin torpaqları üçün nəzərdə tutulub. Kənddə qrunt sularının səviyyəsinin qalxmasıyla bağlı isə onlara nə sakinlər, nə də icra strukturları müraciət edib:

- Müraciət edərlərsə, gedib baxarıq. Əvvəlcə bunun səbəbləri öyrənilməlidir ki, bu suyun mənbəyi nədir, qrunt sularıdır, yoxsa çirkab sular. Bir dəfə müraciət elədilər, onda da 1200 hektarlıq ərazidə drenaj-kollektor sistemi qurduq.

SAKİNLƏRSƏ BAŞQA SÖZ DEYİRLƏR...

Amma sakinlər aidiyyatlı dövlət qurumlarına dəfələrlə şikayət etdiklərini bildirirlər. Kənd sakini Fazil Paşayev deyir ki, bu drenaj-kollektor sistemi pay torpaqların bir hissəsinin vəziyyətinə nisbətən təsir edib, amma kəndlilərin çoxu həm həyətyanı sahələrini itirib, həm də pay torpaqlarından yüksək məhsul əldə edə bilmirlər.

Samir Əliyev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, meliorasiya işləri apararkən layihə elə hazırlanmalıdır ki, həm pay torpaqlarını, həm də həyətyanı sahələri əhatə eləsin, çünki həyətyanı sahələr də kənd təsərrüfatına yararlı torpaqlara aiddir. Məsələn, meyvə əsasən həyətyanı sahələrdə becərilir.

Meliorasiya və Su Təsərrüfatı ASC Milabaddakı kollektor-drenaj sisteminə çəkilən xərc barədə də məlumat vermir. Cəmiyyətin rəsmisi Rəsul Paşayev bircə onu deyir ki, bunun dəyəri 2 milyon manat civarındadır.

“ELƏ BİL ON İL ƏVVƏLKİ DRENAJLARDI

2003-cü ildə Azərbaycan hökuməti Dünya Bankından aldığı 35 milyon dollarlıq güzəştli kreditin də üstünə 4 milyon manat əlavə edib 11 rayonun 22 Sudan İstifadəedənlər Birliklərində meliorasiya işləri aparıb.

Pilot ərazilərdən biri Ağcabədinin Salmanbəyli kəndi olub. Burdakı layihənin koordinatoru Tapdıq Həsənov deyir ki, kənddə drenaj-kollektor sistemini tikərkən kollektorun içini betonlayıblar, ona görə də hələ ki, bu ərazidə problem yaranmayıb.

Amma eyni layihəyə cəlb olunmuş Beyləqanın Şərq qəsəbəsinin sakini Qənimət Məmmədov deyir ki, aradan az müddət keçməsinə baxmayaraq, kəndin drenaj-kollektor sistemi bir neçə yerdə bərbad hala düşüb:

- Əvvəlcə həvəslə işə başlamışdılar. Amma sonradan işə başdansovdu yanaşdılar. Ana kanalı işləməyiblər. Elə bil on il əvvəlki drenajlardı.

Qənimət Məmmədov deyir ki, keyfiyyətinə sertifikat verilmiş toxum əksə də, yüksək məhsuldarlıq əldə edə bilmir, hektardan 10 sentner götürür:

- Aralıq drenajları təmizlədilər, kimsə tələb edəndə ki, yeri qaydaya uyğun qazsın, çıxıb getdilər.

XƏRCİ AZALTMAĞIN, KEYFİYYƏTİ ARTIRMAĞIN YOLU

2003-cü ildə Azərbaycan hökuməti Dünya Bankından aldığı 35 milyon dollarlıq güzəştli kreditin də üstünə 4 milyon manat əlavə edib 11 rayonun 22 Sudan İstifadəedənlər Birliklərində meliorasiya işləri aparıb

Vaxtilə meliorasiya sistemində işləmiş İlyas Məmmədov deyir ki, o, Dünya Bankının layihələri ilə tanışdır. Məsələn, 2000-ci illərdə Bərdənin Məmmədli kəndində aparılmış meliorativ tədbirlərdən sonra torpağın vəziyyəti yaxşılaşıb, amma sonradan kanallara qulluq göstərilməməsi köhnə problemləri qaytarıb. İlyas Məmmədov:

- Kanal 2-3 ildən bir təmizlənməlidir. Bunu təmizləməyə də vəsait lazımdır axı. Kəndin isə bunu təmizləmək üçün vəsaiti yoxdur.

İ.Məmmədovun fikrincə, meliorasiya işi ayrı-ayrı kəndlərdə yox, ümumi olaraq rayonda, kompleks tədbirlər çərçivəsində aparılmalıdır. Onun sözlərinə görə, bu halda həm çəkilən xərc azalır, həm də keyfiyyət artır:

- Məsələn, Bərdə rayonunda Qarabağ suvarma kanalı var, axırıncı kənd kanaldan 15-20 km kənardadır. Sən get ucqar kənddə meliorasiya işini gör, amma ora su verə bilmə. Suyu aparan kanal dağılmış vəziyyətdə olsun, onda bu işlərin nə xeyri var? Ona görə də kompleks tədbirlərə ehtiyac var, nəinki ayrı-ayrı kəndlərdə işlər görülməsinə.

“ONLAR SUYU UCUZ SATMAĞA MƏCBURDULAR”

Kanalları Sudan İstifadəedənlər Birlikləri təmizləməlidir. Dünya Bankından deyirlər ki, layihə çərçivəsində işlər görüləndən sonra drenaj-kollektor sistemləri də Sudan İstifadəedənlər Birliklərinin balansına verilib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sudan İstifadəedənlər Birlikləri ilə iş şöbəsinin rəhbəri Mətləb Quliyev deyir ki, bu birliklərin daxili kanalları təmizləmək üçün maddi imkanları yoxdur, onlar suyu ucuz satmağa məcbur olduqlarından gəlir əldə edə bilmirlər:

- Bu gün fermerin baha qiymətə su almağa imkanı yoxdur. Birliklər də topladığı vəsaitlərlə özünü güclə saxlayır və cüzi təmir işlərini görür.

Mətləb Quliyev

Mətləb Quliyev deyir ki, hələlik Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerlərdəki istismar idarələri kanalların təmizlənməsini həyata keçirir.

BƏS TƏMİRƏ AYRILAN 500 MİLYONA YAXIN VƏSAİT HARA GEDİR?

Hər il dövlət büdcəsindən təmirə milyonlarla manat ayrılır. Məsələn, 2003-2010-cu illərdə cari təmirə 200 milyon manata yaxın, istehsalat obyektlərinin əsaslı təmirinə isə 230 milyondan çox vəsait ayrılıb. Mətləb Quliyev deyir ki, cari təmirə ayrılan vəsait adından da göründüyü kimi, cari təmirlərə xərclənib:

- Cari təmir deyəndə kanalların, kollektorların lildən təmizlənməsidir, həm drenajlar, həm bəndlər, böyük kanalların təmiridir. Tələbatın heç 10 faizi deyil, hələ çox olmalıdır.

“SƏHİYYƏYƏ AYRILAN VƏSAİTƏ BƏRABƏR PUL”

Ekspert Samir Əliyev isə meliorasiya tədbirləri üçün ayrılan vəsaiti elə də kiçik məbləğ saymır. Onun sözlərinə görə, həm investisiyalar, həm də büdcə xərcləri çərçivəçində hər il orta hesabla 400 milyon manat vəsait ayrılır. Bu isə təxminən səhiyyəyə ayrılan vəsaitə bərabərdir.

S.Əliyevin fikrincə, ölkədə meliorasiya tədbirlərini aparmaq üçün dövlət proqramının yoxluğu bu problemin köklü həll edilməməsinə səbəb olur. Üstəlik, onun fikrincə, korrupsiya böyük pulların bu sahədə yuyulmasına yol açır.

MİLYONLARLA PUL ƏLDƏN ÇIXIR...

Avropa Komissiyasının binası

Yeri gəlmişkən, artıq bir neçə ildir ki, Avropa Komissiyasının “Torpaqların müdafiəsi” strategiyası hazırlanıb. Qurumun nəzdindəki Ətraf Mühit və Dayanıqlıq İnstitutu yanındakı Araşdırmalar Mərkəzindən bizə təqdim edilən hesabatda şoranlaşmanın ətraf mühitə, sağlamlığa və aqrar sahəyə mənfi təsiri öyrənilib. Bunun vurduğu zərər hər il üçün milyonlarla avro ilə ölçülür. Məsələn, avropalı ekspertlər ətraf mühitə, infrastruktura və aqrar sahəyə mənfi zərəri müəyyənləşdirmək üçün hər hektara 10 avro hesablayıblar. Kobud müqayisə olsa da, bu göstəricini Azərbaycana şamil etsək, onda ölkənin hər il milyonlarla manat itirdiyini hesablaya bilərik.

DANİMARKADA YALNIZ SAHİLYANI TORPAQLARDA ŞORANLAŞMA VARMIŞ

Danimarka Ətraf Mühitin Mühafizəsi Nazirliyinin informasiya mərkəzinin əməkdaşı Tobias Grindsted isə bizə bildirir ki, onlarda torpağın şoranlaşması problemi yoxdur. Çünki bütün torpaqlar geniş drenaj-kollektor sistemi ilə əhatə olunub və təkcə torpağın qrunt sularını yox, həm də sənaye müəssisələrinin çirkli sularını aparır:

- Əkilən sahələrdə yağış yağanda torpağın duzunu yuyub aparır. Amma dəniz sahillərinə getsəniz, bu ərazidəki torpaqlarda şoranlaşma görərsiniz, çünki daşqınlar burda şoranlıq yaradır. Bu, hökumətin qarşısında çox ciddi problem kimi dayanır.

“FERMERLƏR, BİRLƏŞİN!”

Azərbaycanda isə bu problemi həll etmək üçün fermer təsərrüfatlarının birləşməsini təklif edirlər. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qurbanəli Hüseynli deyir ki, yaxın vaxtlarda təsərrüfatların birləşdirilməsi üçün qanunun qəbulu gözlənir.

İqtisadçı Samir Əliyev isə ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramında torpaqların şoranlaşmadan azad edilməsi məsələsinin qaldırıldığını deyir. Amma o hesab edir ki, ölkədə torpaqların şoranlaşması ilə mübarizə ilə bağlı dövlət proqramı qəbul edilməlidir:

- Burda dəqiq göstərilməlidir ki, hər il nə qədər torpaq sağlamlaşdırılıb kənd təsərrüfatına qaytarılacaq. Hədəf də əsasən bu olmalıdır.

4-5 MİLYON ADAMI YEDİZDİRƏSİ TORPAQ VAR

Dünyada aqrar sahənin təcrübəsini öyrənən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzindən deyirlər ki, 1 hektar münbit torpaq 4-5 nəfərdən ibarət ailəni yedirtməlidir.

Deməli, 1 milyon hektar torpaq 4-5 milyon adamı ərzaqla təmin edə bilər. Azərbaycanda isə rəsmi statistikaya görə, kənd təsərrüfatı məhsullarının 50-60 faizi idxaldır. Halbuki, ölkənin 4 milyon hektardan çox torpağı var.

Biz bu araşdırmada şoranlaşmış torpaqların yuyulması məsələsini də araşdırdıq. SSRİ dağılandan sonra heç bir dövlət qurumu şoranlaşmış torpağı yumur. Bu, bahalı proses hesab olunur, məsələn, 1 hektara 7 min manat xərc tələb olunur. Müsahiblərim isə təkrar şorlaşmanın yuyulmasının daha bahalı iş olduğunu söyləyir.

Ölkədə baş verən şoranlaşmanın çox hissəsi də elə təkrar şoranlaşmanın payına düşür. Ekspertlər deyirlər ki, əgər neft gəlirlərinin yüksək olduğu bir vaxtda bu problem həll olunmasa, yaxın gələcəkdə, hər il miqyası böyüyən problemi az gəlirli dövrdə çətin ki, həll etmək mümkün olsun.

XS
SM
MD
LG