Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

"Elə "Emo" qızlar var ki, atası molladır"


Onlar adətən cizgi filmlərinin qəhrəmanlarının şəkilləri olan koftalar, rəngbərəng “ket”lər geyir, rəngli kəmərlər, qolbaqlar, şərflər taxırlar. Onların arasında elələri də olur ki, tatuirovka (bədənə şəkil döydürmək) və pirsinqlərdən (bədənlərinin müxtəlif yerlərini deşdirmək) istifadə edirlər. Bu əlamətləri qabarıq görünən gənc oğlan və qızlara “Emo” deyirlər.

EMO NƏDİR?


Emo- ingiliscə “Emotion” (duyğu) sözündən götürülüb. Emolar adlarını emosiya ilə yaşamaqları ilə izah edirlər. Bəzən özlərinə “hisslə yaşayan oğlan və qızlar” da deyilər. Emolar üçün hisləri göstərmək zəiflik əlaməti yox, adi bir vəziyyətidir. Hislərlə yaşamaq bir növ onlar üçün xüsusi həyat tərzidir.

Emolar bir çox ölkələrdə yeniyetmələr arasında yayılmaqdadır. Azərbaycanda isə Emolara son zamanlarda rast gəlinir.

“MOLLA QIZLARI DA EMO OLUR”


Onunla metronun qarşısında görüşdük. İdman paltarı geyinmiş, arıq, 19-20 yaşlarında bir oğlan idi. Özünü “Emo” adlandırırdı, nikinin (şərti ad) Host_ niko olduğunu deyir.

Öz xüsusiyyətlərini belə təsvir edir:

“Bizlər çox emosionalıq. Biz bəzən tənhalığa qapanmağı sevirik. Emoların sevgisi çox güclü olur. Bizlər hətta sevgimizə görə həyatımızı qurban verməyə hazırıq. Bizim həyatımızda rok mahnıları çox böyük yer tutur. Bizlər rok mahnılarına qulaq asmaqla və axşamlar oturub ağlamaqla sakitləşirik. Fərqli geyinməyi sevirik. Sevdiyimiz rəng çəhrayıdır.”

Deyir 2007-ci ildən Emo-lara qoşulub. Səbəbini “bekarçılıqla” izah edir. Deyir məktəbdən davranışına görə qovulandan sonra “dəstəyə düşüb”, olub Emo. Dəstə isə dediyinə görə, 2005-2006-cı ildən yaranıb.

Ona diqqətlə baxanda, qollarında kəsik izləri görürəm. Söhbətə davam edirəm:

- Dəstənin qanunları var?
- Əlbəttə var. Geyimimizin fərqli olması bizim seçilməyimizə işarədir. Amma geyimimiz fərqli olsa da, hərəkətlərimizlə emo olmağımızı bildirməməliyik. Nə deyirik, onu etməliyik. Ürəyi olmalıdır Emonun.
- Valideynlərinizin sizin hərəkətlərinizdən xəbəri var?
- Yox, bilmirlər. Mən də istəmərəm övladım Emo olsun.
- Dəstənizdə qızlar var?
- Emo qızlar da var, biz nə ediriksə, onlar da onu edirlər. Hətta, bəlkə, artığını da edirlər. İstədikləri vaxt evdən də çıxırlar. Elə Emo qız tanıyıram ki, atası molladır.
- Nə vaxta qədər emo qalmaq fikrindəsən?
- Ömrümün sonuna qədər...

“YARADICILIQLA MƏŞĞUL OLUN”

Psixoloq Azər Qaraçənli deyir ki, emoları təmsil edən insanlarla bağlı məlumatlarda bir neçə məqam diqqətini cəlb edir. Onlardan biri yaş məhdudiyyətidir. Adətən 14-20 yaşda olan yeniyetmələr özlərini bu qrupa daxil edirlər.

“Çünki bu yaş dövrü çətin dövr kimi qəbul edilir. Bu yaşda bəzi yeniyetmələr dərs prosesindən aralanır, yaşca böyüklərlə münaqişə edirlər. Emoların davranışında
yeniyetməlik dövründən çətinlikləri ilə qarşılaşan insanların üzləşdiyi problemlərin təzahürləri diqqəti cəlb edir. Onlar geyim, şəkil çəkdirmək tərzi ilə ətrafdan seçilməyə çalışırlar. Əgər hansısa bir qrup özünə sərt simvollar, sərt davranış tərzi müəyyənləşdirirsə, demək həmin qrup özünə ətrafdan təhlükə hiss edir. Tarixən bəzi qruplar olub ki, müəyyən səlahiyyət qazananda ətrafa təhlükələr yaradıblar. Amma bunu Emo haqqında demək olmaz. Emolar insan tipi kimi deməzdim ki, ətrafa ziyan vururlar, əksinə onların meyli özlərinə zərər vurmağa yönəlib. Çox zaman böyüklərin aşıladığı akademik məqsədlər olur ki, bu da yeniyetmələrin çoxunda qıcıq yaradır. Emolar da demək olar ki, bunlara etiraz olaraq özlərinə xüsusi olaraq bir yol tutublar”.

Psixoloq yeniyetmələrin bu yaş böhranından çıxması üçün onların yaradıcılıqla məşğul olmasını məsləhət görür:

“Gündəlik tutmaqla, şəkil çəkməklə və ya hər hansı bir yaradıcılıq işi ilə məşğul olarsa, həm yeniyetmə enerjisini çıxarda bilər, həm də özünü kənardan görməsinə kömək edər. Çox zaman bu üsulla mənfi emosiyalar müsbət istiqamətə yol alır.”

Azər Qaraçənli bu yolu tutan yeniyetmələri yollarından döndərmək üçün məsləhət vermək istəyənlərə ehtiyatlı davranmağı tövsiyə etdi. Çünki bu cür məsləhətlər çox zaman əks nəticə verir.
XS
SM
MD
LG